Osmanlının sonunun başladığı gün: Dünya fərqli olmaq şansını necə itirdi – TARİXİ TƏHLİL

      Osmanlının sonunun başladığı gün:    Dünya fərqli olmaq şansını necə itirdi –    TARİXİ TƏHLİL
  01 İyul 2021    Oxunub:6849
1683-cü ilin iyulun 1-də Osmanlı qoşunları Merzifonlu Qara Mustafa Paşanın başçılığı altında Vyananı ikinci dəfə mühasirəyə alırlar. Bu, bütövlükdə Avropanın coğrafi-siyasi vəziyyətilə yanaşı, Osmanlının özünün də taleyinə, dolayısıyla, tarixə istiqamət verən hadisələrdən idi.
Ekspansiyanın başlamasının əsas səbəbləri protestant macarların katolik Habsburqlar tərəfindən əzilməsi, onların katolikliyi qəbula məcbur edilməsi, vergi yüklərinin ağırlaşdırılması səbəbindən Osmanlıdan yardım istəmələri idi. Bəli, nə qədər qəribə görünsə də, çox da uzaq olmayan tarixdə Avropa xristian blokunun təmsilçiləri özləri özlərinin zülmündən Türkün ədalətinə və nizamına sığınmağa çalışırdılar.

İkinci Vyana mühasirəsi uğursuzluqla nəticələnir. Mustafa Paşanın şəhərə girmək imkanı olsa da, o, Vyananın könüllü təslim olmasını arzulayır ki, bunun da səbəbi yeniçərilərin şəhəri yağmalamasının qarşısını almaq idi. Nəticədə Paşa yubanır və Habsburqlara köməyə gələn Reç Pospolita qoşunları türklərin vəziyyətini çətinləşdirir. Məğlub olan türklər Belqrada çəkilirlər.


Merzifonlu Qara Mustafa Paşa

Maraqlıdır ki, bundan 14 il sonra Avstriya qoşunları Zenta döyüşünün nəticəsində Sarayevonu türklərdən alanda ağlasığmaz vəhşiliklər edirlər. Avstriya qoşunlarının komandanı prins Yevgeni yazırdı ki, “Şəhəri tamamilə yandırdıq, hər yer kül olmuşdu. Düşməni qovduq, qadınlarını və uşaqlarını qənimət kimi aldıq”.

Məğlubiyyətin səbəbi Krım tatarlarının köməyə gəlməməsilə yanaşı, bu səfərin planlaşdırılmamış olması idi. Belə ki, paşa Vyanaya hücum edərkən Sultan IV Mehmetin “Hədəfimiz Yanıqqala idi. Paşamız niyə belə bir sevdaya düşüb görəsən?! Allahdan istəyək ki, işi asan olsun. Əvvəldən bildirsəydi, icazəm olmazdı” deməsi də bunu sübut edir.
Uydurma “Kürdüstan”dan gerçək Laçına: Sənədlər nə deyir? | ARAŞDIRMA

Osmanlının məğlubiyyətini görən Avstriya, Venesiya, Rusiya, Reç Pospolita kimi bir neçə Avropa dövləti “müqəddəs ittifaq” yaradaraq, türklərə qarşı yeni “xaç yürüşünə” başlayırlar. Tarixə “Müqəddəs İttifaq” - Osmanlı savaşı kimi düşən bu müharibə 1699-cu ilə qədər davam edərək, Osmanlının ağır şərtlərə razılaşdıran Karlovça və İstanbul müqavilələri ilə yekunlaşır.

Beləliklə, ikinci Vyana mühasirəsi Osmanlı üçün sonun başlanğıcı olur. Bu tarixdən etibarən, Osmanlı artıq Avropada hesablaşılan güc olmaqdan uzaqlaşır, öz daxili işlərində də müəyyən mənada sərbəst qərarlar verə bilmir, Avropadakı tənəzzülü və torpaq itkiləri mərhələsi başlayır. Daim hücum edən bir imperiya, daim müdafiə olunmaq vəziyyətinə düşür ki, bəlkə də, gələcəkdə bütün Şimali Afrikanın itirilməsi, Balkan savaşları, Yaxın Şərqin əldən çıxması, Çanaqqala, Sakarya döyüşlərinin, Milli İstiqlal müharibəsinin səbəblərini də bu hadisəyə bağlasaq, yanılmarıq.



“Müqəddəs İttifaq – Osmanlı” müharibəsindən sonra Rusiya Qara dəniz sahillərində bərkiyərək, donanma dövlətinə çevrilir, Azov və Taganroq hərbi dəniz bazaları yaradılır. Cənubdan gələn təhlükənin azaldığını hesab edən Pyotr üzünü Qərbə - Baltik dənizinə çevirir, Rusiya Avropanın içlərinə doğru genişlənməyə başlayır ki, bu, daha sonra Polşanın Prussiya ilə bölüşdürülməsinə, Rusiyanın “Avropa jandarmı”na çevrilməsinə qədər davam edir. Əgər bu gün Krımdan yeni dünya müharibəsinin başlanması təhlükəsi varsa, səbəbi türklərin Vyana uğursuzluğuna qədər gedib çıxır.

Tarix “əgər” bağlayıcısını sevmir. Amma gəlin, maraq üçün tarixin belə bir alternativ inkişaf ssenarisini fikirləşək ki, Merzifonlu Mustafa Paşa yeniçərilərin şəhərə girəcəkləri təqdirdə nə törədəcəklərini düşünmək kimi mənəvi dilemmalarla çarpışmaq əvəzinə, sadəcə, Vyananı fəth etsəydi, indi biz necə bir dünyada yaşayırdıq?

Bu halda bütün Avropa Osmanlıya qarşı birləşməyə çalışacaq, nəticədə 1870-71-ci ilin fransız-alman müharibəsi olmayacaqdı. Demək, həmin müharibənin nəticələrindən qaynaqlanan 1-ci Dünya Savaşı da baş verməyəcəkdi. Almaniya “məğlub xalq” kompleksinə girməyəcək, Hitler kimi fiqur meydana çıxa bilməyəcəkdi. Həm də, axı məhz Osmanlının Avropadan, Avstriyadan çəkilməsindən sonra Prussiya İsveçin idarəetməsində olan Bremen-Verder, Hannover kimi knyazlıqları özünə qatmaqla böyüməyə və güclənməyə başlamışdı.

Osmanlının Vyana uğursuzluğundan sonra İngiltərə Yaxın Şərqə və Osmanlı torpaqlarına, Hindistan dəniz-ticarət yoluna maraq göstərməyə başlayır. Çünki, Avropada artıq “toxunulmaz Osmanlı” məhfumu yox idi. Bu, ingilis imperializminin daha geniş vüsət almasına, eyni zamanda, Osmanlının birbaşa nəzarətində olmayan ticarət yollarına sahiblənmək istəyinə düşməsi demək idi. Əgər dərin təhlil aparası olsaq, deməli, Vyana türk şəhərinə çevrilsəydi, tarixdə nə ingilis koloniyaları olacaqdı, nə Keniyada, Tanzaniyada yerli əhalinin soyqırımı, nə Hindistanın ingilislər tərəfindən işğalı, hətta dolayısıyla, nə də Pakistan-Hindistan “Kəşmir” problemi...



Napoleonun Rusiyaya hücumu, Borodino döyüşü də olmayacaq, Tolstoy “Hərb və sülh”ündə bundan yazmayacaqdı. Çünki, Napoleon Şərq səfərinə çıxmaq istəyəndə qarşısında yeniçəriləri görəcəkdi...
Dünya tamam başqa bir dünya olacaqdı... Əgər Merzifonlu Mustafa Paşa özünü Dostoyevskinin mənəvi dilemmalar qarşısında döyükən qəhrəmanları kimi yox, əsgər kimi aparsaydı!
Niyə elə etdin, Paşam?!

P.S. Bu gün Vyanada yerləşən “Arsenal” hərb muzeyində Osmanlı dövlətinə aid toplar, tüfənglər və zirehlər nümayiş etdirilir. Lakin Mustafa Paşanın ordusu Vyanaya girsəydi, yəqin ki, şəhərin mərkəzindəki San-Stefano kilsəsinin yanında bir dənə məscid olacaqdı – Mehmediyye məscidi...
P.P.S. Türklər kilsə dağırtmır, məscid tikir.


Tural Bakuvi, tarixçi
Xüsusi olaraq Azvision.az üçün




Teqlər: Tarix   Osmanlı   Vyana  





Xəbər lenti