Separatçıların bənzərliyi – Ədalət Verdiyevin I yazısı

// Şərqi ukraynalılar ermənilərə nədə və necə oxşayırlar

   Separatçıların bənzərliyi –    Ədalət Verdiyevin I yazısı
  22 Fevral 2022    Oxunub:3671
Vətən Müharibəsində Azərbaycan Ordusunun beynəlxalq separatizmə endirdiyi sarsıdıcı zərbənin əks-sədası digər regionlara da təsirsiz ötüşməyib. Ukrayna hakimiyyəti də 8 illik seperatizmdən əziyyət çəkən ölkə kimi haqlı olaraq ərazi bütövlüyünü təmin etmək məqsədilə müəyyən addımlar atır. Təbii ki, Ukraynanın ilk hədəfi ölkənin şərqində fəaliyyət göstərən Rusiya dəstəkli separatçı qurumlardır. Kiyevin digər əsas hədəfi isə Krım Muxtar Respublikasının geri qaytarılmasıdır.
Hazırda Ukraynanın şərqində vəziyyət ən təhlükəli dövrünü yaşayır. Maraqlıdır ki, Ukraynanın şərqində son aylarda baş verən proseslər, haradasa Vətən Müharibəsinə qədər Qarabağda baş verənlərlə təxminən eyni ssenariyə malik idi. Tək fərq ondan ibarətdir ki, Rusiya Ukrayna ərazilərində mövcud olan separatçı qurumların müstəqilliyini tanıyıb, Qarabağda isə bunun tam əksinə olaraq, ərazilərin Azərbaycana məxsus olduğunu ən yüksək səviyyədə bəyan edib.

Hazırda Ukraynanın şərqində mövcud olan separatçı qurum bir yandan 950 min nəfərin Rusiya vətəndaşlığını qəbul etməsinə səssiz qalır, digər tərəfdən isə “tam hərbi vəziyyət” elan etməklə ərazini tərk etməyən mülki əhalini silahlanmağa dəvət edir. Rusiyanın separatçı qurumların müstəqilliyini tanımasından sonra atəşkəs pozulması daha da intensivləşib. Bundan əvvəlki son bir gün ərzində 53 min nəfərin separatçıların nəzarətində olan ərazini tərk etməsi ciddi rəqəmdir.

Əvvəl Rusiyanın dəstəyi sayəsində əldə olunan müəyyən nailiyyətlərə görə demək olar ki, hər kəsə, hətta döyüşlərdə iştirak etməyənlərə qondarma respublika rəhbərlikləri tərəfindən medallar paylanır. Bəzi təltif olunanlar cəbhə xəttinin yaxınlığında belə olmayıblar. Eyni hadisə ilə biz də Vətən Müharibəsindən əvvəl həm Qarabağda, həm də Ermənistanda rastlaşmışdıq. Yəqin ki, hamımız Ali Baş Komandan İlham Əliyevin Koçaryan və Sarkisyana xitabən dediyi sözləri yaxşı xatırlayırıq: “Bəs, haradadır sizin qəhrəmanlığınız? Çıxarın dəmir-dümürləri, onun qiyməti yoxdur. Qəhrəman ordenləri taxmısınız döşünüzə. Yalançı qəhrəmandırlar bunlar”.

Separatçıların artan təltifləri fonunda Ukrayna Ordusu məğlub və zəif imkanlara malik bir qurum kimi təqdim edilir. Luqansk və Donetskdə son günlər daha çox “Qəhrəman ordumuz Ukraynanı darmadağın etdi!”, “Biz də atalarımız və babalarımız kimi düşməni məğlub etdik”, “Debaltsevonu üç günə aldıq” ruhunda pafoslu şüar və başlıqlara rast gəlinir. Donbas tezislərinin erməni separatçılarının “Böyük Ermənistan”, “Qəhrəman erməni ordusu”, “Dənizdən-dənizə Ermənistan”, “Yeni müharibələr - yeni ərazilər” və s. kimi keçmiş şüarları ilə nə qədər doğma və yaxın olduğunu şərh etməyə ehtiyac yoxdur.

Nədənsə separatçı rejimlər Rusiyanın dəstəyi və məruz qaldıqları itkilər barədə danışmağı sevmirlər. “Qələbə hekayələri”nin sayı isə yağışdan sonra göbələk kimi artır. Əslində isə həmin nağıllar obyektivlikdən və reallıqdan tamamilə uzaqdır. Separatçıların son dəfə Rusiyanın dəstəyilə uğur əldə etdikləri Çernuxov-Debaltsevo əməliyyatından tam 7 il keçib. Birincisi, bu məhdud miqyaslı bir əməliyyat idi, ikincisi, təcrid olunmuş ərazidə aparılırdı, üçüncüsü isə həmin illərdə Ukrayna Ordusunun rus hərb maşınına müqavimət potensialı yetərli deyildi. Odur ki, Çernuxov-Debaltsevo əməliyyatını epizodik uğur kimi dəyərləndirmək daha doğrudur. Maraqlısı budur ki, Donbas separatçıları üstündən 7 il keçən əməliyyatdan bu günə qədər təbliğat məqsədilə istifadə edirlər.

Separatçıların kağız üzərində yüzlərlə hərbi maşın və minlərlə döyüşçüsü olan motoatıcı briqadası cəmi bir-iki motoatıcı bölükdən ibarətdir. 3 briqadadan ibarət iki korpusun hər birinin atəş gücü isə bir, maksimum iki motoatıcı tabor ilə müqayisə edilə bilər.

Separatçılara məxsus briqadaların döyüşə hazır zirehli texnikalarının sayı da barmaqla sayılacaq qədərdir, onların da texniki resursları məhduddur. Rusiya mətbuatının yazdığına görə, son dəfə texnikaların cəbhə xəttinə hərəkəti zamanı döyüş maşınlarının yalnız 20%-i əməliyyat zonasına gedib çata bilib, qalanları isə sadəcə yolda sönüb və sınaraq sıradan çıxıblar.

Hazırda separatçıların döyüş əməliyyatlarını idarə edəcək zabit kadrları ilə bağlı ciddi problemlərinin mövcud olduğunu məlumdur. Ümumqoşun əməliyyatlar üçün təlim keçmiş, şəxsi heyəti bacarıqla idarə edə biləcək zabitlər çatışmır. Tağım komandirindən tutmuş, briqada komandirinə qədər çox sayda zabitləri qısa zamanda hazırlamaq mümkün deyil. İndiyə qədər briqada və tabor qərargahı döyüş idarəetməsi baxımından əsasən təchizatla məşğul olur, digər döyüş bölmə və qruplara komandanlığı isə birbaşa korpusun qərargahı həyata keçirirdi. Bu vəziyyət də bizə qismən Qarabağdan tanışdır, yalnız bir fərqlə: ermənilərin kadr potensialı, rabitə və müşahidə sistemi Donbasda mövcud olandan daha üstün vəziyyətdə idi (Söhbət Vətən Mühairəbəsindən əvvəlki dövrdən gedir).

Separatçıların digər problemi keyfiyyətsiz dizel yanacağı ilə bağlıdır. Belə yanacaq doldurulan zirehli maşınların hərəkət zamanı sönməsini Debaltsevo əməliyyatında müşahidə etmişdik. Halbuki sönən texnikalar həmin əməliyyat şəraiti üçün ciddi qüvvə hesab olunurdu. Yanacaq və ya digər texniki nasazlıq ucbatından yarasız texnikaların, piyadaların mühafizəsi də olmadan Ukrayna Ordusunun əsas müdafiə mövqelərinə hücuma göndərilməsi Debaltsevo döyüşündə Ukrayna Ordusu tərəfindən separatçıların tanklarının bir-birinin ardınca məhv edilməsilə nəticələndi. Sonradan bu məsələdə yuxarı komandanlığın əmrini yerinə yetirən separatçı “Avqust” taborunun komandirini günahlandırdılar.

Ukraynanın şərqində baş verən son Debaltsevo döyüşlərinin “rəsmi təsvirini” Rusiya vətəndaşı, yazıçı və jurnalist Qleb Bobrov tərtib etməyə çalışıb. Bu barədə “Sanjarovka yaxınlığında Stalinqrad” məqaləsindən oxumaq olar. Bobrovun xronikası yalanlarla dolu olduğu qədər də iddialıdır, ümumilikdə əməliyyatın texnika tətbiqinin uğrsuzluğunu, xüsusən də bu döyüşü planlaşdıran hərbi komandanlığın səriştəsizliyini gizlətmək cəhdləri alınmayıb. Guya tankları məhv edən Ukrayna Ordusu deyil, hündürlükdə mövqe tutan Polşa muzdlularıdır. Məqalədə polyakların TƏİRK-lə tankları vurması və dinamik mühafizənin onları xilas etdiyi iddia olunur. Əslində isə seperatçıların tanklarının dinamik mühafizə konteynerləri boş olub. Onların TƏİRK və ya RPQ-nin kumulyativ axınını dağıtmağa qadir olan partlayıcı lövhələri olmayıb. Eyni hadisənin Rusiyanın Qroznıya ilk hücumu zamanı da müşahidə etmişdik. 250 rus zirehli texnikası Yeni İl gecəsi əsasən RPQ-7 atəşi ilə ömrünü başa vurmuşdu.

Polşa muzdluları barədə yazılanlar da Ermənistanın tətbiq etdiyi metodlardan biridir. Məğlubiyyətdə Azərbaycanın daha güclü Orduya malik olmasını etiraf etmək əvəzinə, Qələbəmizi gah türklərin, gah suriyalıların, gah pakistanlıların ayağına yazırdılar. Halbuki hazırda Azərbaycan həbsxanasında Ermənistan tərəfindən döyüşən muzdlular cəza çəkirlər.

Əslində Debaltsevo döyüşündə separatçıların tanklarını məhv edən “Valera” postunda TƏİRK ümumiyyətlə, olmayıb. Olsa belə, bu, nəyi dəyişir? Münaqişə tərəfi qadağan olunmamış istənilən silah sistemindən rəqibə qarşı istifadə edə bilər. “Valera” postunda müdafiə olunan Ukrayna Silahlı Qüvvələrinin 128-ci dağatıcı briqadasının hərbçiləri olub. Yüksəklikdən tankları görən Ukrayna Ordusunun kiçik bir bölməsi onların piyadalar tərəfindən himayə edilmədiyinin fərqinə varanda səngərlərdə gizləniblər. Tanklar yüksəkliyə çatanda üzüyuxarı hərəkət etməlidir, bu isə əsas silahından atəş açmağa imkan vermir. Separatçıların bütün tankları yüksəklikdə müdafiə olunan RPQ-7 qumbaratanlarının “xəncər atəşi” ilə minimal məsafədən məhv edilib. Separatçıların tank bölüklərinin birinin komandiri olan Mixail Savçin öldürülüb, ikinci bölüyün komandiri Aleksandr Karnauxov isə ağır yaralanıb. Bu döyüşlərdə iştirak edən separatçıların özləri belə ciddi itkiyə məruz qaldıqlarını etiraf edirlər.

Ukrayna Ordusu məhv etdiyi və qənimət kimi ələ keçirdiyi düşmən tanklarından haqlı olaraq ciddi təbliğat vasitəsi kimi istifadə etdi. Q.Bobrov isə “Sanjarovka yaxınlığında Stalinqrad” məqaləsində həm döyüşdə baş verən real faktları təhrif edir, həm də separatçıların qeyri-peşəkarlığını “qəhrəmanlıq” səviyyəsinə çıxarmaq üçün uğursuz cəhdlər göstərir.

Görünən odur ki, Ukraynanın şərqində mövcud olan separatçı rejim, eynilə ermənilər kimi Rusiya hesabına əldə etdikləri nailiyyətləri öz adlarına çıxırlar. Separatizmin və işğalın həm təltif, həm də təbliğat meyarları təxminən eynidir.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   Ermənistan  





Xəbər lenti