Makronla Putin Ukrayna ilə Güney Qafqaz arasında - TƏHLİL

// Moskva köhnə oyunu davam etdirmək istəyir, Qərb razılaşmır

   Makronla Putin Ukrayna ilə Güney Qafqaz arasında -    TƏHLİL
  08 Fevral 2022    Oxunub:4179
Hazırda Avropa İttifaqında sədrlik edən Fransa prezidenti Emmanuel Makronun Rusiyaya səfəri və prezident Vladimir Putinlə görüşü əsasən Ukrayna böhranına həsr olunmuşdu. Daha dəqiq desək, Putin Ukrayna ilə bağlı Qərb dövlətləri ilə yaranmış gərginliyin son həddində dialoq qurulması üçün ən uyğun vasitə kimi Makronun köməyindən faydalanmağa çalışır.
Kreml Ukrayna ətrafında illərdir Fransa və Almaniyanın vasitəçiliyilə Qərblə oynadığı oyunun davam etməsini istəyir. Oyunun mahiyyəti isə ondan ibarətdir ki, Moskva Ukrayna ətrafında gərginlik yaradır, ABŞ və digər tərəfdaş ölkələr sərt reaksiya verir, sonradan vasitəçilər araya girərək, Kremlin müəyyən güzəştlər əldə etməsi müqabilində gərginliyin azalmasına nail olurlar.

Minsk razılaşmaları əslində bu oyunun davam etdirilməsi üçün uğurlu vasitədir. Həmin razılaşmalara əsasən, Ukrayna federativ dövlətə çevrilməli, Donetsk və Luqanska muxtariyyat verilməli, bütün xarici dövlətlərin qoşunları Ukrayna ərazisini tərk etməli və sərhədlərə nəzarət rəsmi Kiyevə keçməlidir. Kiyevlə Moskva bu müqaviləyə imza atsalar da, əsas mübahisə yaradan məqam Ukraynanın yalnız ərazi bütövlüyü təmin olunandan sonra konstitusiya islahatı keçirəcəyini bildirməsidir. Rusiya isə əvvəlcə muxtariyyatın verilməsini, ardınca ərazi bütövlüyünün təmin edilməsini istəyir. Məhz bu məqam üzərində illərdir mübahisə davam edir və Rusiya ilə yanaşı digər vasitəçilər də öz oyunlarını aparırlar.

Lakin artıq vəziyyət dəyişib, Qərb artıq köhnə qaydalarla oynamaq niyyətində deyil. Geosiyasi arenada Qərbi təmsil edən iki aktor formalaşıb. Bunlardan birincisi ABŞ-Britaniya Alyansı, ikincisi isə Avropa İttifaqıdır. Avropa İttifaqı özlüyündə birinci alyansdan asılı vəziyyətdədir və qərarlarını onlarla üzlaşdırmağa məcburdur. Məhz bu səbədən Fransanın Qərblə Rusiya arasında effektiv vasitəçiliyinin baş tutacağı inandırıcı görünmür. Makron şəxsi təcrübəsindən də bilir ki, ölkəsi ABŞ-Britaniya alyansının qərarlarına təsir etmək iqtidarında deyil. Bunu təsdiq edən ən gözəl nümunə Böyük Britaniya, ABŞ və Avstraliyanın 2021-ci ildə müttəfiqlik haqqında razılaşma imzalamaları, ardınca Kanberranın birtərəfli qaydada Fransa ilə imzaladığı 40 milyard dollarlıq müqavilədən imtina etməsi oldu. Böyük Britaniya-ABŞ alyansının regiondakı ən yaxın müttəfiqi Türkiyə hesab oluna bilər və bu baxımdan Ankaranın vasitəçiliyinin daha uğurlu nəticələr verəcəyi gözlənilir.

Lakin bu heç də o demək deyil ki, Paris tamamilə oyundan kənar vəziyyətdədir. Fransa da digər qərb ölkələri kimi ümumavropa maraqlarından çıxış edir və qlobal geosiyasi gedişlər bu ölkə ilə razılaşdırılır. Rusiya və Fransa prezidentləri arasında keçmiş dövrlərdən formalaşmış şəxsi yaxınlıq hazırkı mərhələdə Rusiyanın mövqeyinin Qərb dairələrinə çatdırılması baxımından Makronu Putin üçün əvəzolunmaz edir. Putinin Makronla görüşünün səbəbi də məhz bununla bağlıdır və bu görüşün nəticələrindən asılı olaraq Moskva Ankara ilə danışıqlarını qurmaq niyyətindədir.

Fransaya gəldikdə isə, Makronun ziyarətinin əsas məqsədinin ilk növbədə Cənubi Qafqazla bağlı olduğunu ehtimal etmək olar. Fransa ümumavropa maraqları üçün fəal şəkildə Ermənistan-Azərbaycan arasında münasibətlərin qısa zamanda tənzimlənməsinin və sülh müqaviləsinin imzalanmasının tərəfdarı qismində çıxış edir. Bu mənada Parisin Avropa üçün oynadığı rol xüsusi əhəmiyyət daşıyır. Avropa İttifaqının digər üzvlərindən fərqli olaraq Fransanın Rusiya ilə nisbətən yaxın olması Moskvanın Cənubi Qafqazdakı proseslərə müdaxiləsinin önünə müəyyən sədd çəkə bilir.

Burada Fransanın Ermənistanla yaxınlığı da nəzərə alınmalıdır və məhz bu səbəbdən Kreml Cənubi Qafqaz ətrafında gedən proseslərdən narahatçılıq keçirmir. Elə bir fon yaradılır ki, bütün proseslər Rusiyanın nəzarətində baş verir. Təbii ki, Makron ilk növbədə Rusiyanın Cənubi Qafqazda gedən tənzimləmə proseslərinə münasibətini öyrənməyə çalışır ki, bu istiqamətdə prosesin növbəti mərhələsinin reallaşmasına maneə yaranmasın. Rusiyanı bu mənada narahat edəcək əsas məsələ Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasıdır – axı bu halda Moskvanın Azərbaycan ərazisində hərbi qüvvə saxlaması hüquqi legitimliyini itirəcək. Azərbaycanla Türkiyə arasında imzalanmış hərbi müttəfiqlik haqqında bəyannamənin hər iki ölkənin parlamentlərində ratifikasiya olunması məhz həmin mərhələyə hazırlığın ilk mərhələsidir.

Tofiq Vahid
AzVision.az



Teqlər: Ukrayna   Putin   Makron  





Xəbər lenti