Beyin, boğaz və ürək adamı: Akif İslamzadənin 73 yaşı tamam olur

 Beyin, boğaz və ürək  adamı:  Akif İslamzadənin 73 yaşı tamam olur
  08 Avqust 2021    Oxunub:3873
İstedadlı müğənni, böyük sənətkar, gözəl və maraqlı insan Akif İslamzadənin 73 yaşı tamam olur. Xüsusi istedad sahibi olan insanların sayı çox deyil. Biz adətən onları uzaqdan tanıyırıq. Hansıylasa yaxından tanış olanda bəzən təsəvvürlərimiz alt-üst olur, xəyallarımızda idellaşdırdığımız böyük insanın həyatda adi bir fərd olduğunu görür, heyrtlənirik.
Bu yaxınlarda bir yazıçının digər qocaman yazıçı haqqında oçerkini oxudum. Gənc yazıçı son dərəcə pərəstiş etdiyi xalq yazıçısı ilə təsadüfən bir maşında yol getməli olur və ondan gözəl, maraqlı, səviyyəli ədəbi söhbətlər umur. Amma qocaman xalq yazıçısı yol boyu susur, ayrılanda son dərəcə bəsit bir məişət tövsiyəsi verir: “Çalış həmişə zapasda pulun olsun”.

Akif Qədir oğlu İslamzadə 1948-ci ildə Bakıda musiqiçi ailəsində dünyaya gəlib. Xanəndə Sara Qədimovanın ilk övladı olan Akif İslamzadə 12 yaşında Azərbaycan Televiziya və Radiosunun uşaq xorunun solisti kimi Ağabacı Rzayevanın "Çoban Qara" mahnısını səsləndirib. Bu mahnı hələ də Azərbaycan Teleradio Şirkətinin "Qızıl Fondu"nda saxlanılır. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayan Akif İslamzadə 1979-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İxtisasca istehlakçı mühasibdir. 1976-cı ildə Azərbaycan Dövlət Tele-radio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992–1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub. Mahnılarından "Sarı gəlin" və "Bu gecə" diqqətləri cəlb edib.

Böyük sənətkar Akif İslamzadənin səsinin tutulması isə bütövlükdə Azərbaycan mədəniyyəti üçün faciə hesab oluna bilər. Lakin Akif İslamzadənin səsi, unudulmaz ifası və mahnıları tarixə əbədi həkk olunub.

6 may 2016, 1 may 2017 və 9 may 2018-ci ildə Prezident Mükafatına, 10 may 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb. 120-dən çox mahnının ifaçısıdır” , - "Vikipediya" yazır.


Amma mən Akif İslamzadəni 1982-ci ildə Rəsul Rzaya və Nigar Rəfibəyliyə həsr olunmuş televiziya proqramında ifa etdiyi “Ala gözlüm” mahnısı ilə tanımışam. Mahnının sözləri Nigar Rəfibəylinin, musiqisi Emin Sabitoğlunundur. Həmin verilişdə Akif İslamzadəni bəstəkarın özü royalda müşayiət edirdi. Mahnının və ifanın təsiri o qədər güclü olmuşdu ki, ertəsi gün hamı (söhbət, əlbəttə, əsl sənəti dərləndirmək qabiliyyətində olan insanlardan gedir) onun təsirindəydi. Hər kəs bu mahnını zümzümə edir, ondan danışırdı:
Ala gözlüm, səndən ayrı gecələr
Bir il kimi uzun olur, neyləyim?!
Bağçamızda qızılgüllər hər səhər
Tezdən açır, vaxtsız solur, neyləyim?!

Etiraf edək ki, o zamanlar Akif İslamzadə kimi estrada müğənnilərini Azərbaycanda hər kəs anlamırdı. Bu tendensiya, təəssüf ki, elə indi də qalır. Əksəriyyət, xüsusilə də, əyalət camaatı televiziyaya, radioya o qədər də buraxılmayan ara müğənnilərini dinləyir, onlara pərəstiş edir, onların kassetlərinə qulaq asırdı. Filarmoniyada Rəşid Behbudov, Mİrzə Babayev, Şövkət Ələkbərova, Flora Kərimova, Oqtay Ağayev, Hüseynağa Hadıyev, Akif İslamzadə kimi bəstəkar mahnıları ifa edən savadlı və səviyyəli estrada müğənnilərinin deyil, Niyaməddin Musayev, Ağadadaş Ağayev, Baloğlan Əşrəfov, Qədir Məmmədov kimi mənşəyi naməlum bəsit Şərq (ərəb, fars, hind) melodiyalarını azərbaycanlaşdırıb oxuyan həvəskar (yəni təhsilsiz) ifaçıların konsertləri anşlaqla keçirdi. Bu, əlbəttə, millətimizin böyük qüsurudur, ancaq neyləmək olar, hal-qəziyyə budur.

Belə bir şəraitdə Akif İslamzadənin təkcə elitar zümrənin deyil, həm də əyalət insanının qəlbinə yol tapması unikal və sevindirici bir hadisə idi. Onun oxuduğu “Ötən günlərimi qaytaraydılar”, “Xoşum gəlir”, “Saçlarına gül düzüm”, “Hər şey gözəldir həyatda”, “Sarı gəlin”, “Gəl bizim dağlara”, “Bura Vətəndir”, “Girdim yarın bağçasına”, “Ay Laçın” və digər mahnıları qısa müddətdə əhali arasında çox sevildi. Özündə həm milli koloriti, muğam və aşıq musiqisi elementlərini, həm də peşəkar Avropa musiqisi notlarını özünəməxsus şəkildə birləşdirən gözəl, ahəngdar səsi, orijinal ifaçılıq manerası çoxlarının xoşuna gəlirdi.

Akif İslamzadənin yetişməsində onun anası, əslən Ağdamın Gülablı kəndindən olan peşəkar muğam ustası Sara Qədimovanın rolu danılmaz idi. Amma Akifin boğazında təkcə Qarabağ muğamının deyil, Bakı muğam məktəbinin xırdalıqları, şirinliklər və onların estrada musiqi ilə sintezi də vardı. Sonralar Akif İslamzadə ilə şəxsən tanış olanda və maraqlı söhbətlərini dinləyəndə onun görkəmli muğam ustası Hacıbaba Hüseynovun böyük vurğunu olduğuna şahidlik etdim. Akif bəy Hacıbaba Hüseynovu elə-belə, boğazdan yuxarı tərifləmirdi, onun sənətini həm də çox həvəslə və elmi izahlarla təhlil edir, muğamın, ifanın, səsin, musiqi duyumunun hissi və əqli incəliklərindən, hər kəsin duya, eşidə və qiymətləndirə bilmədiyi xırdalıqlardan danışırdı.

Akif İslamzadə Azərbaycan xalqının ürəyini çox sürətlə fəth etdi və bu yolda maneəsiz irəliləyirdi. Ancaq bildiyimiz kimi, yüksək sürət çox zaman qəzalara yol açır. Günlərin bir günü xalqımız dəhşətli bir xəbərdən sarsıldı. Bəli-bəli! Mən qətiyyən pafosla danışmıram, gurultudan, atəşfəşanlıqdan heç xoşum da gəlmir. Ancaq xatırladığım qədəriylə Akif İslamzadənin səsinin batmasını Azərbaycan xalqı, xüsusilə, mənim də təmsil etdiyim rayon camaatı, yəni əyalət zümrəsi böyük həyəcan və üzüntü ilə qarşıladı. Hamı kədərləndi, “hayıf, gözəl səsi vardı” dedi. Bir müddət müalicə olunması və səsinin açıqlmasıya bağlı xəbərlər dolaşdı. Müğənninin özü isə bir müddət görünmədi, hamını intizarda qoydu.

Akif İslamzadə bir də yenidənqurmanın gətirdiyi “aşkarlıq” və “demokratiya” dalğasında ortaya çıxdı. Ancaq bu dəfə mahnılarıyla yox, qəzetlərə verdiyi müashibələrlə, özünəməxsus şirin Bakı dialektində xırıltılı səsiylə danışdığı televiziya proqramlarında. Akif İslamzadənin həyatı, yaradıcılığı, sənəti haqqında danışdıqları insanlarda heç də oxuduqlarından az maraq oyatmırdı. O, bir ziyalı olaraq ölkədə baş verən ictimai-siyasi hadisələrə də toxunur, mədəniyyətimizlə bağlı əhəmiyyətli problemlərdən danışırdı.

Deyilənə görə, Akif İslamzadə 1992-1993-cü illərdə Bakı şəhəri Baş Mədəniyyət İdarəsinin rəisi olub. Ancaq şəxsən mənim bundan xəbərim olmayıb. Həmin dövrdə Akif bəyin fəaliyyətindən xəbərsiz olmuşam. Mətbuatda və televiziyada çıxışlarını izləməmişəm. Görünür, başını aşağı salaraq işiylə məşğul olub və özünü reklam etməyib.


Akif İslamzadə ilə tanışlığımız ötən əsrin 90-cı illərinin əvvəllərinə təsadüf edir. Bizi dostlar bir məclisdə tanış etdilər. Xeyli söhbət etdik və demək olar ki, hər şeydən – sənətdən, siyasətdən, ictimai proseslərdən danışdıq. Akif İslamzadə çox səmimi, eyni zamanda bilikli, maraqlı həmsöhbət idi. O, əsl əhli-hal idi. Biz söhbətdən doymur, Akif İslamzadəni buraxmaq istəmirdik.

Onunla sonralar da bir neçə dəfə görüşüb, maraqlı söhbətlərindən həzz aldım. Akif İslamzadə deyirdi ki, yaxşı müğənni və ya xanəndə olmaq üçün üç mühüm şərt var: beyin, boğaz və ürək. Əgər bunlardan biri yoxdursa, oxuduqlarında əskiklik olacaq. Musiqini gərək dərk və hiss edəsən. Ondan sonra oxumağa səs imkanların, yəni boğazın olsun. Biz ona öz səviyyəmizdə müəyyən sadəlövh suallar verirdik. Məsələn, soruşurduq ki, filankəs necə müğənnidir? Cavab verirdi ki, necə nazirdirsə, elə də müğənnidir. İbrahim Tatlısəs necə oxuyur? Cavab verirdi ki, boğazı və ürəyi var, amma beyni yoxdur. Ona görə də, oxuduqlarının ömrü qısadır.

Akif İslamzadə ilə iki dəfə yol yoldaşı da olmuşuq. 1994-cü ildə Naxçıvandan Bakıya gələrkən təyyarədə qarşılaşdıq. O zaman Bakı-Naxçıvan təyyarə reyslərində durum çox acınacaqlı idi. Bilet almaq, təyyarəyə minmək üçün son dərəcə ibtidai proseslərdən keçmək tələb olunurdu. Təyyarənin salonu isə kənd avtobusunu xatırladırdı. Bakıya toyuq, hinduşka, yumurta, pendir, cübəcür meyvə və çərəzlər daşındığından salonda xoşagəlməz iy, üfunət olurdu. Akif bəylə səmimi salamlaşıb, yanaşı əyləşdik. O, ətrafı qoxlayaraq özünəməxsus Bakı ləhcəsində dedi: “Bu nədi, alə, buradan küftəbozbaş iyi gəlir ki...”

Bir dəfə onunla bir neçə gün Yevlaxda və Bərdədə səfərdə olmuşuq. Yevlaxlı bir dostumuz dəvət etmişdi. Səfər Akif bəyi rayon ictimaiyyəti ilə yaxından tanış etmək, görüşünü təşkil etmək məqsədi daşıyırdı. Yevlax Mədəniyyət Evində təşkil olunan tədbirdə böyük müğənni ilə yanaşı oturmuşduq. Tədbirə giriş üçün maqnitofonda onun çox da populyar olmayan bir ifasını səsləndirdilər. Akif bəy mahnıya bir az qulaq asdıqdan sonra mənə tərəf dönüb ciddi tərzdə soruşdu: “Bu nədü, alə, bunu mən oxumuşam?..” Sonra yenə musiqini dinləməyə davam etdi.

Akif İslamzadə ifaları teleradionun Qızıl Fondunda qorunan görkəmli sənətkar, unikal səsə və istedada malik Azərbaycan müğənnisidir. Onun adı Azərbaycan müsiqi mədəniyyətinin, ifa sənətinin daşıyıcıları olan Bülbül, Rəşid Behbudov, Mirzə Babayev, Şövkət Ələkbərova, Hacıbaba Hüseynov, Sara Qədimova, Rübabə Muradova, Flora Kərimova, Mirzə Babayev, Oqtay Ağayev, Qədir Rüstəmov, Alim Qasımov kimi korifey sənətkarlarla bir sıradadır!

Nadir Qocabəyli
Azvision.az


Teqlər: Alif-İslamzadə   Doğum-günü  





Xəbər lenti