Haradan gəliblər – bilirik, hara gedəcəklər - özləri bilər!

// Qarabağın qanunsuz məskunlaşdırılması necə aparılıb

   Haradan gəliblər – bilirik, hara gedəcəklər - özləri bilər!
  17 Avqust 2022    Oxunub:2123
“…Oradan bəzi xəbərlər gəlir, biri deyir ki, “mən çıxmayacağam”, o biri deyir ki, “mən çıxmayacağam...” Özləri bilər. Onlar müharibə cinayətkarıdırlar. Bizim səbrimizi sınağa çəkməsinlər. Öz xoşu ilə oradan çıxıb getsinlər. Haraya gedəcəkləri bizi maraqlandırmır”. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış insanların oradan çıxarılması haqqında danışarkən deyib.
Dövlət başçımız xatırladıb ki, həmin şəxslərin orada qalması əslində hərbi cinayət olmaqla, Cenevrə konvensiyalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz: “Bu, hərbi cinayətdir. Bəlkə də orada yaşayanlar - Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir”.

Həm Azərbaycan, həm də Ermənistan 1993-cü ildə Dördüncü Cenevrə Konvensiyasına qoşulublar. Müharibə zamanı mülki əhalinin qorunmasını nəzərdə tutan həmin sənədin 49-cu maddəsində yazılıb: “The Occupying Power shall not deport or transfer parts of its own civilian population into the territory it occupies” (İşğalçı Qüvvə öz mülki əhalisinin bir qismini işğal etdiyi ərazilərə köçürə və ya deportasiya edə bilməz).

Həm Cenevrə Konvensiyasının 12 avqust 1949-cu il tarixli əlavə protokolundan (85-ci maddənin 4-cü hissəsi) , həm də Beynəlxalq Cinayət Məhkəməsinin Statutunundan (17 iyul 1988) aydın olur ki, bu qaydanın pozulması hərbi cinayətdir.

Ermənilər işğal dövründə bütün sivil beynəlxalq qaydalar kimi, bu qaydanı da özlərinə xas barbarlıqla tapdalayıb keçiblər. İşğal altında olan Azərbaycan ərazilərinin müxtəlif yerlərində qanunsuz məskunlaşdırma işləri aparılıb. Dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin qeyri-qanuni olaraq Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərinə köçürülməsi faktları mövcuddur.

Rəsmi İrəvan ilk dövrlərdə köçürülmə layihələrində birbaşa iştirakını gizlətməyə çalışsa da, 2000-ci ildən etibarən açıq fəaliyyətə keçdi. Ermənistan hökuməti rəsmən "Artsaxa qayıdış" adlı irimiqyaslı proqramın həyata keçirilməsinə başladı. O vaxtkı baş nazir Andranik Marqaryanın rəhbərlik etdiyi proqramın reallaşması ilə Ermənistan hökumətinin vəzifəli şəxsləri birbaşa məşğul olurdular. Ermənistanın bütün şəhər və rayonlarında 2002-ci ildən rəsmən fəaliyyət göstərən miqrasiya xidmətləri ölkə əhalisinin işğal olunmuş ərazilərə köçürülməsi istiqamətində iş aparırdı.

ABŞ-ın qaçqınlar üzrə Komitəsinin qaçqınların vəziyyəti ilə əlaqədar 2002-ci ilə dair qlobal icmalında Ermənistan üzrə məruzədə 1000-ə yaxın ailənin Ermənistandan Dağlıq Qarabağ və Laçın dəhlizinə köçürüldüyü bildirilib. Beynəlxalq "Qırmızı Xaç Komitəsi"nin Cənubi Qafqaz üzrə Miqrasiya Nümayəndəliyin 2004-cü il oktyabr ayında həyata keçirdiyi araşdırmanın nəticələrinə görə, hər ay orta hesabla Dağlıq Qarabağ ərazisinə 15-ə yaxın ailə köçürülürdü. Həmin dövrdə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırma faktları mediada geniş işıqlandırılırdı.

“Yerkir” saytında 2004-cü il, oktyabrın 5-də dərc olunmuş məqalədə deyilirdi ki, məskunlaşdırma siyasətində məqsəd “Qarabağda erməni əhalinin sayını iki dəfə artırmaqla, 150 mindən 300 minə çatdırmaqdır”. O da qeyd olunurdu ki, 2000-ci ildən başlayaraq, 4 il ərzində 5300 ailə Qarabağa köçürülüb.

Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətlərində də dəfələrlə qanunsuz məskunlaşma məsələsi qaldırılıb. Məhkəməyə göndərilən sənədlərdə faktlar və rəsmi mənbələrə istinadla göstərilir ki, ermənilər Yuxarı Qarabağ ərazisində - Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı və Cəbrayılda qeyri-qanuni olaraq məskunlaşma aparırlar.

“Azat Artsakh” qəzetinin 26 yanvar 2004-cü il sayında verilən məlumata görə, 1994-2004-cü illərdə 23.000 erməni qanunsuz olaraq Qarabağda və Azərbaycanın işğal altında olan digər ərazilərində yerləşdirilib. Bunlardan 130 ailə Zəngilanda, 70-i Cəbrayılda məskunlaşıb.
Ermənistanın “A1+” telekanalının 2004-cü ilin sentyabrın 30-da yaydığı məlumata görə , proqrama əsasən, Qarabağa köçürülənlərin sayı 2010-cu ilə qədər 67-70 minə çatdırılmalı idi.

2011-ci ildə Suriyada vətəndaş müharibəsinin başlaması ilə Yaxın Şərqdə vəziyyət ağırlaşır, bu isə həmin bölgədə yaşayan ermənilərin Qarabağa köçürülməsi üçün münbit şərait yaradır. Həmin ölkədən qaçan 15 mindən çox Suriya ermənisinin bir hissəsi Qarabağda yerləşdirilmişdi. Paralel olaraq Livan erməniləri də Qarabağa köçürülürdü. Hazırda Laçında yaşayan ermənilərin bir qismi ora məhz həmin dalğanın qabarması zamanı köçürülənlərdir. Di gəl ki, bu, onların verdikləri açıqlamalarda utanmadan Laçını “dədə-baba torpaqları” kimi təqdim etmələrinə əngəl olmur.

2016-cı ildə Azərbaycanın Xarici İşlər Nazirliyi “İşğal olunmuş ərazilərdə qeyri-qanunu iqtisadi və digər fəaliyyətlər” adlı hesabat hazırlamışdı. Orada bütün bu fəaliyyətlər faktlar və sübutlarla əksini tapıb. Peykdən çəkilən şəkillərdə qanunsuz məskunlaşdırmanın necə həyata keçirilmsi açıq-aşkar görünürdü.



2020-ci ilin avqustun 4-də Livanın Beyrut şəhərində baş vermiş dəhşətli partlayışdan sonra oradan daha bir miqrant dalğası müşahidə edildi və nəticədə 100-150 etnik erməni ailəsi Qarabağa köçürüldü. O vaxt qondarma qurumun “rəhbərliyi” hətta bunun üçün 25 milyon dram (50 000 dollar) vəsait də ayırmışdı. Prosesə bir “humanitar fondlar” da maddi dəstək vermişdi. O vaxt həmin ailələr hətta Şuşada da yerləşdirilmişdi.

Qanunsuz məskunlaşdırma siyasəti aparan Ermənistan və separatçı qurumun əsas məqsədi Azərbaycanın işğal edilmiş ərazilərində ermənilərin sayını süni şəkildə artırmaqla demoqrafik vəziyyəti dəyişdirmək idi. Onlar bu yolla etnik təmizləmənin nəticələrini və “status-quo” vəziyyətini möhkəmləndirməyə, Qarabağın və ətraf bölgələrin azərbaycanlı əhalisinin öz evlərinə dönüşünün qarşısını almağa çalışırdılar. Amma bütün bu planlar 44 günlük Vətən Müharibəsi ilə alt-üst edildi. Nəticədə indi Qarabağın qanunsuz sakinləri vaxtilə rəsmi İrəvanın müharibə cinayətində iştirak etdikləri üçün ikiqat pis vəziyyətə düşüblər.

Həmin illərdə Azərbaycan rəsmi qaydada dəfələrlə həm beynəlxalq qurumlara, həm işğalçı ölkəyə müraciət edərək, qanunsuz məskunlaşdırmanı dayandırmağı tələb etmişdi. Başqalarının torpaqlarında məskunlaşan insanlar bunu edərkən nə düşünüblər, özləri bilər. Amma onlar Azərbaycan xalqına, dövlətinə qarşı yumşaq desək, hörmətsizlik edib, onun qanunlarını pozublar. İndi isə bunu həyasızcasına davam etdirməyə çalışırlar. Onlar işğalıçının siyasətinə dəstək olub, həmin siyasətin bir elementinə, daşıyıcısına çevriliblər. Buna görə də “hara istəyirlər getsinlər” təklifi onlara qarşı çox humanist davranışdır. Yubanmasalar, daha yaxşı olar.

Vüsal Məmmədov
AzVision.az


Bu material Medianın İnkişafı Agentliyinin dəstəyilə hazırlanıb
Mövzu 6.3.5:
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması



Teqlər: Qanunsuz-məskunlaşdırma   Laçın  





Xəbər lenti