Niyə qadınlar yarada bilmir

Niyə qadınlar yarada bilmir
  12 Mart 2014    Oxunub:1496
Fatimə Kərimli

Yaxşı rəssam, şair, yazıçı, musiqiçi, müğənni olmaq üçün adama istedad kifayət eləmir. Ola bilər ki, insanın yaxşı rəsm çəkmək qabiliyyəti olsun, amma o insan ətrafı, təbiəti, insanları elə hamının gördüyü gözlə görürsə, heç nədən təsirlənmirsə, onda yaratdığı heç kimə təsir etməz.
Şərt deyil ki, anlaşılmayan bir rəsm əsəri çəkib, ona baxanlara “görəsən, rəssam burda nə demək istəyib?” cümləsini düşündürəsən. Çəkdiyindən təkcə biləyinin yox, ürəyinin də zəhməti olduğunu hiss etdirmək kifayət edir.

Yaxud da, çox da ki, gözəl səsin var, sən oxuduğun mahnıyla bir yerdə ölüb-dirilmirsənsə, bunu tamaşaçıya hiss etdirə bilmirsənsə, yerin səhnə deyil, harasa başqa bir yerdir.
Çox da ki, qafiyəli, axıcı sözlər yaza bilirsən, şeirin adamın ürəyini titrətmirsə, yazdığın heç kimə lazım deyil.

Bütün bunlar üçün əzab çəkməyi bacarmaq lazımdı. Dünyada demək olar ki, bütün incəsənət adamlarının həyatı çətinliklə dolu olub. Hamısının özünə məxsus əzabı, həmişə ürəyində gəzdirdiyi nə isə bir yarası olub.

Fridrix Nitşe ən məşhur əsəri olan “Belə deyirdi Zərdüşt” kitabını evlənmə təkli etdiyi şairə Lu Salome onu rədd edib, dostunu seçəndən sonra yazmışdı.

Frasn Kafkanın az qala bütün əsərlərində atasından aldığı uşaqlıq travması, heç vaxt heç bir qadınla davamlı münasibətinin, ailə qura bilməməsinin travması var.

Tolstoyun “İvan İliçin ölümü” əsəri başdan-ayağa özünün axtarışlarının əksidir. Necə ki, Tolstoy həqiqəti gah dində, gah fəlsfədə axtarırdı, eləcə də İvan İliç bədənindəki ağrını sağaltmaq üçün müxtəlif həkimlərə baş vururdu.

Saysız misal çəkmək olar. Bir sözlə, hər incəsənət adamının yaratdığı əsərdə özü, yaşadığı əzablar var. Əsər onda dolğun olur ki, orda əzab gözə dəyir.

İş orasındadır ki, təkcə nəyəsə üzülmək, nəyinsə dərdini çəkmək, həssas olmaq da kifayət etmir gözəl incəsənət adamı olmağa. Bir də dilini dinc saxlamağı, susmağı bacarmalısan. İçində yaşadığın hər şey, bütün kədərlərin müqəddəs məbədə çevrilməlidir. Onu heç kimlə bölüşmək olmaz. Ona görə yox ki, heç kim sənə doğma deyil, ona görə ki, adamın içində onu incidən hər şey yaradacağı əsərin xammalıdır. Nə yazacaqsa, nə rəsm çəkəcəksə, nə musiqi bəstələyəcəksə, hamısı o xammaldan doğacaq. Bölüşmək onu azaldır, sehrini öldürür, hər şeyi puç edir.

Bu cümlə həqiqətən doğrudur ki, kədər paylaşdıqca azalır, sevinc isə paylaşdıqca çoxalır. Nə isə yazıb-yaratmaq istəyən adam gərək sussun, hər şeyini içində boğsun və bir müddət sonra onsuz da danışa bilməyəcək. Dili korşalacaq və ona qalan ancaq nəyisə yaratmaq olacaq. Çünki insan ürəyi nəyisə əbədi saxlamağa qadir deyil, mütləq hansısa formada onu biruzə verməlidir.

Elə buna görə də dünyada qadın yazar, şair, bəstəkar, rəssam kişi yazar və s.dən azdı. Çünki qadınların az qala hamısı içindəkiləri mütləq bölüşür. Bu da eqoizmin bir formasıdı. Onlar özlərinə icazə vermirlər ki, əzab çəksinlər. Xislət olaraq. Yaradılış olaraq qapalı deyillər. Lap loru dildə desək, hulqumu yoxdu qadının. Atır içindən hamısını çıxıb gedir. Kişilərsə qadınlarla müqayisədə xaraktercə qapalıdı. Bu isə nə qadının, nə də kişinin öz seçimidir. Təbiət belə yaradıb onları.

Ən bəsit misal çəkim, demək olar, elə kişi yoxdu ki, oturub həyat yoldaşı ilə arasındakı problemi hansısa həmcinsi, dostu ilə müzakirə eləsin. Amma belə müzakirəni aparan qadınlar kifayət qədərdir. Qadınlar bir-birinin psixoloqudur.

Bunu nə qadınları alçaltmaq, nə də kişiləri yüksəltmək üçün demirəm. Sadəcə, fərqi deyirəm. Üstünlük zad yoxdu. Əslində nə kişi qadından üstündü, nə də qadın kişidən. Təbiətin yaratdığı ən nizamlı canlı qadınla kişidi. İkisini də yarımçıq yaradıb ki, sonsuza qədər ikisi də bir-birinə möhtac olsun. Əks halda əminəm ki, kişilər çoxdan qadınların kökünü kəsmişdi.


Teqlər:





Xəbər lenti