Tünd-qırmızı beretin sirri: XTQ-nin şərəfli tarixçəsi

   Tünd-qırmızı beretin sirri:    XTQ-nin şərəfli tarixçəsi
  29 Aprel 2022    Oxunub:18690
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri 1999-cu il, aprelin 30-da yaradılıb. XTQ ən riskli və cəsarətli xüsusi əməliyyatları yerinə yetirən qoşun növü kimi hər birimizin qurur mənbəyidir. Ali Baş Komandan İlham Əliyevin xüsusi təyinatlıların 40-a yaxın hərbi qulluqçusunu “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görməsi, çıxışlarında XTQ-nin Vətən Müharibəsindəki rolunu xüsusi vurğulaması və hər imkanda onlarla şəkil çəkdirib, səmimi söhbət etməsi əslində çox şeydən xəbər verir.

Xüsusi Təyinatlı Qüvvələrin yaranması

Azərbaycanda xüsusi təyinatlı hissələrin yaradılmasına 1994-cü ildə Ermənistan ilə atəşkəs müqaviləsi imzalandıqdan sonra başlanıb. Qısa müddət ərzində yaradılan bir neçə əlahiddə tabordan ibarət xüsusi təyinatlı hissələr 2004-cü ilə qədər Baş Qərargahın tabeliyində fəaiyyət göstərdilər. Dəfələrlə uğurlu əməliyyatlara imza atan əlahiddə taborlar sonradan eyni vahid hərbi hissənin tərkibində birləşdirildi.


Bu birləşmədən 5 il əvvəl, 1999-cu il aprelin 30-da Milli Lider Heydər Əliyev tərəfindən Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılması haqqında qərar qəbul edilmişdi. Məqsəd istənilən şəraitdə, düşmən müdafiəsinin istənilən dərinliyində döyüş və diversiya əməliyyatları da daxil olmaqla istənilən xüsusi vəzifələri icra etmək imkanlarına malik çevik hərbi qüvvələr yaratmaq idi.

XTQ-nin yaranması üçün konkret kadr və texniki baza mövcud deyildi. İlk gündən XTQ-yə komandan təyin edilən polkovnik Hikmət Mirzəyev hərbi hissənin formalaşdırılması üçün həm xüsusi təyinatlı taborlardan, həm də digər birliklərin kəşfiyyat bölmələrindən şəxsi heyət seçmək imkanı əldə etdi.


Yarandığı vaxtdan bu günə qədər XTQ-də könüllü xidmət prinsipi qorunub saxlanılır, bu isə onun daha prestijli qoşun növü olmasının əsas səbəblərindəndir.

XTQ-nin formalaşması

XTQ-nin formalaşması ilə 2013-cü ilin sonunda əlahiddə taborlardan ibarət xüsusi təyinatlı hərbi hissə ləğv edildi və şəxsi heyətin bir hissəsi xüsusi təyinatlı qüvvələrdə xidmətə cəlb olundu. Qalan hissəsi isə digər hərbi hissələrdə xidmətlərini davam etdirdilər. Ləğv edilən hərbi hissənin bütün döyüş vəzifələri XTQ-yə həvalə edildi. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan digər zabit və gizirlərdən də XTQ-də geniş istifadə olundu.


2015-ci il, aprelin 29-da qurulmasının 16-cı ildönümü münasibətilə yeni yaradılan xüsusi təyinatlı hissələrə döyüş bayraqlarının təqdimetmə mərasimi keçiriləndə aydın oldu ki, XTQ-nin genişləndirilməsi dövlət siyasətidir. 2016-cı ilin Aprel döyüşlərinə qədər XTQ müxtəlif məqsədli döyüş əməliyyatları yerinə yetirməklə ciddi döyüş təcrübəsi qazandı. Bu imkanlar həm Aprel döyüşlərində, həm də 20 iyun 2020-ci ildə təsdiqləndi. Vətən Müharibəsində isə XTQ döyüş imkanlarını tam həcmdə nümayiş etdirməklə adını dünya hərb tarixinə yazdırdı.

Xarici təcrübə

Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında Türkiyə təcrübəsindən geniş istifadə olunub. Türkiyədə “Bordo bereli”, “SAT/SAS”, ABŞ-da “Reyncer”, “Delta force”, Rusiyada “Alfa”, “Vımpel”, “Delta”, İsraildə “Amor”, Böyük Britaniyada “Kommandos”, “Skorpion”, Finlandiyada “Yeger”, Gürcüstanda Xüsusi Əməliyyatlar Qrupu (Group “A”), Azərbaycanda “Yarasa”, “Qartal”, “Şahin”, “Vaşaq”, “Əqrəb” və s. şərti adlarla tanınan xüsusi təyinatlı dəstələr mövcuddur. Azərbaycan XTQ-si öz fəaliyyətində bir çox ölkələrin, o cümlədən Pakistan və ABŞ-ın təcrübəsindən də geniş istifadə edir.

Güc strukturlarının xüsusi təyinatlıları

Azərbaycanın xüsusi təyinatlı hissə və bölmələri Müdafiə Nazirliyinin tabeliyində olan XTQ-dən və Hərbi Dəniz Qüvvələrinin Dəniz Əməliyyatları Dəstəsindən, Daxili Qoşunların Xüsusi Təyinatlı hərbi hissələrindən, Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı polis dəstələrindən, Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlılarından və Xüsusi Dövlət Mühafizə Xidmətinin xüsusi mühafizə bölüklərindən ibarətdir.


Onların hər biri Vətən Müharibəsində digər birlik və hissələrlə parallel olaraq özünəməxsus əməliyyatlar həyata keçirib. Müdafiə Nazirliyinin tabeliyində olan xüsusi təyinatlılar isə daha geniş imkanlara malik olduğu üçün zərurət yarananda digər güc strukturlarının fəaliyyətlərini dəstəkləməklə bərabər, onların əvəzedilməsini də həyata keçirir.

2016-cı və 2020-ci ilin təcrübəsi əsasında yeni yaradılan hərbi hissələr xüsusi əməliyyatları dəstəkləmək baxımından böyük əhəmiyyətə malikdir.

Qanın tünd rəngi

Xüsusi təyinatlı hissə və bölmələr Ordumuzun ən hazrlıqlı bölmələridir. Onların döyüş hazırlığı, təlimləri və bacarıqları digərlərindən fərqlənir. Əməliyyat hissə və bölmələrinin tərkibinə daxil olan qruplar tamamilə kiçik zabitlərdən və gizirlərdən formalaşdırılır. Könüllülük əsasında seçilən xüsusi təyinatlılar üç il ərzində çox ağır təlimlərdən keçir.

Onlar Azərbaycan daxilində keçirilən kurs və təlimlərdən başqa, ixtisaslarına uyğun olaraq, NATO ölkələrinin, o cümlədən, Türkiyə, Pakistan, ABŞ və Gürcüstanın təlim mərkəzlərində keçirilən kurslarda iştirak edirlər. Kurslarda xüsusi təyinatlı olmaq istəyən namizədlərə əlbəyaxa döyüş, dərin kəşfiyyat, düşmənin arxasına keçmə, həyatda qalma, mühəndis, atəş, psixoloji, desant, dalğıc, tibbi, assimetrik döyüş və s. kimi hazırlıqlar üzrə təlim keçirilir.


İxtisasartırma kurslarında isə onlara əlavə olaraq istehkam, dağ, dalğıc və desant hazırlığı, müxtəlif yüngül və ağır silahlardan istifadə öyrədilir. Xaricdə onlar əsasən hava desant, dağ, antiterror, psixoloji hazırlıq və s. kimi kursların iştirakçısı olurlar. Əgər bir xüsusi təyinatlı hərbçimiz tünd qırmızı beretə layiq görülübsə, deməli, artıq həm idmançıdır, həm peşəkar snayper, həm tibb personalı, həm də əsl Döyüşçü.

Xüsusi təyinatlılarımızın çoxu bir neçə xarici dildə, o cümlədən erməni dilində sərbəst danışa bilir. Ötən dövrdə Azərbaycan xüsusi təyinatlıları dəfələrlə beynəlxalq yarışlarda yüksək nailiyyətlər qazanıblar.

Hazırlıq kursları və təyinat

Xüsusi təyinatlılar insan ayağı dəyməyən ən çətin ərazilərdə, ən mürəkkəb tapşırıqları icra etmək üçün hazırlanırlar. Bu hazırlıqlar müxtəlif kurslarda keçirilir. Sonda iştirakçı namizədlər imtahanlara cəlb edilirlər. Təməl və ixtisas kurslarını uğurla bitirən heyətə təntənəli şəkildə müvafiq sertifikat, fərqlənmə nişanları və tünd-qırmızı rəngdə beret təqdim edilir.

Paralel olaraq bu heyət Xüsusi Təyinatlı Qüvvələrin Komandanın əmri ilə xidmətlərini davam etdirmək üçün müvafiq vəzifələrə təyinat alırlar.

Sonrakı yazıda:
- Azərbaycanın xüsusi təyinatlıları nə ilə silahlanır?
- Vətən Müharibəsində XTQ adını tarixə necə yazdı?!

Bu sualların cavabı üçün Azərbaycanın etibarlı çəkindirmə silahı: XTQ! yazısını oxuyun.


Ədalət Verdiyev, hərbi ekspert
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: XTQ  





Xəbər lenti