İqtisadi Azadlıq İndeksimiz nəyi göstərir – TƏHLİL

İqtisadi Azadlıq İndeksimiz nəyi göstərir – TƏHLİL
  22 Yanvar 2014    Oxunub:1844
Ölkəmizin iqtisadi vəziyyətinin müxtəlif göstəricilər sarıdan xarici qurumlar tərəfindən, o cümlədən beynəlxalq hesabatlar üzrə hər dəfə bir az yüksək qiymətləndirilməsi investisiya cəlbi və şaxələndirmənin dərinləşdirilməsi baxımından, gələcək inkişafımız üçün geniş imkanlar açır.

Keçən ilin sentyabrında Dünya İqtisadi Forumunun (DİF) açıqladığı hesabatda rəqabətqabiliyyətliliyə görə qlobal iqtisadiyyatda 1 il əvvəldəkindən fərqli olaraq 7 pillə irəliləyərək 148 ölkə sırasında 39-cu yerə çıxmağımızdan sonra, "Doing Business 2014" hesabatı üzrə də 189 ölkə sırasında 1 pillə irəliləyərək 70-ci yerə yüksəlməyimiz bunu deməyə əsas vermişdi.

Prezident də bu yaxında Azərbaycan iqtisadiyyatının rəqabətqabiliyyətliliyə görə DİF tərəfindən 39-cu yerə layiq görülməsinə toxunaraq, hökumətin iclasında 2013-cü ildə ölkədə işsizliyin 5, yoxsulluq səviyyəsinin 5,3 %-ə qədər enməsinin, xarici dövlət borcumuzun səviyyəsinin isə ümumi daxili məhsul (ÜDM) həcminin 8 % təşkil etməsinin bunda mühüm rol oynadığını qeyd etdi.

Bu arada ABŞ-ın "Heritage" Fondu və "Wall Street Journal" qəzetinin birgə hazırladığı "İqtisadi Azadlıq İndeksi - 2014" adlı hesabatında da Azərbaycanın 100 mümkün baldan 61,3-nü toplamaqla dünyanın 186 ölkəsi sırasında 81-ci yerə çıxması və iqtisadi cəhətdən orta azad ölkələr sırasına daxil olması diqqəti cəlb edir. Qeyd olunan hesabata əsasən ötən illə müqayisədə Azərbaycan 6 pillə irəliləyərək, iqtisadi azadlıq indeksini 1,6 bal yaxşılaşdırmışdır ki, buna mülkiyyət hüququ və maliyyə idarəçiliyi sahəsində irəliləyiş nəticəsində nail olunduğu bildirilir.

Əlbəttə, burada dünya iqtisadiyyatında davam edən qeyri-müəyyənlik fonunda dövlət başçımızın da vurğulağı kimi xarici dövlət borcu səviyyəsinin ÜDM həcminin cəmi 8% təşkil etməsinin, o cümlədən ölkəmizin valyuta ehtiyatlarının artmasının, iqtisadiyyata keçən il ərzində 28 milyard ABŞ dolları məbləğində investisiya qoyulmasının böyük təsiri olub.

Yeri gəlmişkən, maliyyə naziri Samir Şərifov hökumətin yaxın 5 il ərzində Azərbaycanın xarici dövlət borcunun səviyyəsini ÜDM-in 10 %-i həcmində saxlamağı nəzərdə tutduğunu bildirmişdir ki, bu da ölkə iqtisadiyyatına investisiya qoyuluşu sahəsində hələ bir müddət də əlverişli vəziyyətin hökm sürəcəyi deməkdir.

Ümumiyyətlə, "İqtisadi Azadlıq İndeksi - 2014" adlı hesabatda xarici dövlət borcu sahəsində vəziyyətimizin əlverişliliyi xüsusən önə çəkildiyindən, ölkəmizə inamın möhkəmlənməsində məhz bu amilin böyük rol oynadığını nəzərə almaq vacibdir.

Sual olunur ki, məgər, biz daha borc almırıqmı?

Ölkəmiz borc almağa ilk dəfə vəsait çatışmazlığı üzündən 1993-95-ci illər ərzində başlamışdı ki, iqtisadiyyatımız ağır durumda olduğundan o vaxt Beynəlxalq Valyuta Fondu və Dünya Bankı başda olmaqla, beynəlxalq maliyyə qurumlarından alınan kreditlər dövlət büdcəsi kəsirinin örtülməsinə sərf olunurdu.

Lakin çox keçmədi ki, dövlət büdcəsi neftin onda müəyyən edilən qiymətindən iki və üçqat artıq gəlir əldə etməsi nəticəsində xərclərin səviyyəsi yüksəldi ki, ÜDM istehsalı ikirəqəmli təşkil etməyə başladı. Buna rəğmən də, xaricdən cəlb olunan kreditlər azaldılmalı olsa da iqtisadiyyatın bir sıra sektorlarına, xüsusən də infrastrukturun inkişafına borc vəsaitləri daha artıq vəchlə yönəldilməyə başlandı ki, nəticədə də məsələn, 2003-cü ildə ölkənin xarici borcu 1,575 milyard dollar təşkil edirdisə, 2010-cu ildə bu rəqəm artıq 3,86 milyard dollara qədər yüksəldi.

Ancaq ÜDM istehsalı həcmi artdığı üçün 2003-cü ildə ölkənin xarici borcunun ÜDM-də pay səviyyəsi 23 %-ə bərabər idisə, 2010-cu ildə 9,3 %-ə səviyyəyə qədər endi. Təcrübəyə və ümumiyyətlə, xarici borca dair təsbit edilmiş müvafiq meyarlara əsasən isə o, ÜDM-in 30-35 % həddindən çox olarsa təhlükəli hədd sayılır. Bu mənada, Azərbaycanın xarici dövlət borcunun real səviyyəsi keçən ilin nəticəsinə görə təkrar edirik ki, 8 % təşkil etməklə buna qətiyyən yaxın deyil.

Ancaq biz, “Doing Business” hesabatı üzrə də yazmışdıq ki, (burada ölkələr üzrə biznesin tədbiqi sahəsində bir sıra göstəricilər baxımından əlverişlilik səviyyəsi nəzərdən keçirilməklə bu sahədə mövcud vəziyyət qiymətləndirilir ki, həmin göstəricilərə isə müəssisələrin qeydiyyatı, tikintiyə icazənin alınması, elektrik enerjisinə qoşulma, mülkiyyətin qeydiyyatı, kreditləşdirmə, sərmayənin qorunması, vergiyığımı, xarici ticarət, müqavilələrin icrasına təminat, həmçinin ödəməməyə icazə və yaxud iflas daxildir) daha sürətlə inkişaf etmək, iqtisadiyyatın modernləşdirilməsi və ÜDM istehsalını qeyri-neft sektorunun hesabına 2 dəfə artırmaq, ümumiyyətlə beynəlxalq hesabatların hazırlanması zamanı nəzərdən keçirilən göstəricilərdə bir az da irəli getməyimiz üçün biznes mühiti durmadan yaxşılaşdırılmalı, mövcud qanunlar təkmilləşdirməli, tənzimləmə və insan kapitalından istifadə kimi məsələlərin həlli fasiləsiz xarakter daşımalıdır. Bu isə məsələn, ölkədə rəqabət haqqında, sərmayələrə dair müstəqilliyimizin ilk illərində qəbul olunmuş müvafiq hüquqi-normativ bazanı mükəmməl bir “Rəqabət Məcəlləsi”nin qəbul edilməsi ilə əvəzləməyi və sərmayələrə dair mövcud hüquqi mexanizmi təkmilləşdirmək kimi məsələlərin həllini tələb edir.

Oxucuya aydın olsun deyə, sadə dillə qeyd edək ki, məsələn, keçən il iqtisadiyyata rekord həcmdə - 28 milyard ABŞ dolları məbləğində investisiya qoyulmuşdursa, "İqtisadi Azadlıq İndeksi - 2014" adlı hesabatının hazırlanması zamanı nəzərdən keçirilən göstəricilərin durmadan yaxşılaşması sayəsində bu rəqəm məhz artan xətt üzrə inkişaf etməlidir.

Son bir neçə il ərzində orta hesabla 20-22 milyard dollar investisiya qoyulduğu halda, 2013-cü ildə 28 milyard dollar həqiqətən böyük nəticədir. Bunun 17,5 milyardını daxili investisiya təşkil edir.

Lakin əsas hissə dövlət investisiyasına məxsusdur. Rəqabətin təşkili, iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalının yaxşılaşdırılması və yeni iqtisadi artım mənbələrinin yaradılması isə sahibkarlıq fəaliyyətini genişləndirməyi və özəl sektorun da investisiya yatırmalı olduğunu tələb edir.

İqtisadiyyatımızın müxtəlif göstəricilər sarıdan xarici qurumlar tərəfindən, o cümlədən beynəlxalq hesabatlar üzrə yüksək qiymətləndirilməsinin inkişafımız üçün açdığı imkanlar məhz bunu ehtiva edir. Bunun üçün isə ölkədə sərmayələrin qorunması işi ilə vergiyığımı kimi göstəricilər qarşılıqlı tandem əsasında inkişaf etməlidir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti