Şampanı içdi və öldü… “Pis yaşayırsınız, cənablar!”

   Şampanı içdi və öldü…     “Pis yaşayırsınız, cənablar!”
  15 İyul 2021    Oxunub:3137
Böyük rus yazıçısı və dramaturqu Anton Pavloviç Çexov həyatla 1904-cü il, iyulun 15-də vidalaşıb. Azvision.az böyük ədibin dünyadan necə köçməsi və müasirlərinin onun qəfil ölümünə reaksiyaları haqda kiçik araşdırma aparıb.
Anton Çexov cəmi 44 il yaşasa da, qısa ömrü ərzində təkcə Rusiyaya deyil, bütün dünyaya nəhəng bir miras qoyub. Onun pyesləri bu gün də dünyanın bütün səhnələrində oynanır. Dramaturgiya nəzəriyyəsi Çexovsuz bu gün tamamilə başqa cür olardı, ancaq məsələ yalnız tüfəngdə və “istedadın bacısı” sayılan yığcamlıqda deyil. Nəql olunan hekayənin bütün əhəmiyyətsiz elementlərinin kənara atılmasına, yalnız əhəmiyyətlilərinin saxlanımasına əsaslanan “Çexov tüfəngi” prinsipi təkcə ədəbiyyatda yox, kinomatoqrafiyada da aparıcı rol oynayıb. Təhkiyədə auditoriyanın gözləntilərini aldadan elementlər (gələcək hadisələrdə heç bir rol oynayamacağı ilə) olmamalıdır.

Çexov bir çox hekayələrini ayrı-ayrı şəxslərə həsr edib, əsərin baş qəhrəmanından savayı bütün personajları ikinci plana keçirib. 19-cu yüzilin 80-ci illərinin sonlarında o, tərəfsiz təhkiyə manerasından daha çox istifadə edərək, hadisələrə və qəhrəmanlarına qiymət verməyib. Bu üsuldan sənətdə hələ də istifadə olunur. Teatrı və kinonu Çexovun ideyaları olmadan təsəvvür etmək çətindir.

Yazıçı 1904-cü il iyulun 15-də, düz 116 il qabaq vəfat edib. Tale sanki Çexov şəxsiyyətinin bütün əzəmətini anlayaraq, onun ölümünə xüsusi bir dramatizm verib.

Məlumdur ki, Çexov hələ tələbəlik illərindən qarnındakı peritan qışasının vərəmindən, 24 yaşından isə sağ ağ ciyərinin qanaxmasından əziyyət çəkirdi. 1890-cı ildə Saxalinə səfərə çıxması ilə onun sağlamlığına daha faciəli təsir göstərdi. O, adaya bir neçə ay yol getməli olmuşdu. Yanvarda başlayan səfəri zamanı minlərlə kilometr yolu pis havada at üstündə, islanmış ayaqqabılar və nəm paltarda qət etmişdi. Dramaturq adaya yayda, iyun ayında çatsa da, yoldakı soyuq, sərt havalar öz işini görmüşdü.

Başqa ehtimallar da var. Bəzi ədəbiyyatşünaslar əmindir ki, Çexovun səhhətinin zəifliyinin səbəbi onun tez-tez Moskvadan Yaltaya, həm də ilin sağlamlıq üçün əlverişsiz fəsillərində səfər etməsiylə bağlıydı.
Ancaq əsas səbəb bu deyil. Yazıçı ömrünün son on ilini öz sağlamlığının qayğısına qalmağa məcbur olub və tez-tez xüsusi kurortlara gedib. 1904-cü ilin yayında da Çexov Almaniyanın Badenvayler kurortuna getmişdi və orada qəflətən ölüb.

İyulun 2-də gecə ayılan Çexov həkim çağırılmasını xahiş etdikdən sonra, huşunu itirərərk sayıqlamağa başlayıb. Yanında olan arvadı Olqa Leonardovna böyük dramaturqun həyatının son dəqiqələrini ətraflı təsvir edib.

“Nəsə etmək lazım idi, – Çexovun həyat yoldaşı deyib. – Mən onun sinəsinə buz qoydum, o isə kədərlə gülümsəyərək dedi: “Boş qəlbin üstünə buz qoymazlar...” Doğrudan da, yazıçının ürəyinə güclə qan çatırdı. Gecə saat 2-də özünü yetirən həkim Şverer onun nəbzini tapmaqda çətinlik çəkirdi”.
Həkim hər şey qaydasındadır deyərək, Çexovu sakitləşdirməyə çalışıb, ancaq yazıçının can üstdə olduğunu çox gözəl anlayırdı. O, yazıçıya bir qədəh şampan şərabı verməyi əmr edib.

Çexov əvvəlcə arvadına baxaraq deyib: “Mən ölürəm”. Sonra rusca başa düşməyən doktora sarı çevrilib, eyni sözləri almanca təkrarlayıb: “Ich sterbe”.

“Sonra qədəhi götürüb, üzünü mənə çevirdi, gözəl təbəssümüylə gülümsədi və dedi: “Çoxdandır şampan içmirdim...” Qədəhi dibinə qədər içib, sol böyrü üstə uzandı və tezliklə əbədi susdu”, - Olqa Knipper-Çexova xatirələrini tamamlayır.


Yazıçının cənazəsini Moskvaya üzərində “Устрицы” (İstridyələr – red.) yazılan vaqonda gətiriblər. Çoxları bunu böyük dramaturqun xatirəsinə hörmətsizlik kimi qiymətləndirsələr də, əslində məsələ tam olaraq praqmatik yanaşmadan qaynaqlanırdı. O zaman vaqonların çox az bir hissəsi soyuducu avadanlıqlarla təchiz olunurdu, tabutun istridyə daşıyan vaqonda gətirilməsi də bununla bağlı idi. Çexov 1904-cü il iyulun 22-də Moskvanın Novodeviçye qəbiristanlığında basdırılıb.

Yazıçının ölüm səbəbi hər zaman vərəm xəstəliyi göstərilsə də, 2018-ci ildə Kuedrem bioloji tədqiqatlar institutunun alimləri onun əlyazmalarından, həmçinin ölüm anında əynində olan qan ləkəli köynəyindən götürülən nümunələrin kimyəvi tərkibini analiz ediblər. Məlum olub ki, dramaturq beyninə qan sızmasından ölüb.
Çexovun ölümü bütün rus ədəbi ictimaiyyətinə ağır zərbə idi. Bir çox müasirləri qəm-qüssədən darmadağın olmuşdular.

“İndi onun olmadığı günlərdə gözəl, seçkin, kübar qəlbinin işıq saçdığı hər sözünün, təbəssümünün, baxışının necə dəyərli olduğunu xüsusən əzabla hiss edirsən”, - Aleksandr Kuprin yazırdı.

Onun haqqında ən təsirli sözləri, bəlkə də, Maksim Qorki deyib:
“O, bayağılığı hər yerdə görə və ona diqqəti cəlb edə bilirdi. Bu yalnız həyata qarşı yüksək tələbləri olan, insanları sadə, gözəl, harmonik görmək arzusu ilə yaşayan insana xas keyfiyyətdir. O, bayağılığı həmişə sərt və ciddi mühakimə edirdi... Bütün bu darıxdırıcı, boz, aciz kütlənin yanından böyük, ağıllı, hər şeyə diqqətlə baxan bir insan keçdi, vətəninin bu darıxdırıcı sakinlərinə qəmli təbəssümlə, yumşaq, ancaq dərin məzəmmətlə, üzündəki və qəlbindəki ümidsiz sıxıntı ilə baxdı və gözəl, səmimi səsiylə dedi:
- Pis yaşayırsınız, cənablar!”

Nadir Qocabəyli
Azvision.az





Teqlər: Çexov   ölüm-günü  





Xəbər lenti