`Gənc yazarlarda nankorluq var` - MÜZAKİRƏ

`Gənc yazarlarda nankorluq var` - MÜZAKİRƏ
  03 Mart 2014    Oxunub:2166
“Çağdaş Azərbaycan ədəbi gəncliyi: problemlər, mülahizələr» - DƏYİRMİ MASA

Layihənin ideya müəllifi və moderatoru: Əsəd Cahangir

İştirakçılar: Xəyal Rza - şair, Azərbaycan Yazıçılar Birliyi mətbuat xidmətinin rəhbəri; Qılman İman - şair; Elşad Ərşadoğlu - şair; Emin Piri - şair, Elmin Nuri – publisist; Sevinc Mürvətqızı - yazıçı-publisist; Famil Mədət - ədəbiyyatşünas.

(Əvvəli burada)

Əsəd Cahangir:
Yaxşı, gəlin öcəşməyək, imkan verək ki, Elmin də fikrini bildirsin. Bayaqdan söhbətə qoşulmur, elə hey bloknotuna nəsə qeyd edir.

Elmin Nuri: Məncə, nankorluq bu gün gənc yazarı gündəmdə saxlayan bir vasitədir. Bu gün mən Əsəd Cahangirin esselerindən, «Namaz» poemasından bir araşdırma yazım, kimin diqqətini çəkəcək? Amma durub onun əleyhinə nəsə desəm, o saat diqqəti cəlb eləyəcək. Çoxları ona görə belə şeylərə gedirlər.

Əsəd Cahangir: Biri elə sən deyən kimi eləmişdi: əvvəlcə, xarici ölkədən mənə zəng vurub deyir ki, poemanız çox xoşuma gəlib, onun haqqında kitab yazıram. Təsəvvür edirsiniz, poema o qədər xoşuna gəlib ki, məqalə-filan yox, hətta kitab yazır! Onun intellektual səviyyəsi və təhlil mədəniyyətinə bələd olduğumdan, təbiidir ki, bunu ciddiyə almadım. Amma könlünə dəymək istəmədiyimdən fikirmi ona bildirmədim. Bilmirəm o, kitabı yazdı, ya yox, amma hər halda, kitabdan yüksək təriflərlə dolu bir parçanı “525-ci qəzet”də dərc etdirdi. Üstündən iki il keçəndən sonra saytlardan birində poema haqda bu dəfə tənqidi bir yazısı çıxdı. Amma mən onun tərifnaməsi kimi, tənqidnaməsini də diaqonal üzrə oxudum, yəni eləcə göz gəzdirdim. “Namaz”ın müəllifi kimi bu yazılar hətta mənim üçün maraqsız idisə, kimə maraqlı olacaqdı? Demək istəyirəm ki, yazının içində bir şey yoxdursa, istəyirsən, tərif, istəyirsən, tənqid yaz, populyar olmur, populyar olsa da, mənası olmur. Bu, kəpənək ömrü yaşayan populyarlıqdır. Yəni aldım qoz, satdım qoz, mənə qaldı girdəkan.

Elmin Nuri: Bəzən gənc yazarı belə addımlara atmağa vadar edirlər. Məsələn, Elçin Hüseynbəyli ilə Əsəd Cahangir arasında guya ki bir konflikt olub. Sənə irad tuturlar ki, niyə bunu hamıdan tez yazmamısan. Deyirsən ki, axı belə şey olmayıb. Deyirlər ki, olmayıb, qoy olmasın, sən yaz, əsas odur ki, sensassiya olsun.

Əsəd Cahangir: Məsələn, yalandan yaz ki, filankəslər bir-birinə butulka atıblar, yaxud AYB-də qan su yerinə axır.

Elmin Nuri: Bu gün onu yazan xanımı mənə nümunə kimi göstərirlər.

Qılman İman: Hələ üstəlik deyirlər ki, jurnalist belə olar, göydə qapır informasiyanı.

Famil Mədət: Bu, axı informasiyanı göydə qapmaq yox, göydə tapmaqdı, yəni özündən uydurmaqdı. Belə uydurmaçılara demək lazım idi ki, o butulkanı atmamışıq, saxlamışıq.

Elmin Nuri: Media bizim gənc yazarları nankorluğa alışdırdı. Nankorluğu verdi, dedi, al, qardaş, bundan istifadə elə.

Emin Piri: Vizit kartı kimi.

Elmin Nuri: Bəli, vizit kart kimi. Qılmanın, Elşadın, Elminin normal sözə sevgisini əlindən aldılar, bəzilərinin əlinə verdilər nankorluğu. Bunlar da getdilər qabağa.

Əsəd Cahangir: Emin, sənin Kamal Abdullaya qarşı çıxışların da az səs-küy doğurmadı. Hətta ilin ədəbi sensassiyası oldu.

Emin Piri: Mənim məqsədim səs-küy doğurmaq olmayıb. Sadəcə düşündüyümü demişəm. Gənc adam, məncə, heç kimin fikrinin köləsi olmalı deyil.

Famil Mədət: Təkcə gənclər yox, ümumən insan heç kəsin köləsi olmalı deyil, xüsusən o özünü yazıçı sayırsa.

Sevinc Mürvətqızı: Adam özünü kölə səviyyəsinə endirməsə, heç kim ona kölə kimi yanaşmaz. Amma yersiz dikbaşlıq da mənəvi azadlıq demək deyil. Üstəlik də zərərlidir. Tutalım, bu gün ajiotaj doğurmaq məqsədilə Rəşad Məcidə qarşı çıxan gənc bir-iki günlük ucuz şöhrətdən başqa bir şey qazanmır. İtirdiyi isə çox şey olur. Məsələn, ciddi, səviyyəli adamların gözündən düşür.

Qılman İman: Bütün mənfi təzahürlərin kökündə nifrət dayanır. Bu nifrəti gənclər təkcə yaşlılara yox, bir-birlərinə də göstərirlər. AYB-dən gedənlərdən birinin Slavyan Universitetində kiçik bir görüşü vardı. Orada dedim ki, sizin şeirlərinizə nisbətən publisistikanız daha maraqlıdır. Başqa bir şey demədim. Axşam gəlib gördüm ki, nifrət bunu necə boğubsa, facebookda məni blok eləyib.

Əsəd Cahangir: Sizcə, nifrət emosiyası gənclərdə niyə bu qədər güclüdür? Onlar nə üçün bu qədər aqressivdir?

Emin Piri: Gənclik həm də aqressiya deməkdir. Sizin dövrün gənclərinin də öz aqressiyası olub.

Əsəd Cahangir: Olmağına olub, amma bizim aqressiyasımız Azadlıq meydanında sovet çarizminə, qorbaçovşinaya qarşı yönəlmişdi. Anara, Fikrət Qocaya, Afaq Məsuda qarşı yox, Aqanbekyana, Balayana, Kaputikyana qarşı yönəlmişdi.

Emin Piri: Biz o meydanı hardan əldə edək? Bizim Azadlıq meydanımız facebookdur. İndi biri hirslənən kimi qəzəbi soyumamış götürüb facebooka status yazır. Bunu da saytlar həmən yazır, paylaşır. Vəssalam. Olan oldu artıq. Beləliklə olay böyüyür.

Elmin Nuri: Bir məsələ də var. İnsanın istedad imkanları çatmayanda özünüifadə cəhdləri aqressiya şəklində təzahür edir.

Emin Piri: Məncə, bu sadəcə şəxsi psixoloji problem deyil. Qarabağı itirməyimizin də buna təsiri var. Və bu neqativ əhval-ruhiyyə bütün cəmiyyətdə domino effekti kimi yayılır.

Əsəd Cahangir: Bəs, məsələn, Elşadda niyə neqativ emosiya yoxdur? Şeirləri işıqla doludur. İstedad baxımından da heç kəsdən geri qalmır. Demək, zamanın ümumi mentallığı və tarixi amildən asılı olmayaraq, insan öz daxili suverenliyini qoruyub saxlaya bilər.

Emin Piri: Elşad artıq məmur kimi hərəkət edir.

Əsəd Cahangir: Amma Elşad dünən məmur olub. Axı məmur olmamışdan da elə həmin Elşad idi. İndi də bayaqdan susur, müzakirələrimizə çoxmənalı sükutuyla qoşulur.

Elşad Ərşadoğlu: Məncə, bu, təkcə Azərbaycan və konkret olaraq Qarabağla bağlı məsələ deyil. Bütün dünyada bu problem var. Məsələn, Orxan Pamukun «Bəyaz qala» romanının adını çəkən yoxdur, məhz «Qara kitab» dünyada böyük bir rezonans doğurdu. Bizim gənclər də qara kitab yazmaq üsulundan istifadəyə cəhd edirlər. Misal üçün uzağa getməyəcəm. Eminin «Erotika-moretika» şeiri var. Orada məhəbbət aqressiv formada təsvir edilib. Təsəvvür edirsinizmi, sevgi və aqressiya. Buna eşqin qara kitabı da demək olar. Görəsən, Emini bu şeiri yazmağa nə vadar etdi? Birdən-birə niyə müharibə mövzusundan erotikaya keçdi? Mən bunu oxucu zövqü qarşısında güzəştə getmək kimi qiymətləndirirəm. Yəni, o aqressiya əksərən oxucu diqqəti çəkməyə xidmət edən bir oyun, bir görüntüdür.

Əsəd Cahangir: Sən belə şeir yazardınmı?

Elşad Ərşadoğlu: Mənim çoxlu sevgi şeirlərim var. Bu şeirlərdə müəyyən ironik çalarlar ola bilər, aqressiya isə yoxdur. Amma mən hamını özüm kimi yazmağa dəvət etmirəm. Hər kəsin öz fərdi baxış bucağı var.

Qılman İman: Şəxsən mən içimdən gəlməyən bir şeyi məhz oxucu tələbini nəzərə alıb yaza bilmərəm.

Əsəd Cahangir: Bəs bu, sənin ziyanına işləmir?

Qılman İman: İşləyir.

Əsəd Cahangir: Belə də davam edəcəksən?

Qılman İman: Belə də davam edəcəm.

Emin Piri: Kütlənin zövqü müxtəlifdir. Bir hissəsi aqressiyaya, bir hissəsi vulqarizmə, söyüşlərə meyillidir. Bir hissəsi erotikanı oxuyur. Mətn ortaya qoyulursa, müharibə mövzusunda da olsa, erotikadan da olsa, istedad görünməlidir.

Əsəd Cahangir: Demək, əsas gözəl yazmaqdır, bəs nə yazmaq?

Elşad Ərşadoğlu: Məncə, necə yazmaq da, nə yazmaq da önəmlidir, amma onların hər ikisindən də önəmli yazı prosesində səmimi olmaqdır. Ədəbiyyat səmimiyyət üzərində qurulmalıdır.

Emin Piri: Kim özünü harda tapırsa, onu da yazmalıdır.

Əsəd Cahangir: Bu məntiqlə mən gözəl söyə bilirəmsə, kimi istəsəm, söyə bilərəm?

Emin Piri: Mən kimi söymüşəm ki?

Əsəd Cahangir: Eşqi, bu eşqdən yazanları, ən nəhayət, bu eqşi yaradan və insana verən Tanrını.

Emin Piri: Tanrının verdiyi hər şey gözəldir. Mən Tanrının verdiyi bir şeydən yazmışam. Demək, mən mən gözəl bir şeydən yazmışam.

Əsəd Cahangir: Bəlkə də, Aristotel özü belə sənin bu sillogizminə qibtə eləyərdi, amma mən eləmirəm. Çünki bu məntiqin əsasında sofistika dayanır. Tanrı eşqi insana sadəcə cismani həzz mənbəyi kimi verməyib. İnsan təkcə bədən yox, həm də ruhdan ibarət olduğu kimi eşqin də cismani və ruhani tərəfləri var. Sən eşqə gedonist kimi birtərəfli yanaşırsan. Şəhvət eşqin təyinatı yox, vasitəsidir.

Emin Piri: Bunlar orta əsr filosoflarına məxsus sxolastik şablonlardır. Mən özüm olmaq, düşündüyüm kimi yazmaq istəyirəm.

Əsəd Cahangir: Amma sənin özün elə sənin ruhundur, sən isə sevgi məsələsində onun rolunu minimuma endirirsən. Demək, ruhu inkar etmək, özünü bədənlə eyniləşdirməklə, sən düşündüyünün əksinə olaraq özünü inkar edirsən.

Xəyal Rza: Məncə, Elşad haqlıdır, Emin o şeirdə özü deyil. O, bu şeiri nümayiş üçün yazıb. İçindən gəlməyib.

Emin Piri: İçimdən gəlməsə, yaza bilməzdim. Mənim başqa erotik şeirlərim də var, sadəcə çap etdirməmişəm. İstəmirəm məni indidən erotika yazan kimi tanısınlar.

Xəyal Rza: 1999-2000-ci illərdə erotik qəzetlər çox populyarlaşmışdı. Bizim bir dostumuz da biznes maraqlarından yanaşaraq belə bir qəzet buraxırdı və tirajı yüz mindən yuxarı idi. Respublikada da hamı o qəzeti pisləyirdi. Bir dəfə o dedi ki, kim mənim qəzetimi pisləyirsə, paltosunu aralayın, cibində mənim qəzetim var. Həqiqət budur ki, yazarların əksəriyyəti sosial şəbəkələrdən istədiyi kim istifadə edir və ağzına gələni yazaraq məşhurlaşmaq istəyirlər.

Emin Piri: Şəxsən mənim üçün nə yazmaq yox, necə yazmaq önəmlidir.

Əsəd Cahangir: Onda nə yazmağın heç bir önəmi yoxdur, məsələn, Əkrəm Əylisli kimi xalqı təhqir eləmək, tarixi təhrif eləmək olar.

Xəyal Rza: O, bayaq dediyimin dünyəvi formasıdır. Özünü Azərbaycan xalqının gözündən salmaq bahasına adını dünyaya tanıtdı. İndi cavanlar facebookdan Azərbaycanda populyarlaşmaq üçün yapışıblar.

Sevinc Mürvətqızı: Məncə, nə yazmağı və necə yazmağı bir-birindən ayrılıqda götürüb təhlil etmədən nəyi necə yazmağı bilmək vacibdir.

Əsəd Cahangir: Gənclərin aqressiyası özünün ən qabarıq ifadəsini yaşlı yazarlara qarşı ifrat hörmətsizlikdə tapır.

Emin Piri: Dünyada müəyyən tendensiyalar yaşanıb ki, onlar Azərbaycana indi-indi gəlib çıxır. Məsələn, İtaliyada hərəkat yaranmışdı, seçkilər dövründə. Gənclər, hətta məmur uşaqları yaşlı məmurlara qarşı birləşmişdilər. Şəxsən mən çalışıram ki, böyüklərə qarşı hörmətsizlik eləməyim. Halbuki bəzilərinə qarşı içimdən keçir. Amma xarakterimə görə eləmirəm.

Qılman İman: Anarın, Elçinin, Vaqif Səmədoğlunun, Vaqif Bayatlının, Zəlimxan Yaqubun, Musa Yaqubun, Ramiz Rövşənin, Məmməd İsmayılın təqdir olunacaq nəyi varsa, onu da demək lazımdır. Məncə, gənclər çox birtərəfli tənqid edirlər.

Xəyal Rza: Onlar artıq tənqid deyil, təhqirdir. Tənqid eləmək olar, amma heç kimin başqasını təhqir etməyə haqqı yoxdur.

Qılman İman: Bu təhqirlər əsasən AYO-çulardan gəlir. Hətta belə bir müqayisə aparılır: Anar və Əkrəm müqayisəsi. Kimin Əkrəmdən xoşu gəlir və AYO-çudursa, mütləq Anarı pisləyəcək. Ədəbiyyata bu cür yanaşmaq olmaz.

Xəyal Rza: Bu gün respublikada kifayət qədər kriminal hadisələr baş verir. Anasını döyən, öldürən, atasını öldürən və sair. Bu yaxınlarda da biri anasını döyə-döyə öldürüb. Bu nədən qaynaqlanır? Əxlaqdan, daxili tərbiyədən. Yaşlı nəslə bu gün hörmətsizliklə yanaşan gənclərin mütləq şəkildə evlərində də bu kimi hadisələr cərəyan edir. Hansısa səviyyəli, şəxsiyyətli bir insanı bu qədər asanlıqla təhqir eləmək onun daxili tərbiyəsindən irəli gəlir.

Əsəd Cahangir: Ən çox narahatlıq doğuran da elə bu “çox asanlıqla” məsələsidir. Elə bil ki bir stəkan su içirlər. Bu, daxili senzorun - vicdanın yoxluğunun göstəricisidir. Özünə hesabat vermək hissi yoxdur.

Elmin Nuri: İndi gənclərin yaşlılara hörmətsizliyi narkoman dozası kimi bir şeyə çevrilib. Narkoman dozanı qəbul eləməsə, ürəyi partladığı kimi, bəziləri də hörmətsizlik eləməsələr ürəkləri partlayacaq.

Xəyal Rza: O təhqir edənlərə üzümü tutub deyirəm: bu qədər qabiliyyətlisənsə, Anarın yerinə niyə iddialı olursan? Get, bir ictimai qurum yarat, onun başqanı ol. Hansısa bir səviyyəyə çat. Sübut elə ki, qabiliyyətlisən.

Qılman İman: AYO-nu yaratdılar.

Xəyal Rza: Yaradıb neylədilər? Bir ildən bir sədr dəyişib nəyə nail olublar? Ortada nə var? Sizi inandırım, ciddi rəqabət yarada bilsələr, dövlət AYO-nu da götürər himayəsinə. Digər QHT-lər kimi.

Əsəd Cahangir: Söhbət, məncə, əxlaq məsələsindən də o yana keçir. Cavanlardan kimsə qoca yazıçı haqqında «onun başını kəsib, qanını içərəm» yazanda, yaxud dünyasını dəyişən yazıçı haqqında “oturmadığı kol dibi qalmadı” ifadəsini işlədəndə artıq mənəvi terrora yol verir. Əsas o deyil ki, sən nə edirsən, əsas odur ki, sən nə düşünürsən. Çünki sən etdiklərində həmişə və tamamilə azad deyilsən, düşüncə isə artıq tamamilə sənə məxsusdur, sənin suveren daxili ərazindir. Sən etdiyin yox, düşündüyünə adekvatsan.

Xəyal Rza: Məncə, ən pisi erməni kolunun dibində oturmaqdı. Biri üç gün gedib düşmən ölkədə yaşayır, hansısa harsına vurulur, gəlib ona roman həsr eləyir və özünü beynəlxalq səviyyəli yazıçı kimi təqidm edir.

Elşad Ərşadoğlu: Əsəd müəllimlə də, Xəyalla da razıyam. Bu, doğrudan ciddi mənəvi problemdir. Amma imam üçün ağlayanda, gəlin Yezid üçün də ağlayaq. Problemə hərtərəfli baxaq. Bəzi cavanlar elə bilir ki, hər şey bunlardan başlayır, bəzi yaşlılar da elə bilir ki, hər şey bunlarla qurtarır. İkisi də var. Bu münasibətlər biri digərinə qarşılıqlı təsir edir, biri digərini doğurur, şərtləndirir.

Famil Mədət: Çox lakonik və gözəl dedin. Həm də ədalətli. O tərəfin də, bu tərəfin də xoşuna gələcəksən. Bir sözlə, az dedin, təmiz dedin. Bu, sənin öz formuləndir?

Elşad Ərşadoğlu: Yox, mənim formuləm deyil. Amma məncə, bu, əsas deyil. Əsas fikrin müəllifi yox, özüdür. Özümə gəldikdə isə mən aqressiyaya ehtiyac hiss eləmirəm. Çünki hər şeyi sevginin üzərində qurmağa üstünlük verirəm. Mənə elə gəlir ki, pisi də, yaxşını da - hamını sevmək lazımdır. Pisi də sevib yaxşı eləmək olar.

Famil Mədət: Elşad, isalıq eləmə, çarmıxa çəkilərsən (gülür). Bir də ki bu təzə söz deyil, Füzuli bu mövzuda divan bağlayıb, Vaqif Bayatlı isə üç-dörd kitab yazıb.

Elşad Ərşadoğlu: Amma nə Füzuli, nə də Vaqif Bayatlını çarmıxa çəkən olmayıb.

Famil Mədət: Onlar mənəvi əzablar çəkiblər. Bu, çarmıxdan da betərdir.

Elşad Ərşadoğlu: Düzdür, amma bunu nəzərə almayan gərək yaradıcılıqla məşğul olmasın, gedib konfet sexində işləsin.

Əsəd Cahangir: Mövzudan uzaqlaşmaq təhlükəsi var.

Emin Piri: Biz ədəbiyyatla bağlı əsas problemlərə toxunmadıq. Bu gün gənclərin yaratdığı nəsr, poeziya müəyyən dərəcədə inkişaf edir. Amma gənclər arasında ədəbi tənqid, yaxud dramaturgiya inkişaf etmir. Gələcəkdə bu sahədə mütləq problem yaranacaq.

Famil Mədət: Çünki tənqidçi, yaxud dramaturq olmaq üçün sadəcə istedad kifayət etmir. Birincisi hərtərəfli savad, ikincisi isə teatr sənətinin incəliklərinə bələdlik tələb edir.

Əsəd Cahangir: Özü də niyə deyirsən ki, tənqidçi yoxdur, bəs Famil Mədət? Bəyəm onu tənqidçi saymırsan? Yaxud, Şəbnəm Tofiqqqızı. İki dram kitabının müəllifidir. Yeri gəlmişkən, bu günlərdə Gənc Ədiblər Məktəbi üzvlərinin AYB-yə qəbulu məsələsi oldu. Əgər tənqidçi və dramaturq problemindən danışırsansa, niyə Famil və Şəbnəmin AYB-yə qəbul olunması barədə təklif irəli sürmədin?

Emin Piri: Çünki hələ bilinmir, onlar gələcəkdə ədəbiyyata davam edəcəklər, yoxsa yox.

Əsəd Cahangir: Emin, sənin də gələcəkdə şeir yazmağa davam edcəyinə heç kəs birmənalı proqnoz verə bilməz. Bu, peyğəmbərlərin işidir. Bizim işimiz ancaq cəhd etməkdir. Bəlkə də onların gələcəyi bizim cəhdlərimizdən asılıdır.

Famil Mədət: Mən özüm barədə danışmaq istəmirəm. Əgər Emin belə düşünürsə, buna da normal yanaşıram. Şəxsi fikri, fərdi gözləntisidir. Amma gözlənilənlər yox, məhz gözlənilməyənlər daha ciddi şeylərdir. Əgər Şəmslə qarşılaşmasaydı, Rumi yaxşı bir mədrəsə müəllimi olaraq qalacaqdı. Əgər Vazehlə rastlaşmasaydı, Mirzə Fətəli uzaqbaşı yaxşı bir axund olacaqdı. Mirzə Cəlillə qarşılaşanda Sabir gülə-bülbülə qəzəllər yazan, artıq 44 yaşlı bir şairiydi və əgər bu görüş olmasaydı, ədəbiyyatımız “Hophopnamə”siz qalacaqdı. Yəni ədəbiyyat bizim planlarımız üzrə yaranmır.

Əsəd Cahangir: Sizcə, müasir Azərbaycan gənc yazarı özünü vətəndaş olmağa borclu sayırmı?

Qılman İman: Gəlin, etiraf eləyək ki, bu hisslər müasir gənclik üçün olduqca yaddır. Hətta hansısa bir gəncin yanında desən ki, Şuşanı, Kəlbəcəri görmək istəyirəm, adamı ələ salar.

Elşad Ərşadoğlu: Təəssüflər olsun ki, bizdə çox vaxt vətənpərvərlik anlayışını bayağılaşdırırlar. Bir çox yazarlar və onların bir çox oxucuları vətənpərvər olmağı saxta pafosla dolu əsərlər yazmaqda görürlər. Halbuki, ehtiyacı olan bir vətən övladına necəsə kömək etmək, onu sevindirmək daha böyük vətənpərvərlikdir, nəinki şəhərin mərkəzində gözəl şəraitli, dəbdəbəli evdə oturub “vətən, sənin dərdin məni öldürür, sənin yolunda ölərəm, öldürərəm, düşmənə qan udduraram” kimi bəlağətli sözlər yazmaq. Boğazdan yuxarı sözlərlə Vətəni sevmək olmaz, ən azından ona görə ki, ürək boğazdan aşağıda yerləşir.

Emin Piri: Bəli, gənclər vətənpərvərliyin şablon ifadəsindən qaçırlar. Amma bu o demək demək deyil ki, onlar vətənə məhəbbət hissindən məhrumdurlar. Vətənpərvərliyi hətta futbolda rəqib komandaya qalib gələndə də görmək olur.

Famil Mədət: Amma bu vətənpərvərliyin top-top variantıdır.

Emin Piri: Sənin vətənpərvərliyin də gop-gop varinatıdır.

Əsəd Cahangir: Qarşıdan Azərbaycan Yazıçılar Birliyinin XII qurultayı gəlir. Bir gənc yazar kimi bu qurultaydan nə gözləyirsiniz?

Qılman İman: İnanırıq ki, yeniliklər olacaq, AYB-də islahatlar gedəcək. Xüsusilə də «Ədəbiyyat» qəzetində dəyişikliklər olacaq. İstedadlı və imkansız gənclərin maddi təminatı baxımından daha optimal yollar tapılacaq. Ən istedadlı gənc yazarlar xarici ölkələrə ixtisaslaşma kurslarına göndəriləcək, məsələn, nəsr, poeziya, xüsusilə də ssenari və dram üzrə. İstedadlı gənclərə AYB strukturları və orqanlarında etimad göstəriləcək, vəzifələr həvalə olunacaq. Bütün bunları zamanın yeniləşən ruhu tələb edir.

Emin Piri: Son dövrdə AYB-də mütərəqqi bir ədəbi gənclik platforması həyata keçirilir. Gənclərə müxtəlif mükafat və təqaüdlər verilməsi bunun praktik ifadəsidir. Mən əminəm ki, AYB-nin gənclərə münasibətində qurultay bu istiqamətdə yeni, daha ciddi mərhələnin başlanğıcı olacaq.

Əsəd Cahangir: Deyəsən, yavaş-yavaş qızğın müzakirəmizin sonuna gəlib çatdıq. Müzakirədə iştirakınıza görə hamınıza oxucular adından minnətdarlığımı bildirirəm. Arzu edirəm ki, burda səsləndirdiyiniz arzular həyata keçsin, problemlər arxada qalsın. Və, əlbəttə ki, sizə, sizin timsalınızda bütün gənc yazarlara yaradıcılıq uğurları arzu edirəm.

AzVision.az


Teqlər:  





Xəbər lenti