"Bu, dünyada ən böyük ədalətsizliklərdən biridir”

 "Bu, dünyada ən böyük ədalətsizliklərdən biridir”
  19 Mart 2013    Oxunub:1685
“Buna görə mən tam əminəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Buna mümkün qədər tez nail olmaq istəyirik”.

Fikrimcə, terrorçuluğa qarşı konfransın Azərbaycanda keçirilməsi böyük rəmzi xarakter daşıyır. Çünki Azərbaycan keçmişdə beynəlxalq terrorçuluqdan əziyyət çəkib və eyni zamanda, hazırda ölkəmiz terrorçuluğun dünya səviyyəsində qarşısının alınmasına böyük töhfə verir. Təəssüf ki, ölkəmiz 1990-cı illərin əvvəllərində erməni terror təşkilatlarının törətdiyi terror aktlarının hədəfinə çevrilmişdi.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 18-də Bakıda Azərbaycan Hökumətinin, BMT-nin və İSESCO-nun təşkilatçılığı ilə "Terrorizmin qarşısının alınmasında əməkdaşlığın gücləndirilməsi" mövzusunda Beynəlxalq konfransın açılışında çıxışı zamanı deyib.

"Azərbaycan vətəndaşlarına qarşı çoxlu sayda terror aktları törədilmişdir, 2 min günahsız insan qətlə yetirilmiş və təxminən bir o qədər də insan xəsarət almışdır. Azərbaycan təcavüzdən, işğaldan əziyyət çəkir. Bildiyiniz kimi, bir çox hallarda bu hadisələr təcavüzkar separatçılıqla müşayiət olunurdu. Azərbaycana qarşı təcavüzkar separatçılıq aktları və terror hücumları ölkənin beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizinin işğalı ilə nəticələndi. Həmçinin, Azərbaycan etnik təmizləmə siyasətinə məruz qaldı, bir milyondan artıq azərbaycanlı doğma yurd-yuvalarından didərgin düşdü", deyə İlham Əliyev bildirib.
Prezident çıxışında vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sabitliyə və təhlükəsizliyə ən böyük hədələrdən biridir.

"Bu, dünyada ən böyük ədalətsizliklərdən biridir. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, bu qətnamələr icra edilmir. ATƏT, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, NATO və digər beynəlxalq təşkilatlar da qətnamə və qərarlar qəbul etmişlər. Təəssüf ki, bütün bu qətnamələr kağız üzərində qalır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri iyirmi ildən artıqdır ki, işğal atındadır.

Artıq qeyd etdiyim kimi, bu məsələ beynəlxalq, həmçinin regional sabitliyə və təhlükəsizliyə ən böyük hədə yaradır. Bu məsələ beynəlxalq hüquq normaları, Helsinki Yekun Aktı əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmalıdır. Biz münaqişənin dinc yolla həllinə göstərdiyimiz səyləri davam etdiririk. Lakin əfsuslar olsun ki, Ermənistan "status-kvo"nun mümkün qədər uzun müddət saxlanmasına və bacardığı qədər münaqişənin dondurulmasına çalışır. Lakin bu, mümkün olmayacaqdır. Çünki dünya dəyişir, regional tarazlıq dəyişir. Azərbaycan siyasi və iqtisadi inkişaf baxımından güclənir, Azərbaycanın qlobal miqyasda oynadığı rol artır. Buna görə mən tam əminəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Biz buna mümkün qədər tez nail olmaq istəyirik. Çalışırıq ki, bunu sülh yolu ilə edək", deyə dövlət başçısı qeyd edib.

İlham Əliyev xatırladıb ki, eyni zamanda, xalqımız XX əsrin ən böyük faciələrindən birini - Xocalı soyqırımını yaşamışdır.

"1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri Xocalı şəhərinin sakinlərinə hücum etmişlər. Belə bir vəhşi hücumun nəticəsində 613 günahsız vətəndaş qətlə yetirilmişdir. Onların arasında 100-dən artıq qadın, 63 uşaq olmuşdur. Artıq dörd ölkənin parlamenti Xocalı faciəsini rəsmən soyqırımı kimi tanımışdır. Xocalı hadisələrinin soyqırımı kimi tanınması prosesi digər ölkələrdə də gedir", deyə dövlət başçısı nitqində söyləyib.
Prezident bildirib ki, Azərbaycan, həmçinin terrorçuluğa qarşı mübarizəyə fəal şəkildə töhfə verir.

"Biz qəti şəkildə hesab edirik ki, beynəlxalq ictimaiyyət əvvəlcə beynəlxalq terrorçuluğun aydın tərifini verməlidir. Azərbaycan öz siyasi addımları və praktiki fəaliyyəti ilə terrorçuluğa qarşı aparılan qlobal mübarizəyə fəal şəkildə töhfə verməyə çalışır. Qəti surətdə inanırıq ki, beynəlxalq ictimaiyyətin bütün səylərinin birləşdirilməsi sayəsində biz bu mübarizədə qələbə qazana bilərik.

Səbəblərindən asılı olmayaraq, terrorçuluğa haqq qazandırılması haqqında söhbət belə gedə bilməz. Terror aktlarının kimə qarşı törədilməsindən asılı olmayaraq, terror təşkilatları arasında fərq qoyulmamalıdır. Buna görə, hesab edirəm ki, səylərin geniş şəkildə birləşdirilməsi və terrorçuluğa qarşı hərtərəfli əməkdaşlığın aparılması bu mübarizədə bizə yardımçı olacaq və uğurumuzu təmin edəcəkdir.

Düşünürəm ki, bu gün keçirilən konfransda müzakirə edilən mövzulardan biri terrorçuluğa qarşı mübarizənin aparılmasında beynəlxalq ictimaiyyətin hansı şəkildə daha səmərəli fəaliyyət göstərməsi ilə bağlı olacaqdır. Çünki tarixdən və müasir dövrdən bilirik ki, istənilən bir ölkə nə qədər güclü müdafiə olunsa belə, təkbaşına terrorçuluğa qarşı təsirli mübarizə apara və terror aktlarından 100 faiz sığortalana bilməz", deyə İlham Əliyev bildirib.
Dünyanın dəyişdiyini deyən Prezidentin sözlərinə görə, əfsuslar olsun ki, müasir texnologiyalar bədniyyətli insanlar tərəfindən də istifadə olunur.

"Hesab edirəm ki, səylərin səfərbər olunması terrorçuluğa qarşı mübarizənin aparılmasında və onun qarşısının alınmasında ən səmərəli alətlərdən biri ola bilər. Terrorçuluq beynəlxalq ictimaiyyətə, ölkələrin ərazi bütövlüyünə, iqtisadi, demokratik inkişafa təhlükədir. Fikrimcə, belə bir mühüm məsələnin qlobal gündəlikdə saxlanması addım-addım səylərimizi gücləndirməkdə və bu mübarizədə bizə kömək edəcəkdir. Azərbaycan əlindən gələni edir ki, beynəlxalq ictimaiyyət bu məsələni daim diqqət mərkəzində saxlasın. Bu konfransın Bakıda keçirilməsi bu cür nümunələrdən biridir. Eyni zamanda, Azərbaycan BMT Təhlükəsizlik Şurasında ötən ilin mayında ilk sədrliyini terrorçuluğa qarşı mübarizənin aparılması mövzusuna həsr etmişdir. 2012-ci ilin may ayında Azərbaycan tariximizdə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasına sədrlik etdi. Biz terrorçuluğa qarşı mübarizə üzrə aparılan müzakirələri açıq elan etdik. Biz bu mövzunu gündəlikdə olan bütün digər məsələlər siyahısından seçdik. Çünki hesab etdik ki, diqqətin məhz bu mövzuya yönəldilməsi daha vacibdir.

Terrorçuluğa qarşı təsirli və çox fədakar mübarizə olmadan biz qarşımızda duran məsələlərdən heç birini həll edə bilməyəcəyik. Müstəqilliyimizin ilk illərini xatırlayırıq. Həmin vaxt ermənilər Bakıda və digər yerlərdə vətəndaşlarımıza qarşı terror hücumuna keçmişdilər. Sabitlik mövcud deyildi. Sabitlik olmayan yerdə inkişaf da ola bilməz. Biz bunu öz təcrübəmizdən çox yaxşı bilirik. Yalnız 1990-cı illərin ortalarından etibarən Azərbaycanda siyasi sabitlik yaradıldı. Biz inkişaf etməyə, sərməyələr cəlb etməyə, iqtisadiyyatımızı və siyasi sistemimizi müasirləşdirməyə və Azərbaycanda demokratik sistemin yaradılmasına başladıq", deyə Azərbaycan Prezidenti çıxışında bildirib.

Dövlət başçısının sözlərinə görə, beynəlxalq terrorçuluğa məruz qalmış ölkələrdə, əfsuslar olsun ki, terrorçuluq gündəlik fəaliyyətə çevrilir.

"Bu halda heç kəs inkişaf haqqında danışa bilməz. Belə halda nə sərmayələr qoyulur, nə islahatlar aparılır. Demokratik inkişaf getmir. Çünki beynəlxalq terrorçuluğa məruz qalan ölkələr öz mübarizəsi ilə cavab tədbirlərini görməlidirlər. Bu isə çox təhlükəli nəticələrə aparır. Buna görə də terror hədələrinin aradan qaldırılması və yaxud onların azaldılması inkişaf üçün ilkin əsas şərtdir. Buna görə, biz bu mövzunu beynəlxalq gündəlikdə dayanan bütün digər vacib mövzular içindən seçdik və Təhlükəsizlik Şurasının sessiyasında onu geniş şəkildə qaldırdıq. Təşəbbüsümüzün nəticəsi olaraq, çox əhəmiyyətli bəyannamə qəbul edildi. Hesab edirəm ki, bu bəyannamə səylərin səfərbər olunmasına yardım edir və edəcəkdir. Səylər birləşdirilmədən heç bir ölkə terrorçuluğa qarşı mübarizədə uğur əldə edə bilməz.
Çox şadam ki, bu gün Azərbaycana 50-dən artıq ölkənin, beynəlxalq təşkilatların nümayəndələri və ekspertləri gəliblər. Beynəlxalq ictimaiyyət məhz budur. Budur, bizim belə mühüm beynəlxalq məsələyə münasibətimiz. Bu, bizim töhfəmizdir. Fikrimcə, əlbəttə ki, biz bu məsələyə müxtəlif baxış bucaqlarından yanaşmalıyıq. Biz terrorçuluğa qarşı mübarizəyə verdiyimiz praktiki töhfəmizi gücləndirməliyik. Azərbaycan terrorçuluğa qarşı beynəlxalq səviyyədə aparılan mübarizəyə əlindən gələn töhfəni verir və hətta bundan artığını da edir. Biz bu məsələni hər zaman gündəliyimizdə saxlamalıyıq, müxtəlif beynəlxalq forumlarda qaldırmalıyıq. Eyni zamanda, terrorçuluğun yaranmasına xidmət edən şəraitlərin aradan qaldırılması üçün mümkün mexanizmlərdən istifadə etməliyik. Biz terror təşkilatlarının fəaliyyət dairələrini daraltmalıyıq. Biz insanların, xüsusən də təhsili olmayanların terror təşkilatları tərəfindən öz sıralarına cəlb edilməsi üçün şərait yarada biləcək boşluqların doldurulması istiqamətində birgə işləməliyik.

Burada biz digər mühüm məsələyə gəlib çıxırıq. Bu isə xalqların sülh şəraitində dinc yanaşı yaşaması məsələsidir. Əfsuslar olsun ki, biz beynəlxalq mətbuatı oxuyanda görürük ki, bəzən terrorçuluğu islamla bağlamaq cəhdləri vardır. Artan islamofobiya ilə bağlı müsəlman aləmində müəyyən narahatlıq vardır. Fikrimcə, beynəlxalq ictimaiyyət, xüsusən də media nümayəndələri, qeyri-hökumət təşkilatları daha məsuliyyətli davranmalıdırlar və bütün dünyada 100 milyonlarla müsəlmanın hisslərinə toxunmamalıdırlar", deyə Prezident deyib.
İlham Əliyev qeyd edib ki, terrorçuluğun nə dini, nə də milliyyəti vardır. Milli, eləcə də dini mənsubiyyətlərindən asılı olmayaraq, bütün bəşəriyyət terrorçuluqdan əziyyət çəkir.
"Fikrimcə, bu, daim diqqətdə qalmalı mühüm məsələlərdən biridir. Biz səylərimizi birləşdirmədən bu məsələni lazımi şəkildə həll edə bilməyəcəyik.

Terrorçuluğa qarşı qlobal mübarizənin mühüm elementlərindən biri də multikulturalizm ideyalarının inkişaf etdirilməsidir. Hesab edirəm ki, beynəlxalq münasibətlərin bugünkü inkişaf səviyyəsi baxımından bu məsələ hər zaman diqqət mərkəzimizdə olmalıdır. Azərbaycan multikulturalizm əhval-ruhiyyəsinin hər zaman gündəlikdə saxlanmasına çalışır. Biz Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər, konfranslar, forumlar keçirmişik və multikulturalizmi, onun müsbət təcrübəsini müzakirə etmişik. Bilirik ki, hazırda müxtəlif cəmiyyətlərdə, siyasi dairələrdə fərqli ideyalar eşidilir. Deyirlər ki, multikulturalizm baş tutmadı və yaxud da uçuruma gedir. Fikrimcə, biz belə bir qiymətin verilməsində çox diqqətli olmalıyıq. Çünki bu gün qloballaşan dünyada multikulturalizmin alternativi yoxdur. Hətta multikulturalizmin alternativinin nədən ibarət olmasını təsəvvür belə etmək çətindir. Əsrlər boyu bəşəriyyət inkişaf etmiş, nəsillər dəyişmişdir, lakin multikulturalizmin inkişaf etməsi tarixin daha çox müasir dövrünə aiddir. Buna görə də biz artıq əldə etdiyimiz nəticələrdən geriyə çəkilə bilmərik.

Azərbaycan müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülh və dostluq şəraitində yaşadığı bir ölkədir. Bu, multikulturalizmin uçuruma getməməsinin çox yaxşı nümunəsidir. Multikulturalizm güclənir. Xüsusən də xatırlatmaq vacibdir ki, tarixi keçmişdə biz digər ölkələrin tərkibində yaşamışıq. Həmin ölkələr, imperiyalar daxilində müxtəlif millətlərə və dinlərə mənsub olan insanlarla ünsiyyətimiz olmuşdur. Sovet İttifaqının tərkibində olarkən, hətta ondan əvvəlki vaxtlarda da bu ideyalara sadiqlik təbii hal idi. Lakin 20 ildən artıqdır ki, Azərbaycan müstəqil ölkədir. Fikrimcə, multikulturalizm ideyaları və Azərbaycanda baş verənlərin mahiyyəti müstəqillik illərindən başlayaraq dövlət siyasətimizin, cəmiyyətimizin əhval-ruhiyyəsinin bariz nümunəsidir.

Bu nəticələrə yalnız müvafiq dövlət siyasəti ilə nail olmaq mümkün deyildir. Bizə gəldikdə, çox xoşbəxtik ki, cəmiyyətdə olan əhval-ruhiyyə və hökumətin siyasəti eyni məqsədlərə xidmət edir. Sülh şəraitində inkişaf, Azərbaycanda bütün millətlərin və dinlərin nümayəndələri arasında dostluq bu məqsədlərdəndir. Ölkəmiz burada yaşayan insanların hamısının vətənidir. Bu, bizim siyasətimizdir, bu siyasət davam edəcək və gələcəkdə daha da güclənəcəkdir. Əminəm ki, bu sahədə əldə etdiyimiz uğurlar nəinki Azərbaycana təsir göstərəcəkdir, artıq göstərir, hətta onun hüdudlarından kənara da çıxır", deyə dövlət başçısı bildirib.

Dövlət başçısı deyib ki, terrorçuluğa qarşı təsirli mübarizənin aparılmasında əsas məsələlərdən biri təhsildir. Çünki əvvəldə qeyd etdiyim kimi, terror təşkilatları savadsız şəxslərdən istifadə edirlər.

"Onlar oxuya və yaza bilməyən gənclərdən istifadə edirlər və onların beyinlərini doldururlar, təbliğat aparırlar, gənc nəsli səhv yola çəkirlər. Təəssüf ki, dünyanın bəzi yerlərində biz təhsildə və sosial məsələlərin həllində inkişaf yox, geriləməni görürük. Bəzi hallarda, sosial ədalətsizlik də terrorçuluq və terror təşkilatları üçün təkandır. Beynəlxalq terror təşkilatları cəmiyyətdəki bütün çatışmazlıqlardan istifadə edirlər və öz cərgələrinə mümkün qədər çox insanı cəlb etməyə, onların beyinlərini doldurmağa çalışırlar. Buna görə, təhsil terrorçuluğa qarşı mübarizənin aparılmasında ən böyük meyarlardan biridir. Azərbaycan təhsil sahəsinə çox böyük əhəmiyyət və diqqət verir. Ölkəmizdə savadlılıq 100 faiz səviyyəsindədir. Gənclərimiz təhsil alır, biliklərə malikdirlər. Biz dünyaya açığıq, bizdə media azadlığı və bütün digər azadlıqlar mövcuddur. Bizdə azad internet vardır. Dünya ölkələrinin heç də hamısı senzurasız internetin olması ilə öyünə bilməz. Azərbaycanda internet istifadəçilərin sayı hazırda 70 faizdən çoxdur.

Biz informasiya-kommunikasiya texnologiyaları sahəsinə çoxlu sərmayə yatırırıq. Hazırda genişzolaqlı internetin hər bir şəhərə çatdırılması üçün Dövlət Proqramının icrasına başlanmışdır. Bu proqram bir neçə il ərzində həyata keçiriləcəkdir. Fevral ayında Azərbaycan özünün ilk telekommunikasiya peykini fəzaya buraxdı və kosmos sənayesinə malik ölkələr qrupuna daxil oldu. Həmçinin təhsil, müasir texnologiyalar, müxtəlif ölkələrin gəncləri arasında ünsiyyət mühüm rol oynaya bilər.

Əlbəttə ki, yoxsulluğun azaldılması məsələsi də vardır. Bu amil nəinki, terrorçuluğa qarşı mübarizənin aparılmasında, xüsusən də yoxsul ölkələrdə həmin məsələnin aradan qaldırılmasında vacibdir. Yenə də öz təcrübəmizə gəldikdə, deyə bilərəm ki, biz yoxsulluğun azaldılmasında çox böyük irəliləyişə nail olmuşuq. Ümumiyyətlə, son 10 il ərzində Azərbaycanın iqtisadi inkişafı çox böyük təəssürat bağışlamışdır. Son 10 il ərzində iqtisadiyyatımız dünyada ən sürətlə artan iqtisadiyyatlardan biri olmuşdur. Ümumi daxili məhsul 3 dəfə artmış, yoxsulluq 10 il əvvəlki 50 faizdən 2012-ci ilin statistik göstəricilərinə görə 6 faizə düşmüşdür. Azərbaycanda 1 milyon 100 mindən artıq iş yeri açılmışdır, iqtisadi durum, həmçinin maliyyə durumumuz sabitdir. İqtisadi böhran illərində iqtisadiyyatımız artmaqda davam etmişdir. Hazırda ümumi daxili məhsulun strukturu təqdirəlayiqdir. Ümumi daxili məhsulda qeyri-enerji sektorunun payı sürətlə artır - ötən il bu, 10 faiz olmuşdur. Xarici borc isə ümumi daxili məhsulun cəmi 7 faizini təşkil edir. Beynəlxalq reytinq agentlikləri, onlardan əsas üçü - Fitch, Moodys, Standard & Poors bəzi inkişaf etmiş ölkələrin reytinqini aşağı saldığı halda, Azərbaycanın kredit reytinqini artırmışdır. Yoxsulluğun və işsizliyin azaldılması son 10 il ərzində Azərbaycanın ümumi inkişafının əsas elementlərindən biri olmuşdur. Əminəm ki, gələn illər ərzində biz yoxsulluğun bir sosial amil kimi tam həllinə nail olacağıq.

Beləliklə, hesab edirəm ki, bu məsələlərin lazımi şəkildə həllinə gəldikdə, hər bir cəmiyyətdə və ölkədə, öncə qeyd etdiyim kimi, biz sosial ədalət prinsipini yaddan çıxarmalı deyilik. Sosial ədalət və qanunun aliliyi hər bir cəmiyyətin rahatlığı deməkdir. Bütün bunlar terror əhval-ruhiyyəsini yaradan ilkin şərtlərin aradan qaldırılmasında mühüm elementlərdir. Azərbaycanda son illərdə həyata keçirdiyimiz siyasətdə biz, əlbəttə ki, müstəqilliyimizi möhkəmləndirməyə, hüquq mühafizə orqanlarının gücləndirilməsinə səylər göstərmişik. Biz Azərbaycanın daxilində praktiki olaraq bütün potensial terror hədələrini aradan qaldırmışıq. Buna görə də biz hazırda sərhəd infrastrukturunun gücləndirilməsinə böyük sərmayə yatırırıq.

Artıq qeyd etdiyim kimi, heç bir ölkə bu təhlükədən 100 faiz sığortalana bilməz. Bu, xüsusən də ada olmayan, qonşuların əhatəsində olan və sülh şəraitinin o qədər də mövcud olmadığı regionda yerləşən ölkələrə aiddir. Buna görə də sərhəd infrastrukturuna sərmayənin qoyuluşu, təsirli sərhəd nəzarəti bizim üçün regionumuzda terrorçuluğa qarşı mübarizədə bir nömrəli məsələdir. Çünki ölkəmizdə narahatlıq doğura biləcək terrorçuluğun daxili ocaqları yoxdur.

Əminəm ki, bu gün bu mübarizənin daha səmərəli qurulması ilə və dünyanı daha təhlükəsiz etməklə bağlı bir çox müzakirələr aparılacaq, rəylər söyləniləcək, təcrübə mübadiləsi baş tutacaqdır",deyə Prezident bildirib.



Teqlər:





Xəbər lenti