İnflyasiya qədər vacib problem – TƏHLİL

// İnvestisiyaların azalmasının qarşısını necə almaq olar?

   İnflyasiya qədər vacib problem –    TƏHLİL
  28 Aprel 2022    Oxunub:753
Hazırda dünya iqtisadiyyatında vəziyyət stabil deyil və müsbətə doğru inkişaf etmir. Səbəbləri də bəllidir. Postpandemiya dövrü keçilməmiş Rusiya-Ukrayna müharibəsi bütün əlaqələri qırmaqla tələbatı havadan asılı vəziyyətə salıb, qiymətləri kəllə-çarxa qaldırıb, investorları tam çaşqın vəziyyətdə qoyub.
Ölkəmizin iqtisadiyyatı ilin ilk rübündə artmaqda davam edib. Ancaq inflyasiya və bahaçılıqdan, həmçinin investisiya qıtlığından xali olmayıb. Bu da xüsusi diqqət tələb edir. Belə ki, inflyasiya və investisiya çatışmazlığı elə amillərdir ki, ciddi buxova çevrilə, iqtisadi artımı və inkişafı saxlaya bilər.

İnflyasiya və bahalaşma haqda çox yazılır. Hökumətin bu sahədə sığorta və məhdudlaşdırıcı tədbirlər gördüyü bəllidir. İnvestisiyaların azalması isə heç də bundan az əhəmiyyətli məsələ deyil. Bəs, bu sahədə hökumət nə düşünür? İqtisadiyyata investisiyaların azalması qarşısını necə almaq olar?

Cari ilin ilk 3 ayı ərzində ölkə iqtisadiyyatında əsas kapitala vəsait qoyuluşu 9,5 faiz azalıb. Xatırladım ki, keçən ilin yekununa bu rəqəm 8,2 faiz təşkil edib. Bu ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2440,7 milyon manat vəsait qoyulub ki, bu, neft-qaz sektorunda 28 faiz azalma, qeyri-neft sektorunda isə 10,1 faiz artım deməkdir. Ümumi sərmayənin 37,5 faizini dövlət, 62,5 faizini isə qeyri-dövlət yatırımları təşkil edib. Xarici investisiyaların xüsusi çəkisi daha çox azalıb. Bu ilin yanvar-mart aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 764 milyon manat vəsait yönəlib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,6% az deməkdir.

Yanvarda xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 296,1 milyon manat, fevralda 264,2 milyon manat, mart ayında isə 203,8 milyon manat vəsait yönəldilib; bu da ötən ilin müvafiq ayları ilə müqayisədə 14,5 faiz, 15,7 faiz və 2,3 dəfə azdır. Aylar üzrə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitlərin ümumi investisiyalardakı payı 45 faiz, 38,7 faiz və 18,5 faiz təşkil edib.

Xarici investisiyaların daha çox azalması səbəbləri bəllidir: investorlar çaşqın vəziyyətdədirlər. Dünya iqtisadiyyatında vəziyyət sabit olmadığından hamı gözləmə mövqeyindədir ki, heç bir mənbə risk etmir - bu da təbiidir. Çünki qeyri-müəyyən vəziyyət yarandıqda investorlar həmişə belə mövqe tutur və bacardıqca riskə yol verməməyə çalışırlar.

Belə fonda Azərbaycanda investisiya qoyuluşunun artacağını gözləmək səhv olardı. Lakin digər obyektiv səbəb də var: indiyədək ölkədə investisiya daha çox neft-qaz sektoruna qoyulub. Bax, məhz bu tendensiya neçə illərdir ki, zəifləyib. Ümumiyyətlə, neft-qaz sektoruna kapital qoyuluşu çoxdan əvvəlki tempdə deyil.

Digər tərəfdən, indi Azərbaycan hökuməti investisiya və xarici sərmayə axınında qeyri-neft sektorunu prioritet seçib. Bu isə asan məsələ deyil. Ona görə ki, hər bir xarici investor digər ölkəyə kapital qoyanda ən çox daha tez gəlir gətirən sahəni seçir. Bu isə xammal sektorudur.

Qeyri-neft sektoruna gəldikdə xarici investorların bu sahəyə daha çox meyl göstərməsi üçün ölkədə sabitlik, mövcud potensial, qanunvericilikdə təminat, məhkəmə sistemində vəziyyət və sair kimi amillər qarant rolunda çıxış edir. Bütün bu qeyd olunanlara nəzərən yuxarıdakı rəqəmlərə əsasən neft-qazdan fərqli olaraq, qeyri-neft sektoruna ilin ilk üç ayı ərzində10 faizdən artıq investisiya qoyulması faktı diqqəti cəlb edir. Bu, olduqca müsbət cəhət sayılır.

Ümumiyyətlə, investisiyalar ümumən azalsa da müəyyən faktorlar xüsusi əhəmiyyət kəsb edir. Məsələn, ümumi sərmayənin 1524,7 milyon manatının və ya 62,5 faizinin məhz məhsul istehsalı sahələrinə yatırılması faktı iqtisadi artımda dayanıqlığın təmini üçün əhəmiyyətlidir. Yerdə qalan 743,2 milyon manatı (30,4 faizi) xidmət sahələrinin, 172,8 milyon manatı (7,1 faizi) isə yaşayış evlərinin tikintisinin payına düşüb.

İstehsala investisiya qoyuluşu həm də işgüzar aktivlik və sahibkarlığın inkişafı göstəricisi olduğundan inkişaf etdirilməlidir. Ölkədə biznesin inkişafı məqsədilə yaradılan sənaye parkları mühüm rol oynamaqla yanaşı, əlavə olaraq sahibkarlara xüsusi güzəştlərin verilməsi və maliyyə dəstəyinin göstərilməsi, həmçinin investisiyanın təşviqi və digər bu kimi tədbirlər də həyata keçirilir. Yeri gəlmişkən, idxal inflyasiyasının qarşısını almaq üçün məhz istehsalı genişləndirmək tələb olunur ki, bu özü də investisiya mövzusunun nə qədər aktual xarakter daşıdığını bir daha sübut edir.

Bundan əlavə, götürək, ümumi sərmayənin yarıdan çox hissəsini - 62,5 faizini özəl sektorun payının təşkil etməsi faktorunu. Daxili investisiya da xarici investisiya qədər önəmlidir. Ölkədə çoxlu şirkətlər və sahibkarlar var. Dövlət başçımız iqtisadi məsələlərlə bağlı bütün müşavirələrdə, xüsusilə də işğaldan azad olunan ərazilərdəki yenidənqurma işləri, regionla bağlı çıxışlarında hər zaman yerli sahibkarları, investorları iqtisadiyyata kapital qoyuluşunda fəal olmağa çağırır. Yerli investorların öz vəsaitlərini ölkədən kənara çıxardaraq xaricdə biznes qurmaq, daşınmaz əmlaklara yatırmaq əvəzinə, ölkə iqtisadiyyatına yönəltmələri ümumi iqtisadi artıma əlavə təkan verə bilər və verir.

Qısa desəm, göründüyü kimi, iqtisadiyyayta investisiyaların azalması fonunda hər halda, müsbət cəhətlər də var. Və məhz bu cəhətlər üzərində çalışaraq onları inkişaf etdirməklə ümumi investisiya həcmində dönüş əldə etmək olar.

Ümumiyyətlə, dövlətin və hökumətin qarşısında duran vəzifələrdən biri odur ki, qeyri-neft sektoruna daha çox xarici investisiyalar cəlb olunması üçün həyata keçirilən müvafiq stimullaşdırıcı kurs və siyasət daha sürətlə davam etdirilsin və getdikcə, daha geniş xarakter daşısın.


Pərviz Heydərov
Azvision.az üçün

Teqlər:







Xəbər lenti