“Əfqan oyunu”nda “türk kartı”: Yeni dövrün yeni məqsədləri – TƏHLİL

      “Əfqan oyunu”nda “türk kartı”:    Yeni dövrün yeni məqsədləri –    TƏHLİL
  22 İyul 2021    Oxunub:5878
Bir tərəfdən Mərkəzi və Cənubi Asiya, digər tərəfdən isə Yaxın Şərq arasında geostrateji mövqedə yerləşən Əfqanıstan ərazisini nəzarətə götürmək uğrunda onilliklərdir regional və qlobal güc mərkəzləri arasında mübarizə gedir. Əfqanıstan əsas ticarət yollarının kəsişməsində yerləşdiyi üçün müxtəlif dövrlərdə ayrı-ayrı imperiyaların ərazisinin tərkibinə qatılıb, əldən-əldən ələ keçib, müxtəlif mədəniyyət və dəyərlərin təsirinə məruz qaldığından vahid mədəniyyət formalaşmayıb.
19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərindən Avrasiya qitəsində hegomonluq qazanmaq üçün Rusiya ilə Britaniya arasında Əfqanıstan uğrundakı mübarizə sonradan SSRİ ilə ABŞ , hazırda isə Rusiya ilə Amerika arasında gedir. Lakin SSRİ-ABŞ dövründən fərqli olaraq, hazırda geosiyasi vəziyyət dəyişib, dünya ikiqütblülükdən çoxqütblülüyə keçid edib. Hazırda regionda Çin, Pakistan, Hindistan və Türkiyə kimi kifayət qədər güclü regional mərkəzlər formalaşıb ki, həm Rusiya, həm də ABŞ bu qüvvələrlə hesablaşmağa və siyasətlərini yeni reallıqlara uyğun qurmağa məcburdurlar. Dəyişməyən bir reallıq var, o da, Əfqanıstanın əvvəlki kimi heç bir dövlətin tam nəzarətində olmamasıdır.
Moskvanın Əfqanıstana geoloji qayıdışı

ABŞ-ın liderliyi ilə qurulan koalisiyanın 2000-ci ildən bu yana Əfqanıstana silahli müdaxiləsi və 20 ildən artıq bu ərazidə yerləşmələri “Taliban” hərəkatının ölkədəki hakimiyyətinə son qoysa da, bu qruplaşmanı tamamilə oyundankənar vəziyyətə sala bilmədi. Hazırda ölkənin bir hissəsi koalisiya qüvvələrinin dəstəyilə formalaşdırılmış hökumətin, digər hissəsi isə “Taliban”ın nəzarətindədir. Hələ prezident Donald Tramp 2021-ci ilin may ayında ABŞ hərbi qüvvələrinin Əfqanıstandan çıxarılacağını bəyan etmişdi, sələfi Co Bayden də bu qərarı qüvvədə saxlayıb. Qoşunların çıxarılmadı sentyabr ayında başa çatmalıdır. “Taliban”ın silahlı qüvvələri hazırda amerikalıların tərk etdiyi əraziləri öz nəzarətinə keçirməyə başlayıb və hökumət qüvvələri terrorçulara müqavimət göstərməkdə acizdirlər.

Arayış: “Taliban” təşkilatı vaxtilə SSRİ-nin Əfqanıstana hərbi müdaxiləsi və ölkədə aparılan sekulyarizm siyasətinə qarşı etirazlardan istifadə edən ABŞ-ın dəstəyi və Birləşmiş Ərərb Əmirlikləri ilə Səudiyyə Ərəbistanının iştirakıyla dini ideologiya əsasında qurulmuşdu. Lakin sonradan amerikalıların özlərini “işğalçı” elan edərək, onlara qarşı mübarizəyə qalxdı. Bu dəfə isə taliblərə Rusiya, İran və hətta Pakistan da dəstək göstərməyə başladılar. Çoxmillətli Əfqanıstanın 36 milyonluq əhalisinin təxminən yarısını puştun millətinin nümayəndələri təşkil edir. “Taliban” da əsasən puştunlardan formalaşdırılıb. Puştunlardan əlavə, Əfqanıstan əhalisinin 23 faizi taciklər, 10 faizi xəzərilər, 9 faizi özbəklər və türkmənlər, bəluclar kimi azsaylı millətlərdən ibarətdir. “Taliban” hərəkatından əlavə, digər millətlərin formalaşdırdığı nisbətən kiçik silahlı qruplaşmalar da Əfqanıstan ərazisində fəaliyyət göstərir və müəyyən ərazilərə nəzarət edirlər. “Taliban” təşkilatı bir çox dövlətlər tərəfindən terror qruplaşması kimi tanınsa da, beynəlxalq münasibətlərin subyekti kimi çıxış edir, Əfqanıstanla bağlı məsələlərdə bu təşkilatla danışıqlar aparılır və rəyləri nəzərə alınır. BMT-nin məlumatına görə, dünya üzrə tiryək (opium) narkotik vasitəsinin təxminən 90 faizi Əfqanıstan ərazisində istehsal olunur, əsas əkin yerləri də “Taliban”ın nəzarətində olan ərazilərdir. Qruplaşmanın narkotik maddələrin ixracından əldə etdiyi illik gəlir 10 milyardlarla dollarla ölçülür.

Amerika qoşunları Əfqanıstandan çıxdıqdan sonra Türkiyənin bu ölkədə qalıb, asayişin təmin edilməsi üçün hökümətə dəstək göstərmək istəyinin Vaşinqton tərəfindən müsbət qarşılanması və bu məqsədlə 120 milyard dollar ayırması ABŞ-ın regionda güddüyü yeni geosiyasi strategiyasının göstəricisidir. Əslində bu strategiya son 10 ildə icra olunmaqdadır və görünən odur ki, Səudiyyə Ərəbistanı ilə Qətər arasında münasibətlərin pozulması, Türkiyənin Qətəri dəstəkləyərək, Ər-Riyadla yollarını ayırması da yürüdülən strategiyanın tərkib hissəsi idi. ABŞ öz ənənəsinə sadiq qalaraq, bir regionda güclü koalisiyanın yaradılmasına imkan vermir, parçalayaraq, özünə regional rəqiblərin yaranmasının qarşısını alır.


Güman ki, Vaşinqton Əfqanıstanda əsas tərəfdaş kimi Türkiyə-Qətər ittifaqını seçib və artıq Səudiyyə Ərəbistanının xidmətlərindən imtina etmək qərarına gəlib. 10 ildən artıqdır ki, Əfqanıstan ordusuna türkiyəli mütəxəssislərin təlim keçməsilə yanaşı, Əfqanıstanın ayrı-ayrı əyalətlərində idarəetmə və bürokratik aparatın formalaşması da Türkiyənin dəstəyi ilə reallaşır. Əfqan ordusu üçün təlimlərin keçirildiyi digər əsas məkan isə, Amerika tərəfindən Qətər ərazisində yaradılmış xüsusi təlim düşərgəsidir. Bundan əlavə, Türkiyənin həm rəsmi, həm də xüsusi xidmət orqanları səviyyəsində Əfqanıstan hökumətilə yanaşı, “Taliban” qruplaşmasının rəhbərləri, nüfuzlu şəxslərilə də münasibətləri formalaşıb.

Türkiyənin Əfqanıstandakı əsas missiyasının bir tərəfdən siyasi, digər tərəfdən iqtisadi xarakterli olacağını ehtimal etmək olar. Əfqanıstanda silahlı qarşıdurmaların aradan qaldırılması və təhlükəsizliyin təmin edilməsi üçün hökumətə tabe olan silahlı qüvvələr gücləndirilməklə yanaşı, terror qruplaşmaları da tərkisilah edilməlidir. Bundan sonra onların siyasi təşkilatlara çevrilərək, ölkənin idarəedilməsi prosesinə cəlb olunması həyata keçirilə bilər.
Türkiyənin regiondakı iqtisadi missiyası isə ondan ibarət olacaq ki, 20 ildən artıqdır müşkülə çevrilən TAPİ (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz boru kəməri) və CASA-1000 layihələrinin nəhayət, reallaşmasına nail olunsun.


Türkmənistan qazının Əfqanıstana, Əfqanıstandan Pakistana, oradan isə Hindistana ixracını nəzərdə tutan dəyəri 10 milyard dollar olan TAPİ layihəsi bütün iştirakçı dövlətlərlə yanaşı, ABŞ-ın maraqlarına cavab versə də, ölkələr arasındakı münasibətlərdəki gərginlik (Pakistan-Hindistan), Əfqanıstandakı qeyri-sabit vəziyyət, həmçinin, Çin, Rusiya və İranın bu layihəyə qarşı olması Trans-Əfqanıstan qaz xəttinin reallaşmasını hələ ki, mümkünsüz edir. Bu layihənin reallaşması Türkmənistana imkan verəcək ki, Rusiya və Çinin təsirindən çıxsın. Türkmən qazının yeganə alıcıları kimi Rusiya ilə Çin artıq qazın qiymətini diqtə etmək üstünlüyündən məhrum olacaq, həmçinin, Aşqabad əlavə gəlir əldə etməklə, Pekilə Moskvanın siyasi təsirindən qurtulacaq. Gələcək 10 il üçün dünyanın əsas inkişaf edən iqtisadiyyatının Hindistan, ardınca isə Pakistan olacağı üçün bu dövlətlərin təbii qaza ehtiyacı artacaq. Bu iki iqtisadiyyatın qazla təminatı onların uğurlu inkişafına və Çinlə rəqabətə girməsinə imkan yaradacaq ki, nəticədə Pekinlə ayaqlaşa bilən güc mərkəzləri formalaşacaq. TAPİ layihəsi eyni zamanda inkişaf edən Hindistan iqtisadiyyatının İranın enerji resurslarından asılılığına imkan verməyəcək. Digər tərəfdən, Özbəkistan və Qazaxıstanın da gələcəkdə bu marşruta qoşulma imkanları həmin iki dövlətin Rusiya və Çinin iqtisadi asılılığından çıxması deməkdir.

CASA-1000 layihəsi isə Tacikistan ilə Qırğızıstanın yüksək dağlıq hissələrindən axan çayların hesabına əldə ediləcək elektrik enerjisinin eyni marşrut üzrə qonşu dövlətlərə satışını nəzərədə tutur. Beləliklə, bu layihələr hesabına ABŞ bütünlükdə Orta Asiya və Qazaxıstanı Rusiyanın iqtisadi asılılığından çıxarmağa çalışır. Türkiyə bu mənada dövlətlərarası koordinasiya səlahiyyətlərini həyata keçirəcək. Ankara rəsmilərinin adları çəkilən ölkələrin rəhbər şəxslərilə intensiv görüşlərinin səbəbləri məhz bununla bağlı ola bilər.

Türkiyənin bu proseslərdə əsas qazancı icra olunacaq layihələrə türk şirkətlərinin cəlb olunması ilə əlavə gəlir əldə olunması və regionda əsas nüfuz sahibinə çevrilməsidir.

Tofiq Vahid

Azvision.az



Teqlər: Əfqanıstan   Türkiyə  





Xəbər lenti