ABŞ neft bazarında yeni oyun qurur - TƏHLİL

// Vaşinqton "qara qızıl"ı ucuzlaşdırmağa çalışır

 ABŞ neft bazarında yeni oyun qurur -  TƏHLİL
  24 Noyabr 2021    Oxunub:3574
Vaşinqton indi də dünyanın iki cəbhəyə - neft istehsalçısı və istehlakçısı olan ölkələrə - bölünməsinə start verib. İlk baxışdan iqtisadi parametrlərlə əsaslanadırılan bu gedişin arxasında əslində geosiyasi maraqların dayandığı heç bir şübhə doğurmur. Son 50 ildə bu müstəvidə şahidi olduğumuz 3 taleyüklü hadisə də məhz belə düşünməyə əsas verir.
Son bir neçə həftə ərzində ABŞ-da cərəyan edən siyasi proseslər daxili siyasətin xarici siyasətlə nə qədər sıx bağlı olması həqiqətini sübuta yetirir. Bir neçə gün bundan əvvəl ikinci prezidentlik müddətinə namizədliyini irəli sürmək fikrində olduğunu açıqlayan Co Bayden hələlik istər daxili, istərsə də xarici siyasət müstəvisində öyünmək üçün heç bir uğura imza atmayıb. Əksinə, ABŞ qoşunlarının Əfqanıstandan tələm-tələsik çıxarılması ölkə daxilində də, qlobal miqyasda da həm Baydenin, həm də Vaşinqtonun nüfuzuna ciddi zərbə vurub.

Ağ Ev administrasiyası üçün bundan da pisi ABŞ iqtisadiyyatındakı neqativ məqamlardır. Dövlət borcunun yuxarı həddinin növbəti dəfə qaldırılması zərurətilə üzləşən ABŞ-da son 30 ildə ən yüksək səviyyəli inflyasiya (6,2%) qeydə alınıb. Bu isə o deməkdir ki, koronavirus pandemiyasının səbəb olduğu iqtisadi böhranın cari ildə ciddi iqtisadi yüksəlişlə əvəzlənəcəyi barədə səsləndirilən proqnozlar özünü doğrultmadı, pandemiya isə hələ də davam edir.

Bir sıra amerikalı analitiklərin iddiasına görə, enerjidaşıyıcılarına yüksək qiymətlər də iqtisadi inkişafı əngəlləyən əsas amillərdən birinə çevrilib. Enerjidaşıyıcılarına yüksək qiymətlər əmtəə istehsalını bahalaşdırır, bu isə son nəticədə alıcı tələbatını zəiflədir, istehsalın həcminin sıxılması baş verir. Deməli, vəziyyətdən çıxış enerjidaşıyıcılarının məzənnəsinin aşağı salınmasıdır. Bu isə ilk növbədə “qara qızıl”ın hasilatını artırmaq zərurətini gündəmə gətirir.

Bununla bağlı Co Baydenin ABŞ konqresindəki demokrat həmkarları bir müddət əvvəl ona ölkənin strateji neft ehtiyatlarından (SNE) daxili bazara neft tədarükünə başlamaq və neft ixracına qadağanı bərpa etməklə enerjdaşıyıcılarına artan qiyməti dayandırmağı təklif etdilər. Maraqlıdır ki, ABŞ-dan neft ixracına 1975-ci ildə qoyulmuş qadağa 40 il sonra məhz Baydenin məsləkdaşı və onun seçki prosesində bəlkə də hamıdan çox canfəşanlıq edən Barak Obama tərəfindən 2015-ci ildə ləğv edilib. Həmin vaxt Vaşinqtonun əsas məqsədi öz strateji müttəfqiləri ilə birgə təklifin tələbatı əhəmiyyətli dərəcədə üstələməsi yolu ilə dünya bazarlarında neftin məzənnəsini “öldürməklə” Rusiyanı iqtisadi cəhətdən çökdürmək idi. Həmin vaxt bu siyasət bir sıra neft hasilatçısı olan ölkələrin iqtisadiyyatı üçün böyük fəsadlar yaratdı. Hazırda dünyanın 50-dən çox ölkəsinə neft tədarük edən ABŞ dünyada böyük heft hasilatçılarından birinə çevrilib. Daha bir diqqətəlayiq məqam isə budur ki, ABŞ-ın ixracatının həcmi Səudiyyə Ərəbistanı istisna olunmaqla OPEK-ə üzv ölkələrin göstəricilərindən də yüksəkdir.

Hər medalın iki üzü olduğu kimi, 6 il bundan əvvəlki siyasi gedişin bugünkü fəsadlarını aradan qaldırmaq üçün Ağ Evə yenidən ixraca qadağa qoyulması təklif edilir. Bu kontekstdə ABŞ prezidenti Co Bayden hazırda 727 milyon barrel təşkil edən SNE-nin 50 milyon barrelini daxili bazara çıxarmaq qərarını verib. İxraca qadağa qoyulması təklifi ilə bağlı isə hələlik qərar yoxdur. Bəzi ekspertlərin fikrincə, ixraca qadağanın bərpa edilməsi WTI markalı neftin qiymətini kiçik müddətə aşağı salsa da, ötənilki misilsiz tənəzzüldən sonra yavaş-yavaş özünə gəlməyə başlayan şist nefti istehsalçısı olan ABŞ şirkətlərinə növbəti zərbəni endirəcək. Bundan başqa, idxal neftindən asılı olan Meksikadakı neft emalçıları son nəticədə daha baha qiymətə xammal almalı olacaqlar. Beləliklə, ABŞ-ın neft ixracına qadağanı bərpa etməsi, benzinə yüksək qiymətlərdən narazı olan sürücülərə köməkdən daha çox neft istehsalçılarına zərbə vuracaq.

Amerika neftinin tədarükündən asılı olan bir sıra Avropa sənaye müəssisələrinin də vəziyyəti xeyli pisləşəcək. Amma istənilən yolla məqsədinə çatmağa can atan Vaşinqtonun öz geosiyasi maraqlarını sadalanan itkilərin ümumi məcmusundan yüksək qiymətləndirdiyini ABŞ-ın energetika naziri Cenifer Qrenholmun açıqlaması birmənalı şəkildə sübut edir. "Bu alətdən biz hələ istifadə etməmişik, amma bu hər halda, alətdir",- Qrenholm “Financial Times” nəşrinin ötən ay təşkil etdiyi forumda deyib.

Maraqlıdır ki, bir müddət əvvəl Cenifer Qrenholm Ağ evdə keçirdiyi brifinqdə ABŞ-da neft istehsalının pandemiyadan əvvəlki həcmə çatmamasında məhz “qara qızıl”a yüksək qiymətlərdə maraqlı olan milli neft şirkətlərini günahlandırmışdı. Xanım Qrenholm bunun nəticəsində energetika sənayesinin nəhəng həcmdə mənfəət götürdüyünü vurğulamışdı.

Hələlik isə SNE-dən 50 milyon barrel nefti bazara çıxarmağı qərarlaşdıran ABŞ öz müttəfiqlərini də bu işdə yardımçı olmağa çağırıb. Vaşinqton bu təşəbbüsü Hindistanın, Yaponiyanın, Cənubi Koreyanın, Böyük Britaniyanın və hətta Çinin də dəstəkləmək əzmində olduğunu bildirib. Amma həqiqətən də daha ucuz enerjidaşıyıcılarında maraqlı olan Çinin dəstəyi ilə bağlı iddia elə də inandırıcı görünmür. Çünki “South China Morning Post” nəşrinin məlumatına görə, ABŞ və Çin liderlərinin videokonfrans şəkilndə keçirilən danışıqları zamanı Co Bayden Çinin sədri Si Cinpinə belə bir təklif etsə də, 200 milyon barrel həcmində strateji neft ehtiyatlarına malik olan Pekin daxili tələbatı nəzərə almaqla addımlar atacağını bildirib.

Dərin dövlətçilik ənənəsinə malik olan Çinin xarici siyasət fəlsəfəsinə bələd olanlar üçün aydındır ki, bu, əslində “yox” deməkdir. Ümumiyyətlə, isə “ola bilər” mənasını verən bu ifadə diplomatik dilə təcrümədə “yox” anlamına gəlir. Digər tərəfdən, Çini ABŞ-ın əsas rəqibi elan edən və Tayvanla bağlı Pekinə xoşagəlməz sürprizlər “bağışlayan” Vaşinqtonun əsasən Rusiyaya qarşı yönəlik belə avantürasına Si Cinpinin “hə” deməsi ağlabatan deyil. Əksinə, Pekin enerjidaşıyıcılarının məzənnəsi müstəvisində Moskva ilə əlavə sövdələşmə imkanı qazanır.

Əksər ekspertlər Vaşinqtonun və onun müttəfiqlərinin bu təşəbbüsünün uzunmüddətli effekti olmayacağını vurğulayırlar. İlk addım artıq əks effekt yaradıb, dünya birjalarında neftin məzənnəsi hətta bir neçə faiz artaraq 82 dollara çatıb. Buna görə də, Ağ ev təmsilçiləri hasilatın artırılması üçün OPEK+ ölkələri ilə danışıqları müsbət nəticə əldə edilənə qədər davam etdirmək niyyətində olduğunu bildiriblər. Vaşinqtonun diplomatik leksikonunda isə bu OPEK+ ölkələrinə təzyiqlərin davam etdiriləcəyi və daha da gücləndiriləcəyi deməkdir. Vaşinqtonun son qərarı da elə OPEK+ ölkələrinin hasilatı artırmaq barədə təkilfləri rədd etməsi ilə bağlıdır. Bu məsələdə isə Vaşinqtonun əsas ümid yeri Səudiyyə Ərəbistanı ola bilər.

Hələ 1973-74-cü ilərldə “neft embarqosu” kimi məlum olan enerji böhranından ABŞ-ı məhz Səudiyyə Ərəbistanı xilas etdi. 1974-cü ildə iki ölkə arasında bağlanan tarixi müqaviləyə əsasən isə, “neft dolları” sistemi yaradıldı, Səudiyyə Ərəbistanı isə ABŞ və onun müttəfiqlərinin vəziyyətini yüngülləşdirmək üçün gündəlik hasilatın həcmini 8,6 milyon barrelə qədər artırmağa qərar verdi.

Ötən əsrin 80-ci illərinin ortalarında isə yaranmış əlverişli vəziyyətdən yararlanaraq, SSRİ-ni nəhəng həcmli neft gəlirlərindən mərhum etməyi qərarlaşdıran Vaşinqton Ər-Riyada hasilatı kəskin şəkildə artırmağı, beləliklə də neftin məzənnəzini Sovetlər İttifaqı üçün “ölümcül” səviyyəyə endirməyi təklif etdi. Nəticədə neftin qiyməti 25 dollardan 8 dollara qədər endi. Bu avantüra SSRİ-nin parçalanması və birqütblü dünyanın formalaşması ilə nəticələndi.

Səudiyyə Ərəbistanının iştirakı ilə növbəti belə oyun 2014-2016-cı illərdə aparıldı. Onda Rusiyanın Suriyada nümayiş etdirdiyi dirənişə cavab olaraq, yenidən dünya bazarlarında təklifin tələbatı xeyli üstələməsinə nail olan Vaşinqtonun və Ər-Riyadın birgə səyləri nəticəsində “qara qızıl”ın məzənnəsi bəzi hallarda hətta 25 dollara qədər aşağı düşdü. Son illərdə bu göstəricidən də daha aşağı məzənnə - təxminən 23 dollar – yalnız koronavirus pandemiyasının tüğyan etdiyi 2020-ci ildə qeydə alınıb.

2014-2015-cı illərdə yaranmış böhranın qarşısını isə OPEK+ ölkələrinin 2016-cı ilin dekabrında Vyanada imzaladıqları sazişlə almaq mümkün oldu. Bu kontekstdə ən böyük neft hasilatçısı və ixracatçısı olan Rusiya ilə Səudiyyə Ərəbistanının hasilat kvotolarının azaldılması yönündə razılığa gəlməsi əsas məqam oldu.
İqtisadiyyatında neft amilinin hələ də əhəmiyyətli rol oynadığı Azərbaycan da həmin sazişə qoşularaq bu işə öz töhfəsini indiyədək də verməkdədir. Məhz bundan sonra neft bazarlarında vəziyyətin və “qara qızıl”ın məzənnəsinin tənzimlənməsinə nail olundu. Həmin vaxt Ər-Riyadın bu sazişə getməsinin əsas səbəblərindən biri də qiymətlərin aşağı düşməsi üzündən təxminən bir il yarımda 900 milyard dollarlıq qızıl-valyuta ehtiyatlarından 150 milyardını itirməsi oldu.

Sözsüz ki, Vaşinqton həmin itkini nəinki kompensasiya etmək fikrində deyildi, əksinə2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən müdhiş terror aktlarında Səudiyyə Ərəbistanı hökumətindəki ən yüksək rütbəli məmurların əli olduğu barədə ittihamlar səsləndirilməyə başladı. İstisna deyil ki, həmin təzyiq cəhdləri Ər-Riyadı OPEK+ çərçivəsində razılaşmalardan çəkindirmək üçün edilirdi. Amma göründüyü kimi bu əks effekt verdi.

Bu baxımdan, hələlik əsas hasilatçılardan biri olan Səudiyyə Ərəbistanının dəstəyini ala bilməyən ABŞ öz ənənəvi oyununa yeni iştirakçılar cəlb edib. Lakin, onların neft ehtiyatları ilə belə uzunmüddətli və çox xərc tələb edən oyunlarda qalib gəlmək demək olar ki, qeyri-mümkündür. Yəqin ki, köhnə oyunların yeni iştirakçıları da bunu başa düşməmiş deyillər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: ABŞ   neftinqiyməti  





Xəbər lenti