Paralel olaraq Silahlı Qüvvələrdə olan texnika və silahların təmiri, təkmilləşdirilməsi və onlar üçün ehtiyat hissələrin hazırlanması prosesləri həyata keçirilməyə başlandı. Uzunmüddətli müharibənin aparılmasını təmin edəcək silah-sursat ehtiyatları yaradıldı. Yerli istehsalı mövcud olmayan silah və sursatlar digər ölkələrdən ixrac edildi.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin mütəxəssisləri 1200 adda müxtəlif növ silah sistemlərinin, o cümlədən, atıcı silahların (xüsusilə, snayper tüfənglərinin), sursatların, optik cihazların, minaların, aviasiya bombalarının, zirehli maşınların, kəşfiyyat-patrul maşınlarının, “Orbiter”, “Aerostar-BP”, “Pegasus” və “İtiqovan” tipli pilotsuz uçuş aparatlarının və digər hərbi təyinatlı avadanlıqların kütləvi istehsal prosesini tam mənimsəyiblər.
Bu dəfə oxuculara Vətən Müharibəsində uğurla stifadə edilən aviasiya bombaları barədə məlumat verəcəyik.

2017-ci ilin mayın 9-dan 12-dək İstanbul şəhərində keçirilən və Müdafiə Sənayesi Nazirliyinin (MSN) də təmsil olunduğu IDEF-2017 Beynəlxalq müdafiə sənayesi sərgisi çərçivəsində nazirliyin Elmi-Tədqiqat İnstitutu, “Optika-Mexanika” və “Cihaz” istehsalat birlikləri ilə Türkiyənin ASELSAN və TUSAŞ şirkətləri arasında müdafiə təyinatlı məmulatların birgə istehsalına dair niyyət protokolları imzalanmışdı. Müdafiə Sənayesi Nazirliyinin müəssisləri ilə Türkiyənin ASELSAN şirkəti arasında əməkdaşlıq haqqında imzalanan protokola əsəsən, qurumlararası təcrübə mübadiləsi və birgə müəssisələr yaradılması nəzərdə tutulurdu. Məhz bu əməkdaşlıq nəticəsində MSN-nin istehsal etdiyi QFAB (qəlpəli fuqas tipli aviasiya bombası) sinifindən olan müxtəlif aviasiya sursatlarını daha “ağıllı” və yüksək dəqiqliyə sahib müasir vasitələrə çevrilməsi mümkün oldu. Bu sursatlara ASELSAN şirkətinin lazer tuşlama başlıqları quraşdırıldı.
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan QFAB-250 LG aviasiya bombasının inert nümunəsi “IDEF-2019” sərgisində ilk dəfə nümayiş etdirilmişdi. NATO standartlarına uyğun yaradılan QFAB-250 LG aviasiya bombaları 12000 metrədək məsafədən hədəfi maksimum 10 metr yayınma ilə vurmaq imkanına malikdir. Bombanın uzunluğu 3300 mm, diametri 240 mm, kütləsi isə 270 kq-dır.

Bundan başqa, Müdafiə Sənayesi Nazirliyinin eyni zavodunda sabit hədəfləri məhv etmək üçün nəzərdə tutulan 203 mm çaplı QFAB-50 İSAB özütuşlanan aviasiya bombasının inkişafı da həyata keçirmişdi. 203 mm çaplı QFAB-50 İSAB bombasının uçuş məsafəsi təyyarənin sürətindən asılı olaraq 10 km-dən 60 km-ə qədər dəyişir. Uzunluğu 1600 mm, diametri 230 mm olan bombanın kütləsi isə 65 kq-dır.
Hər iki bomba daxili təlabatın ödənilməsi və ixrac üçün nəzərdə tutulurdu. Yuxarıda adları çəkilən QFAB-250 aviasiya bombası həm sərbəst enən sadə, həm də lazerlə tuşlanan (LG) versiyalarında Azərbaycan Hərbi Hava Qüvvələrinin silahlanmasına qəbul edilib.
QFAB-250 və QFAB-250 LG bombaları Vətən Müharibəsində hərbi pilotlarımızın peşəkarlığı sayəsində düşmən obyektlərinin sıradan çıxarılmasında ilk dəfə və uğurla tətbiq edildi. Sonradan isə hər iki bombadan cəbhənin şimal və cənub-şərq istiqamətlərində bir neçə dəfə müxtəlif hədəflərə qarşı istifadə edildi. Müdafiə Nazirliyi də bombanın tətbiqinə aid vizual görüntülər paylaşdı. Görüntülərin əldə edilməsi zamanı uzun müddət bombanın məhv etdiyi ərazinin kameranın fokus dairəsində saxlanılması yeni bombanın düşmənə vurduğu ziyanın miqyasını dəyərləndirmək məqsədi daşıyırdı.
Azərbaycan pilotları müharibədə başqa ölkələrin istehsalı olan sursatlardan da istifadə edib. Onlar barədə isə növbəti təhlillərdə məlumat veriləcək.
2018-ci ildə Azərbaycan sənayesi artıq eskperimental taktiki raket istehsalına da start verildiyini açıqlamışdı. Tuşlanmasında İNS və GPS sistemlərindən istifadə edilən raket ETR-M (eksperimental taktiki raket) adlanırdı. Raketin çapı 203 mm, ümumi kütləsi 250 kq, döyüş başlığının kütləsi 50 kq-dir, uzunluğu 2400 mm, uçuş məsafəsinin isə 10 km-dən 60 km-ə qədər olduğu elan edilmişdi. Start mühərrikinin işləmə müddəti 1.1 saniyə, mars mühərrikinin işləmə müddəti isə 200 saniyədən az deyildi. Raketin tuşlanmasında İNS və GPS sistemlərindən istifadə edilir. Raket bir neçə moduldan ibarətdir. Modulların hər birini ayrılıqda sökmək, dəyişmək mümkündür.
Raketin atıcı qurğusunun Azərbaycanda istehsal edildiyi də məlum idi, lakin hazırda bu layihənin taleyi barədə rəsmi məlumat mövcud deyil. Ümid edirik ki, ADEX-2022 sərgisində taktiki raketin tətbiqinə və ya sınaqlarına dair ictimaiyyətə yeni məlumatlar veriləcək.
Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün