Diplomatiyadan uzaq dünya və dünyaya diplomatiya dərsi keçən Azərbaycan - TƏHLİL

 Diplomatiyadan uzaq dünya və dünyaya diplomatiya dərsi keçən Azərbaycan -  TƏHLİL
  10 İyul 2020    Oxunub:17018
Sahib Alıyev
Millət vəkili

Bu gün Azərbaycan diplomatlarının peşə bayramıdır. Qədim yunanlarda diplomatların himayədarı ticarət, sənət və oğurluq Allahı kimi tanınan Hermes sayılırdı. Yunan diplomatlar olduqca dildən pərgar, usta, amma etibar edilməyən, vicdansız, yalançının təki kimi qiymətləndirilən birinin onlara himayədarlıq etməsindən narazıydılar.
Ancaq biz indi elə bir dönəmdə yaşayırıq ki, yenə çoxallahlılıq dəbdə olsaydı, diplomatiya Allahı deyiləndə göz önünə Hermes kimi yalançı və vicdansız, amma onun qədər bacarıqlı, dildən pərgar olmayan biri gələcəkdi. Ən azından bir çox böyük dövlətlərin başında duranların bu gün etdikləri hərəkət, yazdıqları tvitlər, verdikləri açıqlamlar belə düşünməyə əsas verir.

Amma yenə qədim dövrlərin, ilk növbədə də Roma imperiyasının təcrübəsinə nəzər salanda bəlli olur ki, böyük dövlətlər artıq güçün diqtəsinin istənilən effekti vermədiyini, daha dəqiqi, istədiklərini əldə etməyə daha güclərinin çatmadığını görüb, əsl diplomatiyaya üstünlük verməyə başlayırlar. Fikrimcə, biz qlobal müstəvidə hazırda təqribən belə bir dönəmin astanasındayıq.

Azərbaycana gəldikdə, açıq deməliyik ki, beynəlxalq konyunkturaya rəğmən, ölkəmizin bütün uğurları bu və ya digər dərəcədə məhz diplomatiya müstəvisində atılan addımlarla bağlıdır.

Diplomat ilk növbədə dil bilməlidir. “Dil bilmə” deyəndə mən heç də xarici dildə danışmağı nəzərdə tutmuram, hərçənd, bu da az önəm daşımır. Dil bilmək mənim nəzərimdə hər bir dövlətin nə istədiyini, istəkləri üçün nələrə gedə biləcəyini dəqiq qiymətləndirmək, bəzən tam kəsişən maraqları uzlaşdıracaq formul tapmaq, qarşındakını bunun onun da yararına olduğuna inandırmaqdır. Azərbaycanın bütün uğurlarının kökündə məhz Heydər Əliyevlə İlham Əliyevin dünya güclərinin dilini bilmək, onlarla dil tapmaq, ən əsası isə, çox vaxt kəsişən maraqlarımızı uzlaşdırmaq bacarıqları durur.

Torpaqları dayanmadan zəbt edilən, bu azmış kimi, vətəndaş savaşının getdiyi ölkənin transmilli akulalarla beynəlxalq konsaltinq şirkətlərinin istehsalçı üçün ən uğurlu 10 kontraktdan biri kimi qiymətləndirdiyi “Əsrin Müqaviləsi”ni imzalaya bilməsi məhz bu dil bilmə, dil tapma bacarığının bir örnəyi, çağdaş Azərbaycan diplomatiyasının şah əsəridir.

Təəssüf ki, mən burada ancaq gücün diqtəsinə üstünlük verilən, ölkələrə, xalqlara sivilizasiyalararası qarşıdurma bucağından yanaşılan, islamofobiya, ksenofobiya, rasist meyllərin tüğyan etdiyi, pop mədəniyyəti, əslində isə mədəniyyətsiziliyinin siyasət, diplomatiya sahəsinə də təsirsiz ötüşmədiyi indiki dönəmdə Azərbaycanın yenə məhz klassik diplomatiyanın gücünə dayanaraq, öz məqsədlərinə necə çatdığını bütün detallarıyla açıb, göstərə bilmirəm. Çünki o halda ayrıca kitab yazmaq lazım gələrdi. Ona görə də, daha bir neçə faktı qısaca xatırlatmaqla Azərbaycan diplomatiyasının, bir daha vurğulayıram, əsl diplomatiya üçün elə də geniş alan buraxılmadığı, “Mən deyən olmalıdır, çünki güclüyəm” məntqindən çıxış edildiyi indiki dönəmdə nələri bacardığını diqqətinizə çatdırım.

Birinci onu vurğulamalıyam ki, Azərbaycanın regionda lider dövlət olmasının özü beynəlxlaq və regional konyunkturaya rəğmən baş verib. Bu, ancaq və ancaq Heydər Əliyev dühasının, İlham Əliyevin böyük ustalıq, qətiyyət və ardıcıllıqla apardığı siyasətin nəticəsidir. Heç kimə sirr deyil ki, Qərb burada regional mərkəz olaraq, keçmişin də təcrübəsinə dayanmaqla, hansı ölkəni görürdü. Və heç kimə o da sir deyil ki, regionun iki böyük dövlətindəki bəlli çevrələr Güney Qafqazda Azərbaycanın lider mövqeyində olması nədir, heç onun varlığını belə həzm etmək istəmirdilər. Bəs onda necə oldu ki, həzm etdilər? Necə oldu ki, onlar Azərbaycanın başlatdığı bir sıra qlobal layihələrin əleyhlərinə yönəldiyini bildirdikləri, o üzdən də, qarşısını almağa çalışdıqları halda, sonradan fikirlərini dəyişdilər?

Necə oldu ki, Azərbaycan həmin çevrələrin açıq və gizli havadarlıq etdikləri Ermənistanı tam təcrid halında saxlayan bir sıra layihələri də məhz onlarla birgə həyata keçirir?

Necə oldu ki, nə Rusiya və İran, nə də Qərb dövlətlərinin istədikləri, ən azından, reallaşmasında heç də maraqlı görünmədikləri halda, Azərbaycan Bakı-Qars dəmir yolu xətti kimi Çini Avropayla birləşdirən starateji bir layihəni reallaşdırmağı bacardı?

Necə oldu ki, Rusiyayla sərhədinin delimitasiyası və demarkasiyası dövlətlərarsı anlaşmayla təsdiqlənən ilk MDB ölkəsi məhz Azərbaycandır?

Və necə alındı ki, 2016-cı ilin aprelində hayların burnu əzildi, əzilməklə yanaşı, yaranmış yeni reallıqla onların havadarları da barışmalı oldular?

Bütün bunların arxasında nə durur? Bir cümləylə deməli olsaq, təbii ki, Azərbaycan diplomatiyası.

Baxın, az öncə vurğuladım, hazırda Qərbdə islamofobiya ən yüksək səviyyələrdə belə gizlədilmir, açıq dilə gətirilir və bir çox hallarda da dövlət siyasəti kimi özünü göstərir. Və görürük ki, digərlərinə qarşı dözümsüz davranış, terror, beynəxalq normalara sayğısızlıq, başqa mənfi meyllər məhz müsəlman xalqlarının adına çıxılır, onlara pərçimlənməyə çalışılır. Belə bir beynəlxalq konyunktura şəraitində sivilizasiyalararası, mədəniyyətlərarası dialoq forumları keçirən, Roma katakombaları qarışıq xristian abidələrinin qorunması və bərpasında yer alan, məscidlərə necə yanaşılırsa, sinaqoqalara da eyni yanaşma sərgiləyən bir Azərbaycan reallığı da var ki, həmin konyunkturanı formalaşdıranları və bundan faydalanmağa çalışan Ermıənistan kimi parazitləri pis vəziyyətə qoyur.

Sual meydana çıxır ki, əgər terror, digər dindən, irqdən olanlara qarşı dözümsüz yanaşma müsəlmanlara xasdırsa, necə olur ki, Azərbaycanda bunun heç bir əlamətinə rast gəlinmir? Əksinə, özünü “xristianlığın beşiyi” kimi təqdim edən Ermənistan rəhbəri çıxıb, AŞPA-nın tribunasından rasistcəsinə haylarla azərbaycanlıların etnik uyumsuzluğundan dəm vurduğu halda, Azərbaycan qlobal miqyasda multikulturalizmin təbliğiylə məşğuldur.

Biz bir tərəfdən görürük ki, Los-Ancelesin baş ravvini yəhudilərin hətta Skandinaviya ölkələrində belə, Azərbaycandakı kimi sərbəst gəzib-dolaşa bilmədiklərini yazır, digər tərəfdən, 2014-cü ilin iyun ayında Antidiffamasiya Liqasının keçirdiyi rəy sorğusu Şərqi Avropada ən yüksək antisemitizmin məhz Ermənistanda olduğunu ortaya çıxarır. “Times of İsrael” qəzetinin yazdığına görə isə, Ermənistanda antisemitizm səviyyəsi məqsədinin İsraili bir dövlət kimi yer üzündən silmək olduğunu bildirən İrandan hətta 2 faiz çoxdur.

Əlbəttə, Qərbdəki bəlli çevrələr bu faktları, eyni zamanda, Ermənistanın keçmiş prezidenti Köçəryanın etnik uyumsuzluq haqdakı sayıqlamalarını haylara Franklin Ruzveltin Nikaraqua diktatoru Anastasio Somosa Qarsiaya yanaşdığı məntiqlə görməzliyə vura bilərlər, amma Azərbaycanın sivilizasiyalararası, dinlər və mədəniyyətlərarası dialoqa, qlobal müstəvidə multikulturalizmin təbliğinə sərf etdiyi enerji, bu yöndə atdığı diplomatik addımlar o qədər güclü və təsirlidir ki, gözlərini, qulaqlarını qapatsalar belə, onu hiss etməmək mümkün olmur.

Ona görə də, bir çox islamofob çevrələr belə, Azərbaycandakı tolerantlığı, dövlətimizin sivilizaiyalar, dinlər və mədəniyyətlərarası dialoqa verdiyi töhfəni nəinki dana bilmir, hətta dilə də gətirirlər. Və Ermənistanın Azərbaycanda digər etnik qruplara, o sıradan da haylara qarşı dözümsüzlük olması haqda uydurmalarını havadarları belə yaxına buraxmaq istəmirlər, çünki bununla özlərini onu iddia edənlərdən də gülünc vəziyyətə salacaqlarının fərqindədirlər. Halbuki, bir daha vurğulayırıq, beynəlxalq konyunkturanın islamofob meyllərlə zəngin olduğu bir dövrdə o çevrələr haylarsız belə həvəslə onların dediklərini təkrarlamaq istərdilər, fəqət əlahəzrət faktlar o qədər çox və təsirlidir ki, onları görməzliyə vurmaq olmur.

Və haylara nə qədər Anastasio Somosa Qarsiaya yanaşıldığı məntiqdən yanaşılsa da, onların Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə haqq qazandırmırlar. Onu görməzdən gəlirlər, amma haqq qazandıracaq heç bir arqument və fakt tapa bilmirlər. Çünki sadalalan faktlardan da göründüyü kimi, Azərbaycan ardıcıl və düşünülmüş şəkildə atdığı diplomatik addımlarla bunun qarşısını alır. Azərbaycanın atdığı bütün diplomatik addımlar isə hansı yöndə, formatda olursa-olsun, Roma katakombalarının bərpasına yardımdam tutmuş, beynəlxalq tədbirlər, hətta idman və musiqi yarışmaları qarışıq, dövlətlərarası anlaşmalara qədər ilk növbədə Qarabağ ağırlıqlıdır. Yeri gəlmişkən, bunu düşmənlərimiz də yaxşı bilirlər. Məhz ona görə də bir çox beynəlxalq yarışmalar öncəsi qlobal media, satınalınmışlar, islamofoblar və digərləri ölkəmiz əleyhinə kampaniyaya cəlb olunur, fəqət məqsədlərinə çata bilmirlər. Dediyimiz kimi, Azərbaycan dövlətinin atdığı diplomatik addımlar bunun qarşısını alır. Bu addımlar isə Qarabağ ağırlıqlı olduğu kimi, həm də ən xırda fürsətdən belə, uğurla faydalanılmasıyla diqqəti çəkir. Burada da onlarla fakt sadalamq olar, amma mən sadəcə birinin ən sonuncu baş verəninə toxunmaqla kifayətlənəcəyəm.

Söhbət Azərbaycan Prezidentinin təşəbbüsüylə koronavirusla bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsindən gedir. Artıq 130 dövlət cənab İlham Əliyevin bu təşəbbüsünü dəstəkləyib. Çünki bu təşəbbüsün arxasında koronavirusla mübarizədə dünya dövlətlərinin səylərinin birləşdirilməsi, inkişaf etmişlərin ağır vəziyyətdə olan ölkələrə kömək göstərmələrinin təşkili, kasıbları öz problemlərilə baş-başa qoymamaq niyyəti durur. Və bu təşəbbüsü koronavirusla mübarizə çərçivəsində Dünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə ayıran, 30-dan artıq ölkəyə maliyyə və humanitar yardım göstərən bir dövlət irəli sürüb.

Azərbaycanın bu təşəbbüsünün əleyhinə çıxan yeganə ölkə isə Ermənsitan oldu. Dövlət başçımızın da vurğuladığı kimi, o ölkə ki, regionda və bəlkə də dünyada pandemiyadan ən çox zərər çəkənlərdəndir. Rəhbərliyi də bir neçə dəfə etiraf edib ki, pandemiya ilə bacarmırlar və ona görə də yenə başqalarından yardım dilənirlər. İndi bu ölkənin elə ilk növbədə özükimilərin faydalanacağını bildiyi halda, Azərbaycanın təşəbbüsünün əleyhinə çıxmasına nə ad vermək olar? Təbii ki, bu, diplomatik rüsvayçılıqdır. Azərbaycanın isə növbəti uğurlu diplomatik gedişlərindən biridir və bu addım da yuxarıda qeyd etdiyimiz kimi, ilk növbədə məhz Qarabağ ağırlıqlıdır. Çünki bu sınaq günlərində Azərbaycanın yardım etdiyi dövlətlər gələcəkdə ölkəmizin torpaq bütünlüyü məsələsində daha qətiyyətli və prinsipial mövqe sərgiləməyə çalışacaqlar. Əgər Ermənistan kimi ləyaqət hissindən uzaq, edilən yaxşılığa nankorluqla cavab verən, üstəlik də, beynəlxalq normaları gözardına alanlardan deyillərsə, başqa cür davrana da bilməzlər.

Beləliklə, mən burada nə qədər mümkündürsə, o qədər yığcam bir şəkildə indiki qarmaqarışıq beynəlxalq konyunktura şəraitində Azərbaycan diplomatiyasının uğurlarına toxundum. Hazırda bu uğurlar məhz ölkənin baş diplomatı və ümumiyyətlə, 21-ci əsr Azərbaycan diplomatiyasının memarı cənab İlham Əliyevin adıyla bağlıdır. Cənab Prezident başda olmaqla, Azərbaycan diplomatlarını peşə bayramlarıyla bağlı təbrik edir, yeni-yeni uğurlar arzulayıram!




Teqlər: Diplomatiya  





Xəbər lenti