EdTech: Bu bazarda biz yoxuq...

      EdTech:    Bu bazarda biz yoxuq...
  20 Avqust 2022    Oxunub:2394
Hazırda dünyada təhsil xidmətlərinin ixracı 300 milyard dollara yaxınlaşıb. Halbuki, cəmi 10 il əvvəl 100 milyard dollar səviyyəsi yenicə keçilmişdi. “Təhsil xidmətlərinin ixracı” deyəndə ölkədə oxuyan xarici tələbələrdən, dil kurslarından, əlavə təhsildən tutmuş, son vaxtlar xüsusilə dəbə minən onlayn təhsilə qədər geniş spektr nəzərdə tutulur.
Təhsil bazarında illərdir ki, çox güclü mərkəzləşmə var. Əsas yerləri ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Avstraliya, Çin, Yaponiya, Kanada tuturlar ki, bu da aydındır: Hər kəs savad və elm arxasınca məhz inkişaf etmiş ölkələrə üz tutmaq istəyər. Şimali Amerika qitəsi dünyada tələbə mobilliyinin ən aşağı olduğu yerdir (cəmi 0,2%), çünki onların təhsil üçün harasa yollanmağa ehtiyacları yoxdur. Dünyada xaricə gedən tələbələrin 22%-i ABŞ-a üz tutur və həmin ölkə bu sahədə şəriksiz liderdir: İkinci yerdə gələn Britaniya ondan təxminən iki dəfə geri qalır. Dünya təhsil xidmətləri bazarındakı gəlirin yarısından çoxunu bu iki ölkə götürürlər. Barak Obama prezident olarkən bununla bağlı məşhur fikir demişdi ki, “bizim ən qiymətli ixracatımız təhsil ixracı olmalıdır”.

Buradan aydın olur ki, təhsil heç də təkcə ölkənin gələcəyi demək deyil; ora xərclənən pullar heç də təkcə gələcək nəsli yetişdirməyə hesablanmış uzunmüddətli investisiya sayılmamalıdır. Düzgün təşkil və idarə olunarsa, təhsil də biznesin digər sahələri kimi elə günü sabahdan gəlir gətirə bilər.
Əlbəttə ki, dünyanın bütün potensial tələbələri istəsələr də ABŞ və Britaniyada təhsil ala bilməzlər. Ona görə, təhsil xidmətləri bazarında ikinci və üçüncü dərəcəli qlobal iştirakçıların, hətta regional oyunçuların böyük rolu var.

Üstəlik, ənənəvi olmayan oyunçular üçün də yeni imkanlar açılmaqdadır. Dünənə qədər təhsil xidmətlərinin ixracı üçün möhkəm ənənə əsas şərtlərdən biri sayılırdı. Amma bu gün Təhsil Texnologiyaları (EdTech) sürətlə inkişaf edən və çox dinamik bir sahəyə çevrilib. Pandemiyanın sonuna doğru onlayn-universitetlər sakitcə, səs-küy salmadan həyatımızın reallığına çevrildilər. İldə 200-300 dollar ödəməklə Türkiyənin tanınmış universitetlərinin onlayn tələbəsi olmaq mümkündür. 500-600 dollara Amerika və Avropadan eyni xidmətləri almaq olar. Dünya təhsilinin nəbzi belə məsələlərlə döyünürkən, biz nə ilə məşğuluq? Ali məktəbə girmək üçün repetitorlardan necə can qurtarmaq haqqında düşünür və həlli yolunu da tapmırıq. Bilmirsən gülməlidir, ya ağlamalı...


Dünyada EdTech seqmentinə qoyulan yatırımlar 2018-ci ildə 8 milyard dollardan bir qədər çox idisə, ötən il 20 milyard dolları keçib. Bu temp azalmayacaq, çünki məsələ heç də təkcə pandemiya ilə bağlı deyil. Planetin əhalisi artır, ali təhsilli insanlara tələbat ildən-ilə çoxalır. İnsanlar fərdi inkişafın önəmini getdikcə daha yaxşı başa düşür, bilik və bacarıqlarını dərinləşdirməyə, ikinci ali təhsili almağa çalışırlar. Bəs bu xidmətləri onlara kim, harada və necə göstərəcək?! Ona görə də EdTech sektoru başgicəlləndirici inkişafdadır. Asiyada Çin və Hindistanın bu istiqamətdə lider olmaları təsadüfi deyil. Təkcə Hindistanda 260 milyon tələbə, 50 min ali məktəb var.

10 il əvvəl Türkiyə hökuməti təhsil xidmətlərinin ixracı istiqamətində geniş proqram qəbul etdi. O vaxt ölkədə təhsil alan xarici tələblərin sayı 26,2 min nəfər idi. Qarşıya qoyulan məqsəd xarici tələbələrin sayını 100 min nəfərə çatdırmaq idi. Bu, ölkə iqtisadiyyatı üçün 3 milyard dollar əlavə gəlir deməkdir. Günümüzdə Sinqapur, Malayziya, İordaniya kimi ölkələr təhsil xidmətləri bazarında rəqabət aparmağa başlayırlar.

Azərbaycana xaricdən gələn tələbələrin sayı gülməlidir: 6 mindən bir az çox. Özümüz də sosial şəbəkədə 700 bal toplayan tələbə xanımın niyə oxumaq üçün xaricə getməsinə heyfsilənirik. Ölkədə təhsilin təşkilinə yanaşma dəyişmədikcə, belə də olacaq. Artıq təhsili yeni biznes modelləri, EdTech və innovativ həllər üçün açmaq lazımdır. Aparıcı ali məktəblər təhsil ixracını genişləndirməli və onlayn təhsil xidmətlərinin göstərilməsinə başlamalıdırlar.
Bunun üçün isə öz növbəsində, yaxşı təhsil menecerləri gərəkdir. İndiyə qədər ölkəyə belə mütəxəssislər ümumiyyətlə, lazım olmayıb. İndi isə vəziyyət dəyişir və işə məhz onları yetişdirməkdən başlamaq lazımdır. Hökumət isə gələcək üçün yaxşı olar ki, yaxın profilli ali məktəblərin bir yerə toplandığı klasterin – “bilik şəhərciyi”nin yaradılması haqqında düşünsün (Qatar və BƏƏ kimi ölkələr bu yolla gedirlər). Ayrılıqda götürülmüş bir ali məktəbdənsə, bu cür strukturun regional təhsil xidmətləri bazarında yer tutması daha asan ola bilər.


Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor
Ukrayna Ticarət Evinin direktoru



Teqlər: Təhsil   EdTech  





Xəbər lenti