Enerji istehlakında səmərəliliyi necə artırmalı? - TƏHLİL

Enerji istehlakında səmərəliliyi necə artırmalı? - TƏHLİL
  15 Mart 2014    Oxunub:2368
İnkişaf etmiş ölkələrdə enerji istehlakında səmərəliliyi artırmaq iqtisadiyyatın inkişafında bir nömrəli vəzifə sayılır. Bizdə isə bu məsələyə lazımi səviyyədə diqqət yetirilmir.

Düzdür, ölkədə enerji istehsalı durmadan artır. Dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində son illər enerji tədarükçüsünə çevrilmişik. Hökumət bunu genişləndirməyi düşünür. Son statistikaya əsasən, sənayenin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində məhsul istehsalı 1%, elektrik enerjisi istehsalı isə 3% artaraq 2,1 milyard kVt saat təşkil edib.

Energetika naziri Natiq Əliyev də bildirib ki, Azərbaycan enerjiyə olan tələbatını daxili istehsal hesabına ödəyir. “Azərbaycanda energetikanın istehsal gücü təxminən 7 min MVt-ı ötüb. Çalışırıq ki, 2020-ci ilə kimi bunu artıraq” – deyə, nazir qeyd edib.

Hazırda ölkənin elektrik enerjisi sistemində 13 istilik və 8 su elektrik stansiyası fəaliyyət göstərir ki, yaxın gələcəkdə yenilərini tikmək nəzərdə tutulur. Çünki iqtisadiyyatın inkişafı iri generasiya layihələrinə investisiya cəlb etməyi tələb edir.

Ötən il ölkədə 30-dan çox sənaye müəssisəsi yaradılıb, 100-ə yaxın sənaye obyektinin tikintisi isə davam etdirilir. Cari ilin “Sənaye ili” olduğunu və hökumətin qeyri-neft sektorunun inkişafında daha çox sənayeyə diqqət yetirəcəyini - onu genişləndirməyi önə çəkəcəyini nəzərə alsaq, enerji istehsalı davamlı artırılmalıdır. Odur ki, Bakıda böyük elektrik stansiyası da tikmək planlaşdırılır.

Ancaq məsələ bundadır ki, enerji istehlakında səmərəliliyə diqqət yetirilməsə, istehsal 10-20 min MVt-a çatdırılsa da, xeyri olmayacaq. Çünki istehsal havayı başa gəlmir. Generasiya layihələri investisiyalar nəticəsində reallaşdırılsa da, istehsal xərcini ödəməlidir. Bizdə isə iqtisadiyyatda ən böyük itki enerji istehlakı nəticəsində əldə olunur. Ona görə də, enerji səmərəliliyini artırmaq Azərbaycan iqtisadiyyatının inkişafında bir nömrəli vəzifəyə çevrilməlidir.

Təəssüf ki, bunun vacibliyini bizə hələ ki Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) xatırladır. Qurumun rəyinə əsasən, Azərbaycan iqtisadiyyatı xüsusən, onun yaşayış sektoru regionda ən enerjitutumlu sayılır. Ümumi daxili məhsul həcminin 1 ABŞ dolları məbləğinə görə istehlak etdiyimiz enerjinin miqdarı alıcılıq qabiliyyətinə nisbətdə Avropa Birliyi ölkələrinin bu sahədə orta göstəricisindən 1,2 dəfə üstündür ki, iqtisadiyyatın inkişaf sürətini belə şəraitdə səmərəli saymaq düzgün deyil.

Bəs, çıxış yolu nədədir?

Ölkədə enerji səmərəliliyinə nail olmaq üçün ilk növbədə sözügedən məsələnin mahiyyəti düzgün anlaşılmalıdır. Belə ki, enerji istehlakında səmərəlilik yığımda maksimum nəticə əldə etmək, qiymətləri artırmaq və sairədən ibarət deyil. Yeri gəlmişkən, ölkədə enerji istehsalının getdikcə artmasıyla yanaşı, satışından əldə edilən yığım da qənaətbəxş səviyyədədir. Buna paylayıcı şəbəkələrin fəailiyyətini yaxşılaşdırdıqdan sonra nail oldu.

Enerji səmərəliliyi isə hər bir fərddən və şirkətdən başlamış, ümumi iqtisadi inkişaf əhəmiyyətli məsələdir. Biz, AYİB-in adını ona görə çəkdik ki, adı çəkilən qurum bu sahədə müvafiq instansiyalar ilə artıq, real işə başlamışdır. Keçən ilin mart ayında qurum Qafqaz regionunda enerji səmərəliliyi proqramı çərçivəsində “AccessBank" ilə ilk müvafiq kredit sazişi imzalamışdı ki, adı çəkilən bankın 9840 kvadrat metrlik ümumi baş idarə ərazinin yenidənqurulması üçün 4,2 milyon dollar kredit ayrılması qərara alındı. Həmin vəsaitin təyinatı üzrə xərclənməsi nəticəsində "AccessBank" enerjiyə əvvəlki sistemdən fərqli olaraq 42 % qənaət edə biləcəkdir. Sözügedən kredit tranşı AYİB-in Qafqaz regionunda "Caucasus Energy Efficiency Program" adlı 2007-ci ildən start götürən enerji istehlakında səmərələlilik proqramı çərçivəsinə daxildir. Sözümüz bunda deyil.

Energetika Nazirliyinin isə enerji səmərəliliyinə dair 2014-2020-ci illəri əhatə edən milli fəaliyyət planı hazırladığı deyilir. Nazirliyin əməkdaşının sözlərinə əsasən, ilkin hesablamalara görə Azərbaycanda istehlak olunan enerji resurslarının təqribən, 40 %-inə qənaət etmək mümkündür. Deməli bizdə, enerji səmərəliliyi olduqca qeyri-qənaətbəxş səviyyədədir.

Hazırda vətəndaşlar elektrik enerjisinin qiymətinin artıralacağından “qorxurlar”. Ona görə ki, keçən ilin dekabrın 3-dən ölkədə yanacaq məhsullarının qiymətləri artırılan zaman elektrik enerjisi istehsalı üçün sərf edilən qazın da qiyməti yüksəldildi. Düzdür, bunun elektrik enerjisinin pərakəndə satış qiymətlərinə təsir etməyəcəyi deyilib. Ancaq elektrik enerjisinin də maya dəyəri var və 1 kvt/saatın əldə olunması üçün xərc çəkilir. Öncə, bunu azaltmaq lazımdır. Rəsmi olaraq ƏDV də daxil bunun 4,1 qəpik olduğu bildirilir. Müstəqil ekspertlərsə əslində 3 qəpik ola biləcəyini vurğulayırlar. Demək istədiyimiz budur ki, alıcını qənaətə sürükləmədən öncə, istehsal xərclərini azaltmaq daha məsləhətdir.

Tarif Şurasının son qərarı zamanı istehsal məqsədləri üçün təbii qaz işlədən elektrik enerjisi istehsalı müəssisələri üzrə tariflərin axırıncı dəfə 14 mart 2007-ci il tarixdə digər istehlakçılarla müqayisədə aşağı səviyyədə - 42 manat/1000 kubmetr müəyyən edildiyi əsas gətirilərək, ötən müddət ərzində elektroenergetika sahəsinə iri həcmdə investisiya qoyuluşları həyata keçirildiyi və enerji sistemində generasiya güclərinin əhəmiyyətli şəkildə artırıldığı, yeni texnologiyalara əsaslanan elektrik stansiyalarının tikilib istifadəyə verilməsi nəticəsində enerji sistemi üzrə şərti yanacağın xüsusi sərfinin əhəmiyyətli şəkildə aşağı salındığı və yanacaq-enerji kompleksinin inkişafı üzrə Dövlət Proqramına uyğun olaraq prosesin davam etdirildiyi misal gətirildi. Tariflər də 80 manat/1000 kubmetr edilməklə buna görə artırıldı.

Ancaq sual olunur ki, enerji sistemi üzrə şərti yanacaq sərfi tələb olunan səviyyədədirmi? Hələ ki yox...

Odur ki, ölkədə enerji istehlakında səmərəliliyi artırmaq və iqtisadiyyatın inkişafında bir nömrəli vəzifəyə çevirmək məqsədilə sektorda bəzi stansiyalar bizcə, həm də özəlləşdirilsə yaxşıdır. Təkrar edirik ki, ölkənin elektrik enerjisi sistemində 13 istilik və 8 su elektrik stansiyası daxildir və yaxın gələcəkdə yeniləri tikiləcək.

Enerji sistemində hər il orta hesabla 18 milyard kilovat/saatdan artıq elektrik enerjisi istehsal edilir ki, onun da təqribən 90%-ini istilik, 10%-ni su elektrik stansiyaları verir. Elektrik və istilik enerjisinin buraxılmasına ildə təqribən 5 milyon ton şərti yanacaq sərf olunduğu deyilir. Bunun da orta hesabla 100 %-ni təbii qaz təşkil edir.

İqtisadiyyatın inkişafının keyfiyyətli olmasını istəyiriksə, enerjitutumluğunu kəskin azaltmalıyıq.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti