Qorxulu qış: Moldovanı donmaqdan kim xilas edəcək?

  Qorxulu qış:  Moldovanı donmaqdan kim xilas edəcək?
  30 Oktyabr 2021    Oxunub:2186
Sərt keçəcəyi proqnozlaşdırılan qış ərəfəsində Avropa birjalarında təbii qazın məzənnəsinin misilsiz artması qoca qitənin kasıb ölkələrini mavi yanacaqla təchizat baxımından ciddi problemlərlə üzləşdirib. Belə ölkələrdən biri də Moldovadır. Vəziyyətin nə dərəcədə kritik olduğunu və bunun səbəblərini cəmiyyətə çatdırmaq üçün Moldovanın prezidenti Mayya Sandu xalqa müraciət edib.
Xanım Sandu hazırda yalnız Moldovanın üzləşmədiyi bu çətin problemin həlli üçün bütün mümkün vasitələrdən istifadə edəcəyini açıqlayıb. O, böhranın əsas səbəbi kimi təbii qazın tədarükü ilə bağlı yaranan çətinlikləri və son bir neçə ayda dünya bazarlarında qazın qiymətinin 5-6 dəfə artmasını göstərib. Ölkənin düşdüyü vəziyyətdə əvvəlki məsuliyyətsiz hökumətlərin korrupsiya sxemlərini tənqid edən prezident hazırda Moldovanın Rusiyanın “Qazprom” şirkətindən yetərli həcmdə qaz ala bilmədiyini, daha doğrusu Rusiya inhisarçısının bu həcmi satmaqdan boyun qaçırdığını vurğulayıb. Nəticədə Kişinyov indiki bazar qiymətləri ilə "mavi yanacaq" almaq məcburiyyətində qalıb. Amma belə alış-veriş həm dövlət büdcəsinə baha başa gəlir, həm də böhranı köklü şəkildə həll etməyə imkan vermir. Belə vəziyyətdə sösüz ki, Moldova çox duruş gətirə bilməz.

Ona görə də, xanım Sandu ölkənin ən vacib tərəfdarlarına müraciət etdiyini və yaranmış böhranla mübarizədə Moldovanın tək qalmaycağı barədə vədlər aldığını bildirib. "Əminəm ki, ağır qışdan sonra işıqlı yaz gələcək" deyən Moldova prezidenti Rumıniya, Polşa, Almaniya və Azərbaycanın dəstəyini almağa ümidlidir. O, Vyanaya səfəri çərçivəsində Avropa İttifaqının yüksək vəzifəli məmurları ilə bu yöndə danışıqlar apardığını söyləyib.

Kreml: “Sandu Moldovanın prezidenti seçilməyib”
Əslində bu müraciət çərçivəsində Kişinyovun dadına çata biləcək ən real aktor Azərbaycandır. Əvvəla ona görə ki, Azərbaycan təbii qaz tədarükçüsü kimi Avropanın enerji təhlükəsizliyinin təminatında vacib amilə çevrilib. İkincisi, Azərbaycan GUAM çərçivəsində Moldova ilə tərəfdaşlıq edir. Daha bir vacib məqam xanım Sandunun dəstək üçün müraciət etdiyi ölkələrin özünün Rusiya qazından asılı olmalarıdır. Bu baxımdan, “kömək” çərçivəsində həmin ölkələrdən elə Rusiya qazının Moldovaya reversi istisna deyil. Bu ssenari əslində “kömək” pərdəsi altında cəmiyyətdə problemin həlli illüziyasını yaradacaq. Ukraynaya münasibətdə məhz belə məzhəkənin oynanıldığı hələ yaddaşlardan silinməyib. Almaniya üçün isə “mavi yanacaq”la bağlı Avropa-Rusiya, Moldova-Rusiya münasibətlərindəki gərginlik və səsləndirilən qarşılıqlı ittihamlar “Şimal axını-2” layihəsinin nəhayət ki, istismara verilməsini şərtləndirəcək göydəndüşmə hədiyyədir.

Moskva-Kişinyov münasibətlərində gərginliyin artması ilk növbədə hələ 2008-ci ildə imzalanmış qaz kontraktının bu il sentyabrın 30-da bitməsilə bağlıdır. Avropada təbii qazın qiymətinin kəskin artımı “Qazprom”a qərbyönümlü siyasət aparan Moldova ilə alış-verişdə daha yüksək qiymətlər tələb etmək imkanı yaratdı. Yeni şərtlər çərçivəsində razılığa gələ bilməyən tərəflər müqaviləni bir ay uzatmaq qərarına gəldilər. Amma Kişinyov indi hər min kubmetr qaz üçün 790 dollardan keçməlidir. Halbuki, ötən il bu həcmə görə Moldova cəmi 150 dollar ödəyirdi. Bu qiymətin isə öz tarixçəsi var. Bir neçə il əvvəl ABŞ-ın Avropaya böyük həcmdə maye qaz tədarükü və iqlimin xeyli mülayimləşməsi, xüsusilə də qaz və elektirk enerjisi bazarlarının liberallaşdırılması yönündə Avropa Şurasının “Üçüncü enerji paketi” adlı qanun qəbul etməsi nəticəsində birjalarda qazın qiyməti aşağı düşdü. Bu fürsəti əldən verməyən ölkələr Rusiyanı uzunmüddətli kontraktlarda nəzərdə tutulan nisbətən baha qiymətlərə yenidən baxmaq məcburiyyəti qarşısında qoydular. Başqa sözlə desək, uzun müddətə imzalanan müaqvilələrdə indiyədək tətbiq olunan klassik “neft+qaz” formulundan imtina edildi.

İndi yaranmış reallıqlar fonunda Moskva nəinki əvvəlki mövqelərini geri qaytarmaq, hətta onları ağlasığmaz dərəcədə möhkəmləndirmək imkanı qazanıb və belə görünür ki, bu şansı əldən vermək istəmir. Moldova ilə hələ ki, nəticəsiz qalan danışıqlarda Moskva Kişinyovun 709 milyon dollar həcmində borcu (bura ödənişlərin gecikdirilməsinə görə hesablanan faizlər də daxildir) ödəyəcəyi halda min kubmetrə görə təyin olunmuş 790 dollarlıq qiymətdə 25% güzəştə gedə biləcəyinə də eyham vurub. Rusiya borcun dərhal yox, 3 il müddətində hissələrlə ödənilməsinə də razı olduğunu açıqlayıb. Yeri gəlmişkən, Rusiya Moldovadakı Dnestryanı separatçı quruma verilən qaza görə yığılmış borcu öz şərtləri siyahısına salmır.

Amma onsuz da kasıb olan dövlət büdcəsinin bu yükə davam gətirə bilməyəcəyini vurğulayan rəsmi Kişinyov, Rusiya ilə danışıqların qeyd-şərtsiz, xüsusilə də nə vaxtsa yığılıb qalmış borcların xatırlanmadan aparılmasını təklif edir. Bu fonda Avropa İttifaqı diplomatiyasının rəhbəri Jozep Borrel Moldovanın baş naziri Natalya Qavrilitsa ilə danışıqlardan sonra qaz tədarükündən geosiyasi silah kimi istifadə edilməsi cəhdlərinin yolverilməz olduğunu açıqlayıb.

Rusiyanı ənənəvi enerjidaşıyıcılarının tədarükü müstəvisində siyasi oyunlar aparmaqda günahlandıran “Financial Times” qəzeti isə daha da irəli gedərək, öz mənbələrinə istinadən “Avropa İttifaqı ilə azad ticarət barədə sazişdən imtina olunmasının qarşılığında “Qazprom” Moldovaya daha sərfəli qaz anlaşması təklif edib”,- yazıb.


Bir məsələ tam aydındır ki, kimin nə deməsindən və nə yazmasından asılı olmayaraq, problemi məhz Moskva ilə Kişinyov, özü də çox tezliklə həll etməlidirlər. Çünki Moldova artıq dekabrın 1-də “Qazprom”un qaz tədarükünü tam dayandırması təhlükəsinin astanasındadır.
Son zamanlar ənənəvi enerjidaşıyıcılarının alış-satışı müstəvisində yaşanan eksseslər bir daha sübut edir ki, “enerji dəyənəyi”ndən sui-istifadə halları daha da çoxalıb. Maraqlıdır ki, bu “dəyənək”dən yalnız hasilatçı yox, elə istehlakçı ölkələrin də yaralanmaq cəhdləri müasir dövrün trendinə çevrilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Moldova   qaz  





Xəbər lenti