Rusiyanın “hücum diplomatiyası”nın sonu çatır – TƏHLİL

   Rusiyanın  “hücum diplomatiyası”nın  sonu çatır –    TƏHLİL
  18 İyun 2021    Oxunub:3620
Cenevredə keçirilən Putin-Bayden sammiti nəzərəçarpaçaq nəticələrlə diqqəti cəlb etmədi. Amerika və Rusiya prezidentlərinin uzun müddətdən bəri gözlənilən və 3 saata yaxın davam edən görüşünün yeganə gözə görünən nəticəsi 3 ay əvvəl vətənlərinə göndərilmiş səfirlərin geri qaytarılması barədə razılaşmanın əldə edilməsi oldu.
Əslində görüşün baş tutması faktının özü bir ay əvvələ qədər “soyuq müharibə”nin astanasında olan ABŞ ilə Rusiyanın münasibətlərinin tənzimlənməsi istiqamətində ciddi nailiyyət hesab olunmalıdır. Sammitin gedişi, sonrakı bəyanatlar və irəli sürülən proqnozlardan belə qənaətə gəlmək olar ki, görüşün keçirilməsində əsas məqsəd prezidentlərin gələcək dörd il üçün bir-birini öz iş prinsiplərilə tanış etmək idi.

Baydenin soyyuqanlı davranışı və bayanatları Rusiyanın artıq Vaşinqtonda fövqəldövlət kimi qəbul olunmadığı, Moskvaya sıradan tərəfdaş kimi yanaşılması görüntüsünü yaradırdı. Adətən yeni seçilən Amerika prezidentlərinin gündəliyində Rusiya ilə münasibətlərin qurulması ön sırada dayanır və Ağ Evin rəhbərlərləri rusiyalı həmkarları ilə əlaqələrin yaxşılaşdırmasına xüsusi diqqət göstərirdilər. Lakin Baydenin yanaşması sələflərinin bu istiqamətindəki siyasətindən fərqlənir və daha çox sıradan, regional nüfuza malik, məsələn Hindistan, Pakintan, Cənubi Koreya, yaxud, Malaziya kimi dövlətin liderilə işgüzar görüşünü xatırladırdı.

Bəlkə də, Putinin mətbuat konfransında bir neçə dəfə Rusiya və Amerikanın ən müasir nüvə silahlarına malik iki fövqəldövlət olduqlarını təkrarlaması bununla bağlı idi . Halbuki, Putin bu görüşə uzun müddətdir hazırlaşırdı və ölkəsinin fövqəlgücünü sübut etmək üçün bir çox addımlar atıb. Məsələn, Ukraynanın sərhədində, Sakit Okeanda hərbi təlimlər keçirib, Lukaşenkoya siyasi dəstək verib, Amerika səfiri də daxil olmaqla qonşuluğunda yerləşən bir neçə Avropa ölkələrinin diplomatlarını geri göndərib və s. Putinin mətbuat konfransında görüşün təşəbbüskarının Amerika prezidenti olmasını vurğulaması da özünün üstün mövqeyini nəzərə çatdırmaq ehtiyacı ilə bağlı idi.



Gözlənilənin əksinə olaraq, Bayden Ukrayna, Belorus, Navalnı ilə bağlı təkidli tələblər ortaya qoymamaqla, Putini hansısa imtiyazlar istəmək şansından məhrum etdi. Bayden nə münasibətlərin hədsiz gərginləşərək “soyuq müharibə” səviyyəsinə enməsi, nə də Obama-Medvedyev dövründə olduğu kimi, hədsiz yaxınlaşmasında maraqlı olmadığını göstərməklə, Putinə sadəcə, beynəlxalq hüquqa uyğun əməkdaşlıq təklif etdi. Hətta Amerika investisiyalarının yenidən Rusiya iqtisadiyyatına cəlb edilməsinin mümkünlüyündən söz açdı.

Rusiya ilə Amerikanın beynəlxalq hüquqa baxış bucaqları fərqli olsa da, Putin Baydenin mesajının mahiyyətini dəqiq anladı. Vaşinqton Moskvaya keçmişdə olanları unudub, bazar münasibətlərinə uyğun, emosional qatqı olmadan, işgüzar əlaqələrin bərpa olunmasını təklif edirdi. Başqa sözlə desək, Vaşinqton Moskvadan ona qarşı müxtəlif vasitələrlə təzyiq göstərmək siyasətindən əl çəkib, bunun əvəzində işgüzar tələb-təklif münasibətləri qurmağı istəyir. Kiberhücumların dayandırılması, silah istehsalına qarşılıqlı nəzarətin yenidən bərqərar olması kimi tələblər əslində bunu göstərir.

Amerikanın “Şimal axını-2” layihəsinin icrasına razılıq verməsi də Vaşinqtonun münasibətlərin işgüzar səmtə yönəldilməsi istəyini nümayiş etdirmək və Moskvanı öz niyyətlərinin səmimiliyinə inandırmağa hesablanmışdı.

Putin Baydenin təklifləri qarşısında ciddi seçim etməli oldu. Doğrudur, Moskva özü üçün sərfəli təklifi əldə etdi - ABŞ Ukrayna məsələsində heç bir tələb irəli sürmədən, prosesin Minsk razılaşmasına əsasən həllinin tərəfdarı olduğunu bildirməklə, əslində bu məsələdə Rusiya ilə eyni mövqedə olduğunu nümayiş etdirdi. Minsk prosesi faktiki olaraq münaqişənin hələ uzun illər nizamlanmadan qalması üçün münbit şərait yaradır. Ancaq bununla belə, Kreml ehtiyat edə bilər ki, Vaşinqtonla iqtisadi səmərəyə hesablanmış münasibətlərə daxil olmaqla, öz milli maraqları baxımından əhəmiyyətli saydığı məsələlərdən diqqəti yayına bilər. Demokratların öz iş prinsiplərinə uyğun “inqilab ssenariləri”ni işə salmayacaqlarına heç kəs zəmanət verə bilməz və Moskvanın ehtiyat etdiyi məqam da bununla bağlıdır.

Amma Putinin başqa seçimi də qalmır: Rusiya Amerika ilə bundan artıq konfrantasiyaya getmək gücündə də deyil. Odur ki, Moskva ehtiyat etsə də, Vaşinqtonla iqtisadi səmərəyə hesablanmış əməkdaşlığa gedəcək. Bu, Rusiya xarici işlər naziri Sergey Lavrovun uzun illərdir sürdürdüyü “hücum diplomatiyası”nın sonu anlamına gəlir və güman etmək olar ki, Moskva xarici siyasətində ciddi korrektələr edəcək.

Amerikanın Moskva ilə münasibətlərini tənzimləmək istəyi ilk növbədə İrana zərbə olacaq. Vaşinqton bu yolla Rusiya-İran ittifaqını pozmağa çalışır ki, Yaxın Şərqdə prosesləri öz nəzarətinə ala bilsin. Regionda baş verən son hadisələr göstərdi ki, Rusiya-İran ittifaqının fəaliyyəti bölgənin, xüsusilə İsrailin təhlükəsizliyinə ciddi təhdid yaradır.

Vaşinqtonun Moskva ilə əməkdaşlığa getməsi Qafqaz regionu və II Qarabağ savaşından sonra bu regionda formalaşmış yeni reallıqlar baxımından da önəmlidir. Güman etmək olar ki, Zəngəzur dəhlizi layihəsinin reallaşması ilə bağlı Rusiyanın təşəbbüslərinə Amerika müqavimət göstərməyəcə, eyni zamanda, prosesdən regionda hərbi-siyasi nüfuzunu gücləndirmək üçün istifadə etməsinə də imkan verməyəcək. Türkiyənin bölgədə güclənməsinin arxasında məhz bu amil dayanır və əsas məqsəd də Rusiyanın cilovlanmasıdır.

Tofiq Vahid
Azvision.az


Teqlər: Putin-Bayden  





Xəbər lenti