ABŞ-ın neft sanksiyası Rusiyanı nokdauna salacaqmı – Şərh

   ABŞ-ın neft sanksiyası Rusiyanı nokdauna salacaqmı –    Şərh
  11 Mart 2022    Oxunub:1542
Hazırda ümumilikdə 5530 sanksiyanın tətbiq olunduğu Rusiya dünyanın ən dərin təcrid olunmuş ölkəsidir. Bu sanksiyaların təxminən yarısı əvvəldən var idi, fevraldan bu yana isə siyahıya daha 2778-i əlavə olunub. Bəşəriyyət hələ bu miqyasda sanksiya cəzası görməmişdi. Müqayisə üçün deyək ki, İrana ümumilikdə 3616, Suriyaya təxminən 2600, Şimali Koreyaya 2100 sanksiya qoyulub.
Rusiyaya indiyə qədər tətbiq edilən sanksiyaların arasında ən vacibi sözsüz ki, ABŞ prezidenti Co Baydenin neft və qaz idxalına qoyduğu qadağadır. Bu qadağa iqtisadi baxımdan nə deməkdir?

2021-ci ildə ABŞ hər gün Rusiyadan 700 min barel neft alırdı. Bu, Amerikanın gündəlik istehlak etdiyi neftin 8%-dir. Rusiyanın gündəlik neft ixracı isə sutkada 4,6 milyon bareldir. ABŞ Rusiyadan neft alan ölkələrin arasında 4-cü idi. İlk yerdə isə Avropa Birliyi gəlir. Birlik gündəlik istehlak etdiyi neftin 27%-ni Rusiyadan alır. Sözsüz ki, ABŞ-ın neft almağı dayandırması Rusiyaya milyardla dollar ziyan vuracaq. Amma Avropa Birliyinin də eyni addımı atması daha güclü effekt doğurardı. Bəs bu mümkündürmü?

Bayden çıxışında dedi ki, “Avropadakı tərəfdaşlarımızın hamısı bu təşəbbüsə qoşula bilməyəcəklər. Biz buna anlayışla yanaşırıq, çünki Birləşmiş Ştatlar təklikdə bütün Avropadan daha çox neft hasil edir”. Məsələ ondadır ki, ABŞ-ın həmin 8%-i alternativ mənbələrdən kompensasiya etmək imkanı var, amma Avropa Birliyinin belə imkanı hələ ki yoxdur. Britaniya bildirib ki, 2022-ci ilin sonuna qədər Rusiya neftindən imtina etmək üçün variantlar üzərində işləyir. Avropa Komissiyası bəyan etdi ki, bu ilin sonuna qədər Rusiya qazından asılılığı 2/3 nisbətində azaltmağa, 2030-cu ildən xeyli əvvəl isə enerji asılılığından tamamilə qurtulmağa çalışacaq.


Ümumilikdə Avropa Birliyi istehlak etdiyi qazın 45 faizi ilə yanaşı, neftin 27, kömürün 45%-ni Rusiyadan alır. İlkin mərhələdə bu asılılığı mənbələrin diversifikasiyası hesabına aradan qaldırmağa çalışırlar. Əsas alternativ mənbələr kimi isə Qətər, Azərbaycan, Əlcəzair, Misir göstərilir. Bundan əlavə, Avropa Birliyi ABŞ-dan, Güney Koreyadan, Yaponiyadan, Nigeriyadan, İsraildən və Türkiyədən sıxılmış qaz almaq niyyətindədir. Bütün bu mənbələrin hamısından ildə 50 milyard kubmetr əlavə qaza ümid edilir. Hazırda Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə ildə 17 milyard kubmetr qazı ötürməyə qadirdir. Amma Cənub Qaz Dəhlizinin ötürücülük qabiliyyətini artırmaq üçün texniki imkanlar var. Yəni Avropa niyyətində qətiyyətli olsa, həqiqətən də 2030-cu ilə qədər Rusiyadan enerji asılılığından xilas ola bilər.

Əgər Qərb İranla anlaşsa, asanlıqla Rusiyanın neft-qaz buxovundan qurtulacaq, bu isə Moskvada bəzilərinin uydurduğu və özlərinin də inandıqları “Energetik imperiya” konsepsiyasının iflası demək olacaq. Energetik imperiya olmur. Ümumiyyətlə, XXI əsri imperiya siyasətinin vaxtı deyil.

Düzdür, bu sanksiya siyasətin iki tərəfi var. Cozef Bayden çıxışında etiraf etdi ki, “addımımızın özümüzə də ziyanı olacaq. Amma həm respublikaçılar, həm də demokratlar razılaşırlar ki, biz heç nəyə baxmayaraq, bunu etməliyik”. Baydenin çıxışından sonra ABŞ-da benzinin qiyməti dərhal tarixi maksimumlarını keçib, bir qallona görə $4,2-a çatdı. Amma sorğuların nəticələrinə görə, əhali narazı deyil: amerikalıların 71%-i müharbənin bitməsi və Rusiyanın məğlub olması üçün bu bahalaşmaya dözməyə hazırdırlar.

Görünən budur ki, Qərb artıq məsələyə təkcə iqtisadi prizmadan baxmır. Bu, həm də ciddi siyasi məsələyə çevrilib. Onlar hesab edirlər ki, ödədikləri artıq məbləğ təhlükəsizliyin qiymətidir. Təhlükəsizlik isə hər şeydən vacibdir. Demək, sanksiyaların davamlı olacağına hazırlaşmaq lazımdır.


Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor


Teqlər: Sanksiya   Ukrayna   ABŞ   Rusiya  





Xəbər lenti