Göldə kəsişən geosiyasi maraqlar – TƏHLİL

  19 May 2021    Oxunub :3522
   Göldə kəsişən geosiyasi maraqlar –    TƏHLİL
Mayın 12-13-də Azərbaycanla Ermənistanın sərhədində yerləşən Qaragöl ərazisində baş vermiş insident kifayət qədər böyük beynəlxalq rezonansa səbəb oldu. ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın məhz bu məsələ ilə bağlı prezident İlham Əliyevlə telefon əlaqəsi saxlaması Qərbin ciddi narahatçılığından xəbər verir.
Bundan əvvəlki xarici reaksiyalar, məsələn, ənənəvi ermənipərəstliyi ilə tanınan Fransa prezidenti Emmanuel Makronun erməni dilində status yazması, yaxud, ABŞ Dövlət Departamentinin sözcüsü Ned Praysın “Tvitter” hesabında tərəfləri dialoqa dəvət etmək barədə açıqlaması daha çox Yerevanın adi bir insidenti beynəlxalq səviyyədə şişirtməsinin məntiqi nəticəsi kimi qəbul olunurdu. Azərbaycan Xarici İşlər Nazirliyinin məsələyə dair yaydığı bəyanatında “Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəyə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir” deməsi prosesin sırf texniki xarakter daşıdığı təəssüratını yaradırdı.

Lakin sonrakı proseslər - xarici işlər naziri Ceyhun Bayramovun ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker və İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde ilə bu məsələni müzakirə etməsi, həmçinin artıq qeyd olunduğu kimi, Sallivanın prezident İlham Əliyevlə telefon əlaqəsi saxlaması məsələnin heç də xırda texniki anlaşılmazlıq olmadığı və Qərbi narahat edən ciddi məsələlərin mövcudluğundan xəbər verir.
İrəvanın sərhəd təxribatı nəyə hesablanıb? - ŞƏRH

Diqqət çəkən məqam Qaragöl insidentinin Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfər etməsi və ardınca Bakıya gəlməsindən sonra baş verməsi, həmçinin, Rusiyanın ABŞ və Avropa ölkələrindən fərqli olaraq, hadisəyə kifayət qədər sakit reaksiya verməsidir. Həm Rusiya, həm də Azərbaycanın xarici işlər nazirliklərinin açıqlamalarının əvvəlində 2020-ci ilin məlum 10 noyabr bəyanatında göstərilən müddəalara riayət olunmasının vacibliyi vurğulanır. Prezident İlham Əliyev də özünün amerikalı həmkarının müşaviri Ceyk Sallivanın “Beynəlxalq sərhədin demarkasiyası üçün tərəflərin konstruktiv müzakirələr” aparması təklifinə cavab olaraq “Bu prosesin 10 noyabr 2020-ci il üçtərəfli bəyanata uyğun olaraq həyata keçirilməsinin əhəmiyyətini” vurğulayıb. Belə çıxır ki, həm Rusiya, həm də Azərbaycanı Ermənistanın məlum bəyanata olan münasibəti tam qane etmir və Qaragöl hadisəsi bunula bağlı ilkin xəbərdarlıqdır. O zaman sual yaranır: Ermənistan bəyanatın hansı hissəsini icra etməkdən boyun qaçırır?

Sərhəddə baş vermiş insidentdən sonra mütəmadi qaydada Təhlükəsizlik Şurasının toplantılarını keçirən Paşinyan bu iclasların birində bəyan etdi ki, Ermənistan Azərbaycanla Zəngəzur dəhlizi məsələsini müzakirə etmək niyyətində deyil. Doğrudur, ilk baxışdan elə təəssürat yarana bilər ki, Paşinyan rəsmi Bakını Zəngəzur dəhlizi ilə şantaj edir və Sünikdə geri çəkilməyəcəyi təqdirdə bu dəhlizin reallaşmasına imkan verməyəcəyini bildirir. Amma əslində məsələnin mahiyyəti daha dərində yatır və ehtimal etmək olar ki, Yeravan Zəngəzur dəhlizinə görə Vaşinqtonun ciddi təyiqi ilə üz-üzə qalıb.

Söhbət ondan gedir ki, Amerika Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Birincisi ona görə ki, Rusiya bu dəhliz vasitəsiylə Avropaya quru yolla marşrut əldə edəcək və Moskvanın Qərb tərəfindən təcrid olunması siyasəti fiaskoya uğrayacaq. İkinci səbəb isə, dəhlizin açılması ilə Türkiyə, Azərbaycan və Ermənistan xalqları arasında qarşılıqlı münasibətlərin yaranması və bu münasibətlərin gələcəkdə azalmaqda olan ermənilərin türklər tərəfindən assimilyasiyaya uğraması təhlükəsi ilə bağlıdır ki, bu halda xaricdə illərdir bəslənən erməni diaspor təşkilatlarının fəaliyyəti üçün heç bir stimul qalmır. Ermənistan dövləti Türkiyə və Azərbaycanla qarşılıqlı faydalı əlaqələr qursa, Fransa, yaxud Amerikadakı erməni diaspor təşkilatlarının “tarixi türk düşmənçiliyi”ndən danışmaları inandırıcı səslənməyəcək.

Bununla belə, Qərb anlayır ki, Ermənistan öz iqtisadiyyatını dirçəltmək üçün dünya bazarına hansısa yolla qoşulmalıdır və bu mənada Yerevan üçün optimal yol kimi İran-Ermənistan-Gürcüstan marşrutu tövsiyyə oluna bilər. Rusiya ilə əlaqələr üçün isə Qazax-İcevan-Yerevan marşrutu təklif olunur. Belə olan halda Rusiya Qərbə çıxışdan məhrum olur, Ermənistan isə Türkiyə və Azərbaycanla əməkdaşlığa getmək məcburiyyətində qalmır.

Yerevanın hansı yolu seçdiyini hələ ki, bilmək olmur. Paşinyan daha çox seçkidə qələbə qazanmaq üçün həm Rusiya, həm də Amerikanı razı salmağa və eyni vaxtda iki stulda oturmağa çalışır. Güman etmək olar ki, Lavrovun Ermənistana son səfəri sırf kəşfiyyat xarakteri daşıyırdı və səfər sonunda Rusiyanın baş diplomatının gəldiyi nəticə heç də Moskva üçün ürəkaçan deyil. Bu baxımdan ehtimal etmək olar ki, Rusiya Ermənistanla bağlı başqa variantlara – məsələn hakimiyyətə özünə yaxın olan fiquru gətirmək planına əl ata bilər. Bunun üçün Azərbaycanın “terrorla mübarizə çərçivəsində” Ermənistanla sərhəddə hərbi əməliyyatlara başlaması kifayət edir. Bu mənada Azərbaycanın 15 minlik qoşunla hərbi təlimlər keçirməsi də təsadüfi olmaya bilər. Belə vəziyyət yaranarsa, Ermənistanda ictimai rəy təbii ki, Koçaryan kimi rusiyayönümlü militarist siyasi fiqurların xeyrinə dəyişəcək.

Məhz hadisələrin bu istiqamətində inkişafından ehtiyatlanan Amerika Sallivanın dili ilə Azərbaycan prezidentini sərhədlərin demarkasiya üçün Yerevanla konstruktiv danışıqlara dəvət etməklə, əslində Rusiyanı vasitəçi kimi aradan çıxarmağa çalışır. Azərbaycan prezidenti isə, bir daha məlum bəyanatı xatırlatmaqla, regionda sülhə gedən yolun Zəngəzur dəhlizindən keçdiyini incə diplomatik yolla vurğulayır.

Tofiq Vahid
Azvision.az

Teqlər: Qaragöl  






Xəbər lenti