Şəhidin xanımı: “Xəbəri eşidəndə donub qaldım, ağlaya da bilmədim” - VİDEO+FOTOLAR

  Şəhidin xanımı:  “Xəbəri eşidəndə donub qaldım, ağlaya da bilmədim” -  VİDEO+FOTOLAR
  26 Yanvar 2021    Oxunub:34738
Vətən müharibəsində qəhrəmancasına döyüşərək xalqımıza Zəfər sevinci yaşadan igidlərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Kamil Şirinov olub. O, ötən ilin sentyabrın 29-da Füzuli istiqamətində əməliyyat zamanı şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Qarabağ” ordeni və “Vətən uğrunda” medalları ilə təltif edilib.
Azvision.az -a danışan şəhidin xanımı Zəhra Şirinova həyat yoldaşının hərbçi ailəsində dünyaya göz açdığını deyib.



“Kamil 1991-ci ilin aprelin 9-da Salyan rayonunun Çuxarlı kəndində anadan olub. İki yaşına qədər ailəsi Rusiyada yaşayıb. Birinci Qarabağ müharibəsində atası torpaqlarımızın azadlığı uğrunda vuruşmaq üçün Azərbaycana qayıdıb. Ondan sonra ailə Vətənə gəlib. Yoldaşımgil hərbçi ailəsidir. Onun qardaşı, əmiləri, əmisinin və bibisinin oğlanları, hamısı bu sahədə çalışırlar.

Kamil 2006-cı ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olunub və 2009-cu ildə oranı bitirdikdən sonra yüksək balla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2013-cü ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edirdi. Qrup komandiri idi, Aprel döyüşlərində də iştirak etmişdi. Uğurlu döyüşçü kimi Prezident tərəfindən “Fərqlənmə medalı” ilə mükafatlandırılıb.

Türkiyədə və digər ölkələrdə təlimlərdə iştirak edirdi. Sonuncu dəfə Pakistanda 3 aylıq anti-terror təlimlərinə qatılmışdı. Erməni, rus və ingilis dillərini bilirdi.


(Foto Pakistanda təlimdən sonra çəkilib)

Döyüşlərdən bir müddət əvvəl dedi ki, “müharibə ola bilər, şəhid və ya qazi olaram, hazırlıqlı ol, istəmərəm kiminsə yanında ağlayasan”. Gözüm doldu, bildirdim ki, bu mümkün deyil, o, hara getsə qayıdacaq.

Müharibənin başlamasından bir gün əvvəl çox sakit idi. Uşaqlarla oynadı, hətta anamı bizə gətirdi ki, tək qalmayım. Mənə həmişəki kimi təlimə gedəcəyini bildirdi. Sentyabrın 26-sı səhər saat 6-da onu yola saldım. Ancaq növbəti gün telefonla danışanda artıq müharibənin başladığını bilirdim. Çox pozitiv idi. Yaxşı olduğunu, ondan narahat qalmamağımı xahiş etdi. Döyüş yoldaşlarının dediyinə görə, savaş zamanı da hamını müsbət auraya kökləyirmiş”.



K.Şirinovun Füzuli istiqamətində düşmən səddinin yarılmasında böyük əməyi olub. O,Qaraxanbəyli kəndində döyüşlərin qızğın çağında boynundan snayper gülləsi ilə vurulub.

Şəhidin xanımı: “Çox irəli gedirmiş, sanki tələsirmiş. Döyüş yoldaşı onun yaxınlığında yaralanıb. Kamil həmin oğlana səngərdə iynə vurub və narahat olmamağını, həyatını xilas edəcəyini bildirib. Bundan sonra yaralı yoldaşı huşunu itirib. Özünə gələndə görüb ki, Kamili də vurublar, onun yanına yıxılıb.

Yoldaşım baş gizir Camal İsmayılovun qucağında can verib. Həmin an Camal Kamilə bildirib ki, “sənin balaların mənə əmanətdir”. Bunu ölümündən qabaq həyat yoldaşı Fatimə xanıma danışıb. Fatimə xanım da yoldaşının sözünü tutaraq mənə dedi ki, “sənin uşaqların, mənim uşaqlarımdır”. Biz xanımlar ömrümüzün axırına kimi bir-birimizə dəstək olacağımıza söz verdik.



Kamilin şəhid olduğu gün qaynatam Salyandan bizə kənd məhsulları gətirmişdi. Bir gün qalıb, səhəri yenidən rayona qayıdacaqdı. Qəfildən ona zəng gəldi, həyəcanla digər otağa keçdi və qapını bağlayıb kiminləsə danışdı. Zəngin kimdən gəlməsi və nə baş verməsi ilə maraqlandım. Üzümə baxmadan Kamilin qardaşı Samirin döyüşdə yaralandığını deyib tələsik çıxıb getdi. Ondan sonra iki saat yoldaşımgilin ailəsindən heç kim zəngimə cavab vermədi. Başa düşdüm ki, məsələ Samirlə bağlı deyil, Kamilə nəsə olub. Evdə uşaqlarımla tək idim, artıq mənə hanssısa pis xəbərin deyiləcəyini hiss edirdim. Yoldaşımın xalası zəng edib, kəndə getməyimi istədi. Ona bildirdim ki, sakitəm və hər bir xəbərə hazıram, mənə nə baş verdiyini desin. Kamilin şəhid olduğunu bildirdi. Donub qaldım, elə bil daşa dönmüşdüm, ağlaya da bilmədim. Çox qəribə idim. Telefonu söndürüb, rayona getmək üçün uşaqlarımı hazırladım. Mənə xəbər veriləndə artıq onu Salyanda dəfn etmişdilər. Kamili sonuncu dəfə görməyi çox istəyirdim”.



Həyat yoldaşının sözlərinə görə, K.Şirinov kapitan rütbəsini Silahlı Qüvvələr günü almışdı. İstər hərbi, istərsə də mülki həyatı ilə bağlı böyük arzuları var idi.

Zəhra Şirinova: "Futbolu çox sevirdi. Özünün də futbol komandası var idi. Həmişə hərbçi yoldaşlarını yığıb oyunlar təşkil edirdi. Böyük oğlumuzun futbolçu olmağını arzulayırdı.Türkiyənin “Qalatasaray” klubuna azarkeşlik edirdi. Qardaş ölkədə olanda klubun şərfini də almışdı. İndi onu oğlumuz istifadə edir.



Müharibədən öncə düzəltməsi üçün dərziyə yeni hərbi formalarını vermişdilər. Ölümündən sonra həmin geyimi mən gedib götürdüm. Çox təəssüf ki, geyinmək qisməti olmadı. Müharibədə iştirak edən qardaşı Samirdən nigaran idi. Onunla şəhid olmasına bir neçə saat qalmış danışıb və deyib ki, özündən arxayın olsun.

Həmişə vətənpərvər musiqilərə, daha çox “Ana, mən şəhid oldum” mahnısına qulaq asırdı. Deyirdi, bu mahnı məni harasa aparır. Azərbaycanın qeyrətli oğlanları kimi Ermənistanın işğalçılığını qəbul etmirdi. Aprel döyüşlərində şəhid olan dostlarına görə gizlində ağladığını görmüşəm. Torpaların azadlığı uğrunda qanı və canı bahasına döyüşməyi çox arzulayırdı. Bilirdim ki, ya şəhid olacaq, ya da qazi kimi müharibədən qayıdacaq. Geri çəkilən deyildi”.

Şəhidin özündən sonra iki oğul övladı yadigar qalıb. Böyük oğlu Türkayın 2 yaşı var, kiçik oğlu Tunar isə 8 aylıqdır.





































































Şahanə Rəhimli
Azvision.az


Teqlər: Şəhid   Kapitan   Qarabağ   Müharibə  





Xəbər lenti