Tom dayının yaxması

// Britaniyalı publisist erməni təbliğatının çörəyinə yağ yaxır

  Tom dayının yaxması
  11 Noyabr 2021    Oxunub:3536
İkinci Qarabağ savaşında Ermənistanın kapitulyasiasını rəsmiləşdirən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyannamənin birinci ildönümündə iki diqqətəlayiq hadisə baş verdi. Onların hər ikisi yalnız Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallığın yox, habelə regionun gələcəyi, burada marağı olan dövlətlərin, həmin ölkələrdəki müəyyən qüvvələrin hadisələrə yanşamalarının dərk edilməsi baxımından çox maraqlıdır.
Rusiyanın məşhur “Kommersant” qəzeti “Qarabağ - Qara bağ” kitabının müəllifi, britaniyalı publisist-tədqiqatçı Tomas de Vaalla müsahibə dərc edib. Maraqlıdır ki, britaniyalı publisist nəinki Qarabağ problemini araşdıran ən avtoritetli ekspertlərdən biri, həm də Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyətinə obyektiv yanaşma sərgiləyən şəxs kimi təqdim olunur. Əslində bu, həqiqətə o qədər də uyğun deyil. Buna Tomun müsahibədə səsləndirdiyi bir sıra məqamlar da şahidlik edir. Hərçənd, onun sırf qərəzli yanaşma sərgiləyən həmkarlarından fərqli olaraq, ədalətli olmağa çalışması faktdır.

Tomas de Vaalın müsahibədə səsləndirdiyi ilk həqiqət münaqişənin tənzimlənməsi yönündə 25 ilin hədər getməsi və İkinci Qarabağ savaşından sonrakı bir ildə elə də çox şeyin dəyişmədiyini vurğulamasıdır. Onun sözlərinə görə, cəmi bir il ərzində Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına inanmaq sadəlöhvlük olardı. Bu reallıq mübahisə doğurmasa da, Tomas de Vaal obyektivlik naminə məhz Ermənistanın sülh sazişini hər cür əngəlləməyə çalışdığını vurğulamalı idi.

Britaniyalı publisist bir il əvvəl razılaşma əldə olunsa da, nəqliyyat kommunikasiyalarının açılmadığını deyib. Tomas de Vaal bu müstəvidə Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın Naxçıvanla əlaqəsinin və Türkiyəyə çıxışın rəsmi Bakı üçün böyük əhəmiyyət daşıdığını, digər kommunikasiya xətlərinin açılmasının məhz bundan asılı olacağını bildirib. Bu da həqiqəti əks etdirən yanaşmalardan biridir. Amma onun minalanmış ərazilər və hərbi əsirlərlə bağlı problemin həllini hələ də tapmaması barədə sözləri etiraz doğurmaya bilməz.
Əvvəla, minalanmış ərazilərin bir hissəsinin Azərbaycana verilmiş xəritələrinin dəqiqliyin cəmi 25% təşkil etməsinə görə britaniyalı tədqiqatçı Ermənistanın məsuliyyət daşıdığına diqqət çəkmir.
İkincisi, rəsmi İrəvanın və onun havadarlarının yedəyində gedərək, atəşkəs barədə üçtərəfli Bəyannamədən 16 gün sonra Azərbaycan ərazisində saxlanılan terrorçuları hərbi əsir kimi qələmə verməklə obyektivliyini şübhə altına salır.
Hədər getmiş 25 il ərzində münaqişənin sülh yolu ilə həllini tapmamasında məsuliyyəti hər iki tərəfin ayağına yazan Tomas de Vaal yaxşı ki, heç olmasa yeddi ətraf rayonun Azərbaycana qaytarılmasında “demokratik yolla hakimiyyətə gəlmiş” Nikol Paşinyanın “gözləntiləri doğrultmadığını” bildirib. ABŞ-ın əvvəlki prezidenti Donald Trampın təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Con Boltonun leksikonundan götürülmüş bu ifadənin özü britaniyalı tədqiqatçının “obyektiv”liyinin axsadığından xəbər verir. Belə ki, kənar qüvvələrin oyunları çərçivəsində hakimiyyət kreslosuna oturdulmuş şəxsin “demokratik seçkilər yolu ilə” baş nazir seçilməsi iddiası ən azı gülməlidir. Bu mənada, Paşinyanın hakimiyyətinin birinci dövrünü legitim saymaq daha çox siyasi sifariş təsiri bağışlayır.

Britaniyalı publisist nəyə görəsə postmünaqişə dövründə münasibətlərin tənzimlənməsi və sülh sazişinin imzalanması müstəvisində məsuliyyətin ilk növbədə Azərbaycanın üzərinə düşdüyünü, lakin rəsmi Bakının münaqişəni bitirməyə və Ermənistana təzyiqləri azaltmağa can atmadığını bildirib. Onun sözlərinə görə, Azərbaycan səxavətli, sülhpərvər olarsa, hərbi əsirlər məsələsində güzəştə gedərsə, status məsələsi öz həllini taparsa, hətta Qarabağdakı kilsələrin də erməni kilsəsi yox, alban kilsələri olduğunu iddia etməzsə, Qərbi Azərbaycanla və Naxçıvanla əlaqələr məsələsi həllini tapacaq, Qarabağ ermənilərinin də xoşməramlı addımları olacaq. Onun fikrincə, Ermənistandakı revanşist ideyaların da səngiməsi məhz Azərbaycanın səxavətindən asılı olacaq. Əgər bu, obyektiv yanaşmadırsa, onda qərəzli yanaşma necə olur?

Birincisi, Azərbaycan “status” səhifəsini haqlı olaraq bağlayıb. İlk növbədə ona görə ki, rəsmi Bakı Qarabağda yaşayan ermənilərə dünyada ən geniş muxtariyyat variantı təkilf edəndə xarici havadarlarının dəstəyinə arxalanan təcavüzkar Ermənistan iki ayağını bir başmağa dirəyib, bütün təşəbbüsləri rədd etdi.
İkincisi, Ermənistanla əlaqə üçün Qarabağda Laçın dəhlizinin açılmasına icazə verməklə Azərbaycan artıq öz xoş məramını göstərib.


Bunun qarşılığında Ermənistanın nala-mıxa vurması göz qabağındadır. Belədə, Azərbaycan daha hansı güzəştlərə getməlidir? Digər tərəfdən, dünyada terrorçulara güzəştlərin hansı fəsadlara yol açdığı məşhur britaniyalı publisistə məlum deyilmi?

Üçüncüsü, 1836-cı ildə Rusiya imperatoru I Nikolayın bir imzası ilə Azrəbaycandakı bütün alban məbədlərinin erməni Apostol kilsəsinə verilərək, erməniləşdirilməsinə yaşıl işıq yandırması doğrudanmı, Tomas de Vaala məlum deyil?! Əgər xəbəri varsa, onda Azərbaycanın dediyi həqiqət niyə belə qərəzli şəkildə izah olunur?

Dördüncüsü, Azərbaycan hansı “səxavəti” nümayiş etdirməlidir? Yeri gəlmişkən, Böyük Britaniyanın da birbaşa iştirakı ilə Çexoslovakiyanın Sudet vilayəti bahasına 1938-ci ildə Münhendə faşist Almaniyasına göstərilən “səxavət” Berlinin iştahının küsməsinə, yoxsa Almaniyadakı revanşist qüvvələrin daha da həyasızlaşmasına gətirib çıxardı?

Amma təəssüflər oslun ki, elə müxbirin də təxribat xarakterli, yönləndirici “Azərbaycan Qarabağın statusunu müzakirə etmək istəmir. Üstəlik, Zəngəzurun müəyyən mənada Azərbaycan ərazisi olduğu və mülki azərbaycanlıların ora qayıtması ritorikası da səslənir. Naxçıvana yolun statusu məsələsi də münasibətlərdə stress yaradır, erməniləri qorxudur. Bu, Azərbaycanın nəyinə lazımdır?” sualına elə həmin ruhda cavab verir.
- Azərbaycanlılara bunu irad tutanda deyirlər ki, “indi biz üstün mövqeyə malikik. Ermənilər neçə il bizi ələ salıblar, indi də bizim növbəmizdir”, - Tomas de Vaal bildirib. Bu “reallıq”dan çıxış edən britaniyalı prublisistin fikrincə, iki müharibədən sonra Qarabağdakı ermənilər əlbəttə ki, Azərbaycan vətəndaşı olmaq istəməyəcəklər. Onların bu və ya digər şəkildə həmin ərazidə mövcudluğu isə yalnız təhlükəsizliyin təminatı qarşılığında mümkündür. Hazırda bu təminatı Rusiya verir.

Britaniyalı publisist “sitat gətirdiyi” azərbaycanlıların adlarını açıqlamır. Çox cüzi ehtimalla mümkündür ki, erməni faşizminin bütün dəhşətlərini öz üzərində sınamış sıravi insanlardan kimsə qəzəbi coşduğu halda bunu deyə bilər. Amma azərbaycanlılar emosional olsalar da, kin-küdurət saxlamaq və qisas hissi ilə yaşamaq hissləri bizə xas deyil. Bu baxımdan, Ermənistanın sabiq prezidenti, Xocalı faciəsinin ən fəal təşkilatçılarından və icraçılarından olan Serj Sərkisyanın dilindən əyani şəkildə “Xocalıya qədər azərbaycanlılar elə zənn edirdilər ki, ermənilər dinc əhaliyə əl qaldırmaz. Bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu” cinayətkar etirafını eşidən Tomas de Vaalın tərəflər arasında “bərabərlik” işarəsi qoymaq cəhdi çox uğursuz təşəbbüsdür. Azərbaycanda heç bir rəsmi şəxs və ictimai-siyasi xadim heç vaxt belə bəyanatlar vermədiyi və çağırışlar etmədiyi halda, Serj Sərkisyan həmin etirafı məhz Ermənistanın prezidenti olduğu vaxtda açıqlayıb.


O ki qaldı Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin təhlükəsizliyinin təminatına, britaniyalı publisist də, həmin adamlara “canıyananlıq” edənlər də bütün bu illər ərzində işğal altındakı ərazilərimizdən kənar şəhər və rayonlarda 30 minə yaxın erməni mənşəli Azərbaycan vətəndaşının yaşadığı faktını qulaqlarında sırğa edib assalar, çox yaxşı olar. Etnokonfessional tolerantlıq və multikultural cəmiyyət qurulması baxımından yüzilliklərlə demokratiya ənənlərinə malik dövlətlərə belə, örnək olan Azərbaycanda ermənilərin yaşamasının təminatı yalnız və yalnız Azərbaycan hökumətinin və qanunlarının səlahiyyətində olan məsələdir. Bu işdə rəsmi Bakının və Azərbaycan xalqının, o cümlədən də Qarabağ bölgəsində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının kimlərinsə vəkilliyinə ehtiyacı yoxdur.
Həqiqət “axtarışı”na çıxanlar bu aksiomu birdəfəlik qəbul etməli və postmünaqişə dövründə qaşınmayan yerdən qan çıxarmağa cəhdlər göstərməməlidirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Qarabağ   TomasdeVaal  





Xəbər lenti