AzVision-18 I Qovulan itlə müsahibə - VİDEO

    AzVision-18 I  Qovulan itlə müsahibə -   VİDEO
  08 Oktyabr 2020    Oxunub:30141
AzVision proqramına həftədə iki dəfə Real TV efirində və onlayn baxa bilərsiniz. Çərşənbə günləri veriliş öz ənənəvi (animasiya personajlarının iştirakı ilə), şənbə günləri isə analitik proqram formatında "AzVision: Həftənin real təhlili" adı ilə yayımlanır. Verilişin müəllifi və aparıcısı AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovdur.
Xoş gördük. Vətən Müharibəmiz davam etdiyi üçün, bizim də ancaq bircə mövzumuz var: Artq 11 gündür gedən döyüşlərin bilavasitə meydanında və ətrafında nələr baş verir? Bu haqda danışacağıq. Üzərində dayanacağımız əsas suallar isə bunlardır:

- Niyə ermənilər faktlara qarşı dirənir və yenildiklərini etiraf etmək istəmilər?
- Erməni təbliğatının əsas silahı: Telegram. Gücün məhz ora verilməsinə səbəb nədir?
- İti qovan kimi qovuruq! Bəs iti necə qovurlar? İtlə müsahibə




Cəbhədə nə baş verir? Bugünlərdə hamını ən çox düşündürən sual, yəqin ki, ancaq budur. Azərbaycan tərəfi təbii, bu mövzuda haqlı olaraq, açıq danışmır, Erməni tərəf isə o qədər həyasızcasına yalan və dezinformasiyalar yayır ki, onlardan nəyin baş verdiyini yox, vermədiyini öyrənmək olar.

1. VPN-maniya

Erməni təbliğatının iyrəncliyi bu günlərdə bütün çılpaqlığı ilə göz önündədir. Göbbels sağ olsaydı, yəqin ki, ermənilərin etdiklərinə sakit baxa bilməyərək, indi qırağa çəkilib, əsəblə siqaretini sümürürdü.

DEMƏ QOQ:
- Ay yoldaş, sən dəqiq bilirsən ki, Göbbels siqaret çəkən olub? Televizorda özündən başqa nəyəsə baxırsan? Xəbərin yoxdur ki, filmlərdə siqaret olanda üstündə mozaika verirlər ki, görünməsin?

- Üzr istəyirəm. Yəqin ona görə belə əsəblidir ki, təqdim etmək yadımdan çıxıb. Demə Qoq. Sosial şəbəkə fəalı, bloger. Sosial şəbəkə demişkən... axı, o andırı məhdudlaşdırmışdılar, bəs sən verilişə necə qoşulmusan?

DEMƏ QOQ:
- Palaza bürün, elnən sürün. Hamı kimi: VPN ilə.

- Niyə? Nə vacib idi? Axı dövlət bunu məhdudlaşdırıb ki, siz girib şəbəkədə nə öz beyninizi dezinformasiyalarla yükləyəsiniz, nə də başqalarının. Mən cəmisi iki nəfər tanıyırdım ki, həqiqi vətəndaş məsuliyyəti göstərərək, heç nəyə baxmadan, telefonlarına VPN əlavələri yazmadılar və şəbəkəyə girmədilər. Hərçənd, onlardan biri özündən başqa hamının şəbəkədə olduğunu görəndən sonra, 2 gün əvvəl təslim oldu. İkincisi isə hərb işini sevən şəxs olduğundan, hələ də alınmaz qala kimi dayanıb və ancaq dövlətin verilməsini lazım bildiyi informasiyaları televiziyadan və saytlardan alır. Əgər mənim tanımadığım başqa belə məsuliyyətli vətəndaşlarımız da varsa, buradan hamısını salamlayıram və bunun nə üçün edildiyini əyani şəkildə göstərmək üçün qayıdırıq erməni təbliğatnını iyrəncliyinə.

2. Göbbels rahat yata bilər

Göbbelsin vaxtında təbliğatın əsas vasitəsi radio idi. Əgər o vaxt internet olsaydı, yəqin ki, faşistlər bütün dünyanı tutmuşdular və bəzi çayxana ağzıgöyçəklərinin dediyi kimi, indi hamımız “Mersedes” sürürdük. Əlbəttə ki, tarix o cür inkiaf etsəydi, əslində indi heç də Mersedes-filan sürmürdük, böyük ehtimalla indi biz yox idik.
Vüsal Məmmədov Report Media Məktəbində: “Tanınmış imza özü bir iş yeridir”

Amma Göbbels o mənada rahat yata bilər ki, davamçılarının əlinə internet düşüb və onun metodları sosial şəbəkədə tətbiq olunur. Onlar da fürsətdən maksimum istifadə edərək, unikal həyasızlıqla elə yalanlar deyirlər ki, mənim yadıma Bulqakovun Volandının ateist şair İvan Bezdomnı haqqında dedikləri düşür: “Az qala mənim özümə sübut edəcəkdi ki, mən yoxam”.
Hazırda ermənilər gücü daha çox telegram-kanallara veriblər. Bu, müəyyən mənada anlaşılan taktikadır. Çünki əvvəla, getdikcə informasiya yayımının bu formatının populyarlığı artır, telegramın ulduzu zenitə doğru yüksəlməkdədir. Bunu Belorus hadisələrində də gördük.

DEMƏ QOQ:
- Bəs niyə ermənilər üstünlüyü məhz telegram-kanallarına veriblər? Bunun bir izahı var, yoxsa yox? İndi neyləyək, biz də telegrama keçək?

Var. Yox. Yəni izahı var, siz isə yox, keçməyin. Əvvəla, telegramı bloklamaq daha çətindir. İkincisi, Telegram kanalının sosial şəbəkədən üstünülüyü ondadır ki, burada yayımlanan informasiyalara şərh yazmaq olmur.

2. Telegramın gücü nədədir

Məsələn, ermənilərin əsas telegram kanalları məlumat yayırlar ki, raket zərbəsinə məruz qalan yaşayış məntəqələrindən 200 min adam Bakıya qaçıb. Əgər bu yalan sosial şəbəkədə yayılsaydı, onda biz “Qorxmuyoruq, naaborot, qızışıyoruq!” deyən gəncəlinin videosunu həmin xəbərin altında şərh bölümündə paylaşardıq. Amma telegramda belə bir imkan yoxdur. Heç kim xəbərlərə şərh yaza bilmir. Sən ya inana bilrsən, ya da inanmaya. Mübahisələndirmək imkanı yoxdur. Təkzib olunmayan xəbər lentini görmək isə insan beyni üçün dəhşətli sınaqdır. Sosial şəbəkədə hətta doğru xəbərin altında mübahisələrin getdiyini görəndə insan tərəddüdə düşür. Telegramda isə ən qatı yalanların belə, altında bir cümlə də təkzib olmur. İzləyici və mənbə təkbətək qalırlar. Və bu dueldə izləyicinin şansı yoxdur, çünki ona cavab atəşi açmaq imkanı verilməyib. Atəşi ancaq qarşı tərəf açır və sənin hətta emosiyalarını ifadə etməyin belə mümkün deyil. Məsələn, ermənilər qəhrəman şəhidimiz, Aprel döyüşlərində mövcudluq yerini dəyişərək, həyatdan ürəklərimizə köçən Təbriz Musazadənin şəklini yayıb, deyirlər ki, biz Azərbaycan təyyarəsini vurmuşuq, bu da onun pilotudur. Əgər bu, feysbukda, tvitterdə, instagramda, youtube-da baş versəydi, dərhal kimsə Təbriz Musazadənin haqqındakı bütün məlumatlatı o xəbərin atında paylaşacaq, beləliklə, yalan yerindəcə və anındaca ifşa olunacaqdı. Amma telegramda dərə xəlvətdir, tülkü də bəy.

3. Bir qram nəzəriyyə

Qısa bir haşiyəyə çıxım, sonra mövzuya qayıdacağıq. Mən bir neçə ay əvvələ - dəqiq desəm, Belorus hadisələrinə qədər,- düşünürdüm ki, insanlar xəbərləmədə interaktivliyin, yəni xəbərə münasibət bildirmək imkanının ləzzətini görüblərsə, daha onları end-to-end sxeminə qaytarmaq mümkün olmayacaq. Yəni əvvəllər qəzetlər, radiolar, televiziyalar, saytlar vardı, biz informasiyanı alırdıq, fəqət heç bir cavab vermək imkanımız yox idi. Amma sonra sosial media dönəmi başladı və dünənə kimi heç bir interaktivliyin olmadığı həmin verilişə bu gün feysbukda baxa-baxa altında şərh yazırsınız ki, məsələn, “Bu adamı efirə kim buraxıb?!” Amma telegramda belə imkan yoxdur. Və belə çıxır ki, indi dəbdə olan siyasi ifadə ilə desək, biz multilateral xəbərləmədən sanki bir növ bezib, yenidən end-to-end, yəni başa-başa informasiya çatdırılması sxeminə qayıdırıq.
Niyə? Bu, çox maraqlı məsələdir. Ola bilər ki, sosial mediada hamının şərh yazmaq, münasibət bildirmək imkanının olması artıq bizi mental olaraq yorub və beynimiz kütləvi informasiya çirkliliyindən qaçmaq istəyir. Axı biz fərqində olmaya bilərik, fəqət, sosial şəbəkədəki komment çoxluluğunun yaratdığı informasiya çirkliliyi beynimiz üçün dəhşətli yükdür. Məncə, Telegramın niyə belə sürətlə populyarlaşmasının psixoloji... psixoloji! səbəblərindən biri bu ola bilər.

DEMƏ QOQ:
- Necə yəni? Deyirsən, indi biz blogerlər işsiz qalacağıq? Gic-gic postlarımızın altında minlərlə şərhlər yazılmayacaq, hə? Xahiş edirəm, kimsə bunun bəd ağzını yumsun!

- Yox, yəqin ki. Sosial şəbəkə də yerində qalacaq, gic-gic statuslar da, onlara yaraşan minlərlə şərhlər də yazılmaqda davam edəcək. Sadəcə, bizim beyinlərimiz uğrunda mübarizə aparanlar end-to-end sxeminə üstünlük verəcəklər ki, araya kimsə öz cavabı ilə girməsin. O başda onlar, bu başda biz. Mən sosial şəbəkəni həimişə ictimai baxımdan şər hesab eləmişəm, amma telegramın gətirdiyi bu end-to-end sxemi ondan qat-qat təhlükəlidir.

4. “Taktiki geriləmə”

Erməni tərəfin təbliğatına fikir versək, onlar heç bir halda itkilərini və zəif tərəf olduqlarını etiraf etmirlər. Məsələn, biz Madagizi qaytarıb, hətta adını də dəyişmişik, amma onlar deyirlər ki, yox, Madagiz bizdədir. Erməni təbliğatından belə çıxır ki, onlar möhkəm dayanıblar, Azərbaycan tərəfi isə hər dəfə hücuma cəhd etsə də, böyük itkilər verərək, geri oturdulur. Guya ermənilər bizim bəzi mövqelərimizi tutub, bayraqlarını yüksəldirlər. Belə yalanlarda məqsəd nədir? Axı onsuz da cidanı çuvalda, əldən verilən məntəqəni isə dezinformasiya yağışının altında gizlətmək olmaz. Hansısa bir X kəndini itirdiyini nə vaxta qədər feyk xəbərlərlə gizlədə bilərsən ki?!
Burada ilk məqsəd daxili təbliğatdır. Çünki cəbhədəki uğursuzluqlardan açıq danışılsa, ermənilər ayağa qalxıb, Paşinyanı deviricəklər. Hadisələrin artıq buna doğru getdiyi indidən aşkar hiss olunur.
Digər tərəfdən, ermənilər hələ də ümidi edirlər ki, hansısa üçüncü tərəf proseslərə qatılaraq, itirdikləri mövqeləri qaytarmaqda onlara kömək edəcək. Və onlar da deyəcəklər, “Gördünüz... biz deyirdik, heç nə itirməmişik”.
Amma bu, çox yanlış mövqedir, çünki Azərbaycan tərəfi əgər istəsə daha çox ərazilərin azad olunduğunu elan edə bilərdi; sadəcə, biz qaytardığımız yox, möhkəmləndiyimiz əraziləri elan edirik. Bu isə o deməkdir ki, cənab Ali Baş Komandanın “Əl-Cəzirə” kanalına müsahibəsində dediyi kimi, daha bizi heç bir qüvvə oradan çıxara bilməz.
Məhz üçüncü tərəfin köməyinə hələ də ümid bəslədiklərinə görə ermənilər məğlubiyyətlərini “taktiki geriləmə” adı ilə təqdim etməyə çalışırlar.

DEMƏ QOQ:
- Mən ermənilərin tərəfini qətiyyən tutmuram, onlar birmənalı düşməndirlər. Amma qorxduğum budur ki, bəlkə doğrudan güc toplamaq üçün geri çəkiliblər və ciddi hücuma hazırlaşırlar? Yəni bəlkə, doğrudan, taktiki geriləmədir?

- Hərb elmində müdafiənin iki növü var: Mövqe müdafiəsi və taktiki müdafiə. Mövqe müdafiəsi odur ki, sən ölsən də, son damla qanına qədər olduğun mövqedən tərpənmirsən. Taktiki, yaxud, manevr müdafiəsi odur ki, cinahlar geri çəkilib möhkəmlənir, sonra mərkəzin itkisiz geriləməsinə imkan yardılır. Bu zaman texnikanı da, silah-sursatını da özünlə aparırsan ki, arxa mövqelərdə müdafiə olunasan.
Mən hərbi ekspert deyiləm, amma bilirəm ki, taktiki geriləmənin mahiyyəti təxminən budur. Di gəl, ermənilərin elədiyi bu deyil axı! Onlar tanklarını, toplarını, bayraqlarını, hətta papaqlarını və şalvarlarını da qoyub qaçırlar!
“Taktiki geriləmə” belə olmur. Bunun adı “dabanına tüpürüb, dalını tutub, şalvarından xəbəri olmadan qaçmaq”dır. Və yaxud, cənab Ali Baş Komandanın dediyi kimi:
- İti qovan kimi qovuruq onları! İti qovan kimi bizim əsgərlərimiz onları qovur!

Bu sözlər şübhəsiz, tarixdə qalacaq. Etiraf edək ki, heç birimizə bu qədər ləzzət edən başqa bir çıxış, nitq, cümlələr heç vaxt olmamışdı. Bu, düşmənin sadəcə məğlub yox, quyruğunu qısıb, qaçmağa məcbur edilməsini rəmziləşdirən döyüş marşı idi sanki!
Ali Baş Komandanın söylədiyi “it kimi qovulma”nın nə demək olduğunu və "taktiki geriləmə"dən fərqini dəqiqləşdirmək üçün isə biz qərara gəldik ki, bunu başqasından yox, elə itin özündən soruşaq. Beləliklə, indi o, skype ilə proqramımıza qoşulmalıdır.

5. HAVV-alı müsahibə

Düzü, mən 22 illik jurnalist karyeramda ilk dəfədir, itdən müsahibə götürürəm, ona görə də dəqiq təsəvvür eləmirəm, itlər salamlaşırmı?

- Hav-hav!
- Xoş gördük, çox sağ olun, dəvətimizi qəbul etdiyinizə görə. Sizə əziyyət vermək istəməzdim, amma it kimi qovulmaq necə olur – bunu ən yaxşı dəqiqləşdirə biləcək adam... mmm ... şəxs... persona... yəqin ki, sizsiniz.
- Mrrrrrr.... Baxır itə də. İnsanlar kimi itlər də eyni olmurlar axı. İt var ki, qanacaqlıdır, “paşol!” deyirlər, başını aşağı salıb, çıxıb gedir. İt var ki, bir az sırtıqdır – ancaq daşla vurandan sonra zingildyə-zingildəyə qaçır. İt də var ki, lap həyasızdır – nə nə “paşol” qanır, nə də daş atanda gedir.
- Hə, bax, hazırda bizi həmin o axırıncı kateqoriya itlər maraqlandırır. Elə itləri necə qovurlar?
- Qatırlar çomağın qabaqlarına, zopalaya-zopalaya, təpikləyə-təpikləyə çıxarırlar.
- Haradan?
- Mrrrr... Nə bilim, haradan? Girməli olmadıqları halda girdikləri yerlərdən. Məsələn, məscidin həyətindən. Ya da başqasının topağından.
- Bizim dildə belə bir ifadə var: “İt iyi verənə qədər çırpmaq”. İtin iyi necə olur ki?
- Get iylə də, adə! Məndən niyə soruşursan? Hər halda, “Şanel” ətrinə oxşamır.
- Üzr istəyirəm, deyəsən yersiz sual oldu.
- Sən, ümumiyyətlə, kitab-zad oxuyursan? Yoxsa boş-boş suallar verməkdən elə şeylərə vaxtın qalmır?
- Niyə ki, oxuyuram.
- Bulqakovun “İt ürəyi”ni oxmusan?
- Ən sevdiyimin əsərlərdəndir. Amma deyəsən, indi siz məndən müsahibə götürürsünüz axı...
- Yox. Bax, orada Şarikin necə qovulduğu yadındadır?
- Hə, üstünə qaynar su atırlar yazığın...
- Aha. Yəni, demək istədiyim odur ki, iti qovmağın çox yolu var, hamısı da ağrılıdır, alçaldıcıdır, təhqiramizdir.
- Şarikdən söz düşmüşkən, o, danışmağa başlayanda dediyi ilk söz, səhv etmirəmsə, “Abırrvalq” olur. Bəs sizcə, bizim it kimi qovduqlarımız danışıqlara başlayanda dedikləri ilk söz nə olacaq?
- Yəqin, deyər ki, “Kokeyşn büro disayded Karabax tu bi Azerbaycan”
- İndi sizinlə söhbət eləyəndə ağlıma gəldi ki, bizim dildə itlərlə bağlı çoxlu məsəllər var...
- Meqabaytın bu yox vaxtında onsuz da məni xərcə salmısan, day eybi yox, gupa gəlsin.
- Məsələn, deyirik ki, filankəs it günündədir. Bu, nə deməkdir?
- Çox ədalətsiz təşbehdir. Qovulan ermənilərin bunkerlərinə baxanda məlum olur ki, bizim günümüz toya getməli imiş! Bundan sonra o məsəli dəyişib, deyin ki, “erməni əsgərinin günündədir”.
- Konstruktiv təklifdir. Bəs, belə bir misal da var e: “İt yiyəsini tanımır”, o nə deməkdir?
- Valla, yalan söhbətdir. Erməni əsgəri komandirini tanımaya bilər, çünki əsgər deyil, dağdan-dərədən yığılıblar. Amma biz yiyəmizi həmişə tanıyırıq. Heç vaxt da unutmuruq.
- Çox təşşəkkür edirəm, vaxt ayırıb verilişimə qoşulduğunuz üçün!
- Hav!

6. “Telefon antidiplomatiyası”

Azərbaycan və Ermənistanın rəhbərləri bir gün fərqlə xalqlarına müraciət etmişdilər. Cəbhədəki real vəziyyəti bilməyin ən düzgün yolu bu iki müraciəti tutuşdurmaqdır. Onda aşkar görünür ki, Paşinyanın nitqində qorxu, həyəcan, təşviş, vahimə, cənab Əliyevin müraciətində isə güc, əminlik, qətiyyət və qələbə notları vardı. Hazırda bu, təkcə iki rəhbərin yox, iki ölkənin, iki xalqın və cəmiyyətin də ümumi əhvalının fərqidir.
Ermənilər müharibənin dayanması, azərbaycanlılar isə torpaqlarımız qaytarılmadan dayanmaması üçün dua edirlər. Ermənilər müharibənin dayanmayacağından, azərbaycanlılar isə torpaqlarımız tam qaytarılmadan dayanacağından qorxurlar. Başqa heç nə bizi qorxutmur – nə verə biləcəyimiz qurbanlar, nə mülki obyektlərə atılan erməni raketləri. Son günlərdə Qarabağ savaşı ətrafında bir qədər tam aydın olmayan diplomatik fəallığın artması insanlarda narahatlıq yaradır və sosial şəbəkədə müəyyən şayiələrin yayılmasına səbəb olur.
Vaxtilə Trampın sayəsində siyasi leksikona “tvitter diplomatiyası” termini daxil olmuşdu. Paşinyan isə yəqin, “telefon antidiplomatyası” ifadəsinin səbəbkarı olacaq. Onun müxtəlif dövlət başçılarına dayanmadan zənglər vurması və əlinin boşa çıxması artıq bütün dünyada lətifə mövzusudur. Bu, ondan xəbər verir ki, Azərbaycan diplomatik cəbhədə də əvvəcədən hazırlığını görüb. Amma əlbəttə, ermənilər gecikmiş də olsa, vəziyyəti dəyişməyə çalışır, bütün qlobal resurslarını işə salırlar. Diplomatiya strateji yüksəklik deyil ki, tutub, orada möhkəmlənəsən, bu, canlı prosesdir. Vaxt uzandıqca ermənipərəstlərin maskaları cırılır, özünü ifşa etməmək üçün birtəhər dişlərini sıxanlar dözməyib, ağızlarını açırlar. Bura “Amnesty İnternational” kimi beynəlxalq təşkilatlardan, tutmuş, ayrı-ayrı ölkələrin müxtəlif qurumlarına, siyasətçilərinə qədər çoxları daxildir. Ermənilərin istədiyi odur ki, beynəlxalq ictimaiyyət bu haqda daha çox danışsın ki, mövzu getdikcə dünya siyasətinin yuxarı mərtəbələrinə qalxsın.
Biz bir şeyi bilməliyik: Azərbaycan qarşısına hərbi yox, siyasi məqsədlər qoyub. O məqsəd ölkəmizin ərazi bütövlüyün bərpa olunmasıdır. Buna təminat verilsə, müharibə hər an dayana bilər. Müharibə coğrafi xəritədəki hansısa obyekt yox, siyasi müstəvidə həmin təminat əldə olunana qədər davam edəcək. Amma nə qədər ki, ərazilərimizin azadlığına daşdan keçəcək qədər ciddi zəmanət verilməyib, Azərbaycan əsgərinin qabağını heç kim ala bilməz. Bunu hamımız görəcəyik. O vaxta qədər isə möhkəm olaq!



Teqlər: AzVision   Real-TV  





Xəbər lenti