Köhnə yeni sual: İnflyasiyanı necə “cilovlamaq” olar? – TƏHLİL

      Köhnə yeni sual:    İnflyasiyanı necə “cilovlamaq” olar? –    TƏHLİL
  14 Aprel 2022    Oxunub:3207
İlin I rübünün sosial-iqtisadi yekunları həqiqətən uğurludur və bu, dövlət başçımızın sədrliyi ilə keçirilən müşavirədə də söylənildiyi kimi, məhz keçən ilin nəticələrinin davamı kimi qiymətləndirilməlidir. İstər ÜDM istehsalı üzrə 6,8 faizlik artım, istər qeyri-neft iqtisadiyyatında 10 faizdən çox, sənaye istehsalı sahəsindəsə təxminən 4 faiz, qeyri-neft sənaye istehsalında isə 18 faizdən çox yüksəliş hələ postpandemiya dövrünün tam bitdiyini deməyin tez olduğu bir vaxtda olduqca mühüm göstəricilərdir.
Bununla belə, göstəricilər sırasında yenə diqqəti ən çox inflyasiya cəlb edir. Belə ki, yanvar-mart ayları ərzində ölkədə istehlak qiymətləri indeksi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün 17, qeyri-ərzaq 6,2, xidmətlər üzrə isə 10,1 faiz artıb. Ümumiyyətlə, martda istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,1, əvvəlki ilin mart ayına nisbətən isə 12,1 faiz yüksəlib. Ay ərzində ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə əvvəlki aya nisbətən 1,5 faiz, əvvəlki ilin mart ayına nisbətən isə 16,8 faiz bahalaşma nəzərə çarpıb.

Xatırladım ki, bir sıra ekspertlər, o cümlədən bu sətirlərin müəllifi tərəfindən qiymət yüksəlişinin bu ilin ilk yarısının sonuna yaxın səngiyəcəyi proqnozlaşdırılırdı ki, buna istehsal, tədarük və ticarət sahələrinin pandemiyadan çıxandan sonra əvvəlki güclərini bərpa edəcəkləri və dövriyyəyə tam qayıdacaqları gözləntisi əsas yaradırdı. Ancaq belə olmadı. Ona görə yox ki, qeyd edilən gözlənti doğrulmayıb. Əksinə, iqtisadiyyat keçən ilin yekunlarına əsasən özünə gəldi və 2020-ci ildəki 4,3 faizlik tənəzzül 2021-ci ildə 5,6 faiz artımla əvəz olundu. Sadəcə, inflyasiya və istehlak qiymətlərinin artmasına bu il əlavə qızışdırıcı amil Rusiya-Ukrayna müharibəsi təkan verdi. Məhz bu amil bahalaşmanı səngiməyə qoymadı və qoymur.

Dövlət başçısı müşavirədə qeyd etdi ki, son üç ayda inflyasiya 18 faizə qalxıb. "Bu, əlbəttə ki, yüksək rəqəmdir. Amma onu da bilməliyik ki, bunun bir hissəsi idxal edilmiş inflyasiyadır. Çünki dünyada ərzaq və digər məhsulların qiymətinin artması, təbii ki, daxili qiymətlərə də təsir edir",- deyə Prezident əlavə etdi.

Ümumiyyətlə, istənilən müharibə şəraitində bütün növ iqtisadi əlaqələr qırılır, istehsal zəifləyir, təklif enir. Bu, özünü ilk növbədə ərzaq məhsullarında büruzə verdiyindən, bahalaşma dalğa şəklini alaraq, istər-istəməz bütün digər məhsullara sirayət edir.

Hazırda vəziyyət elədir ki, proqnoz vermək mümkün deyil. Azərbaycan hökumətinin tutduğu mövqe düzgündür: təqribən bir ay öncə antiinflyasiya tədbirlərinə, ardınca isə müəyyən qrup məhsulların ölkədən kənara daşınmasına nəzarət etməyə, yəni bu sahədə tənzimləyici siyasət yürütməyə qərar verildi.


Dünya Bankı (DB) da bu il ölkəmizdə inflyasiya üzrə illik proqnozu 9 faizə qaldırıb. Halbuki, keçən ilin oktyabrında bu gözlənti 4,5 faiz idi. 2023-cü il üçünsə əvvəl 4,1 faiz, indi isə 6,6 faiz təşkil edəcəyini bildirib.

Lakin beynəlxalq qurumların proqnozları nisbi olduğundan önəmli deyil. Söhbət qlobal tendensiyadan getdiyindən əsas mövzu inflyasiyanın hansı səviyyədə olduğu və olacağı deyil, məhz kənar təsirlərin və alovlandırıcı amillərin necə məhdudlaşdırılacağıdır.

Dediyimiz kimi, bahalaşma keçən ilin əvvəlindən müşahidə edilir və bu, özünü ən çox ərzaq məhsullarında göstərir. 2021-ci ildə 2-4 faiz aralığında nəzərdə tutulsa da, illik inflyasiya 12 faiz təşkil etdi. Ərzaq məhsullarının bahalaşması 15,8 faiz təşkil etməklə, ümumi inflyasiya həddinin təxminən 3/5 hissəsinə bərabər oldu. Eyni tendensiya bu gün də qalmaqda davam edir. Belə ki, inflyasiyanın tərkibində idxal olunan ərzaq məhsulları 60 faizdən çoxdur. Başqa sözlə, qiymət yüksəlişin əsas təkanverici qüvvəsi eyni olaraq qalır.

Bu il ölkəmizdə illik inflyasiya üzrə hədəf diapozonu 2-6 faiz nəzərdə tutulub, Mərkəzi Bank (AMB) isə 6,6-7,5 faiz təşkil edəcəyini deyib. Yeri gəlmişkən, rəsmi statistikaya əsasən, 2021-ci ildə illik inflyasiya 12, orta illik isə 6,7 faiz təşkil etmişdi. Proqnoz isə 2-4 faiz aralığında idi.

Hər halda, inflyasiya hücumu dalğasına qarşı hökumətin real olaraq qurduğu sədlər və hazırlamaqda olduğu “səngərlər” kifayət qədər güclü hesab edilir. Misal olaraq İqtisadiyyat naziri Mikayıl Cabbarovun inflyasiyanı aradan qaldırmaq üçün müşavirədə söylədiyi AMB ilə digər aidiyyətli qurumların birgə qısamüddətli tədbirləriylə yanaşı, orta və uzunmüddətli tədbirlərə də ciddi ehtiyac olduğu fikrini göstərmək olar ki, bu, xeyli vacibdir.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: İnflyasiya  





Xəbər lenti