Qaz vuranlar qazan doldurur: Rekord bahalaşmaya səbəb nədir - TƏHLİL

  Qaz vuranlar qazan doldurur:  Rekord bahalaşmaya səbəb nədir -  TƏHLİL
  16 Sentyabr 2021    Oxunub:4259
Sentyabrın 15-də Avropanın fyuçers bazarında tarixdə ilk dəfə qazın qiyməti hər 1000 kubmetrə görə 950 dolları keçib ki, bu da gün ərzində 20%-dən çox artım deməkdir. Sonradan qiymətlər bir qədər korrektə olunsa da, gündəlik artım dərəcəsi 10%-dən çox olub. Mavi yanacağın qiymətinin sürətlə artmasının səbəbləri və onun mümkün neqativ nəticələri barədə ekspertlər müxtəlif versiyalar səsləndirirlər.
Hələ sentyabrın ilk həftəsində qaz fyuçerslərinin məzənnəsi 660 dollar təşkil edəndə əksər analitik mərkəzlər qiymətlərin daha da artacağını və buna əsas səbəb kimi ilk növbədə Avropadakı yeraltı qaz anbarlarında ehtiyatların əhəmiyyətli dərəcədə az olduğunu göstərirdilər. Bu məqam ötən soyuq qış mövsümündə daha çox sərf olunan ehtiyatların isti keçən cari yayda bərpasındakı astagəlliklə izah edilir.

Dünən "mavi yanacağ"ın məzənnəsi ətrafında yaşanan eksesslər həmin proqnozların dəqiqliyini sübuta yetirməklə yanaşı, Avropanın üzləşə biləcəyi fəsadlarla bağlı narahatlıq da yaradıb. KİV-lər Avropada qazın qiymətindəki artımın bütün dünyada gedən proseslərə təsir göstərəcəyini, sənayedə ciddi dəyişikliklərə gətirib çıxaracağını və hətta Avropada ictimai iğtişaşların baş verə biləcəyini istisna etmirlər.

Fantastik bahalaşmanın daha bir vacib səbəbi üzümüzə gələn qışın sərt olacağı gözləntisidir. ABŞ-ın “CNBC” telekanalı bu gözləntinin Qrenlandiyadakı hava şəraitindən asılı olduğunu bildirib. Məşhur “Bespoke Weather” şirkətinin baş metereoloqu Brayn Lavern görə, ilk əlamətlər qışın məhz sərt olacağından xəbər verir.



Ötən qışın yeraltı qaz anbarlarındakı ehtiyatları tükəndirdiyini, onalın yerinin doldurulması tempinin isə ləng olduğunu yazan Britaniyanın “Fianacial Times” qəzeti, sonuncu məqamı Rusiyanın Avropaya az həcmdə qaz tədarük etməsilə bağlayır. Rusiyanın bu siyasətinin arxasında həm daxili tələbatın təminatı üçün öz anbaralarını doldurması reallığının, həm də “Şimal Asxını-2” qaz kəmərinin işə salınması üçün Almaniya da daxil olmaqla, Avropa ölkələrinə təzyiq göstərmək cəhdinin dayana biləcəyi vurğulanır.

Almaniyanın №Wirtscaftswoche” işgüzar nəşri bu kontekstə Rusiyanın “Qazprom” şirkətinin “yaxşı silahlandığını” və tezliklə almanlarda “Şimal axını-2” layihəsi işə salınmasa, qışlamağın çox çətin olacağı təəsüratı yarada biləcəyini yazır. Ona görə də hadisələrin bu məcrada inkişafı Rusiyanın inhisarçı “Qazprom” şirkətinin əlinə oynayır. Çünki “Qazprom” avropalılardan fərqli olaraq, qışın gəlişini rahat gözləyə bilər və bu ona əlavə əhəmiyyətli dividendlər gətirəcək.



Moskvanın geosiyasi planalarına və bu yöndə atdığı addımlara daim şübhə ilə yanaşan Polşanın “Biznes Alert” informasiya portalı öz növbəsində Ukraynadan yan keçən “Şimal axını-2” qaz kəmərinin istismara verilməsinin Rusiya-Ukrayna münaqişəsinə gətirib çıxara biləcəyini yazır.

Avropada qazın qiyməti hələ 650 dollar olanda Rusiya prezidenti Vladimir Putin Moskvanın ünvanına səsləndirilən ittihamlara cavbında bu məsələdə məsuliyyəti Avropa Komissiyasının əvvəlki tərkibinin üzərinə qoymuşdu.

"Avropanın azad bazarında xam qazın 1000 kubmetri 650 dollara satılır. Rusiya qazının məzənnəsi neft qiymətlərinə bağlı olduğundan dəyişmələr daha yumşaq şəkildə baş verir. Uzunmüddətli müqavilələrə və qiymət formalaşdırılmasında bizim prinsiplərimizə əsasən, “Qazprom” bu qiymətə satışlar aparmır. Bizimlə uzunmüddətli kontraktlar bağlamış Avropa ölkələri yalnız sevinə bilərlər, yoxsa indi onlar da 650 dollar ödəməli olacaqdılar. Elə Almaniyanın özünə də qazı 220 dollara satırıq. Hər halda son vaxtlara qədər belə idi. Neftin qiyməti artdıqca bu məzənnə də artacaq, amma yumşaq şəkildə”- Putin qeyd edib.



Moskvanı günahlandıranlara cavab olaraq əksər rusiyalı anailitklər qədim qitənin üzləşdiyi problemin əsas səbəblərindən biri kimi diqqəti Avropa İttifaqının öz bazarlarını liberallaşdırmaq siyasəti çərçivəsində Rusiyanın təsirini azaltmaq ətrafında apardığı oyunlara yönəldirlər.

" Son 12 ildə Avropa İttifaqı öz enerji, o cümlədən də qaz bazarlarına Rusiyanın təsirini hər vəchlə azaltamağa çalışırdı. Brüssel istəyirdi ki, İttifaqın iqtisadiyyatı, o camlədən enerji bazarları liberallaşsın. İstədiklıərinə nail oldular. İndi onlar öz səylərinin bəhrəsini dadırlar. Bu baxımdan, onların narazılıqlarını eşitmək təəccüblüdür. Məncə, onlar uğur qazanıblar və bununla bağlı bir-birinin yaxalarına ordenlər taxmalıdırlar” - rusiyalı analitik Aleksandr Frolov bildirib.

Maraqlıdır ki, hazırda “Şimal axını-2” layihəsinə ümid bəsləyənlər də panika içərisindədirlər. Çünki bu qaz kəmərinin təkcə sertifikatlaşdırılmasına 4 aya qədər vaxt gedəcəyi nəzər alınsa, onda avropalıların narahatlığı tam başa düşüləndir.

Son illər Avropanın kömürlə işləyən elektrik stansiyalarından tədricən imtina etməsi vəziyyəti daha da ağırlaşdırır. Britaniya və bir sıra Avropa ölkələri elektrik enerjisinin istehsalında getdikcə daha çox hava trubinlərinə güvənsəslər də, son vaxtlar küləksiz iqlim şəraiti qaza tələbatı artırır.

Bununla yanaşı, quraqlıq şəraitində Latın Amerikasının mayeləşdirilmiş qaza ehtiyacının artması Amerikadan bu yanacağın yetərli həcmdə Avropaya ixracını mane olur.

Əksər nəşrlər yaranmış vəziyyətdə böyük sənaye istehlakçılarının enerji xərclərinin daha da artması ilə üzləşəcəklərini qeyd edirdilər. “Financial Times” nəşri bu məsələdə Avropa ilə müqayisədə Böyük Britaniyanın mövqeyinin daha zəif olduğunu bildirir. “Energy Contract Company” konsaltinq şirkətinin əməkdaşı Nayl Trimbl qeyd edib ki, Böyük Britaniya yalnız fiziki yox, həm də siyasi baxımdan kəmərin faktiki olaraq sonunda yerləşir.



Analitiklərin açıqlamalarına istinad edənn, “Bloomberq” agentliyi öz növbəsində mavi yanacağın yüksək qiymətinin sənayedə dayanmalara, hətta inkişaf etməkdə olan ölkələrdə elektrik enerjisinin kəsilməsinə gətirib çıxara biləcəyini xəbər verir. Avropa və Asiyanın ağır sənayesindəki böhran tezliklə siyasi və makroiqtisadi sahələrə sirayət edə bilər.

“Eurasia Group” analitik mərkəzinin analitikləri bazar iqtisadiyyatının formalaşması prosesi gedən bir çox ölkələrdə yanacağın və enerjinin parakəndə qiymətlərinin azacıq artımının belə ciddi iqtisadi çətinliklər və ictimai iğtişaşlarla nəticələnəcə biləcəyini qeyd edirlər.

Bu müstəvidə yaşanan hadisələrin məntiqi sonluğu olaraq Ukraynanın oyundan kənarda qalacağı, başqa sözlə, onun dövlət maraqlarının qurban veriləcəyi istisna deyil. Necə deyərlər: “qazan qazanla döyüşər, ortada güvəc çatlayar”.

Sahil İsgəndərov, politoloq
Azvision.az


Teqlər: Avropa   Qaz  





Xəbər lenti