“Böyük” Ermənistanın Aleksandra qarşı müharibəsi – Ədalət Verdiyevin yazısı

   “Böyük” Ermənistanın Aleksandra qarşı müharibəsi –    Ədalət Verdiyevin yazısı
  10 Fevral 2022    Oxunub:4242
// “Batka”nın sözləri ermənilərə möhkəm batıb

Belarus prezidenti Aleksandr Lukaşenkonun Vladimir Solovyova verdiyi müsahibə Ermənistan cəmiyyətində geniş müzakirələrə səbəb oldu. ATƏT-in Minsk qrupunun yaradıldığı 1994-cü ildən Belarusa rəhbərlik edən Lukaşenko Qarabağ münaqişəsi ilə yaxından tanışdır. O, bu məsələdə eyni hərbi blokda yer aldığı Ermənistanı deyil, haqlı və ədalətli olan Azərbaycanı dəstəkləyib.
Azərbaycan ilə Belarus arasındakı hərbi və hərbi-texniki sahədə əməkdaşlığın bəzi illərdə Ermənistanın hərbi büdcəsindən artıq olan həcmi və iki ölkə rəhbərinin şəxsi münasibətləri də Minskin Bakı ilə münasibətlərinin göstəricisi sayıla bilər. Odur ki, son 15 ayda baş verənləri nəzərə alan Lukaşenko kimi təcrübəli bir siyasətçinin işğalçı ölkənin “kimsəyə lazım olmadığını” bəyan etməsi təəccüblü deyil.

Belarus prezidenti Aleksandr Lukaşenkonun Vladimir Solovyova verdiyi müsahibə Ermənistanda geniş müzakirələrə səbəb oldu. ATƏT-in Minsk qrupunun yaradıldığı 1994-cü ildən Belarusa rəhbərlik edən Lukaşenko Qarabağ münaqişəsi ilə yaxından tanışdır. O, bu məsələdə eyni hərbi blokda yer aldığı Ermənistanı deyil, haqlı və ədalətli olan Azərbaycanı dəstəkləyib.

Çılpaq həqiqətlər

Lukaşenko bəzən ictimaiyyətə çılpaq açıqlamalar verməklə də yadda qalan siyasətçilərdəndir. 2016-cı ildə Ermənistanda keçirilən KTMT sammiti zamanı Lukaşenko ilə keçmiş prezident Serj Sarqsyan arasında Azərbaycanın işğal altında olan ətraf rayonlarının azad edilməsinə görə Ermənistana investisiya yatırılması təklifinə dair səs yazısı yayılmışdı. 2018-ci ilin əvvəlində Lukaşenko hakimiyyətinin qurub çağlarını yaşayan Sarqsyana “beş rayon Dağlıq Qarabağ deyil ki, niyə onları qaytarmaqdan qorxursan?” sualını vermişdi.

2018-ci ilin sonunda Minskdə Rusiya KİV-ləri üçün keçirdiyi mətbuat konfransında Lukaşenko “Ermənistan rəhbərliyi KTMT-nin baş katibinin seçilməsində digər ölkələrə güzəştə getməlidir. Çünki məhz onlar təşkilatı daxili siyasi problemlərinə bulaşdırıb” demişdi.

2021-ci ildə Bakıda səfərdə olarkən Lukaşenko mətbuata dövlət başçımızın “Mən təkcə Qarabağın bərpasına hazır deyiləm, Ermənistanı da dirçəltməyə hazıram... Onlara çatdır ki, bu məsələni dinc yolla nizamlamaq lazımdır” açıqlamasını ictimailəşdirmişdi.

Belarus Prezidentinin bloger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası barədə Ermənistanın Belarusdakı səfiri Armen Xaçaturyanla görüşdə “Ermənistanın bu işlə nə əlaqəsi var?” sualı ilə diplomatı pat vəziyyətinə qoymasını da xatırlayırıq.

Bir neçə gün əvvəl isə rusiyalı jurnalist və aparıcı Vladimir Solovyova müsahibəsində Belarus, Rusiya və digər postsovet ölkələrinin ittifaq dövlətinə qoşulma perspektivlərindən danışarkən Lukaşenko belə deyib: “Ermənistanın getməyə yeri yoxdur. Onların kiməsə lazım olduğunu düşünürsünüz? Onlar artıq görüblər... Nikol Vovayeviç bunu görüb”.

Erməni cavabları

Lukaşenkonun çılpaq həqiqəti əks etdirən bu bəyanatı, gözlənildiyi kimi, Ermənistanda birmənalı qarşılanmadı. Belarus Prezidenti işğalçı ölkənin bəzi siyasətçiləri və ekspert dairələri tərəfindən tənqid və təhqir atəşinə məruz qalıb.

“Mülki müqavilə” partiyasının deputatı Ovik Aqazaryan parlamentin iclasında Lukaşenkoya “Belə qiymətləndirmələr verməzdən əvvəl daha çox donuz tövləsinə bənzəyən Minsk hava limanına girsə, daha yaxşı olar” kimi məntiqsiz bir cavab verib.


Ermənistanın Beynəlxalq və Təhlükəsizlik Məsələri İnstitutunun rəhbəri Styopa Səfəryan Belarus prezidentinin çıxışını “yersiz bəyanat” kimi dəyərləndirərək, bunu İrəvanın Baydenin Demokratiya Forumuna dəvət edilməsi və həmin forumda Svetlana Tixanovskayanın Belarusu legitim lider kimi təmsil etməsilə əlaqələndirib.

“Ədalətli Ermənistan” partiyasının lideri Norayr Norikyan isə “Əgər Ermənistan olaraq heç kimə lazım deyiliksə, niyə birlik dövlətinə qoşulmağımızı istəyirsiniz? Əgər heç kimə lazım deyiliksə, niyə bizi KTMT və AİB-də saxlayırsınız?” sualı ilə hadisəyə münasibət bildirib.

Erməni politoloq Emil Orduxanyan Lukaşenkonu öz ölkəsini müstəmləkəyə çevirən lider kimi xarakterizə edib: “Hakimiyyətini saxlamaq üçün ölkəsini başqalarının platformaya çevirmək niyyətində olan lider kimə lazımdır? Təbii ki, bu, Ermənistanı postsovet avtokratlarının birlik klubuna yönləndirmək üçün növbəti cəhddir”.

Erməni politoloq Robert Gevondyan isə “Ermənistan xalqının Ermənistana ehtiyacı var və lukaşenkolar bunu anlaya bilmirlər” kimi məntiqsiz bir açıqlama ilə yadda qaldı.

Bəzi ictimai xadimlər Lukaşenkonun açıqlamasına görə Ermənistan rəsmilərini və ölkənin siyasi kursunu tənqid ediblər. Məsələn, Ermənistanın ABŞ-dakı səfirinin keçmiş müavini, beynəlxalq məsələlər üzrə erməni ekspert Armen Xarazyan “Ermənistan heç bir Rusiya-Belarus birliyinə qoşulmamalıdır. Neosovetizmə qarşı susmaq onu dəstəkləməyə bərabərdir. Şərəfiniz olsun” açıqlaması ilə diplomatlara çağırış edib.

Erməni analitik Hakob Badalyan Ermənistanın siyasi kursunu tənqid edib: “Etiraf edək ki, ölkəmizin son otuz ildəki kursu Lukaşenkoya və ya lukaşenkolara bunu deməyə imkan verib”.

“Ermənistan” blokundan olan deputat, EDİF (Erməni Daşnaksütun İnqilabi Federasiyasının) nümayəndəsi Armen Rustamyan “mənfur şəxsiyyət” adlandırdığı Belarus liderinin bəyanatına görə əvvəlcə günahı ölkə daxilində axtarmağı təklif edib: “Biz özümüz bizimlə belə danışmağa imkan veririk. Və bunu təkcə Lukaşenko etmir. Biz deyirdik ki, Ermənistan suvyerenliyini itirib, özünü qorumaq və onunla hesablaşmaq üçün nüfuzu yoxdur, indi bunun gerçəklik olduğunu görürük. Bu, nəticələrdir”.

Yalnız politoloq Hayk Xalatyan Lukaşenkonun sözlərində həqiqət olduğunu bildirib. O, Ermənistanın ilk növbədə Rusiyaya qarşı geosiyasi mübarizə aləti kimi Qərbi maraqlandırdığını bildirib.

Müzakirələr və etirazlar davam edir, onların yaxın günlərdə səngiyəcəyi gözlənilmir. Kənardan baxdıqda Ermənistan hakimiyyətinin Lukaşenkoya hücumlar üçün “yaşıl işıq” yandırdığı da hiss olunur.

Həqiqət və cəsarət

Əslində Lukaşenkonun Ermənistanın real vəziyyətini əks etdirən açıqlama üslubu təsadüfi deyil. Ermənistanın hətta müttəfiqlərinə belə lazım olmadığı hamıya yaxşı məlumdur, sadəcə bunu Azərbaycan Prezidentindən sonra açıq formada dilə gətirən Belarusun rəhbəri oldu. Ermənistan ictimaiyyəti isə təcrübəli siyasi liderlərin bu tip bəyanatlarının əsl səbəbini araşdırmaq əvəzinə, həmin şəxslərə hücuma keçməyə üstünlük verirlər. Döğrudanmı, Ermənistan siyasətçiləri ölkələrinin kiməsə lazım olduğuna inanırlar və ya dalan olmadığını iddia etmək istəyirlər? Əgər Ermənistan hansısa ölkəyə lazımdırsa, buyursunlar erməni siyasətçilər və ekspertləri bu siyahını açıqlasınlar. Məsələyə bu kontekstdən yanaşanda “Ermənistan” blokundan olan deputat Armen Rustamyanın “Ermənistan suvyerenliyini itirib, özünü qorumaq üçün nüfuzu yoxdur, kimsə onunla hesablaşmır” açıqlaması daha adekvat yanaşma kimi qəbul edilə bilər.

44 günlük Müharibədəki məğlubiyyətdən sonra ermənilərin əzildiklərini, alçaldıldıqlarını və artıq kimsəyə lazım olmadıqlarını anlamadıqlarını düşünmək sadəlövhlük olardı. Bunu ermənilər hətta Lukaşenkodan da yaxşı bilirlər. İnanmayan sosial şəbəkənin erməni seqmentini izləsin.

Ermənistanla sözdə hərbi müttəfiq olan ölkələrin İrəvanın alçaldığıcı hesab etdiyi tonda danışmasının bir neçə əsas səbəbi var. Müstəqilliyini elan edəndən sonra Ermənistanda bir neçə dəfə hakimiyyət dəyişsə də, təxminən sabit qalan bu səbəbləri aşağıdakı kimi sıralamaq mümkündür:
1. Qonşulara qarşı bitməyən ərazi iddiaları;
2. Onilliklər boyu dəyişməyən işğalçılıq siyasəti;
3. Terror təşkilatları ilə əməkdaşlıq;
4. Müttəfiqlərə qarşı hörmətsizlik;
5. Əks qütblərlə paralel siyasi əməkdaşlıq;
6. İqtisadi cəhətdən Qərbə, təhlükəsizlik üçün Rusiyaya meyllənmək;
7. Mina terrorunu davam etdirmək;
8. Potensial imkanlarından böyük və maksimalist planlar;
9. Söz və əməl arasında dərin uçurum;
10. Dəyişən hakimiyyətlərdə siyasi ləyaqət hissinin xroniki çatışmazlığı.


Bu günün reallıqları fonunda Ermənistanın “göz yaşlarını” təəssüflə müşahidə edənlərə rast gəlmək mümkün olsa da, bu ölkənin siyasi və hərbi maraqlarını dəstəkləyən müttəfiqləri artıq mövcud deyil. 200 ölkə və 8 milyard insan arasında Ermənistan ciddi müttəfiq, dost qazana bilməyibsə, barmaqla sayılacaq qədər tərəfdaşlarını da işğalçılıq siyasəti və Azərbaycanın diplomatik gedişləri nəticəsində itiribsə, deməli, günah özlərindədir. Odur ki, Lukaşenkonun “Ermənistan heç kimə lazım deyil” bəyanatının qismən sərt və acı, lakin ədalətli olduğu şübhə doğurmur.

Erməni tragikomediyası

Ermənistanın ictimai və siyasi xadimlərinin dünənə qədər Azərbaycanla sərhədi qorumaq üçün ölkələrinə dəvət etdikləri KTMT-nin üzvü olan Belarusun liderini bu gün xorla tənqid və təhqir etməsi həm komik, həm də təəccüblü görünür. Ermənistanda əgər bir qədər sərt səslənən haqlı tənqidlərə qarşı kütləvi kampaniya aparmaqla nəyəsə nail olacaqlarını düşünürlərsə, dərindən yanılırlar.

Ermənistanın siyasi elitası bir şeyi anlamalıdır: məğlubların dostu olmur. Ermənistan isə məğlub tərəf kimi nəinki imzaladığı kapitulyasiya aktını icra etmir, hətta özünü haqlı və ədalətli tərəf kimi təqdim etməyə çalışır. Müharibədə məğlub olmasına görə özündən başqa hamını, o cümlədən KTMT üzvlərini günahkar hesab edir. Buna görə də sözdə müttəfiqi olan azsaylı ölkə rəhbərlərinin sərt ifadələrini eşitməyə hazır olmalıdır. Ermənistan bilməlidir ki, üzvü olduğu KTMT və AİB-də belə düşünən təkcə Lukaşenko deyil. Çünki həqiqət budur: 2 yaşlı körpələri azərbaycanlı olduğuna görə gecə şirin yuxuda ikən operativ taktiki raket zərbəsinə məruz qoyan Ermənistan doğrudan da, dünyada heç kimə lazım deyil.

Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Lukaşenko   Belarus   Ermənistan  





Xəbər lenti