Baydenin planı əslində nədir? - TƏHLİL

   Baydenin planı əslində nədir? -    TƏHLİL
  26 Aprel 2021    Oxunub:9128
Amerika Birləşmiş Ştatlarının prezidenti Ronald Reyqanın 1981-ci ilin 22 aprelində söylədiyi “erməni soyqırımı” yalanını düz 40 il sonra hazırki ABŞ prezidenti Cozef Bayden təkrar etdi. Eyni yalanı 2019-cu ildə Amerika Konqresi və Senatı da səsləndirmişdi.
Təkcə Amerika Birləşmiş Ştatları deyil, Rusiya, həqiqətən də soyqırımı etmiş Almaniya, Fransa, İtaliya, İspaniya və Belçikanın da daxil olduğu Avropa Parlamenti 2015-ci ildə qondarma soyqırımın 100-cü il dönümü münasibəti ilə qəbul etdiyi qətnamə ilə erməni yalanına şərik oldu.

Amma nə olsun ki... Eyni yalanı hamı bir ağızdan bağıranda gerçək olmur! Heç bir tarixi sənədi, sübutu olmayan bu yalanı təkrarlamaqla, Qərb nə özünün sözdə “mədəniyyətini, humanizmini” təmizə çıxara, nə də imperialist üzünü gizlədə biləcək.

Baydenin əsas hədəfi Türkiyə prezidenti Ərdoğandır.

Ondan əvvəlki ABŞ prezidentlərindən bəziləri də seçkilər ərəfəsində erməni lobbistlərə qondarma soyqırımı iddialarını tanımağa söz vermişdilər. Ancaq demək olar ki, hamısı "MetsYeqern" (erməni dilində "böyük fəlakət") deyərək vəziyyətdən çıxdılar. Bir tərəfdən erməniləri yola verdilər, digər tərəfdən də “soyqırımı” iddiasını türklərə qarşı “kozır kartı” kimi istifadə etdilər.

Bəs necə oldu ki, Bayden “soyqırımı” yalanını dilə gətirdi?

Bu sualın cavabını Bayden hələ 2019-cu ildə, ”NewYorkTimes”a açıqlamışdı:
“İndi ona (Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana-red) münasibətimizi dəyişməlik . Müxalifət liderlərini dəstəklədiyimizi, bir yol xəritəmizin olduğunu açıq deməliyik. Düşündüklərimizlə bağlı susmamalıyıq. O, bir bədəl ödəməlidir.

Çox narahatam. Amma zənnimcə, əvvəllər də etdiyim kimi, müxalifət liderləri ilə əlaqələr yaradıb onlardan yararlanmalı, Ərdoğanı məğlub edə biləcək duruma gəlmələri üçün onları gücləndirməliyik. Biz bunu çevriliş yolu ilə deyil, seçkilər prosesindən istifadə vasitəsi ilə edə bilərik.

Yaxşı, bəs indi biz nə edirik? Burada oturub baş əyirik. Kürdlərlə bağlı məsələdə onun qarşısında heç vaxt əyilmərəm. Bu, edəcəyim ən axırıncı hərəkət olar. Kürdlərlə bağlı onlarla bir neçə dəfə görüşmüşük. O vaxtlar hələ kürdlərin üzərinə çox getmirdilər.
Demək istədiyim budur ki, mövqeyimizi göstərməliyik. Türkiyə Rusiyadan asılı olmaq məcburiyyətində deyil. Bir sözlə, çox narahatam. Düşünürəm ki, onun regiondakı fəaliyyətini təcrid etmək üçün bölgədəki müttəfiqlərimizlə bir araya gəlib fikir mübadiləsi aparmalıyıq. Bu istiqamətdə olduqca çox işimiz var. Xüsusilə də, Aralıq dənizində neftlə bağlı fəaliyyətləri və müzakirəsi uzun çox sayda başqa məsələlər qalır... Yenə də deyirəm, bəli, çox narahatam...”


Bayden hədəfinin Ərdoğanı devirmək, ona “bədəl ödətmək” olduğunu heç vaxt gizləməyib, indi də gizləmir. Belə görünür ki, Bayden vaxtilə çevrilişlə bacarmadığı işi tamamlamaq istəyir. Bu dəfə işə yalanla - “soyqırımı yalanı” ilə başlayıb.

Bayden Türkiyədə 15 iyul hadisələri zamanı ABŞ prezidentinin köməkçisi idi və Ərdoğanı devirmək üçün Türkiyə Silahlı Qüvvələri içərisindəki FETÖ ünsürlərindən istifadə etsə də, istəyinə nail ola bilməmişdi. “Bədəl ödəməlidir... dövlət çevrilişi ilə deyil, seçkilərlə” deyərkən elə sözügedən çevriliş cəhdini nəzərdə tutur.

Baydenin namizədliyi ərəfəsində “NewYorkTimes”ın redaktorları ilə görüşü zamanı söylədikləri əslində, Türkiyə əleyhinə köhnə strategiyasından çaşqın yaddaşında qalanlardır. Yarımçıq məlumatlara söykənən yanlış ifadələri, Baydenin ağlının çaşqın olduğunun sübut edir. Hazırda güclü strategiya yürütmək beyni dumanlı bir qocanın imkanları xaricindədir və iddia edildiyi kimi, səhhətində yaranan problemlər səbəbindən o, işləri köməkçisinə həvalə edib.

Amerikanın Türkiyə əleyhinə strategiyasının əsasında başda Suriya mövzusu olmaqla, təməli 2013-cü ildə qoyulan fikir ayrılıqları dayanır. Türkiyə bölgədə ABŞ-ın terror dövləti yaratmaq cəhdləri də daxil olmaqla bütün planlarını pozur. Türkiyənin yürütdüyü siyasət 2016-cı ildən bəri ABŞ-ın Yaxın şərqdəki bütün strategiyalarını çökdürüb. ABŞ istədiyi güzəştlərə də nail ola bilmir. Yalnız bir yolu qalır: mövcud rəhbərliyi dəyişdirmək.

Ümumiyyətlə, Baydenin prezidentlik fəaliyyətinə başlayan kimi Türkiyə ilə bağlı “sözdə müttəfiq” ifadəsini işlətməsi, terror təşkilatı PKK-ya dəstiyini artırması, Ankaranın Aralıq dənizində mübarizəsinə qarşı çıxması, yeni hərbi bazalar quraraq Yunanıstanı qızışdırması, Türkiyənin Rusiyadan S-400 almasına qarşı çıxması və buna görə sanksiyalar tətbiq etməsi, ortaq olduğu F-35 layihəsindən Türkiyəni uzaqlaşdırması, digər NATO-ya üzv ölkələrin liderlərindən fərqli olaraq Ərdoğana prezident seçiləndən 100 gün sonra zəng etməsi, “soyqırımı” tanımazdan bir neçə saat əvvəl telefon etməsi və son olaraq qondarma “soyqırımı” yalanını söyləməsi Amerikanın “nəzarətli gərginlik” strategiyasının bir hissəsidir.

Qeyd etdiyim kimi, Amerikanın bu strategiyası yeni deyil; 1960- cı illərin əvvəllərində narkotiklərlə mübarizəsi zamanı Türkiyədə fermerlərin önəmli dolanışıq mənbəyi olan xaşxaş becərilməsinin qadağan edilməsini istəyirdi. Türkiyə tərəfi bununla razılaşmasa da, ABŞ 12 mart 1971-ci ildə hərbi memorandumla məqsədinə nail oldu. Hərbçilər tərəfindən baş nazir vəzifəsinə gətirilən Nihad Erim hökumətinin verdiyi qərarla xaşxaş əkilməsi qadağan edildi. Lakin 1973 seçkilərindən sonra baş nazir Bülent Ecevit bu qadağanı ləğv etdi. Amerika buna səssiz qalmadı, yardımları dayandırdı, 1974 Kipr Barış Əməliyyatından sonra embarqo ilə təzyiqlərini daha da artdı. Embarqoya qarşılıq olaraq Türkiyə 26 iyul, 1975-ci ildə Amerikalı personalı hərbi bazalardan çıxardı. Təzyiq siyasəti o qədər gərgin idi ki, bir tərəfdən iqtisadi çətinliklər, digər tərəfdən “anarxiya” adlanan küçə qarşıdurmaları 6 min gəncin həyatına son qoydu. Son olaraq 12 sentyabr 1980-ci ildə hərbi çevriliş baş verdi. Hərbi bazalar amerikalılara yenidən açıldı.

Bayden elə dediyini də edir, get-gedə yüksəltmək niyyətində olduğu gərginliklə Türkiyədə qütbləşmə yaratmaq, ara qarışdırmaq məqsədi güdür. Əslində, Amerika adəti üzrə özünə sədaqətli, onun diqtəsilə hərəkət edən bir rəhbərlik istəyir. Türkiyə isə çoxdan ABŞ-ın dediyi ilə oturub-durmur.

Bu səbəbdən, “soyqırımı” yalanının tanınmasından sonra ABŞ rəhbərliyinin Türkiyəyə təzyiqlərini artırması gözləniləndir. Xüsusilə də iqtisadiyyatı hədəf alan birbaşa və ya dolayı hücumlar ola bilər.

Türkiyə isə artıq əvvəlki Türkiyə deyil. 15 iyul hadisələri zamanı dövlət çevrilişinə cəhdi 251 şəhid və minlərlə qaziylə sovuşduran türk qardaşlarımız, ABŞ-ın bu planını da pozacaq gücdədir.

S. Həsənova
Azvision.az


Teqlər: ABŞ   Bayden  





Xəbər lenti