İnformasiya texnologiyalarını necə inkişaf etdirə bilərik

// "Hər şeyi kadrlar həll edir" və daha 5 məqam

   İnformasiya texnologiyalarını  necə inkişaf etdirə bilərik
  27 Mart 2022    Oxunub:3585
Dünya iqtisadiyyatının gələcəyinin necə olacağını bilmək üçün sadəcə iki qrafiki müqayisə etmək kifayətdir: Qlobal ÜDM-in artım tempi və onun tərkibində İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) payının yüksəliş dinamikası. Son 10 ildə qlobal ÜDM-in artım tempi 2-3 faiz arasında dalğalandığı halda, onun strukturunda İKT-nin payı inamla yüksəliş trendi nümayiş etdirir və yeni rekordlara doğru gedir.
Bu qrafiklər birmənalı təsdiqləyir ki, ÜDM-nin strukturunda İKT-nin payı kifayət qədər olmayan istənilən ölkə yaxın gələcəkdə iqtisadi inkişafla ayaqlaşmayacaq.


İnkişaf etmiş ölkələrdə ÜDM-in strukturunda İKT-nin payı ortalama 7-8 faizdir. Azərbaycanda bu, təxminən 2 faiz ətrafında olmaqla son illərdə zəif dinamika nümayiş etdirir. Ölkəmizdə sahənin inkişafı üçün ciddi addımların atılmasına ehtiyac var, əks təqdirdə iqtisadi inkişafda balans pozula bilər. Bəs bunun üçün nələr tələb olunur?

1) Kadrlar. İKT sektoru xüsusi sahədir və ancaq yüksək ixtisaslı kadrların bolluğu şəraitində inkişaf edə bilər. Onları yetişdirmək vəzifəsi artıq milli strateji xarakter almağa başlayır. Azərbaycanda IT-təhsilinin kəmiyyət və keyfiyyətini artırmaq üçün ciddi qərarlar qəbul etməyin vaxtı çatıb.

İstənilən ölkədə informasiya texnologiyalarının əsas aparıcı qüvvəsi elmi elitadır. Azərbaycanda da belə olmasa, uğur əldə etmək çətin olacaq. Elmlər Akademiyasının uyğun institutları prosesdə liderliyi ələ almalıdırlar. Güman ki, bunun üçün onları Qərb modelinə uyğun yenidən təşkil etmək lazım gələcək. Amma başqa yol da yoxdur. Hətta o institutları IT-Akademiya formatına transformasiya etmək də mümkündür.

Müasir reallıqlarda ölkə iqtisadiyyatının inkişafının davamlığını təmin etmək üçün əhalinin 3-5 faizinin IT sferasında çalışması lazımdır. Avropa ölkələrində məhz belədir. Rusiyada bu göstərici 1%-dən azca çoxdur. Avropada İT mütəxəssislərinə tələbat hər il 8% artır. 2025-ci ildə Avropanın əmək bazarında 7,5-8 milyona yaxın mütəxəssisə ehtiyac olacağı proqnozlaşdırılır.

Azərbaycanın 4-cü sənaye inqilabı mərhələsinə adlaya bilməsi üçün ölkədə IT mütəxəssislərinin kritik saya çatması təmin olunmalıdır. Bu, təxminən 400 min IT mütəxəssisi deməkdir. Halbuki, hazırda ölkədə həmin sahədə çalışanların say bu rəqəmin 1/10-nə çatmır. Hətta Gürcüstanda belə, proqramçıların sayı bizdən çoxdur.

ABŞ və Kanada rəqəmsal inqilaba məhz bu yolla - əmək bazarındakı proqramçıların sayının kritik göstəricini keçməsilə nail olublar. IT mütəxəssislərinin sayını artırmağın bir neçə yolu var. ABŞ bunu miqrasiya ilə həll edib. Orada IT sənayesini əsasən Rusiya, Hindistan, İsraildən olan proqramçılar qurublar. Hazırda Azərbaycan üçün də ən real yol bu görünür. Çünki bizə lazım olan on minlərlə proqramçını qısa vaxtda başqa cür yetişdirmək mümkün deyil.

Hazırda bunun üçün tarixi şərait yaranıb. Müharibə ilə əlaqədar olaraq minlərlə proqramçı həm Rusiyanı, həm də Ukraynanı tərk edirlər. Onları sərfəli şərtlərlə ölkəyə cəlb etmək olar. Ukraynada təxminən 200 mindən çox IT mütəxəssisi var və orta maaş $2,5 min dollardır. Təkcə Kiyevdə 70 minə yaxın proqramçı çalışırdı. IT xidmətlərin ixracı ölkəyə ildə 5 milyard dollar gətirirdi.

Biz qısa müddətdə yüz minlərlə proqramçı yetişdirməliyik ki, iqtisadiyyatın yüksək texnoloji sahəsinin formalaşa bilməsi üçün zəruri kadr bazası yaransın. Bunun üçün bir neçə (optimal halda 10-15) IT Akademiyası yaradılmalı, orada yerli mütəxəssislərin hazırlanması konveyer halına salınmalıdır. Bu isə minlərlə təlimçi-müəllim deməkdir. Ölkədə “smart” iqtisadiyyat relsə düşəndən sonra onlara xərclənən vəsait qat-qat artıqlaması ilə qayıdacaq, amma hələlik bizim öz kadrlarımızı yetişdirmək üçün xaricdən IT mütəxəssisləri cəlb etməkdən başqa yolumuz yoxdur. Bu zaman ideal mənbə isə Ukraynadır. Orada 1600 şirkət IT sahəsində ixtisaslaşıb. Ölkədə geniş kadr rezervi var ki, bu ehtiyatlardan istifadə etməyi hazırda zaman və şərait özü diqtə edir.

Qlobal İqtisadi Forumun hesablamalarına görə, 2030-ci ilə qədər avtomatlaşma prosesləri nəticəsində 85 milyon insan işsiz qalacaq. Amma eyni prosesin gedişində 97 milyon əlavə iş yerləri də yaradacaq. Biz birinci prosesdən kənarda qala bilməyəcəyik, ikincinin faydasını görmək üçün isə təhsilimizin indidən buna uyğunlaşması lazımdır.


2) “Beyin axını”nın qarşısını almaq. Bu gün İKT mütəxəssislərinə bütün dünyada ehtiyac olduğundan, ayrı-ayrı ölkələrdə onları yetişdirmək və saxlamaq çox çətindir. Çünki bu elə sahədir ki, “beyin axını” fiziki miqrasiya olmadan da baş verə bilir. Məsələn, Azərbaycanda yaşayan it-mütəxəssisin Amerikadakı layihələrdə çalışmasında heç bir problem yoxdur. Ona görə də, ölkədəki elmi və biznes mühitini bu cür kadrlar üçün cazibəli hala gətirmək lazımdır.

3) Beyinlərdən qeyri-effektiv istifadə probleminin həlli. Təcrübə göstərir ki, bütün dünyada İKT sahəsinin əsas problemlərindən biri məhz budur. Çox vaxt yüksək keyfiyyətli it-mütəxəssisləri internetdə asan pul qazanmağa hədəflənmiş layihələrə cəlb olunur, beləliklə də, bütün cəmiyyət üçün itirilirlər. Karyeraları da inkişafdan məhrum olur. Halbuki, düzgün yerləşdirilsələr, bu cür kadrlar ölkəyə böyük fayda gətirə bilərlər.

4) Uyğun biznes modellərin seçilməsi. Bu gün İKT-yə əsaslanan biznes əsasən startaplar şəklində yaranır və təşəkkül tapır. Qərbdə “qarajda yaranan biznes” mifi var. Əlbəttə, bunu hərfi mənada qəbul etmək lazım deyil, amma biznes-inkubatorların və startapların fəaliyyəti üçün real şərait olmalıdır.

5) Qlobal düşüncə. Nəzərə almaq lazımdır ki, İKT bazarı çox dinamik inkişaf edən nəhəng qlobal bazardır. Orada hər gün yeni servis və startaplar yaranır. Bir neçə il əvvələ qədər heç kim “Uber”, “Skillbox”, “Netflix”, “Airbnb” haqqında heç nə eşitməşdi, bu gün isə onlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Niyə? Qlobal düşüncənin sayəsində. Azərbaycan balaca ölkə olduğu üçün biz çox vaxt qlobal düşünə bilmirik. Amma bu səddi aşmalıyıq. Hədəf dünya bazarı olmalıdır. Azərbaycanda onlarla xarici ölkədə xidmətlər göstərən şirkətlərin (servislərin, startapların) yaradılmasına hədəflənməliyik. Əks təqdirdə, bir ölkənin sərhədlərinə qapanmaqla buna nail olmaq mümkün deyil.

6) Klasterlərin yaradılması. Bütün dünyada sahə bu yolla inkişaf edib. Mahiyyətcə “silisium vadisi”nin özü də böyük klasterdən başqa bir şey deyil. Bu halda İKT şirkətləri və startaplar daha yaxşı ixtisaslaşa, həllər zənciri yarada bilirlər ki, bunu heç kim təkbaşına bacarmaz. İKT layihələrinin uğur qazanması üçün bir-birinin işini tamamlayan xidmətlərin bir mexanizm halında inteqrasiyası vacibdir.
Əgər bütün bunlar həyata keçirilsə, günlərin birində Azərbaycanın da özünün “silisium vadisi”ndən danışa bilərik.


Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor



Teqlər: İKT  





Xəbər lenti