Dünya staqflyasiyanın kandarındadır – TƏHLİL

// Hər yerdə infliyasiya artır, iqtisadi artım azalır

   Dünya staqflyasiyanın kandarındadır –    TƏHLİL
  08 Aprel 2022    Oxunub:2623
Ukraynadakı müharibənin bütün dünyanın iqtisadiyyatına ciddi problem yaradacağı artıq aksiom kimi qəbul olunur. Suallar yalnız bu problemin müddəti, dərinliyi və mexanizmi ilə bağlıdır. Gəlin, onları qiymətləndirməyə çalışaq.
Qlobal iqtisadiyyatın vəziyyəti hazırda xeyli dərəcədə iki böyük ölkənin – ABŞ ilə Çinin iqtisadi durumundan asılıdır. Bu iki ölkə birlikdə dünya iqtisadiyyatının 1/3-i deməkdir. Buna görə də, onlarda baş verən istənilən böhran meşə yanğını kimi bütün dünyaya yayılır. AB, və Çinin vəziyyəti isə qarşıdakı 2 ildə yumşaq desək, əsla ürəkaçan olmayacaq.

“JPMorgan Chase” bankının bir neçə gün əvvəl dərc etdiyi hesabata görə, Ukrayna müharibəsi və yüksək infliyasiya ABŞ iqtisadiyyatı üçün ciddi təhlükə daşıyır. İnfliyasiyanı cilovlamağa məcbur qalan Federal Ehtiyatlar Sistemi (FES) faiz dərəcələrini qaldırmağa məcbur olacaq. Bu isə maliyyə bazarlarında yüksək volatillik yaratmaqla, rsikləri artıracaq, iqtisadi inkişafı tormozlayacaq. Axı yüksək faiz dərəcəsi bahalı kreditlər, bahalı kreditlər isə öz növbəsində, işgüzar aktivliyin azalması deməkdir.

Bu proqnozları bölüşən “Deutsche Bank”ın ekspertləri əlavə edirlər ki, ABŞ iqtisadiyyatı 2023-cü ilə yüksək faiz dərəcələri ilə girəcək. Həmin siyasət ən azından 2024-cü ilə qədər davam edəcək. Hazırda 0,25-0,5% aralığında dəyişən faiz dərəcələri iki il ərzində 3,5%-i keçəcək. Bu, çox ciddi göstəricidir.
Dünyanı ərzaq böhranı gözləyir: Necə qorunmaq olar?!

Bankın ekspertləri “Over the Brink” adlı hesabatda yazırlar ki, 2023-cü ilin yayına qədər Amerikanın fond bazarı 20% enəcək, işsizlik hazırkı 3,6%-dən 4,9%-ə qalxacaq. Son 40 ilin ən yüksək səviyyəsində (7,5%, halbuki, FES-in proqnozu 2% idi) olan infliyasiya daha da artmaqla, əhalinin alıcılıq qabiliyyətini ciddi şəkildə məhdudlaşdıracaq.

Bütün bunları ümumiləşdirən “Bloomberg” agentliyi gələn ildən ABŞ iqtisadiyyatında resessiyanın başlayacağını proqnozlaşdırır.
Çinə gəlincə, Dünya Bankının analitikləri hesab edirlər ki, bu il ölkədə ÜDM-in artımı əvvəllər proqnozlaşdırıldığı kimi 5,1% yox, təxminən 1,6 % aşağı olacaq. Bu, həm dünyada ticarət şərtlərinin dəyişməsi, həm qlobal infliyasiya ilə bağlıdır. Çin – Asiyanın ən böyük iqtisadiyyatıdır, Asiya-Sakit okean Regionunun ÜDM-nin 86%-i onun payına düşür. Onun hər hansı bir formada büdrəməsi bütün region iqtisadiyyatının yıxılması demək olacaq.

Ümumilikdə Asiya-Sakit Okean Regionunda iqtisadi artım ötən il 6% olmuşdusa, bu il hətta 5%-ə çatacağı şübhəlidir. Avropada vəziyyət daha acınacaqlıdır: ötən il iqtisadi artım 5,8% olmuşdu, amma bu il 3%-i keçəcəyi inandırıcı deyil. Latın Amerikası üçün bu rəqəmlər uyğun olaraq 6,7% və 2,6% təşkil edir.

Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada 2002-ci il üçün iqtisadi artım proqnozu əvvəlki 4,6%-dən 1,8%-ə qədər azaldılıb, bu isə o deməkdir ki, ölkə bu il hətta pandemiyaya qədərki vəziyyətinə də qayıda bilməyəcək.

Göründüyü kimi, başda superdövlətlər olmaqla bütün regionların iqtisadiyyatını tənəzzül gözləyir. Səbəb aydındır: müharibə və sanksiyalar üzündən qlobal təchizat zəncirinin, iqtisadi əlaqələrin və logistikanın pozulması, bazarların itirilməsi, maliyyə stressinin güclənməsi. Xammalın bahalaşması və qıtlığı qlobal istehsalı çətin vəziyyətə salır. Qlobal İstehsal Aktivliyi İndeksi (PMI) son iki ilin minimumlarına enib, amma bu, hələ sadəcə tumurcuqlardır.

Hazırda dünyada staqflyasiya prosesi başlayıb – infliyasiya yüksəkdir, istehsal isə azalır. “Staqflyasiya” termini iki sözün birləşməsindən yaranıb: staqnasiya (durğunluq) + infliyasiya. Termin iqtisadiyyat elminə 70-ci illərdə ABŞ-da baş verən böhrandan sonra daxil edilmişdi (o vaxt ABŞ-da işsizlik 6%-ə, infliyasiya 5,5%-ə çatmışdı).

Staqflyasiya iqtisadiyyatda baş verə biləcək ən pis hallardan biridir. 1971–1973-cü illərdə prezident Niksonun sərt iqtisadi islahatları (“qızıl standartı”ndan imtina və s.) ABŞ-da belə bir hal yaratmışdı. Bunun üstünə Peruda “ət və balıq böhranı”, 73-cü ildə isə neft böhranı gəlincə, yaranan güclü staqflyasiya bütün dünya iqtisadiyyatı üçün şok yaratmışdı. 1990-cı illərdə postsovet ölkələrində yaranan vəziyyət də həmçinin staqflyasiya idi.

Staqflyasiyanın pis tərəfi odur ki, həm infliyasiyanı, həm də işsizliyi eyni vaxtda azaltmaq olmur: İnfliyasiyanı azaldanda işsizlik artır, işsizliyi azaldanda infliyasiya çoxalır. Nəticədə bir neçə il davam edən sosial problemlər dövrü başlayır. İndi isə təəssüf ki, bütün dünya belə bir dövrə girmək üzrədir.


Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor
AzVision.az üçün


Teqlər:   Böhran  





Xəbər lenti