Zərərlə işləyən banklarımız niyə artır? – TƏHLİL
Doğrudur, AMB-in statistik məlumatında bank sektorunun kapitallaşma səviyyəsinin, həmçinin aktivlərinin artdığı deyilir. Belə ki, cari ilin fevral ayında ölkənin bank sektorunun kapitallaşma səviyyəsinin keçən ilin anoloji dövrü ilə müqayisədə 28,7 % artaraq martın əvvəlinə 3,36 milyard manat təşkil etdiyi deyilir ki, qeyd olunan statiskaya görə, nizamnamə kapitalı AMB-in hazırkı tələbinə əsasən 10 milyon manatı aşan bankların sayı isə keçən ilin eyni dövründəki kimi 41 olub. Nizamnamə kapitalı 5-10 milyon arasında olansa keçən il olduğu kimi yoxdur. Amma 3,5 milyonla 5 milyon manat arasında 2 bank mövcuddur.
Bütün bunlar real mənzərini ümumən əks etdirir. Fakt budur ki, yanvar-fevral ayları ərzində zərərlə işləyən bankların sayı 4 sıra artıb. Bu, olduqca ciddi rəqəmdir. Bunun müqabilində martın 1-nə olan vəziyyətə görə, bank sektorunun aktivlərinin keçən ilin eyni dövründə qeydə alınan 1,67 milyard manata qarşı 2,08 milyard (24,65 % artmasına rəğmən) təşkil etməsi heç də əhəmiyyətli deyil. Başqa sözlə desək, AMB-in istehlak kreditlərinə məhdudiyyətlər qoymaq barədə tövsiyəsi “sözünü demiş” sayılır.
Bununla biz, heç də AMB-in istehlak kreditlərinə dair siyasəti əleyhinə çıxmırıq. İstehlak kreditlərinin verilməsinə nəzarət vacib sayılırdı. Hələ 2012-cü ilin sonunda ölkədə istehlak kreditlərinin verilməsinin genişlənməsi narahatlıq doğurmağa başlamışdı. Keçən ilin yanvarında parlament nümayəndələri bu sahədə yaranmış vəziyyətlə əlaqədar AMB rəhbərliyi ilə kredit siyasəti, istehlak kreditlərinin verilməsi üzrə fəaliyyət ilə bağlı müzakirə aparacaqlarını demişdilər.
Çünki heç bir bank yalnız istehlak kreditləri verməklə güclü və sağlam quruma çevrilə bilməz. Bu, onlar üçün gec-tez ciddi problemə yol açmalıdır. Kommersiya bankları infrastruktur, sənaye, istehsal, xidmət layihələrinin maliyyələşdirilməsinə cəlb edilməli və bu yolla artmalıdırlar.
Keçən il Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Z. Səmədzadə də ölkə əhalisinin böyük bir hissəsinin banklara borclarının yaranmasına “göz yummaq” lazım gəlmədiyini vurğulamışdı. Bu fikirdə əsas həqiqət ondan ibarət idi ki, istehlak kreditlərinin necə gəldi verilməsi və artımı iqtisadiyyat üçün yaxşı heç nə vəd etmir.
AMB-in kommersiya banklarına yönəlik tövsiyəsi ayrı-ayrı prizmalardan şərh olundu ki, bunlardan bəzilərini qeyd etmək yerinə düşər. Belə ki, bunun banklara nizamnamə kapitallarının həcmini tələb olunan səviyyəyə qədər artırmaları üçün verilən vaxtın 1 il uzadılmasından sonra 50 milyon manata asan yolla nail ola bilməmələri üçün irəli sürüldüyü, digərləri avtomobil idxalının qarşısını almaq məqsədi daşıdığını, bir çoxları tərəfindən isə sırf istehlak kreditlərinin verilməsi prosesini məhdudlaşdırmaq məqsədi ilə həyata keçirildiyi bildirildi.
Əslində isə məqsəd başqa idi. Əvvəla, AMB-in banklara kapitallarını 50 milyon manata çatdırmaq üçün verdiyi vaxtı 2015-ci ilədək uzatması onların sayını azaltmaq istənilmədiyini göstərdi. Halbuki bankları “ələkdən keçirmək” üçün bu, yetərli idi. AMB-in sədri Elman Rüstəmovun da dövlətin bu yolla hər hansı bankı inzibati yolla bazardan çıxartmaq və qeyri-müəyyənliyə yol açmaq niyyətində olmadığını deməsi buna sübut oldu. Çünki ölkədə neçə bankın fəaliyyət göstərməli olduğu önəmli deyil. Əsas, bank sisteminin iqtisadiyyatın maliyyələşdirməsində rolunu artırmaqdır.
O ki qaldı avtomobil idxalına, Nazirlər Kabinetinin ölkədə dövriyyəyə buraxılan (idxal olunan və daxildə istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosferə atılan zərərli maddələr üzrə tələbatın 2014-cü ilin aprelin 1-dən “Avro-4” ekoloji normasna keçmək barədə qərarı yetərli idi.
AMB-in kommersiya banklarına istehlak və avtomobil kreditlərinin verilməsini məhdudlaşdırmaq siyasəti ölkədə pul-kredit siyasətini yalnız sərtləşdirmək məqsədi daşıyırdı ki, bu isə enerji sektorunda qiymət islahatına rəğmən, inflyasiyanı nəzarətdə saxlamaq və əhalinin pul gəlirlərini sığortalamaq istəyinə uyğun gəlirdi.
İkincisi, ölkə iqtisadiyyatına dair göstəriciləri nəzərdən keçirərkən ümumi daxili məhsulda (ÜDM) kölgə və yaxud gizli iqtisadiyyatın payı həmişə sual yaradır. ÜDM istehsalının həcmi məlum olarkən gizli iqtisadiyyat da nəzərə alınarsa bunun əslində nə qədər təşkil etdiyi mübahisə doğurur. Azərbaycanda gizli iqtisadiyyatın varlığı rəsmi olaraq da etiraf edilsə də, onun səviyyəsi barədə fikirlər müxtəlifdir.
Odur ki, avtomobil kreditlərinin verilməsinə məhdudiyyət barədə tövsiyyə həm də əhalinin gəlirlərinin uçota alınmasının təşkilinə yardım göstərmək məqsədi daşıyırdı. Kreditlə avtomobil alan ölkə vətəndaşlarının əksəriyyətinin rəsmi gəlirləri ilə öhdəliklərinə götürdükləri borc məbləğləri arasında uyğunsuzluq, avtokreditlərin nisbətən təminatlı olmasına baxmayaraq, məsələnin bu tərəfini nəzərdən keçirməyi diqtə edirdi.
Bütün bunlar aydındır... Ancaq sual yaranır ki, bankların əsas gəlir mənbələrini “kəsərkən” məgər, bunun kompensasiya variantları dərhal işə salınmalı deyildimi?
Hələ bir neçə il öncədən ölkədə avtomobilə, məişət əşyalarına, hətta torpağa, mənzilə görə təklif olunan kredit məbləğləri üzrə şərtləri sərtləşdirməklə istehsal xarakterli sahələrin inkişafı üçün uzunmüddətli kreditlərin yatırımı üçün müvafiq yumşaldıcı tədbirlər həyata keçirmək tələb olunur. Bunun üçün isə sadəcə olaraq, iqtisadiyyatın qeyri-neft sektorunda mövcud risk səviyyəsini azaltmaq lazımdır ki, istehsal sahələrinə uzunmüddətli kreditlərin cəlbini stimullaşdırmaq məqsədilə müvafiq tədbirlər mexanizmi işləyib həyata keçirmək mümkün olsun.
Təəssüf ki, bu istiqamətdə hələki tələb olunan səviyyədə heç bir iş aparılmır. Ona görə də bankların zərərləri artır. İndi bankların ən mühüm problemi yatırımdır. Likvidlik bununla müqayisədə həlli olduqca yüngül məsələdir.
Pərviz Heydərov
AzVision.az üçün
Teqlər: