Rusiyanın Qarabağa artan marağının səbəbi – TƏHLİL

Rusiyanın Qarabağa artan marağının səbəbi – TƏHLİL
  23 Aprel 2014    Oxunub:1417
Bu günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrov özünün ermənistanlı həmkarı Edvard Nalbandyanı Moskvaya dəvət edib və onunla danışıqlar aparıb. Yayılan rəsmi məlumatlarda tərəflərin Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı müzakirələr apardıqları bildirilir.

Eyni zamanda, Azərbaycanın da xarici işlər naziri Elmar Məmmədyarov Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin konfransında iştirak edib. Lavrov Məmmədyarovla da təkbətək görüş keçirib. Bu görüşdə də Dağlıq Qarabağ probleminin həlli yolları müzakirə olunub.

Dağlıq Qarabağ problemi ilə bağlı uzun illərdir müxtəlif səviyyələrdə görüşlər keçirilir və danışıqlar aparılır. İlk baxışda xarici işlər nazirlərinin Moskvada rusiyalı həmkarları ilə müzakirələr aparması gözlənilməz bir hadisə deyil. Lakin Ukrayna böhranı fonunda Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ətrafında fəallığını artırması maraq doğurmaya bilməz.

Krımı öz ərazisinə birləşdirməklə Amerika və Avropanın qəzəbilə üzləşdiyi və ağır iqtisadi sanksiyalara hədələndiyi bir dövrdə Moskva müqayisədə çox kiçik görünən Dağlıq Qarabağ probleminə diqqət ayırır və Rusiya-ABŞ-AB-Ukrayna danışıqlarında əsas fiqurant olan Lavrov şəxsən məsələ ilə məşğul olur.

Niyə?


Moskva anlayır ki, “Krım qələbəsi” ona baha başa gələcək və hələ uzun illər bu “qələbə”nin haqqını ödəməli olacaq. Rusiya vəziyyətdən çıxış yolu tapmalı və özünü sonradan da olsa sığortalamalıdır. Moskva beynəlxalq aləmdə özü barədə formalaşmış “içğalçı” imicini dəyişməli, bunun üçün bir sıra dövlətlərin dəstəyini qazanmalıdır. Eyni zamanda, Qərbin ona qarşı tətbiq edəcəyi sanksiyaların həyata keçməsinə imkan verməməlidir – yəni Avropanın Rusiya qazına alternativ olan qaz mənbələrinə yönəlməsinə şərait yaratmamalıdır.

Nə qədər təəccüblü səslənsə də, Azərbaycan bu mənada mühüm rol oynaya bilər və Rusiyanın beynəlxalq siyasi imicinin tam da olmasa müəyyən mənada bərpa edilməsini və sanksiyalardan qorunmasını təmin edə bilər.

Belə ki, Qərb Avropanın Rusiya qazından asılılığını aradan qaldırmaq üçün əlavə mənbələr axtarışındadır. Ehtimal etmək olar ki, bu mənada Azərbaycan və İran qazından istifadə edilməsi mümkündür. İran Türkiyə ərazisindən çəkilən kəmərə qoşulmaqla Avropaya qaz ixracını həyata keçirə bilər. Əlavə olaraq Azərbaycanla Türkiyənin müştərək TANAP layihəsi üzrə bu il qaz xəttinin çəkilişi nəzərdə tutulub. İrana qarşı 2013-cü ilin sonunda sanksiyaların ləğv edilməsi və Azərbaycan-İran-Türkiyə əməkdaşlığının inkişafının kökündə qeyd olunan amil dayanır. Bu layihələrin yaxın illər ərzində işə düşməsilə Rusiyanın Avropaya qaz ixracının dayandırılmasına şərait yaranacaq və Moskva illik 27 milyard gəlirdən məhrum olmaqla yanaşı, Avropaya, həmçinin Ukraynaya təsir gücünü itirəcək.

Moskva Avropa bazarına satış üçün qaz çıxaran sıravi, üstəgəl, arzuolunmaz sıravi satıcıya çevriləcək. Paralel olaraq Qazaxıstan Rusiya vasitəsilə Avropaya qaz çıxara bilməyəcəyi üçün başqa marşrutlar axtarmağa çalışacaq və bu dövlət də Moskvanın təsirindən çıxacaq. Kreml də məcbur olacaq ki, Ukraynada olduğu kimi Qazaxıstanda da etnik rusların “pozulan hüquqlarını qorumaq üçün” burada da referendum keçirsin və özünə birləşdirsin.

Belorus üçün də alternativ yaranacaq və Minsk həm Rusiya həm də Avropadan qaz idxal etmək imkanı əldə edəcək. Yəni Minski də, öz təsirində saxlamaq Rusiya üçün çətinləşəcək. Belə olan halda hansısa ittifaqın yaradılmasında söhbət gedə bilməz.

Ancaq əgər Azərbaycan ilə Türkiyə bu layihələrdən imtina edərlərsə, Avropanın Rusiyadan asılılığı davam etməklə yanaşı İran da, Rusiyaya möhtac qalacaq. Çünki İranın quru yolla ixrac üçün başqa heç bir alternativi yoxdur və Moskva ilə əməkdaşlığa getmək məcburiyyətindədir.

Söhbət ondan gedir ki, Rusiya Azərbaycanı buna necə razı sala bilər? Sualın cavabını Kremldə də bilirlər əslində. Təbii ki, Dağlıq Qarabağ probleminin həlli ilə.

Dağlıq Qarabağ probleminin Rusiyanın vasitəçiliyi ilə beynəlxalq hüquq normalarına uyğun həll edilməsi Moskvanın korlanmış beynəlxalq nüfuzunu da bərpa edə bilər. Məsələn, Rusiya, Ermənistanın Azərbaycanla münaqişə vəziyyətində olmasını önə sürərək, Gömrük İttifaqına qoşulmasının məqsədəuyğun olmadığını hesab etdiyini bildirə bilər. Ermənistanı Azərbaycanın işğal etdiyi torpaqlarından geri çəkilməyə məcbur etmək və sülhə nail olmaqla Moskva Bakının hətta Gömrük İttifaqına qoşulmasına da nail ola bilər. Bu, həm də, Gömrük İttifaqının beynəlxalq nüfuzunu və legitimliyini artıracaq. Ukraynanın yeni hakimiyyəti də məcbur Rusiya ilə əməkdaşlığa dönəcək.

Güman ki, Moskva Azərbaycanın mövqeyinin əhəmiyyətini anlamamış deyil və Bakı ilə razılığa gəlmək üçün variant axtarışında ola bilər. Belə olan halda, Lavrovun Dağlıq Qarabağ məsələsi ətrafında canfəşanlığı başa düşüləndir.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti