AzVision-14 I Sosial Apellyasiya Şəbəkəsi?! - VİDEO

  AzVision-14 I  Sosial Apellyasiya Şəbəkəsi?! -  VİDEO
  10 Sentyabr 2020    Oxunub:18875
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik proqram formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Xoş gördük, əziz dostlar, baxanlar, paylaşanlar, razılaşanlar və bunların heç birini eləməyənlər. Çərşənbə AzVisionuna baxırsınız; bu isə o deməkdir ki, mən və o – ictimai-siyasi fəal, bloger Demə Qoq sosial şəbəkənin prizmasından görünən gündəmi müzakirə edəcəyik. Toxunacağımız mövzular isə əsasən bunlar olacaq.

- Sosial şəbəkə, yoxsa Apellyasiya məhkəməsi? Tofiq Yaqublu ilə bağlı şəbəkə ehtirasları necə sakitləşməlidir?
- Ostap Benderin son ümdi də ölür. Xarici siyasət bazarı bağlanmaq üzrədir.
- Covidiotizim, yaxud karantindən çıxmaq niyə bəzən ona girmək qədər çətin olur.




Tofiq Yaqublunun həbsi və onun ətrafında cərəyan edən proseslərdən danışmaq o mənada çətindir ki, adam hazırda bağlı qapı arxasındadır, azadlığı məhdudlaşdırılıb və bu səbəbdən də, barəsində danışmaq etik baxımdan tam doğru alınmır. Amma biz Tofiq bəyin özünün, şəxsinin haqqında danışmayacağıq. Söhbətimizin mövzusu onunla bağlı başladılan kampaniya və bu prosesə qoşulan insanlardır. O insanların hər birinin özlərinə verməli olduqları suallar var. Yəqin ki, heç birini verməyiblər. Eybi yox, indi birlikdə cəhd edərik.
Əvvəla, Tofiq bəyə oxunan hökm nə dərəcədə ədalətlidir, yaxud deyil – bunu qırağa qoyaq. Tutaq ki, ədalətsizdir. Tamamilə normaldır. Ola bilər. Dünyada hər saat yüzlərlə ədalətsiz hökmlər çıxarılır. Heç bir ölkədə, heç bir hüquq və ədliyyə sistemində verilən bütün hökmlərin ədalətli olması mümkün deyil. Elə şey mümkün olsaydı, çoxpilləli məhkəmə sisteminə nə ehtiyac vardı ki? Aşağı pillə məhkəmələrin – yəni bu halda rayon məhkəmələrinin,- yanlış və ədalətsiz hökm çıxarması rast gəlinən bir haldır və istisna etmək olmaz ki, bu dəfə də elə olub. Amma belə olub-olmadığını kim müəyyən etməlidir?! Əsas sual bax, budur. Sosial şəbəkə kütləsimi? Radikal blogerlər? Feysbuk şərhçiləri?! Yoxsa, hər halda, appellyasiya məhkəməsi?!
Əgər aşağı məhkəmə instansiyasi, tutaq ki, yanlış qərar çıxarıbsa, buna qarşı nə etmək lazımdır? Aclıq aksiyası keçirmək? Sosial şəbəkədə dövlətə söyüş və lənət yağdırmaq? İnsanları etiraza səsləmək? Mitinqlər təyin etmək? Yoxsa, vətəndaş hüquqlarından normal istifadə edərək, appellyasiya şikayəti verib, rayon məhkəməsinin hökmünü mübahisələndirmək və haqlı olduğunu sübuta yetirmək?

DEMƏ QOQ:
- İcazə verirsən, bir konstruktiv təklif də mən irəli sürüm?
- Əlbəttə. Buyur.
- Get, özünü dola. Appellyasiya məhkəməsi nədir, a kişi? Əgər rayon məhkəməsi qərəzli qərar çıxarıbsa, deməli, apellyasiya məhkəməsi də qərəzli olacaq da. Bunu başa düşməmək üçün nə lazımdır bəyəm? Jurnalist olmaq?

Hipotetik olaraq bəli. Amma lap hətta tutaq ki, olsa belə, o da son instansiya deyil axı. Öz işini Avropa İnsan Haqları Məhkəməsinə qədər uzadıb, sonda qalib gələn müxalif partiya sədrlərindən birinin təcrübəsi var. Və o təcrübə bizə göstərir ki, hüquq məhkəmə salonlarında təmin olunur, küçədə və ya feysbukda yox. Əgər kiminsə həqiqətən də hüququn pozulubsa, onu bərpa etmək üçün imkanlar kifayət qədərdir.

Bəs hakimlər kimlərdir?!

Bütün hallarda, əgər Tofiq Yaqublu ilə bağlı çıxarılan hökm yanlışdırsa, onun hüququnun bərpa edilməsi üçün mövcud olan imkanların hələ heç bir faizindən də istifadə edilməyib. Amma sosial şəbəkədə fırtına qaldırılıb, səmum yelləri əsdirilir. Aclıq aksiyası mitinq çağırışına, mitinq çağırışlarıstatuslara, statuslar profil şəkillərinə qarışıb. Bax, bu, daha qorxuludur.

DEMƏ QOQ:
- Nədir qorxulu olan? İnsanların sosial şəbəkədə haqq-ədalət tələb etmələri? Ədalətdən niyə qorxursunuz ki?!

- Qorxulu olan ədalət deyil e. Onun yanlış yerdə və yanlış üsullarla axtarılmasıdır. Ədalət məhkəmədə və qanuna əsasən təmin olunar, sosial şəbəkədə və kütlənin emosiyalarına əsasən yox. Bu, ümumiyyətlə, kütlənin işi deyil və olmamalıdır da. Hazırda sosial şəbəkə kütləsinin edə biləcəyi ancaq bircə doğru hərəkət var: Sakitləşmək, təmkinli, hövsələli olmaq və ədliyyə sisteminə təzyiq göstərməyə çalışmadan hüquqi prosedurların davamını izləmək.
Baxın, bir Azərbaycan vətəndaşı kimi ölkənin məhkəmələrində olan hər hansı bir problem məni də narahat edir. Heç vaxt istəmərəm ki, Azərbaycan məhkəməsi kiminsə haqqında qərəzli hökm çıxarsın. Amma! Hətta! İşdir! Əgər belə bir şey olubsa!.. Mən eyni dərəcədə və eyni şiddətlə onu da istəmərəm ki, məhəkəmin həmin səhvi feysbuk kütləsinin təzyiqi və ya təsirilə düzəldilsin. Çünki feysbuk – məhkəmə səhvlərinin aradan qaldırıldığı instansiya deyil. Hər işin öz qayda-qanunu olmalıdır.

DEMƏ QOQ:
- Deyəsən, səndə yavaş-yavaş feysparanoya yaranır e... Nə fərqi var, hansı yolla, necə, əgər ədalət bərpa ediləcəksə, “kütlə” dediyin buna nail olacaqsa, nəyi pisdir axı?!

Məhkəmə əgər hansısa səbəbdən Tofiq Yaqublu ilə bağlı qərəzli hökm çıxarıbsa, bu, pisdir; amma əgər məhkəmə sosial şəbəkənin tələbilə öz hökmünü dəyişəcəksə, bu, ikiqat pisdir. Hətta dəhşətlidir. Bir halda ki, kimin nə qədər günahkar olub-olmamasına sosial şəbəkə kütləsi qərar verəcək, onda ümumiyyətlə, məhkəmələr nəyə lazımdır ki?! Gəlin, 19-cu əsr Amerikasındakı kimi linç praktikasını bərpa edək, məhkəmə işlərini həştəqlərlə sosial şəbəkədə ictimai müzakirəyə çıxaraq, kommentlərə və layklara əsasən qərarlar qəbul edək, sonra da bir kəndir, bir də qoca çinar – günahkarları asaq, getsin... Bu yaşıl ağacın üstü Allahın, bu yaşıl ağacın altı bizimdir. Vəssalam, məsələ bitsin.
Beləliklə, bir də təkrarlayım: Mən ölkəmin məhkəmələrinin kiminsə haqqında yanlış və ya qərəzli qərarlar çıxarmasını qətiyyən istəmirəm. Amma eyni zamanda, əgər belə bir hal olubsa – ki, hər yerdə ola da bilər,- onda məhkəmənin sosial şəbəkə kütləsinin təsir və təzyiqilə qərarını dəyişməsini heç istəmərəm. Çünki məhkəmənin səhvi varsa, bu, ancaq və ancaq yuxarı instansiya məhkəmədə düzəldilə bilər. Başqa bütün variantlar yolverilməzdir və onlardan əl çəkərək, hüquq müdafiə sisteminə vaxt və imkan vermək lazımdır ki, səhv buraxılıbsa, düzəldilsin.
Bu məsələdə absurd olan başqa bir məqam da var: Etirazçı kütlə bir tərəfdən azad məhkəmə istəyir, o biri tərəfdən isə siyasi hakimiyyətdən tələb edir ki, məhkəmə hakimiyyətinin işinə müdaxilə edib, hökmü dəyişdirtsin. Necə? Çox maraqlıdır, bunun mexanizmi necə təsəvvür edilir?

DEMƏ QOQ:
- Yaxşı, lap tutaq ki, bütün ölkələrdə məhkəmələrin yanlış qərarları ola bilər. Amma day Qarabağ qazisinə qarşı yox da. İnsanları əsəbləşdirən həm də budur. Belə məsələlərdə ehtiyatlı olmaq lazımdır.

- Tofiq bəyin Qarabağ qazisi olmasına gəlincə, müqəddəs torpaqlarımız uğrunda savaşmış hər kəsə sayğımız sonsuzdur. Amma kaş ki, Tofiq Yaqublu üçün Qarabağ qaziliyi siyasi rezümesində bir bənd yox, həyat və düşüncə tərzi olaraq qalaydı. Bizim yanaşmamız belə olmalıdır ki, ancaq Qarabağ uğrunda savaş bitəndən sonra tam olaraq kimin şəhid, kimin qazi olduğunu biləcəyik. Hələlik isə o savaş davam edirsə, Qarabağla bağlı verilən bütün adlar bir növ avansdır; hələlik Qarabağ savaşı bitmədiyi üçün hər bir Qarabağ qazisi Qarabağ uğrunda mübarizə aparan qüvvənin və şəxsin yanında olmalıdır. Və ümumiyyətlə, bu adı siyasi mübarizədə arqumentə çevirmək düzgün deyil.
Ona görə də, indi yeganə doğru yol Tofiq bəyin də, tərəfdarlarının da hər növ aksiyaları, həm məhkəmə hakimiyyətinə, həm də siyasi hakimiyyətə təsir və təzyiq cəhdlərini dayandırıb, hüquqi prosedurları davam etdirmələridir. Feysbuk icması da bunu anlamalı və dövlətdən nəsə tələb etməyi dayandırmalıdır.

Siyasi viruslara qarşı hüquqi peyvənd

Fikir verirsinizsə, sosial şəbəkədə Tofiq Yaqublu məsələsini ən çox qızışdırmağa çalışanlar xaricdə yaşayaraq, özünü “mühacir” adlandıran dəstədir. Bu da aydındır: Onlar Azərbaycan dövlətinə qarşı mübarizə aparır və istənilən fürsətə bu dövlətin ideoloji əsaslarının altına siyasi bomba qoymaq şansı kimi baxırlar. Amma hazırda geriyə sayım onların özləri üçün başlayıb.
Həftənin əvvəlində bəlli oldu ki, Baş Prokurorluğun təqdimatı əsasında Qurban Məmmədov, Orduxan Bəbirov, Rəfael Piriyev, Tural Sadıqlı və “söyüş müxalifəti”nin daha bir neçə aqressiv nümayəndəsi barədə həbs qərarı çıxarılaraq, beynəlxalq axtarışa veriliblər. Onların ölkəyə gətirilməsi zaman məsləsidir, bu, gec-tez baş verəcək. Necə ki, söyüş müxalifətinin simalarında olan Elvin İsayev də yəqin ki, keçən ilin sonunda qoluna qandal vurulana qədər bu haqda deyilənlərə inanmır, lağ edirdi, eyni aqibət digələrini də gözləyir.
Bu, o deməkdir ki, nəhayət, ölkədə siyasəti xırda xuliqanlıq, əxlaqi naqislik batalqlığından çıxarıb, sivil müstəviyə keçirmək üçün şans yaranır. Söyüş müxalifətçiliyi hakimiyyətin yox, Azərbaycan xalqının problemidi, üz qarasıdır. Təkcə ölkənin xaricində deyil, elə daxildə də bu mənəvi patalogiyadan nə qədər tez qurtulsaq, sivil vətəndaş-dövlət münaibətlərinə doğru bir o qədər tez böyük addım atmış olarıq. Azərbaycan hakimiyyəti ölkədə normal müxalifətin olması üçün ciddi işlər görür – partiyalarla dialoq qurulur, onlar qeydə alınır, Prezident şəxsən qeydə alınmış müxalifət partiyasını təbrik edir. Amma bu addımların həqiqətən məntiqi nəticəyə çata bilməsi üçün, belə görünür ki, onlar hüquqi tədbirlərlə də müşayiət olunmalıdırlar. Daxildən sağlamlaşdırma xarici virusların neytrallaşdırılması fonunda getməlidir.

DEMƏ QOQ:
- Virusların?! Kimsə başqa fikir deyirsə, indi virus oldular?! Avazın yaxşı gəlir, amma məsələni bəlkə belə qoyasan ki, niyə başqa ölkələrdə belə problem yoxdur, bizdə var hə?!

- Başqa ölkələrdə yoxdur? Var, həm də necə! Amerikadan tutmuş, Belarusa qədər. Xarici müdaxilə ilə mübarizə aparmağın nə qədər çətin olduğunu bu həftə Lukaşenko da etiraf elədi. Onun sözlərinə görə, bu haqda hətta Putinə də məsləhət verib:

- Mən bir çox prezidentlərlə, o cümlədən, özümün böyük dostum, “böyük qardaşım” adlandırdığım Putinlə də danışdım və ona xəbərdarlıq etdim: Bunun qarşısını almaq mümkün deyil. Çünki siz telegram-kanalın qarşısını necə alacaqsınz? Onu bloklamaq imkanınız varmı? Yox. Heç kimin belə imkanı yoxdur. Hətta bu hörümçək torunu yaradanların – amerikalıların da. Siz görürsünüzmü, orada nə baş verir? Və telegram kanalları o işlərdə aparıcı rol oynayırlar. Eybi yox, onlara haqq olur – bütün bunların əsasını Rusiya və ya Belorus yox, onlar qoyublar. Həmişə onlar bu işlərlə məşğul olublar, indi də aşlarına tökdükləri qaşıqlarına çıxır. Amma təəssüf ki, biz də bunun altını çəkirik.

Belorusda baş verənlər əslində ölkələrin daxilinə xaricdən informasiya müdaxiləsi etməklə nəyəsə nail olmağa çalışanların məğlubiyyətidir. Bu gün artıq düz bir aydır ki, orada xarici informasiya resursları hesabına idarə olunan aksiyalar davam edir. Bəzi günlərdə küçəyə çıxanların sayı yüz mindən çox olub. Amma nəticə nədir? Praktik olaraq heç nə. Hökumət yavaş-yavaş vəziyyəti nəzarətinə götürür. Müxalifətin ayrı-ayrı simaları qəfildən yoxa çıxır, bir müddətdən sonra Ukrayna və ya Polşada peyda olurlar. Oyunun detalları getdikcə daha çox məlum olur. Əgər hətta küçəyə yüz min adamı çıxarmağı bacaran “Nexta” kimi xarici resurs heç nə eləyə bilmirsə, Azərbaycana ölkənin informasiya məkanına xaricdən müdaxiləyə çalışan xırda-xuruş nə edə biləcək ki? Koroğlunun sözlərilə desək, əgər hələ-hələlər bir şey bacarmırsa, kərtənkələlər nə edəsidir? Belarus hadisələri bütün ölkələrdə xarici bloger şəbəkəsinin tabutunun qapağına vurulan böyük bir mıx sayıla bilər.

DEMƏ QOQ:
- Belorusdan misal gətirmək lazım deyil e. Sən bax Qərbə - Avropaya, Amerikaya... Oraları nümunə götürək də. Belarusa niyə baxırıq ki?!

- Baxaq da. Bu həftə Böyük Britaniyada WikiLeaks-in qurucusu Culian Assancın ABŞ-a verilməsilə bağlı məhkəmə prosesi başladı. Onu Amerikada 175 il həbs və ya ölüm cəzası gözləyə bilər. Bu məsələni bütün dünya hazırda böyük maraqla izləyir, çünki əgər Assanc Amerikaya verilsə, bu, Qərbdə “söz azadlığı” deyilən nəsnə ilə bağlı böyük sualların ortaya çıxmasına səbəb olacaq.
Amma ən vacib suallardan biri bdur: Assanc ABŞ üçün təhlükədirmi? Geniş mənada götürsək, yox. Wikileaks və onun sızdırmaları qosqoca Amerikaya, onun təhlükəsizliyinə hansı hədəni yaradasıdır ki?! Praktik olaraq heç nə. Amma düz 10 ildir ki, az qala bütün dünyanın və beynəlxalq təşkilatların tənqidlərini qulaqardına vuraraq, Vaşinqton Assancı hər yerdə addım-addım izləyir, indi də ölkəyə gətirib, son dərəcə sərt şəkildə cəzalandırmağa maksimum yaxındır. Hətta Amerika Konstitusyaına birinci düzəlişin arxasında gizlənmək cəhdi də məşhur jurnalisti xilas edə bilmir. Niyə? Nəyin davasıdır?
Heç nə. Sadəcə, bütün dünyaya göstərilir ki, baxın, Amerikanın informasiya təhlükəsizliyilə belə saymazyana oynamaq olmaz. Söhbət bu yerə çatanda dövlətin informasiya təhlükəsizliyi söz azadlığından daha dəyərli olur. Amma təkcə Amerika üçünmü?!
Hesabı buradan götürmək lazımdır.

Covidiotizm

Artıq dünya yavaş-yavaş karantindən çıxmağa çalışır, amma məlum olur ki, bu, heç də asan proses deyil. Almaniyada antikarantin aksiyalarına cəhdlərin ardınca bu həftə İtaliyada karantini oktyabrın sonuna qədər uzadılmasına qarşı mitinqlər keçirildi. Halbuki, Hindistandakı kimi faciəvi formada olmasa da, İtaliyada da yoluxmalar atmaqdadır və hökumət bir növ çəkiclə zindanın arasında qalıb. Bir tərəfdən, bəli, karantin yumşaldılmalıdır, digər tərəfdən isə bunu elə etmək lazımdır ki, yoluxmalar yenidən sürətlə çoxalmasın. Kütlənin prosesə müdaxiləsi isə vəziyyəti lap qəlizləşdirir.

Amma qəribəsi nədir: karantinin uzadılmasına və ictimai yerlərdə maska taxılmasına etraz üçün mitinqə çıxanların çoxu özləri də maska taxmışdılar. Bu, kütləvi etirazların mahiyyətini anlamaq baxımından çox maraqlıdır. Kütlə çox vaxt sadəcə, etiraz etmək istəyir, bu, onun təbiətindədir. Amma həqiqətin necə olduğunu fərdlər dərk edə bilirlər.
Bu hadisələr göstərir ki, karantinin təkcə tətbiqi yox, ləğvi də məsuliyyətli və çətin məsələdir. Və Azərbaycan bunların hər ikisində optimal yolu tapa bilib. Çünki bizdə artıq bir aydır ki, karantin mərhələli şəkildə yumşaldılmaqda davam etsə də, bizdə yoluxmalar artmadı. Bəzi məsələlərdən hələ də çoxumuz narazıyıq – məsələn, metronun hələ də işləməməsindən, iri alış-veriş məkanlarının bağlı qalmasından... Amma vəziyyət onu deyir ki, tutulan yol düzgündür, demək, bir qədər də hövsələli olmaq lazımdır.
Belə. Olanların mahiyyətini hələ sizinlə çox müzakirə edəcəyik. Şənbə günü AzVisionun analitik formatında görüşərik. Sağlam və möhkəm olun.



Teqlər: Tofiq-Yaqublu   AzVision   Real-TV  





Xəbər lenti