Üçqat məğlub: Ermənistan indi də hüquqi müstəvidə uduzdu

  Üçqat məğlub:  Ermənistan indi də  hüquqi müstəvidə  uduzdu
  08 Dekabr 2021    Oxunub:3005
Ermənistanın Azərbaycana qarşı iddialarının Beynəlxalq Ədalət Məhkəməsində fiaskoya uğraması həmin ölkənin hərb və diplomatiya meydanlarından sonra, hüquq müstəvəsində də uduzması deməkdir.
44 günlük Vətən müharibəsində düçar olduğu sarsıdıcı məğlubiyyət qarşılığında kapitulyasiya aktını imzalamaq məcburiyyətində qalan Ermənistan sonradan üçtərəfli Bəyannamənin bəzi bəndlərinin təftişi ilə məşğul olmağa başladı. Bu kontekstdə, əsas bəhanələrdən biri də guya Azərbaycanın “müharibə məhbuslarının dərhal geri qaytarılması” prinsipini yerinə yetirməməsi idi. Halbuki rəsmi Bakı İrəvanın “müharibə məhbusu” adlandırdığı şəxslərin əslində terrorçu olduqlarını və üçtərəfli Bəyannamənin imzalanamasından 15-16 gün sonra Ermənistan tərəfindən məqsədyönlü şəkildə Azərbaycan ərazilərinə göndərildiyini dəfələrlə sübuta yetirib. O cümlədən də əsl müharibə məhbuslarını qarşı tərəfə təhvil verdiyini də. Lakin inadından dönməyən Ermənistan belə bir iddia ilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət ünvanladı. Müraciəti detallı şəkildə nəzərdən keçirən Beynəlxalq Ədalət Məhkəməsi “müharibə məhbuslarının dərhal geri qaytarılması” barədə iddianı rədd etməklə, əslində Ermənistanın növbəti yalanlarını həm puça çıxardı, həm də dünya ictimaiyyətinə erməni saxtakarlıqları barədə mesaj verdi.

Rəsmi İrəvanı çox ciddi şəkildə məyus edən digər əsaslı məqam isə Ermənistanın Bakıdakı Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiasının iflasa uğraması oldu. Beynəlxalq Ədalət Məhkəməsinin bu qərarının məhz presedent hüququ prizmasından irəli gəldiyi istisna deyil. Əvvəla, ona görə ki, qat-qat dəhşətli muzeyləri yaratmış və uzun illər boyu nümayiş etdirmiş dövlətlərə qarşı heç vaxt belə bir qərar çıxarılmayıb. Yeri gəlmişkən, onlardan biri təcavüzkar Ernmənistana ən ifrat sevgisi və dəstəyi ilə seçilən dövlətdir. İkincisi və ən əsası, Azərbaycan məhz onun ərazilərini 30 il işğal altında saxlamış təcavüzkar və terorrçu ölkənin ordusunun qoyub-qaçdığı hərbi texnikanın nümyaiş parkını təşkil edib. Bu isə yalnız azərbaycanlılar yox, həm də bu parkı ziyarətə gələn xarici vətəndaşlar üçün də bölgəni uzun müddət təhlükədə saxlayan erməni faşizminin məğlub olunduğunu göstərir və gələcəkdə belə təhdidin elə yuvasındaca boğulması zərurətini vurğulayır.

“Azərbaycan tərəfindən guya ermənilərə qarşı törətdilən “müharibə cinayətləri”nin lazımınca araşdırılmadığı” barədə Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinə müraciəti yəqin ki, rəsmi İrəvanın ən absurd addımlarından biri idi. Belə ki, məhz Ermənistanın törətdiyi müharibə cinayətləri nəticəsində dünya Xocalı soyqırımından dəhşətə gəldi, minlərlə azərbaycanlı qətlə yetirildi və yaralandı, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü ki, onların da mütləq əksəriyyəti hələ də doğma ocaqlarına qayıda bilmir. 44 günlük Vətən müharibəsində müharibə cinayətlərini də məhz Ermənistan törədərək, münaqişə bölgəsindən 10 və 100 kilometrlərlə uzaqda yerləşən Gəncə şəhərinin dinc sakinlərinə gecə vaxtı raket zərbələri endirdi, Tərtər və Bərdə rayonlarının əhalisini, hətta dəfn mərasimini belə raket atəşinə tutdu. Halbuki, daim humanist mövqe sərgiləyən Azərbaycan hətta həmin raketlərin Ermənisan ərazisindən atılmasına baxmayaraq, nəinki Ermənistanı atəşə tutmadı, müharibənin getdiyi Azərbaycan ərazilərində də ermənilərin yaşadığı yerlərdə mülki şəxslərə və obyektlərə zərbələr endirmədi. Bu reallqılar qarşılığında Beynəlxalq Ədalət Məhkəməsinin “Azərbaycan tərəfindən guya ermənilərə qarşı törətdiyi “müharibə cinayətləri”ni lazımınca araşdırılmaması”na dair iddianı rədd etməsi heç də təəccüblü deyil. Təəccüblü olan, Ermənistanın belə bir iddia ilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət ünvünlaması idi ki, bunun da layiqli cavabını aldı.

Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövlətinin təcili tədbirlər görülməsinə dair verdiyi qərar isə erməniçilik ideoloqlarının mahiyyət etibarilə terrorçu bir dövlət yaratdığını təsdiqləyir. Erməni faşizminin ideoloqlarından olan Qaregin Njdeyə İrəvanda abidə ucaldılması, Ermənistanda küçələrə, klublara, mədəniyyət evlərinə erməni terrorçularının adlarının verilməsi heç də təsadüfi deyil. Məşhur amerikalı hüquqşünas və hakim Samuel Viimsin “Ermənistan: “terroçu xrsitian dövlətinin” sirrləri” kitabında əks etdirilən danılmaz faktlar Ermənistanda terrorçu çağırışların dərin köklərə malik olduğunu sübuta yetirir. Bu kontekstdə son vaxtlar Ermənistanda fəaliyyətini genişləndirən “VOMA” və “FOGA” qruplaşmaları mahiyyət etibarı ilə beynəlxalq terrorçu təşkilatı kimi tanınan ASALA-dan heç nə ilə fərqlənmirlər. Məhz bu na görə də Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanı təcili şəkildə onların fəaliyyətini dayandırmağa çağırıb.

Sözsüz ki, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın absurd iddiaların rədd etməsi Azərbaycan diplomatiyasının artıq postmünaqişə dövründə qazandığı növbəti böyük qələbəsidir. Bu isə ilk növbədə rəsmi Bakının operativ və əsaslandırılmış şəkildə əslində Ermənistanın özünün törətdiyi cinayətləri barədə danılmaz faktları məhkəməyə təqdim etməsinin nəticəsidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: BeynəlxalqMəhkəmə   Ermənistan  





Xəbər lenti