Brüsselin Qafqaz gündəliyini Azərbaycan müəyyən edir - TƏHLİL

Brüsselin Qafqaz gündəliyini Azərbaycan müəyyən edir -  TƏHLİL
  23 May 2022    Oxunub:3888
Postmünaqişə dövründə yalnız Azərbaycan-Ermənistan münasibətlərinin yox, həm də regionun gündəliyi rəsmi Bakının mövqeyi əsasında formalaşır. Brüsseldə Avropa İttifaqının sədri Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən müzakirələrin nəticələri bunu bir daha sübuta yetirdi.
Postmünaqişə dövründə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində, habelə Cənubi Qafqazda davamlı sülhün və sabitliyin, əməkdaşlığın möhkəmləndirilməsi proseslərində vacib aktorlardan olmağa çalışan Avropa İttifaqı rəsmi Bakı ilə İrəvan arasında aparılan müzakirələrdə mühüm paltformalardan birinə çevrilib. Münaqişənin tənzimlənməsinə qədər müəyyən mənada seyrçi mövqedə dayanan Brüssel indi regiondakı proseslərin müsbət məcrada inkişafı üçün ciddi fəallıq nümayiş etdirir.

Son yarım ildə Azərbaycan və Ermənistan rəhbərlərinin 3 görüşündə əsas moderator rolunda çıxış edən Avrop İttifaqının sədri Şarl Mişelin dünənki görüşdən sonra verdiyi açıqlama Brüssel platforması çərçivəsində tərəflər arasında mövqelərin yaxınlaşmasında irəliyə doğru addımlar atıldığının bildirdi. Əvvəlki iki görüşdə əldə olunan müsbət nəticələrə rəğmən, Ermənistan rəhbərliyinin verdiyi ziddiyyətli bəyanatlardan sonra Brüsseldə 5 saatdan çox davam edən gərgin danışıqlarda tərəflərin münasibətləri gündəliyində bir sıra vacib məsələlərdə anlaşmanın ərsəyə gəldiyi deyilib.

Sözsüz ki, ən önəmli məsələlərdən biri sərhədlərin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olacaq Sərhəd Komissiyalarının yaxın zamanlarda Azərbaycan-Ermənistan sərhədində ilk birgə iclasının keçirilməsi barədə razılaşmadır. Sərhəd Komissiyalarının təmasları barədə hələ aprelin əvvəllərində keçirilmiş ikinci Brüssel görüşündə razılıq əldə olunsa da, Ermənistan hakimiyyətinin “texniki səbəblər” üzündən belə komissiyanı formalaşdıra bilməməsi üzündən bu məsələdə heç bir irəliləyiş baş vermədi. İndi isə sözügedən Komissiyaların təmaslarının yaxın vaxtlarda keçirilməsi barədə konkret razılaşmanın əldə olunduğu vurğulanır ki, bu da İrəvanı manevr imkanlarından məhrum edir.

Sərhədlərin delimitasiyası və təhlükəsziliyi kontekstində digər vacib məqam sərhədlərin idarəçiliyi, torpaq haqları və beynəlxalq daşımalar məsələsində gömrük prinsipləri barədə Azərbaycan və Ermənistan rəhbərliyi arasında anlaşmanın yaranmasıdır. Bu müstəvidə əldə olunan razılaşmanın inkişaf etdirilməsi və həyata keçirilməsi yönündə yaxın günlərdə iki ölkənin baş nazirlərinin müavinlərinin məsləhətləşmələr keçirəcəkləri nəzərdə tutulur.

Əslində bu məsələlərin həlli bütün region, ilk növbədə isə Ermənistanın iqtisadiyyatı üçün çox vacib olan kommunikasiyaların açılmasını zərurətə çevirir. Bu baxımdan Brüssel görüşündə sözügedən istiqamətdə işlərin davam etdirilməsi, o cümlədən də Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması, habelə beynəlxalq daşınmaların tənzimlənməsi və digər məsələlər barədə razılaşma, yalnız Azərbaycanla Ermənistanın yox, həm də bütövlükdə region ölkələrinin və Cənubi Qafqazda iqtisadi maraqları olan bütün xarici aktorların mənafeləri ilə uzlaşır.

Uzun illər boyu iqtisadi-siyasi və dipolmatik münasibətlər müstəvisində tərəflər arasında yaranmış boşluğun doldurulması, yeni reallıqlar çərçivəsində bölgədə iqtisadi inkişafın təminatı üçün İqtisadi Məsləhət Qrupunun işinin davam etdirilməsi barədə əldə olunan anlaşmanın tərəflər arasında etimad mühitinin formalaşdırılmasına ciddi təkan verəcəyi heç bir şübhə doğurmur. Brüsselin bu istiqamətdə nümayiş etdirdiyi fəallıq Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və inkişafında Aropa İttifaqının göstərəcəyi köməyin tezləşəcəyini şərtləndirə bilər. Hər iki ölkənin cəmiyyətlərinin uzunmüddətli davamlı sülhə hazırlanması üçün Avropa İttifaqının ifadə etdiyi dəstək bu ümidləri daha da artırır. Yeri gəlmişkən, erməni cəmiyyətində məğlubiyyət sindromu formalaşdırmağa çalışan revanşist qüvvələrin neytrallaşdırılmasında Brüsselin dəstəyinə böyük ehtiyac duyulur.

Sözsüz ki, bu müstəvidə dünənki üçtərəfli görüşün əsas uğurlarından biri də Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində taleyüklü rol oynayacaq gələcək sülh müqaviləsi üzrə müzakirələrin müsbət məcrada aparılması və bu yöndə irəliləyişin əldə olunmasını təmin etmək üzrə razılığa gəlinməsidir. Tərəflərin niyyətinin ciddi olduğunu göstərən əsas məqam yaxın həftələrdə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündə danışıqların məhz sülh müqaviləsi ətrafında aparılacağının bildirlməsidir.

Tərəflər arasında etimad atmosferinin yaradılması və möhkəmləndirilməsi baxımından, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və hər iki Qarabağ müharibəsində itkin düşmüş şəxslərin talelərinin araşdırılması barədə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında prinsipial razılığın ifadə olunması həmin sülh sazişi üçün ciddi zəmin hazırlayan əsas məqamlardan biri kimi qiymətləndirilməlidir.

Avropa İttifaqının sədri Şarl Mişelin iştirakı ilə keçirilən 3-cü görüş çərçivəsində əldə olunan razılaşmalar Brüssel platformasının məhz Azərbaycanın təklifləri əsasında formalaşdırıldığını sübuta yetirir. Bu dəfə də müzakirələrdə və öz bəyanatında “Dağlıq Qarabağ” yox, məhz Qarabağ ifadəsini işlədən Şarl Mişel, Ermənistan rəhbərliyini, erməni revanşistlərini və onların xarici havadarlarını məyus edib. Görüşdə Azərbaycanın müəyyən bölgəsində yaşayan erməniləri statusu məsələsinin, ümumiyyətlə, müzakirə mövzusu olmaması, yalnız onların hüquqları ətrafında fikir mübadiləsi isə, məhz rəsmi Bakının uzun illərdir ki, təklif etdiyi müddəadır. Belə ki, Azərbaycan vətəndaşlığını qəbul edəcək həmin insanların təhlükəsizliyi ölkə qanunvericiliyi çərçivəsində təmin olunacaq və onlar da hamı kimi bütün vətəndaş hüquqlarından yararlanacaqlar.

Bu yöndə Azərbaycanın qazandığı ən önəmli diplomatik uğurlardan biri də erməni tərəfinin və onun havadarlarının ciddi-cəhdlə canlandırmağa çalışdıqları Minsk qrupunun həmsədrlik institutunun artıq tarixin arxivinə verilməsidir. Uzun illər boyu münaqişənin həlli məsələsində misilsiz fəaliyyətsizliyi ilə tarixə düşən həmsədrlik institunun öz missiyasına daha ciddi və daha məsuliyyətli yanaşan Brüssel platforması əvəz etməyə başlayıb. Ən əsası isə budur ki, Brüssel platforması məhz Azərbaycanın beynəlxalq hüquqa söykənən mövqeyini dəstəkləyir.

Sahil İsgəndərov, politoloq

AzVision.az


Teqlər: Brüssel   görüş  





Xəbər lenti