AzVision-15 I Pandemiyadan aldığımız dərsi hansı dildə oxuyaq? - VİDEO

      AzVision-15 I    Pandemiyadan aldığımız dərsi hansı dildə oxuyaq? -    VİDEO
  17 Sentyabr 2020    Oxunub:20655
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik proqram formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Əziz dostlar, baxanlar, paylaşanlar, istər tənqid, istərsə də təqdir edənlər. Çərşənbə AzVisionuna baxrsınız, bu isə o deməkdir ki, mən və O – daimi tamaşaçımız, bloger, ictimai fəal Demə Qoq həftənin ilk yarısının sosial şəbəkə prizmasından görünən gündəmini təhlil edəcəyik. Aydınlıq gətirməyə çalışacağımız mövzular bunlardır:

- Pandemiyadan aldığımız dərsi necə edək ki, geri verməyək?
- Acı gürcü çaxırı. Qonşularımız səhvi harada, nədə buraxdılar və biz onlara baxıb, nəyi etməməliyik?
- Rus dilində təhsil mübahisəsi Prezidentin təbriki fonununda hansı rəngdə göründü?
- İslam həmrəyliyi piramidasından çıxan erməni mumiyası. Mnatsakanyanın Misir səfəri nəyi göstərdi?




Dünən – və elə qismən bu gün də,- sosial şəbəkə bilik günü ovqatına bürünmüşdü. Dərsə gedən bir uşaq şəkillərinə baxdıqca, “layk”ladıqca, onların valideynlərinin sevincinə şərik olduqca insanda pozitiv hisslər, artıq karantinin bitməsi və həyatın yavaş-yavaş öz məhvərinə dönməyə başlaması əhvalı formalaşırdı.

Demə Qoq:
- Həyatın öz... necə dedin, “məhvərinə” dönməsinə hələ çox var. Nə qədər ki, toylara icazə verilməyib, heç nəyin öz məhvərinə qayıtmasından danışmaq olmaz. Toylar başlasın! Bizim ölkədə həyat toyların üzərində qurulub. Bilirsən, toylardan nə qədər adam dolanır? Bu, necə olur: Restoranlarda oturmağa icazə verilir, toylarda yox? Toy da bəyəm mahiyyətcə elə restoranda yeyib-içmək deyil ki?!

Eh… Dünya nə haydadır, sən nə hayda. Əgər toyda maska ilə oynamağı təsəvvür edə bilirsənsə, səndən hər şey gözləmək olar. Amma hazırda ən maraqlısı odur ki, pandemiya nöqteyi-nəzərindən Azərbaycanda və dünyada tam əks proseslər gedir.

1. Acı gürcü çaxırı

Qonşu Gürcüstan bir neçə ay əvvəl koronovirusla mübarizədə ən yaxşı nəticə göstərən ölkələrdən sayılır, orada gündə 5-6 yoluxma qeydə alınırdı. Amma hazırda ölkə hər gün özünün antirekordunu təzələyir və mətin addımlarla 200 yoluxmaya doğru gedir. Georgi Qaxariyanın hökuməti isə məhdudiyyətləri qaytarmağa qorxur ki, başda Saakaşvili olmaqla müxaliflər onu oktyabrın 31-nə təyin olunmuş seçkiləri pozmaqda ittiham edə bilər. Bax, bu – yəni təbabətin siyasiləşməsi,- doğrudan çox təhlükəli haldır.
Və maraqlısı odur ki, gürcü epidemiloqları vəziyyətin nəzarətdən çıxmasının səbəbini həm də toylarda görürlər. Masa arxasında içilən şərabların acı dadını gürcülər indi görürlər. Ona görə də, hazırda Gürcüstanın baş epidemioloqu Paata İmnadzenin təklifilə hökumət istənilən növ ziyafətləri qadağan edib, cərimə isə nə qədər olsa yaxşıdır? 10 min lari.

Demə Qoq:
- Bir adam dilində de görək, 10 min lari nə qədər edir? Yəqin bizdəki cərimələrdən çox olmaz. Bizdə, deyəsən, büdcəni cərimələrlə doldurmaq istəyirlər.

10 min lari –təxminən 3225 dollar. Yəni, sən bizdəki 100 manat, 200 manatlıq cərimələrə şükür elə. Gürcüstan üçün 3225 dollar fantastik rəqəmdir. Ona görə də, bizdə toylara, kütləvi ziyafətlərə icazə verilməməsi tamamilə doğru addımdır – Çəpərin o üzündə qonşunun acı təcrübəsi bunu sübut edir.
Bir az daha uzağa boylansaq, İsrail sərt karantin qaydalarını yenidən tətbiq edən ilk ölkə oldu – orada həyati vacib müəssisələrdən başqa, bütün obyektlər təzədən bağlanıb. Avstriya və Çexiya rəsmən ikinci dalğanın başladığını elan ediblər. Hər iki ölkədə gündəlik yoluxmalar sürətlə artır.

2. Həlledici aylar

Amma dünyadakı bu gərginləşən vəziyyətin fonunda biz toyları, kütləvi əyləncələri, idman zallarını, kütləvi alış-veriş mərkəzləri kimi bəzi istisnaları çıxmaqla, praktik olaraq, pandemiyadan əvvəlki dövrün həyat tempini bərpa edə bilmişik. Uşaqlarımız maska ilə də olsa, məktəbə getdilər. Fəqət dünyadakı vəziyyət hər şeyin nə qədər kövrək və sürüşkən olduğundan xəbər verir. Məsələ ondadır ki, peyvəndin dünya bazarına çıxarılması uğrunda gedən mübarizədən bəzi xoşagəlməz sürprizlər doğa bilər. Rusiyanın “Sputnik” vaksinilə bağlı ilk nəticələr ortadadır. Ölkənin səhiyyə naziri Mixail Muraşkonun özü etiraf edir ki, vaksin vurulan hər 7 nəfərdən birində xoşagəlməz hisslər - əzələ ağrıları, halsızlıq, hərarət olur.

Mixail Muraşko: – 300 nəfərdən çox insana peyvənd vurulub. Təxminən 14 faizində halsızlıq, gün ərzində əzələ ağrıları, bəzən temperaturun qalxması qeydə alınıb. Amma bunlar əvvəlcədən gözlənilən ağırlaşmalardır və hamısı dərmanın təlimatında qeyd olunub. Hamısı bir gün, uzağı gün yarım ərzində keçib gedir.

Bu, onu göstərir ki, vaksinin bazara çıxarılmasında tələskənlik hər halda, olub. Amma hətta bu tələskənliklə belə, Muraşko gözləyir ki, onların vaksini bazara geniş şəkildə dekabrda çıxacaq. Söhbət tələsik hazırlanan və ən qabağa düşən vaksindən gedir. Demək, bütün hallarda yanvar-fevrala qədər gözləmək qaçılmazdır. Bu isə o deməkdir ki, tələsmək və gürcülərin səhvini təkrarlamaq olmaz. İndi xüsusilə ehtiyatlı davranmaq lazımdır ki, geriyə sürüşmə baş verməsin. Üstəlik, payzın yaratdığı risklərdən də mümkün qədər sığortalanmaq vacibdir. Heç olmasa indiki vəziyyəti bir neçə ay da qoruyub saxlamaq lazımdır ki, uşaqlarımız maska ilə də olsa, dərslərinə getsinlər.

Demə Qoq:
- Getsinlər, amma rus sektoruna yox da. Bu nədir e, hamı istəyir uşağını rus sektoruna qoysun. Sonra da onlar böyüyüb bizə yuxarıdan aşağı baxırlar. Bunu qurtarmaq lazımdır. Nəyimizə lazımdır rus sektoru? Əvvəlcə saylarını azaltmaq lazımdır, sonra da yavaş-yavaş yığışdırmaq!

- Yaxşı, tutaq ki, mən öz uşağımın rusca oxumasını istəyirəm – “Tutaq ki” yox, elə doğrudan da istəyirəm,- niyə mən çətinliklə üzləşməliyəm, yer tapılmamalıdır, kimlərəsə xahiş-minnət etməliyəm? Bu, tələb-təklif məsələsidir: Rus sektorlarında yerlər süni şəkildə azaldılsa, onda da şikayət edəcəyik ki, niyə yer yoxdur...

Demə Qoq:
- xeyır ola, sən nıyə uşağının rus dılındə oxumasını ıstəyırsən axı?! nıyə başqa mıllətlərın valıdeynlərı ıstəmır, amma bızımkılər ıstəyırlər kı, uşaqları rusca oxusun? onda nə olur kı? rus qafalı vətəndaşlar yetışəcək də, bunu ıstəyırsınız?

Mən özümə əmınəm kı, aıləmdə heç vaxt rus qafalı övlad yetışə bılməz. Bu, məktəb yox, ailə məsələsıdır. Əgər uşaq böyüdüyü ailədə öz ölkəsi, dövlətilə bağlı mənfi fikirlər eşidəcəksə, valideynlərindən belə mövqe görəcəksə, o, bütün hallarda Azərbaycan qafalı olmayacaq. Tutaq ki, ingilis, ya ərəb, ya fars qafalı olmağının nəyi yaxşıdır ki?!

3. Təhsil təkcə savad deyil

Bu gün biz təhsilin keyfiyyətilə yanaşı, artıq onun ideolojı tərəflərini də müzakirə etməyə başlamalıyıq. Xoşumuza gəlsə də, gəlməsə də, bütün dünyada – istisnasız olaraq, bütün dünyada!,- orta məktəb dərslikləri həm də ideologıyanın ilk mənbəyidır. Çünki məktəb illərındə formalaşan ideoloji kımlik çox önəmlıdır. Azərbaycanlı olmaq nə deməkdır –artıq ibtidai siniflərdən bunun dəmir-beton tərkibli ideoloji konstruksıyasını uşaqların beynində qurmaq lazımdır. Fərqı yoxdur, hansı dildə. Dıl önəmli deyil. Dərsliklər ideoloji baxımdan düzgün tərtib olunsa, bunu rus dilində də eyni keyfiyyətlə eləmək olar. Və əksinə: Azərbaycan dilində tərtəmiz danışa-danışa rus, ingilis, firəng qafalı olmaq da tamamılə mümkündür. Bizə isə məhz ideoloji cəhətdən düzgün tərbiyə olunmuş Azərbaycan vətəndaşı lazımdır. Dövlət başçısının yeni dərs ililə bağlı təbrikində də bu məqam xüsusilə diqqət çəkirdi:

İham Əliyev: - Bu gün biz qloballaşma adı altında böyük siyasətin təzahürlərini görürük - gənclərin beyini bəzi xarici dairələr tərəfindən zəhərlənir, gənclər yoldan çıxarılır, onlar yalan informasiyalarla, böhtan, şər, təxribat xarakterli məlumatlarla üzləşirlər. Gənclər bəzi hallarda yəqin edə bilmirlər ki, hansı informasiya yalandır, hansı informasiya doğrudur. Ona görə müəllimlərdən çox şey asılıdır. Biz uşaqlarımızı, yeniyetmələrimizi, gənclərimizi xalqımıza, milli adət-ənənələrimizə zidd olan, dırnaqarası dəyərlərdən qorumalıyıq. Bizim uşaqlarımız Vətənə bağlı olmalıdır, xalqa bağlı olmalıdır, müstəqilliyi hər şeydən üstün tutmalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır, əsrlər boyu qoruduğumuz milli adət-ənənələrimizi qorumalı və onları müdafiə etməlidirlər. Belə olan halda Azərbaycan bundan sonra da müstəqillik və inkişaf yolu ilə gedəcək.

Prezidentin bu sözləri sanki bu ərəfədə feysbukda gedən “rus sektoru-azərbaycan sektoru” mübahisəsinə qoşulanlara yeni istiqamət göstərirdi ki, siz müzakirəni düzgün istiqamətdə aparmırsınız. Sual belə qoyulmalı deyil ki, rus sektoru bağlansın, ya yox; uşağımızı ora qoyaq, ya yox; sual belə qoyulmalıdır: Necə edək ki, uşağımız doğru-dürüst Azərbaycan vətəndaşı olsun?
Baxın, bu məsələnin siyasi tərəfi də olduğu üçün, əti milçəkdən ayırmağı bacarmaq son dərəcə vacibdir. Siyasi cəhətdən bəli, əla olardı ki, Rusiyaya hörmətin hörmətə bağlı olduğunu başa salaq. Göstərək ki, siz rus məktəblərini bağlayan, rus televiziyalarının yayımını məhdudlaşdıran Ermənistana silah verirsinizsə, bizim də rus dilinə qarşı münasibətimizin dəyişməsinə təəccüblənməyin. Bu şəkildə reaksiyanı siyasi cəhətdən başa düşmək olardı. Amma məsələnin bizdə sosial şəbəkdə olduğu kimi qoyulması düzgün görünmür.
Mənim həm şəxsi tanışlarmın arasında, həm də feysbuk çevrəmdə rus sektorunu bitirmiş xeyli insan var ki, onların nə vətənpərvərliyində, nə azərbaycanlılığında heç bir nöqsan tapmaq mümkün deyil. Çoxu heç Rusiyanı da sevmirlər. Eyni zamanda, Azərbaycan dilində təhsil almış xeyli insan da var ki, onların Vətənpərvərlik, Dövlətçilik təfəkkürləri plintusun altındadır. Demək ki, meyar bu olmalı deyil. Məsələni bu şəkildə qoyanda biz arabanı atın qabağında bağlamış oluruq. Əsas məqsəd bu olmalıdır: Evdə də, məktəbdə də necə edək ki, yaxşı vətəndaş yetişdirək?

Demə Qoq:
- Okey, xoroşo, amma hər hər halda, niyə bu qədər valideyn uşağını rusca təhsil almağa qoymaq istəyir axı? Bu, normaldır bəyəm? Bunun səbəblərini analiz edib, aradan qaldırmaq lazımdır.

Bunun səbəbi bizik. Özümüz. Nə qədər qəribə görünsə də. Biz öz qüsurumuzu təhsil sisteminin üstünə yükləyib, mövzunu ayrı səmtə yönəltmək istəyirik.

4. Rus dilinə niyə qaçırıq?

Demə Qoq

- Qəliz-qəliz danışma. Necə yəni biz? Ölkədə rusca danışanlara üstünlük verirlər deyə, günah bizdədir? Rusca danışmaq mədəniyyət, savad göstəricisi sayılır deyə, günah bizdədir?

- Bəs kimdədir? Bax, mən uşaq olanda ən çox eşitdiyim müğəni Ağadadaş Ağayev idi. Onun oxuduğu “altmış min ördəyim, qazım olaydı” muğamatını əzbər bilirdim. 6 yaşımda küçədə kimsə məni saxlayıb soruşsaydı ki, qadir allahdan diləyin nədir, deyəcəkdim, “yetmiş min incəbel yarım olaydı”, çünki eşitdiyim buydu.
Mahnı, şeir, ümumiyyətlə, qafiyə çox vacib məsələdir. Bu, istedadın da, təfəkkürün də ən ibtidai və primitiv formasıdır. Ona görə 14 yaşında oğlan ilk dəfə sevdiyini hiss edəndə musiqi bəstələməyə, rəsm çəkməyə, heykəl yonmağa yox, məhz şeir yazmağa qaçır – çünki ən ibtidai forma budur. Məhz bu səbəbdən də vacibdir – insanın dünyagörüşünün, mənəvi kimliyinin bünövrəsi qafiyəli fikirlərin üzərində qurulur.
Bu gün məndən soruşslar ki, sevdiyin, dinlədiyin müğənnilər kimdir, Andrea Boçellidən-zaddan danışacağam, amma Üzeyir Mehdizadənin mahnılarını da açıb dinlədiyim olub. Çünki şüurla başa düşürük ki, bunların hansı mədəniyyət, hansı mədəniyyətsizlikdir, amma bir də uşaqlıqdan formalaşan daxili vibrasiyalarımız var ki, onlar Üzeyirə, Manaf Ağayevə, Şəbnəm Tovuzluya, Damlaya köklənib. Biz özümüz bundan qurtula bilmirik və təhtəlşüurumuz istəyir, uşağımız elə böyüsün ki, Andrea Boçelliyə beyni ilə yox, ürəyilə qulaq asa bilsin.

Demə Qoq:
- Bunun yolu rus dilindən keçir bəyəm? Uşaq evdə, ətrafda nə görürsə, ona da köklənir də...

- Ay çox sağ ol! Məhz ona görə deyirəm ki, biz öz problemimizi, dünyagörüşü nöqsanımızı təhsil sisteminin və uşaqların üstünə yükləyirik. Mənim 4 yaşında qızım evdə adətən Disney multfilmlərində eşitdiyi mahnıları oxuyur. Amma qohumlargilə gedəndə, orada həyətdəki uşaqlarla ünsiyyətdə olandan sonra bir də gördük ki, Pərviz Bülbülənin mahnısını oxumağa başladı. “Yuxum gəlir, yatıram, gecən xeyrə qalsın” – belə bir meyxana var idi, sonra onu mahnıya çevirdilər, bax onu deyirəm. Biz anlayırıq ki, bu gün bu mahnını oxuyan uşaqların sabah müzakirə etdiyi məsələ də təxminən belə olacaq ki, Şəbnəm Tovuzlunun çiynində əli olan Həci kimdir? Amma istəmirik uşağımız bunu müzakirə eləsin, Pərviz Bülbüləyə, Üzeyirə, Manafa, Damlaya qulaq assın... Və biz əslində təhtəlşüurən bütün bunlardan qaçıb, Rus dilinə sığınırıq. Çünki tanıdığımız rusdilli insanlara baxanda onların bu mövzulardan uzaq olduqlarını görürük. Siz Şəbnəm Tovuzlunun hacısını müzakirə edən bir rusdilli insan tapa bilməzsiniz. Onlar üçün belə dünya yoxdur. Bizim sosial şəbəkədə müzakirə etdiklərimiz – sünni-şiə, ələm uçurtmaq, cin çıxartmaq, “kişi şortik geyinərmi”, “bu qızı oğlanla görüblər, amma yenə də özün bilərsən” kimi mövzular onlar üçün mövcud deyil. Biz istəyirik ki, bizim üçün də olmasın, buna görə ora - həmin sosiuma qaçırıq.

Demə Qoq:
- Bəsdir də, bəsdir özmüzü alçaltdınız. Ölürsünüz özümüzü aşağılamaqdan ötrü. Bəyəm onların heç səviyyəsiz söhbətləri olmur ki? Belə mövzular hər yerdə var!
Brüssel mərhələsi: MQ öldü, yaşasın AB?! – VİDEOTƏHLİL

İstisna eləmirəm ki, onların da özlərinin səviyyəsiz müzakirə məsələləri ola bilər, həmin sosiuma o qədər də dərindən bələd deyiləm, amma ən azından, biz daxilən özümüzə etiraf edirik ki, doğrudan da, onların maraqlandığı mövzular və o mövzuları müzakirə etmə tərzləri bizə baxanda ən azı kənardan daha mədəni və sivil görünür. Bizim rus sektoruna həm hörmətlə yanaşıb, həm də nifrət etməyimizin səbəbi buradan qaynaqlanır. Amma bunun problemi Azərbaycan dilində yox, şəxsən bizdədir. Nə vaxt biz mövzularımızı dəyişsək, başqa musiqiyə qulaq assaq, ciddi, mədəni, səviyyəli diskussiyalar apamağı öyrənsək, bax, onda rusdillilər öz uşaqlarını Azərbaycan sektoruna qoyacaqlar ki, daha mədəni, sivil olsun. Hələlik isə biz uşaqlarımızın öz reallığımızda böyüməsini istəmir, amma dərk etmirik ki, bunun səbəbi dildə yox, onun daşıyıcılarındadır. Biz özümüzdə çox şeyi dəyişməli, o cümlədən də, bəsitlikdən qurtulmalıyıq. Mədəniyyətdə də, məişətdə də, ictimai-siyasi mövzularda da. Biz bu istiqamətlərin hər birilə üzləşəndə sadəcə, söyməyə adam axtarırıq. Məsələn, bu həftə o adam Tofiq Yaqublunun cinayət işində hal şahidi kimi adı keçən Nəbi Acalov oldu. Halbuki, söyüləcək heç bir əməl sahibi deyildi.
Tofiq Yaqublu ilə bağlı keçən dəfə geniş danışdığımızdan, bu həftə sadəcə, qısaca təkrarlamaq istəyirəm ki, bu məsələnin siyasi sferada həllinin olmadığını anlamaq lazımdır. Bu, hüquqi məsələdir və ancaq yuxarı məhkəmə instansiyasında çözülməlidir. Ona qədər isə ən doğru yol Tofiq bəyi aclığı dayandırmağa, onun yaxınlarını da hökumətə və məhkəmələrə təsir cəhdlərinə son qoymağa çağırmaqdır. Bəli, Tofiq bəyin qızının və digər yaxınlarının çırpıntılarına baxanda hər birimiz kövrəlirik, pis oluruq, amma yeganə doğru yol onları sakitləşməyə və apellyasiya şikayəti verməyə çağırmaq olmalıdır. Bütün başqa variantlar keçməyəcək və keçməməyində hamımız maraqlı olmalıyıq: Çünki normal halda məhkəmənin qərarı ancaq yuxarı instansiyada mübahisələndirilə bilər, feysbukda və ya metroda şar buraxmaqla yox.

5. Konservləşmiş həmsədrlər

Bu həftə ATƏT-in Minsk qrupunun həmsədrləri necə oldusa, qəflət yuxusundan ayılıb, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərilə telefonla söhbət etdilər, sonra da bəyanat yaydılar.

Maraqlıdır: Belə zəhmət çəkməyə nə ehtiyac vardı? Sən demə, iyul ayında cəbhə xəttində vəziyyət gərginləşibmiş, həmsədrlər fikirləşiblər ki, nə edək, dərn düşəcələrdən sonra sentyabrın ortalarında qərar gəliblər, diqqəti Tovuz hadisələrinə yönəltmək lazımdır.

Yaxşı ki, bunlar tamada deyillər, yoxsa üçüncü övlad dünyaya gələndə bəyə oğullu-uşaqlı olmağı arzulayardılar. Görəsən, bu hesabla iyul hadisələrindən sonra baş verən hadisələrə həmsədrlər nə vaxt münasibət bildərəcəklər? Məsələn, Anna Akopyanın Qarabağda əlində avtomat ora-bura tullanmasına yəqin, dekabrda, Şuşaya Livandan erməni ailəsinin köçürülməsinə fevralda reaksiya verərlər. O vaxta qədər bəlkə həmin ailənin bir uşağı da oldu.

Belə vəziyyətdə ən gülməlisi odur ki, həmsədrlər xarici işlər nazirlərini yaxın həftələrdə “ilkin şərt olmadan mahiyyəti üzrə danışıqlara” dəvət edirlər. Artıq hər kəs bilir ki, danışqlar prosesi pozulub, amma həmsədrlər indiki düşüncə sürətilə yəqin, bunu haradasa 2021-ci ilin sonlarına doğru dərk edərlər.

6. İslam həmrəyliyinin piramidası

Bu həftə Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Misirdə idi. Biz bu səfəri şənbə günü “Həftənin Real Təhlili”ndə bölgədə gedən proseslərinn fonunda daha yaxından təhlil edəcəyik, hələlik isə qısa bir məsələyə toxunaq. Azərbaycanın dövlət başçısı tez-tez İslam dünyasında həmrəyliyin olmamasından gileylənir, bunu müsəlman ölkələrinə irad tutur. Budur: daha bir nümunə göz qabağındadır: Müsəlman ölkəsi Misirin xarici işlər naziri Samih Şükri, prezidenti Əbdül Fəttah əs-Sisi Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakantanla görüşərək, digər müsəlman ölkəsi Türkiyəyə qarşı planlar qururlar. Bəli, Misirlə Türkiyənin arasında regional məsələlərdə, Liviya, Fələstin problemlərinə yanaşmada ziddiyyətlər var; amma bu, məhz İblislə müttəfiqliyə haqq qazandırmamalıdır axı.
Ermənistanın xarici işlər naziri gedib hansısa müsəlman ölkəsində Azərbaycanda guya suriyalı terrorçularıın hazırlanması kimi ağ yalanı rahatca danışa bilməməlidir - əgər doğrudan da “İslam dünyas”ı deyilən bir məfhum varsa. Bəli, Azərbaycan diplomatiyası özünün hücum xəttinə uyğun olaraq, buna çox kəskin reaksiya verdi, amma istər-istəməz, belə hallar İslam dünyasının adına xələl gətirir və münasibətlərdə ləkələr buraxır.
Ərəb dövlətləri liqasının baş katibi Əhməd Əbdül Geytin durub Zöhrab Mnatsakanyanla Liviya, Suriya, Livan, Fələstin məsələsini müzakirə etməsi sadəcə, gülməlidir. Sadəcə Türkiyəninin düşmənidirsə, bu, o demək deyil ki, Ermənistan artıq ciddi bir dövlət olub və onunla regional geosiyasəti ciddi-ciddi müzakirə etmək olar.

Demə Qoq:
- Yaxşı görək də. Elə belə deyə-deyə özümüzü aldadırıq. Ermənilər Qarabağa kənardan əhali köçürür, yol çəkir, hərbi təlim keçirir, biz də durub deyirik ki, ciddi dövlət deyil. Bəs qeyri-ciddi dövlət bunları necə bacarır?

- Bax, əzizim. Bu studiya 20 dədiqə mənim ixtiyarımdadır. Mən bu 20 dəqiqədə istədiyimi elədim. Vəssalam, sonra bu studiya məim olmayacaq. Müqayisə qüsurludur, amma Ermənilərin Qarabağda nələrisə eləməyinə də məhz bu cür yanaşmaq lazımdır. Bir gün onların da o “studiya”da qalmaq vaxtları bitəcək, amma hələ ki, bitməyib, nəsə etmələrinə çıx da qıcıqlanmaq lazım deyil. Çünki zatən məqsədləri bizi qıcıqlandırmaqdan ibarətdir.
Mənim bu veriliş üçün vaxtım isə artıq bitir. Şənbə günü “AzVision”un analitik formatında görüşərik. Səbrli olun, möhkəm olun.



Teqlər: AzVision   Real-TV  





Xəbər lenti