Neft və din oyununun piyadaları – TƏHLİL

Neft və din oyununun piyadaları – TƏHLİL
  15 Mart 2014    Oxunub:1706
Suriya ərazisində gedən hərbi əməliyyatlarda Azərbaycan vətəndaşlarının iştirak etməsi barədə ilk məlumatlar hələ 2013-cü ilin may ayında yayılmışdı. Ehtimal olunur ki, Suriyaya yollanan azərbaycanlılar İslamın sunni sələfi təriqətinin nümayəndələridir.

Azərbaycanlıların Suriyaya yollanması və hərbi əməliyyatlarda iştirak etmələrinə səbəb nədir? Və hələ ki kütləvi xarakter almayan bu təhlükəli tendensiyanın arxasında hansı qüvvələr dayana bilər?

SSRİ-nin süqutundan sonra digər postsovet respublikaları ilə yanaşı Azərbaycanda da müxtəlif dini təriqətlər yayılmağa başladı. Azərbaycan daxilində bu və ya digər dini cərəyanın üzvlərinin sayı barədə rəsmi statistik məlumat mövcud olmasa da, Sələfilik dini təriqətinə qoşulanların sayının digərlərini əhəmiyyətli dərəcədə geridə qoyduğunu demək olar. Cəmiyyət daxilində aparılan müşahidələr, yayılan məlumatlara əsaslanıb belə bir qənaətə gəlmək olar ki, Azərbaycanda üç əsas çoxsaylı təriqət yaxud dini cərəyanı ayırd etmək olar: Səudiyyə Ərəbistanından gəlmiş sələfilik, Türkiyədən gəlmiş nurçuluq və ənənəvi olaraq mövcud olmuş şiəlik.

Sələfiliyin İslamda olan digər dini cərəyanlardan əsas fərqi ondan ibarətdir ki, Quranda yazılanlar birbaşa hərfi mənada başa düşülür və qəbul olunur. Sələfilərin fikrincə, Qurandakı ayələrin təhlil olunması, bəzətmə yaxud başqa mənaların çıxarılması, dinin zamana uyğun müasirləşdirilməsi yolverilməzdir. Onlar yalnız Allahın rəsulu sayılan Məhəmməd peyğəmbərin və ondan sonra gələn və peyğəmbərin sələfləri hesab etdikləri şəxslərin dinə aid təlimatlarına riayət edirlər. Yəni müasir sələfi üçün VII əsrdə qəbul olunan cihad indi də qüvvədədir.

Sələfilikdə diqqət çəkən əsas məqamlardan biri də, ağlın, məntiqin və fəlsəfənin dini qaydalardan aşağıda dayanması inancıdır. Yəni dini təlimatlar müzakirə olunmamalı, bunun məntiqiliyi düşünülməməlidir.

Sələfilikdə mövcud olan dini qaydalardan biri də dini liderin əmirlərinin müzakirəsiz icra olunmasıdır. Bu cərəyanın dünyanın bir çox ölkələrində şəbəkələri var və sürətlə yayılmaqdadır.

Bəzi hallarda sələfiliklə vəhabilik eyni cərəyan hesab olunsa da, bu təriqətlər arasında fərqliliklər mövcuddur. Ümumilikdə vəhabiliklə sələfilik mahiyyət etibarilə eyni kökdən qanaqlanırlar. Fərq ondan ibarətdir ki, sələfilər ətraf din və icmalara münasibətdə daha tolerant və dinin təbliğat yoluyla yayılmasının tərəfdarı kimi çıxış edirlər. Vəhabilər isə, özlərini saf İslamın daşıyıcıları hesab edir və fərqli düşünənlərə qarşı daha çox dözümsüzlük nümayiş etdirirlər. Vəhabilik Səudiyyə Ərabistanında rəsmi qəbul olunmuş inancdır və vəhabilər Ərəbistan kral ailəsinə tam loyaldırlar.

Səudiyyə Ərəbistanının kral ailəsi 60-cı illərdən etibarən vəhabiliyin yayılması və sələfilərlə vəhabilərin qarışaraq vahid dini cərəyan olmasına çalışır. 1961-ci ildə Mədinədə açılan İslam Universitetinə bu təriqətlərə məxsus əsas alimlər dəvət olunub, zaman keçdikçə məzhəblər arasındakı fərqliliklər müəyyən qədər aradan qalxıb. Fərqliliklərin aradan qalxması, Səudiyyə Ərəbistanına bağlı vahid dini cərəyanının sərhədlərinin genişlənməsinə səbəb oldu.

Ərəbistan yarımadasının əsas dini cərəyanı sələfilik, yaxud vəhabilikdir. Regionun ən nüfuzlu və çoxsaylı hərbi-dini-siyasi təşkilatı olan “Müsəlman Qardaşları”nın üzvləri də bu təriqətə mənsubdurlar. Misirdə Hüsnü Mübarəkin dövründə “Müsəlman Qardaşlarına” qarşı mübarizə aparılarkən Səudiyyə Ərəbistanı bu təşkilata dəstək olmuşdu. Sələfiliklə vəhabiliyin bir-birinə qarışması da həmin dövrdən başlayır.

Qeyd olunanları nəzərə alarsaq, belə bir nəticəyə gəlmək olar ki, sələfi-vəhhabi təriqətinin üzvü hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, Səudiyyə Ərəbistanının kral ailəsinin ordusunun potensial sadiq əsgəridir. Dünyada dinin yayılmasına böyük miqdarda maliyyə ayıran kral ailəsinin bunu etməkdə yeganə məqsədinin savab qazanmaq olduğunu ümid etmək istərdik. Ancaq bəzi nüansları qeyd etməyi də vacib sayırıq.

Məlumdur ki, 2013-cü ilin əvvəllərindən etibarən ABŞ Yaxın Şərqdə şiələrə qarşı təzyiqləri azaltmağa başladı. Paralel olaraq Türkiyə, Misir və Qətərin rəhbərliyilə yaranmış və Bəşər Əsədin inqilabla üzləşməsi, İranın isə sanksiyaların düstağına çevrilməsi fonunda Yaxın Şərqdə böyük nüfuz sahibinə çevrilmiş sünni ittifaqına yumşaq desək, dəstək vermədi. “Müsəlman Qardaşları”nın nümayəndəsi Mursi hakimiyyətdən devrildi, Ərdoğan əvvəlcə “Gəzi Parkı” olayları ilə üzləşdi, ardınca isə əsas tərəfdaşı olan Fətullah Gülənlə düşmənə çevrildi, Qətər əmiri Həməd bin Xəlifə əl Tani isə sakitcə hakimiyyəti oğlu Təmim bin Həmədə təhvil verdi.

Yaranmış boşluqdan Səudiyyə Ərəbistanı məharətlə istifadə edə bildi. Suriyada Bəşər Əsədə qarşı mübarizə aparan müxalifət qüvvələrininə rəhbər olaraq özünə yaxın Əhməd Carbanı Qətər tərəfindən irəli sürülmüş Moaz əl Hətibin yerinə seçilməsinə və dünya dövlətləri tərəfindən tanınmasına nail oldu. “Cenevrə-2” konfransı eyni zamanda Carbanın dünya icmasına təqdimat mərasimi idi.

Yaxın Şərq neftinin quru yolla Aralıq dənizinə çıxarılmasının ən optimal yolu Suriya və Livan ərazisindəndir. Suriya ilə Livan isə İranın nəzarətindədir. Bu ərazilərə nəzarət edəcək qüvvə bütün Yaxın Şərqin neftinin ixracına nəzarət edəcək və şiələrlə sünnilərin davasının kökündə dayanan səbəb məhz budur.

Amerikanın İran və Suriyaya qarşı təzyiqləri dayandırması Səudiyyə Ərəbistanının planlarını pozurdu və məhz buna görə kral Abdulla Qərbdə tərəfdaş axtarışına çıxdı. Hərbi sənayesinin məhsullarının satışını Amerikanın istəklərindən üstün tutan Fransa prezidenti Fransua Olland ərəblərə dəstək verməyə razı oldu. 2013-cü ilin dekabr ayında Olland Səudiyyə Ərəbistanına səfər etdi və orta hesabla 4 milyard dollarlıq silahın bu ölkəyə satılması barədə müqavilə imzalandı. Ehtimal etmək olar ki, bu silahlar Suriya müxalifəti üçün nəzərdə tutulurdu və silahın Suriyaya ötürülməsinin ən asan və təhlükəsiz yolu Türkiyə vasitəsi ilə ola bilərdi. Odur ki, Olland vaxt itirmədən Ankaraya yollandı və Ərdoğanla görüşdü.

Hadisələrin sonrakı inkişafından belə bir nəticəyə gəlmək olar ki, Ərdoğan Ollandla razılığa gəlib. Təbii ki, bu razılaşma Vaşinqtonun ürəyincə deyil və məhz bu səbəbdən Amerikada yaşayan nurçuların lideri Fetullah Gülen Ərdoğana qarşı çıxıb. Gülən öz təriqətinin xaricdəki, həmçinin Azərbaycandakı rəqibi olan sələfiliyin dəstəklənməsini, təbii ki, istəmir və Amerikanın bu təriqətə olan dəstəyinin azalmasının tərəfdarı ola bilər.

Vaşinqton Ankara kimi tərəfdaşı itirmək fikrində deyil ancaq türklərin ərəblərlə ittifaqından da ehtiyatlanır. Buna görə çıxış yolu kimi Ərdoğanın hakimiyyətdən uzaqlaşdırmasını seçməsi tamamilə inandırıcıdır.

Belə qənaətə gəlmək olar ki, Səudiyyə Ərəbistanı, Türkiyə və Fransa arasında Suriya ilə bağlı Amerikanın qarşı çıxdığı plan razılaşdırılıb. Suriyanın işğalını nəzərdə tutan planın əsas icraçısı Səudiyyə Ərəbistanıdır. Səudiyyə Ərəbistanı bütün digər işlərlə yanaşı, müxalifəti canlı qüvvə ilə də təmin etməlidir.

Suriyada ölən Azərbaycan vətəndaşları isə böyük oyunların xırda qurbanlarıdır və bu qurbanların məhz 2013-cü ildən verilməyə başlanılması heç də təsadüfi deyil.

Tofiq Əsgərov
AzVision.az



Teqlər:





Xəbər lenti