“Çəpəçi”lərin qarınağrısı və “karqo kultu” demokratiyası – Sənan Nəcəfovun yazısı

  27 Aprel 2020    Oxunub : 38881
   “Çəpəçi”lərin qarınağrısı və “karqo kultu” demokratiyası –    Sənan Nəcəfovun yazısı
Tanınmış ingilis yazar Rod Cadkins başına gələn bir hadisəni yazır: “Royal Albert Hall”da minlərlə musiqi pərəstişkarının arasında oturmuşdum. Bəziləri yüzlərlə mil qət edərək bura gəlmişdilər. Tarixi məkan çox qəribə ab-hava yaratmışdı.
Virtuoz pianoçu səhnəyə çıxıb, pianinonun qapağını qaldırdı. Düz 4 dəqiqə 33 saniyə sakitcə oturdu. Bu müddət bizim üçün artıq çox idi. Sonra pianinonun qapağını bağladı və səhnəni tərk elədi.
Zaldakı insanlar və pianinoçunun arasındakı orkestr sakit oturmuşdu. Skripkaçı aləti aşağı saldı, qaboyçalan ayağını uzatdı. Məndən bir sıra qabaqda oturan kişinin qarnı quruldadı, vəssalam. Hər şey bitəndən sonra aparıcı dedi.
- İndi isə əsl musiqini dinləyək!
Və Bramsın, Bethovenin əsərlərindən ibarət proqramı elan etdi.
Biz Con Keycin “4`33``” əsərini dinləmişdik. Bu nə saxtakarlıq idi?

Bax, bu sükutun içində özünü müxalifət sayan qeyri-milli Şura da daxil, xaricə qaçan mühacirlərin səsləri gəlməyə başladı ki, bu səslər də Rod Cadkinsin təsvir etdiyi konsert salonundakı sükutu pozan kişinin qarın qurultusundan başqa heç nə deyildi.

Açığı, koronavirsla mübarizə dövründə karantin rejiminin tətbiqi ilə bağlı ilk neqativ reaksiyaları eşidəndə bunların adi səfsəfə, çərənləmə, “mən də varam” tipli qarın qurultusu olduğunu düşünürdüm. Zaman keçdikcə qarın gutultusu başqa səslərə çevrildi və pandemiya susqunluğunu pozmağa başladı. Biri dedi ki, Hollandiyada hamı kef edir, siz də çıxın küçələrə, bu, demokratiyaya ziddir, insan haqlarını tapdalamaqdır. Az keçmədi, Hollandiyada xəsətlik tüğyan elədi, bu əbləh fikrini dəyişdi. Sonra özünü çox yüksək mütəxəsis sayan, savadı isə koronavirus qədər mikronla ölüçələcək, lakin bütün mövzularda danışmağı özünə borc bilən Əli Kərimli çıxdı ortaya. Daha doğrusu, ölkədə vətəndaş naminə atılan addımlardan uzun müddət susmuş quzu, situasiyadan çıxmaq üçün ötürülən pası göydəcə qəbul etdi. Əvvəl dedi ki, bu, insanları nəzarətdə saxlamaq üçün bir metoddur, sonra dedi ki, “cəbhə”yə qarşı yeni cəbhədir, daha sonra dedi ki...

Əvvəl əfvə etirazla başladılar. Prezident mart ayında xüsusi risk qrupuna daxil olan 65 yaşdan yuxarı məhkumların əfv olunması ilə bağlı sərəncam verdi. Bəllidir ki, koronavirus pandemiyasının dünya miqyasında yayıldığı bir dönəmdə həbsxanda olan yaşı 65-i keçmiş insanlar azadlığa buraxılırsa, bunu alqışlamaq, məhbus ailələri adına sevinmək, amma paralel olaraq da baş verənləri sırf psixoloji dəstək addımı, dövlətin müsbət jesti kimi qiymətləndirmək lazımdır. Bu dövrdə hər kəs öz evində, öz ailəsinin başında olması lazımdır, çətin günlərdə bəzən ən kiçik sevinc işartısına, müjdəyə ehtiyac olur.

Və bəlli reaksiya gəldi: “Xeyr, bu əfv doğru əhv deyil, çünki orada filan-filan cəbhəçilər yoxdur”. Mat-məəttəl qalınası işdir. Belə çıxır ki, istəyirsən bütün məhkumları həbsxanalardan azad et, istəyirsən, ailələrinin yeganə dolanışıq yeri, ümidi olan insanları seç, tap, məhz onları öz övladlarına qovuşdur, cəbhəbaşı üçün xeyri olmayacaq, çünki orada tamamilə fərqli cinayətə görə həbs olunmuş “çəpəçi” yoxdur.

Sonra 190 manat lağ-lağısı başladı. Hökumətin epidemiya dövründə vətəndaşların sosial rifahını düşünərək həyata keçirdiyi tədbirləri tamamilə yanlış istiqamətə çevirərək, lağ-lağı kampaniyasına start verdilər. Nələr yazılmadı, nələr deyilmədi? Biri çıxıb demədi ki, axı dövlət vətəndaşlara sadəcə 190 manatlıq vəsait ayırmayıb. Axı, bu 190 manatlıq yardım sadəcə işsiz vətəndaşlara şamil olunacaq. Bütövlükdə ayrılan vəsait isə 395 milyon manatdır. Yəni, yardımlar sadəcə 190 manatla və işsizlərlə kifayətlənmir, digər sosial qruplar üçün də muvafiq yardımlar həyata keçiriləcək. Hökumət bu yardımı sadəcə o vətəndaşlara ünvanlamaq istəyir ki, bu şəxslərin özünün və ailəsinin heç bir gəlir mənbəyi yoxdur. Bu cür humanist qərarın məqsədli lağ-lağıya çevrilməsinin, qəbul edilən qərarların mahiyyətinə varmadan, ciddi təhlil etmədən vətəndaşlarımızı çaşdıran bəyanatlar verilməsinin, yalan informasiya yayılmasının adını tapmaq çətindir. Oxucu ad tapsın, mən isə sıralamanı davam etdirim.

Sonra başladılar “ay qoymayın, çəpəçiləri tuturlar”. Guya ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi yalnız çəpəçiləri tutmaq üçün imiş. Təbii ki, quramadır. Məqsəd xaricdəki emissarlarla paslaşmaqdır. Nə desinlər? Desinlər ki, dövlət vətəndaşını qoruyur? Buna görə xaric qrant verər? Qrantı almaq üçün ictimaiyyətdə çaşqınlıq, vahimə xofu, təşviş yaratmaq, ən əsası da, dövlətin bu istiqamətdə həyata keçirdiyi tədbirləri gözdən salmaq lazımdır. DİN-in mətbuat xidməti açıqlama vermişdi. Karantin rejimi başlayandan xüsusi karantin rejiminin tələblərinin pozulması faktlarına görə cinayət işi üzrə məsuliyyətə cəlb olunanların, inzibari qaydada həbs edilənlərin və digər tənbeh tədbirləri görülənlərin sayı açıqlanmışdı. Sual olunur, karantin rejiminin tələblərini pozduğuna görə inzibati qaydada həbs edilmiş, tutaq ki, 154, barələrində digər tənbeh tədbirləri görülmüş 34 min şəxs var. Tutaq ki, 10 nəfər çəpəçi tutulub, bəs qalanları kimdir? Siyasi baxışlarından, partiya mənsubluğundan asılı olmayaraq onların hamısı bizim vətəndaşlardır. Karantin rejimini pozan şəxsin hansı peşə sahibi, hansı siyasi partiyanın üzvü olmasının öz şəxsi sağlamlığını risqə ataraq, nəzarəti həyata keçirən polis əməkdaşı üçün heç bir fərqi yoxdur və o, bunu heç ondan soruşmur da.

Bunu əminliklə deyək ki, “çəpəçilər” xüsusi karantin rejimi qaydalarını məqsədli pozub, həbs olunurlar. Onlardan bir neçəsi bu haqda sosial şəbəkədə açıq yazırdılar. Çünki, buna görə barələrində tam qanuni inzibati cəza tədbiri görülür və onlar da bundan istifadə edərək, hakimiyyətə, polisə qarşı qarayaxma kampaniyası aparırlar. Beləliklə, kimlərisə “koronovirus məhbusları” elan etmək üçün əllərinə imkan düşür. Sonra? Mitinq yox, aksiya yox, nə adla özlərini göstərsinlər, xaricə qaçmaq üçün nəyi əsas gətirsinlər, hansı sənədi saxtalaşdırsınlar? Bunlar anlamırlar ki, karantin rejimini pozmaqla özləri heç, siyasi hoqqabazlıq edirlər, digərlərini təhlükəyə atırlar. Və polisi yenə hədəfə gətirirlər, əclafcasına, şərəfsizcəsinə. Axı, Azərbaycan polisinin də sağlamlığı var, həyatı, ailəsi var, onlar bu təhlükədən sığortalanmayıblar. Bu insanlar minlərlə insanı virus təhlükəsindən qorunmaq üçün inandırmağa, başa salmağa çalışır, vəzifəsinin öhdəsindən ləyaqətlə gəlir. Bunu anlamaq lazımdır ki, hər bir təmasdan hər an virusa bulaşmağa potensial namizədlərin başında həkimlər, sonra polislərimiz gəlir. Fürsətçillik etmək, qarın qurultusuna bənzər haray-həşir salmağın adını nə istəyirsiniz qoyun, mənim düşüncəmə görə bu xəyanətdir.

Xaricdən idarə olunan növbəti kampaniya isə “Boş qazanın dolması” adlanırdı. Təbii ki, bu da narazılıq, etirazı körükləmək üçün düşünülmüş növbəti şou idi, baş tutmadı. Təsəvvür edirsiniz, PİN-dən, Leyla Yunusun qrantlarından pay uman əbləh, satqın bu ölkədə vətəndaşın qazanının hayındadır?

Və nəhayət, Əli Kərimlinin “izolyasiyası”. Bu haqda çox danışmağa həvəs qalmayıb. Adam sinizm ustası, ekstra siyasi şoumendir və özünü biabır etmək üçün bacardığı qədər çalışır. Təsəvvür edin ki, adına siyasətçi dediyiniz bu adamın düşüncəsinə görə, sanki virus yoluxdurduğu insanların partiya vəsiqəsinə baxıb, ayrı-seçkilik edir. Adam deyir ki, “məni blokadaya alıblar, izolyasiyadayam, internetimi kəsiblər, telefonumu bağlayıblar, ay xaric, ey əcaib simurq quşu, qutar məni bu “rejimin” əlindən”. Və bunu Sevinc, təəssüf ki, Osmanqızının kanalına danışır, facebookda yazır, tvitterdə paylaşır. Bəs blokadada idi? Bu, nə pəhriz, bu, nə iştah? Əlqərəz, bu, düzələn deyil, təxribat yaratmaq üçün hər şeyi etməyə hazırdır. Bunlar xəstə və ölənlərin sayının artmasını arzulayan, problemlərin daha çox olmasını istəyənlərdilər. Və bir də bunlar Kargo kultu yaşayan “qrantyeyənlərdilər”.

Nə deməkdir Kargo kultu?

İkinci Dünya savaşı zamanı Yaponiya ilə müharibə edən ABŞ hərbi təyyarələri Okeaniya adalarında baza qurmuşdular. Təyyarələr adalarda salınmış hərbi aerodromlarda eniş edir, yanacaq doldurur və yenidən əməliyyatlara qayıdırdılar. Təbii ki, təyayrəçilər hər eniş etdiklərində özləri ilə xırda yeyəcəklər, “Coca Cola”, şokolad və s. gətirir və yerli əhaliyə də paylayırdılar. Bu isə yerli əhali üçün çox xoş bir adətə çevrilmişdi. Təyyarə gəlirsə, mütləq hədiyyə də gətirir. Amma bu xoşbəxtlik uzun çəkmir, müharibə bitir, təyyarələr bir daha gəlmirlər. Yerlilər uzun müddət təyyarələrin gəlişini gözləyirlər. Bundan bir nəticə hasil olmadığını görüb, özləri taxtadan aeroport qurur, uçuş zolağı çəkir, dəmir antenalar quraşdırır və hətta növbəli dispetçerlər də təyin edirlər. Dispetçer başında kaska oturub, təyyarələri qarşılamaq üçün gözləyir. Təyyarələr isə gəlmir ki, gəlmir. Beləliklə, buradan nə nəticə çıxır?

Aborigenlər formal olaraq hər şeyi düz etmişdilər. Məsələnin qoyuluşu düz idi: təyyarələr üçün aeroport, uçuş zolaqları, antennalar, dispetçer lazımdır. Ancaq burada ən böyük yalnış bu idi ki, aeroporta bənzər nəsə quraşdırmaqla, uçuş zolağı çəkməklə təyyarənin gəlişini gözləmək absurddur.

Sözümün canı: Hər zaman Azərbaycan hakmiyyətini tənqid edən, söyüş-təhqir yağdırılmasına səbəb olan bu insanlar anlamırlar ki, indiki situasiya fərqlidir. İndiyə qədər danışdığınız nağılları sosial şəbəkə “akkampanovka”sı ilə birtəhər kütlə düşüncəsinə yeritməyə çalışmısınız. İndi dediklərinizin mənası qalmayıb. Vətəndaş nə baş verdiyini real olaraq görür. Bu ağır durumda ölkə rəhbərliyinin koronovirusla miqyaslı mübarizə tədbirlərilə yanaşı, işə çıxmayanların aylıq maaşının ödənilməsi, gündəlik gəlirlərindən məhrum olmuş əhali təbəqəsinin, aztəminatlı və çoxuşaqlı ailələrin, ahıl və tənha şəxslərin maddi-sosial təminatı ilə bağlı atdığı addımlar vətəndaşa qayğının ən yüksək təzahürü kimi cəmiyyət tərəfindən qiymətləndirilir. Dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyevanın çağırışına səs vermiş minlərlə iş adamı, zəngin və xeyriyyəçi şəxslər bu günlərdə Azərbaycanın bütün regionlarında əhaliyə yardım əlini uzadaraq ərzaq və başqa maddi nemətləri böyük səxavətlə paylayırlar.

İndi siz qrantyeyən aborigenlər nə edirsinizsə, sizə qarşı çevrilir. Təyyarə yoxsa, uçuş zolağı da lazım deyil. Formal olaraq, demokratiya atributlarını icra etməyin demokratiyaya heç bir dəxli yoxdur. “Kargo kultu” əslində göndərilən yükə inanmaq, ona sitayiş etməkdir.

Gözəl bir Azərbaycan filmi var “Babamın babasının babası”. Baxmağınız məsləhətdir. Baxmısınızsa, bir fraqmenti yada salım. Demək, kolxoz sədrinin tapşırığı ilə gəlin maşını karvanı dayanır və musiqiçilər mahnı ifa edirlər. Bu vaxt yaşlı kişi (baba) kolxoz sədrinin gəlinini hamının gözünün qarşısında atla qaçırdır. Kolxoz sədri çox əsəbləşir və başlayır hikkəli rəqs etməyə. Rəqs edə-edə həmin yerdən uzaqlaşır. Az sonra klarnet ifa edən dayanır, amma nağara çalanın gözləri zəif gördüyündən dayanmır, nağaranı döyəcləyir. Nəhayətdə klarnetçalan nağaraçalanı dümsükləyib, sakitləşməyini istəyir. Bax, həmin vəziyyətdir. Sizləri bir nəfər dümsükləyən lazımdır ki, boş qazanları daha döyəcləməyəsiniz, rəqs edənlər gedib.

Bu gün Azərbaycana qarşı hibrid müharibə gedir. Hibrid müharibələr barədə məlumat almayan insanlar özləri də bilmədən həmin müharibələrin alətinə çevrilə bilərlər. Bunu nəzərə alaraq, bütün vasitələrdən istifadə etməklə maarifləndirmə işlərinin mütəmadi olaraq aparılması vacibdir. Hibrid müharibələrin alətinə çevrilməmələri üçün insanların şüuruna bu məqsədlərə xidmət edən informasiyaları yeritmək kifayətdir.

Hibrid müharibəsinin bir elementi olan informasiya müharibəsinin alətinə çevrilməmək üçün vətəndaşların həmişə öz dövlətlərinin rəsmi məlumatlarını qəbul etməsi və əsas tutması olduqca vacibdir. Heç zaman unutmamalıyıq ki, informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə informasiya silahları sutkanın 24 saatı hər bir vətəndaşa tuşlanmış vəziyyətdədir.

Hücum silahlarının tərkib hissəsi olan psixoloji təsir vasitələrinin məqsədlərini öncədən bilmək və onun təsirinə düşməmək olduqca vacibdir. Digər dövlətlərin mətbu orqanlarında, sosial şəbəkələrdə və müxtəlif messencerlərdə siyasi məqsədlərə xidmət edən, ölkələrin daxili işlərinə yönələn, olduqca həssas mövzulara toxunan informasiyaları qətyyən qəbul etmək və ondan nəticə çıxarmaq yolverilməzdir.

Onu da deyək ki, anti-Azərbaycan şəbəkəsinin əsas vinti olan Avropa Şurası Parlament Assambleyası (AŞPA) "hibrid müharibələrindən irəli gələn hüquqi problemlər və insan hüquqları sahəsindəki öhdəliklər" adlı qətnamə qəbul edib. Həmin qətnamədə qeyd olunurdu ki, "hibrid müharibə" fenomeni hərbi və qeyri-hərbi vasitələrin birliyinə əsaslanan, xüsusilə kiberhücum, kütləvi dezinformasiya kampaniyaları, habelə yalan informasiyalar, belə informasiyaların sosial medialarda yayılması, kommunikasiyaya maneəçilik törədilməsi və digər şəbəkələr formasında özünü göstərən yeni təhlükə formasıdır. Və nə qədər qəribə olsa da, (əslində bu qətnamənin konkret hansı dövlətə qarşı qəbul olunduğu bəllidir) həmin qətnamədə qeyd olunur ki, “üzv dövlətlər hibrid müharibə təhlükəsi qarşısında milli təhlükəsizliyini qorumaq məqsədilə bir sıra insan hüquqlarını, habelə şəxsi və ailə həyatına hörmət hüququ, söz azadlığı hüququ, sərbəst toplaşma hüququ, sərbəst hərəkət etmək, həmçinin xaricilərin qovulması zamanı nəzərdə tutulan prosessual zəmanətlərə məhdudiyyətlər qoya bilərlər”.

Bir daha oxuyun: “üzv dövlətlər hibrid müharibə təhlükəsi qarşısında milli təhlükəsizliyini qorumaq məqsədilə...” Xeyr, Azərbaycan dövləti öz vətandaşına qarşı bunu etməz, ağlınız özünüzə getməsin.

Sənan Nəcəfov
Azvision.az üçün

Teqlər: