Bakının tıxac dərdi: Səbəb nədir, çarə nə? - Araşdırma

  Bakının tıxac dərdi:  Səbəb nədir, çarə nə? -  Araşdırma
  06 Oktyabr 2022    Oxunub:4129
Yeni tədris ilinin start götürməsi ilə Bakının tıxaclı günləri də başlayıb. Hər gün paytaxın daxili yolları, eləcə də ətraf kənd, qəsəbə və şəhərlərdən paytaxta gələn yollarda maşınların uzun-uzadı sıxlığı yaranır. İnsanlar bir ay əvvəl yarım saata qət etdikləri yolu artıq 2 saata gedirlər. Sıxlıq təkcə yollarda deyil, o cümlədən, ictimai nəqliyyatda, metroda və sürət qatarlarında da müşahidə edilir. Pik saatlarda insan izdihamını əks etdirən fotoşəkillər hər gün sosisal şəbəkələrdə paylaşılır.
Bəs çıxış yolu nədədir? Paytaxtın izdihamını necə azalda bilərik?

Fikirlər səsləndirilir ki, yol polisi artıq əvvəlki kimi tıxacların aradan qaldırılmasına səy göstərmir. Bununla razılaşmayan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, Bakıda kifayət qədər sıxlıq var və tıxacların aradan qaldırılması üçün yol polisindən bütün məsələlərin həllini gözləmək yanlışdır: "Yolların real tutumu var. Hər gün pik saatlarda kifayət qədər avtomobil sıxlığı yaranır. Polis nə edir? Ən yaxşı halda yollarda nizam-intizamın qorunması üçün işlər görür. Dayanma-durma qaydalarının pozulmamasını, yolun hərəkət istiqamətlərinin zəbt olunmamasını xahiş edirik. Bunun üçün qanunvericilikdə nəzərdə tutulmuş addımlar atırıq. Yolayrıcılarında, şəhərin mərkəzi küçə və prospektlərində, təhsil müəssisələrinin yaxınlığında gündəlik iş aparılır. Bunun nəticəsidir ki, keçən həftə Neftçilər prospektində yolu tənzimləyərkən polis əməkdaşını maşın vurdu. Əməkdaşlarımız yolda xidmətlərini canla-başla aparırlar”.


“Amma bu qədər avtomobili fikrinizcə, bir polis jezli tənzimləyə bilərmi?” deyə soruşan A.Ələsgərli qeyd edib ki, tıxacların aradan qaldırılması üçün kifayət qədər işlər görülməlidir:
- Bu sualların cavabı polisdə yoxdur. Paytaxtda kifayət qədər əhali sıxlığı var. Paytaxtın iki yerdən giriş-çıxışı var: biri şimal qapısı - 20 yanvar istiqaməti, digəri cənub qapısı, Bakı- Salyan şosesidir. Bakı yarımadadır və burada dairəvi hərəkət yoxdur. Daxil olan avtomobillərin mərkəzi küçələrdə paylaşılması və yenidən şəhərdən çıxmaq istəyəndə yaratdıqları çətinliklər göz qabağındadır. Respublikada avtomobil sayı 1 milyon 700 minə yaxınlaşır. Onların 70 faizə qədəri paytaxtda olur. Bu, artıq 1 milyona yaxın maşın deməkdir. Bakı vaxtilə 2 milyona yaxın insanın yaşaması üçün nəzərdə tutulub, amma bu şəhərdə artıq bu qədər təkcə avtomobil var.

Araz Ələsgərli bildirib ki, polislərin sayı, fəaliyyəti və mümkün qədər görəcəkləri işlər var. Onlar öz imkanları çərçivəsində məsələnin tənzimləməsi üçün addımlar atırlar: “Biz insanlara "avtomobillə hərəkət etmə" deyə bilmərik. Pandemiyadan əvvəl sıxlıq bu qədər olmasa da, buna yaxın vəziyyətdə idi. Siz 2-3 il ərzində ölkəyə daxil olan avtomobillərin sayına da baxın. Nə qədər insan şəxsi avtomobillərindən istifadə edir. Bunu stimullaşdıran amillərdən biri də elə pandemiya dövrü oldu. Eyni zamanda, mopedlərlə çatdırılma da o dövrün mirasıdır”.

Paytaxt küçələrində maşınların tıxacından hərəkət etmək olmursa, metro və elektrik qatarlarında insan izdihamından tərpənmək mümkün deyil. Çoxları qatarların vaxtında hərəkət etməməsindən şikayətlənir, xəttə əlavə qatarların buraxılmamasının vacibliyini deyirlər.
- Tədris ilinin başlaması ilə əlaqədar sentyabrın 14-dən Bakı Metropoliteni yeni qrafik üzrə işləyir və tədris mövsümü nəzərə alınaraq texniki imkanlarına uyğun optimal qrafik tətbiq olunur. Həzi Aslanov-İçərişəhər istiqamətində pik vaxtlarda iki dəqiqəlik interval var. Gur saatların vaxtı da saat yarım uzadılıb,- deyən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, sentyabrın 15-dən başlayaraq iş günləri ərzində orta hesabla 700 mindən çox sərnişin daşınıb. Bu 2019-cu ilin göstəricilərinə yaxın rəqəm olsa da, həmin sərnişin həcmi yoxdur.


Metropoliten sözçüsü qeyd edib ki, günorta birinci növbə tədrisin başa çatması da nəzərə alınaraq, 13:00-dan 14:00-dək metroda sıxlığın aradan qaldırılması üçün bütün texniki qüvvələr səfərbər edilir: “Bu gün Bakı metroplitenin ən sıx stansiyaları səhər saatlarında "Memar Əcəmi", "20 Yanvar", "İnşaatçılar", "Koroğlu", "Neftçilər", "Qara Qarayev" stansiyalarıdır. Günorta saatlarında isə sərnişin sıxlığı 30-40 dəqiqə ərzində müşahidə edilir. Həmin zaman ənənəvi tədris müəssisələrinin yerləşdiyi stansiyalarda axın hiss olunur. Axşam saatları isə bütün stansiyalarında girişlərdə müəyyən sıxlıq yaşanır.

Bu mənada Bakı Metropolitenində əlavə tənzimləmələrə keçid edilir. Sərnişin axını sıx olan stansiyalarda platformalara, eskalator meydançalarına nəzarət gücləndirilir. Ən vacib məsələ bu gün sərnişinin təhlükəsiz daşınmasıdır. Çünki həmin hissələrdən sərnişin ya qatara minir, ya da düşür. Əlavə tənzimləmə mexanizmi olmadığından yüklənməyə yol verilməməlidir. Sərnişinlərin platformada sıxlığının olmaması üçün artıq metropolitenin girişlərində tənzimləməyə keçilir.


B.Məmmədov intervallarda elan etdiklərindən kənara çıxma hallarının olmadığını qeyd edib: “Bizim üçün bu gün vacib olan sərnişinlərin qatara minib-düşmə qaydalarına riayət etməsi, qatarların stansiyalarda yubadılmamasıdır. Çünki ehtiyat qatarların xəttə buraxılması məhz bundan çox asılıdır. Qrafik pozularkən ehtiyat qatar xəttə veriləndə hərəkətin tənzimlənməsi böyük əziyyət bahasına başa gəlir. Qaydalara riayət olunsa, əminəm ki, sərnişindaşımanı mövcud vəziyyətdən 10-15 faiz daha yaxşı təşkil etmək olar”.


"Bakı şəhərində son vaxtlar müşahidə edilən nəqliyyat sıxlıqları və tıxac hallarının başlıca səbəbi sürətli avtomobilləşmədir". Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. O qeyd edib ki, ictimai nəqliyyat sisteminin xidmət səviyyəsinin lazimi səviyyədə olmaması, ictimai nəqliyyatın üstünlüyü tədbirlərinin yetərli olmaması, piyada və velosiped infrastrukturunun çatışmazlığı, şəhərin parklanma siyasətinin olmaması, eləcə də taksi sektorunun düzgün şəkildə tənzimlənməməsi sürətli avtomobilləşməni şərtləndirən əsas faktorlardır. Bura şəhərdaxili logistikanın tənzimlənməməsini də aid etmək olar:

“Bildiyiniz kimi tıxaclardan ən çox əziyyət çəkən ictimai nəqliyyat istifadəçiləridir. Hər gün yüz minlərlə insan tıxac səbəbindən lüzumsuz vaxt itkisi yaşayır, əsəb, stress keçirir. Çünki avtobuslar tıxacda qalır, interval pozulur.


Aparılan təhlillər əsasında illər öncə bu problemin daha kəskin hal alacağı BNA tərəfindən proqnozlaşdırıldı, bunun qarşısının alınmasının alternativsiz həll yolu kimi müasir şəhər mobilliyi prinsiplərinin tətbiqinin zəruriliyi ilə bağlı təşəbbüslər göstərildi və müəyyən hissəsinin reallaşdırılmasına nail olunub. Konkret olaraq xüsusi avtobus zolaqlarının bütün marşrut şəbəkəsi boyunca təşkilinə nail olunmalıdır. Bu vasitə ilə biz müntəzəm marşrut xətlərində avtobusların qrafik üzrə hərəkətinin böyük ölçüdə təmin olunmasına nail ola bilərik. Avtobusların işinin səmərəli təşkili, xidmət səviyyəsinin yüksəldilməsi ictimai nəqliyyatın etibarlığını artıracaq ki, bu da sürətli avtomobilləşmənin qarşısının alınması baxımından olduqca əhəmiyyətlidir”.


“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, Abşeron dairəvi dəmir yolu üzrə qatarlar mövcud qatar parkının sayına uyğun olaraq ən sıx intervalla işləyir. Qatarlarda sərnişin sıxlığı əsasən səhər və axşam saatlarında müşahidə edilir. Sərnişin sıxlığını tənzimləmək üçün zaman-zaman reyslərin vaxtları və istiqaməti tələbata uyğun dəyişdirilir. Bu zaman əhaliyə öncədən xəbərdarlıq olunur.
Qeyd edək ki, Abşeron dairəvi dəmir yolu xəttində eyni yolla həm sərnişin, həm də yük daşınır. Bu səbəbdən pik saatlarda sərnişin, digər saatlarda isə yük daşınmasına üstünlük verilir.

Hazırda “Azərbaycan Dəmir Yolları” QSC-nin balansında 9 ədəd elektrik qatarı var. Bunlardan 1-i Bakı-Gəncə istiqamətində, 7-si Bakı-Sumqayıt istiqamətində hərəkətdədir. 1 qatar isə texniki baxışa göndərilən qatarın əvəzinə xəttə buraxılır. Sərnişin sıxlığı nəzərə alınaraq, gələcəkdə yeni elektrik qatarlarının alınması istiqamətində işlər aparılır.
Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə 12 stansiya (Bakı, Keşlə, Koroğlu, Bakıxanov, Sabunçu, Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı, Görədil, Novxanı, Sumqayıt) Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə isə 4 stansiya (Bakı, Biləcəri, Xırdalan və Sumqayıt) mövcuddur. Qurumdan bildirilib ki, stansiyanın sayının çox olması həmin istiqamət üzrə qatarın daha çox dayanması və daha çox sərnişinə xidmət etməsi deməkdir.


Pandemiyadan əvvəl (yanvar 2019 - mart 2020) həftəiçi Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt istiqamətləri üzrə ortalama günlük 9239 sərnişin daşınırdısa, 2021-ci ildə həftəiçi ortalama günlük 9740 sərnişin daşınıb. 2022-ci ilin 9 ayı ərzində isə ortalama günlük 14 218 sərnişin daşınıb. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 46% çoxdur. Bu il 15 sentyabr-27 sentyabr aralığında isə həftəiçi ortalama günlük 23 069 sərnişin daşınıb. Bu isə yeni tədris ilinədək olan dövrlə müqayisədə 62% çoxdur.

“Çox şadıq ki, elektrik qatarları vətəndaşlarımız arasında belə populyarlıq qazanıb. Qeyd edək ki, qatarlarımız cədvəl üzrə punktual işləyir. Bu işdə dəmiryolçularımızın əziyyəti böyükdür. Sərnişinlərimizə də qatarlarımızdan səliqəli istifadə etdiklərinə görə təşəkkür edirik. Yuxarıda qeyd etdiyimiz kimi, hazırda həm Bakı-Pirşağı-Sumqayıt, həm də Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə sərnişin sıxlığı müşahidə olunur. Biz qatarların qrafikini tərtib edərkən sıx və daha çox sıxlıq olan istiqamətləri müqayisə edirik”,- ADY-dən əlavə edilib.


Nəqliyyat eksperti Elməddin Muradlı Bakı şəhərində sıxlığın yaranmasının əsas səbəbinin aidiyyatı qurumların gördüyü işlərin səmərəsiz olması ilə əlaqələndirib. Onun sözlərinə görə, düzgün görülməyən işlər artıq mənfi effektini verməkdədir: "Bunun səbəbi bəzən avtomobilləşmənin sürətlə getməsi ilə əlaqələndirilir. Lakin belə deyil. Dünya təcrübəsinə nəzər salsaq və Cənubi Qafqaz regionu ilə müqayisə etsək, Azərbaycan hər 100 min nəfərə düşən avtomobil sayına görə aşağı göstəriciyə malikdir. Bu problemlərin ortaya çıxmasının avtomobilləşmə ilə heç bir əlaqəsi yoxdur. Problemin kökündə yol hərəkəti təhlükəsizliyinin düzgün tənzimlənməməsi durur. Yollarımız düzgün qurulmayıb, yol şəbəkəsi planlı şəkildə inkişaf etdirilmir. Hamısı bir-birilə zəncirvari bağlıdır”.

Ekspert qeyd edib ki, ən böyük problem ictimai nəqliyyatın inkişafı məsələsidir. Onun sözlərinə görə, ictimai nəqliyyat bu şəkildə inkişaf edəcəksə, təbii ki irəliləyiş yox, geriləmə olacaq: “Bu gün avtobusların sayının artırılması vacib şərtdir. Amma biz bunun əksini müşahidə edirik. Son illər avtobusların sayında azalma var. İstismar dövrünü başa vuran avtobuslar xətdən tədricən çıxarılır, yenisini də alıb, gətirmək çətindir. Daşıyıcı şirkətlərin əksəriyyəti borc içərisindədir. Dövlətin şirkət yaratması, milyonlar xərcləməsi lazım deyil, olan özəl şirkətlərə dəstək olunsa bəsdir. Metro ilə bağlı vəziyyət ürəkaçan deyil. İnkişaf çox zəifdir. Bakı kimi böyük şəhərə 30 metrostansiyasının olması gülüncdür. Respubklikanın 5 milyona yaxın əhalisi buradadır”.

Elməddin Muradlı dövlət tərəfindən təcili strateji planların işlənib hazırlanmalı olduğunu qeyd edib: "Bölgələrdə iş yerləri açılmalıdır. Sumqayıtın işləyən əhalisinin 30 faizi Bakıya gəlib-gedir. Hər gün Sumqayıt istiqamətindən 150 minə yaxın avtomobil Bakıya daxil olur. Eyni zamanda Qaradağ, Lökbatan, Şirvan istiqamətlərindən gələnlər də var. Bu, yaxşı hal deyil, bunun qarşısı alınmalıdır. Lakin bunu insanlara qadağa qoyaraq etmək olmaz. Bölgələrdə iş yerləri yaradılmalıdır ki, insanlar Bakıya axışmasın.

Bakı-Sumqayıt elektrik qatarının işə salınması çox yaxşıdır. Sumqayıt, Xırdalan sakinləri dəmiryolunun yanında maşınını saxlayıb, qatarla Bakıya gəlirdi. Artıq bu da mümkün deyil, çünki ərazidə parkinq pullu edilib. Bu, düzgün yanaşma deyil. Şəxs də fikirləşir ki, parkinqə vediyi pulla maşınına benzin vurub, rahat Bakıya gedib-gələr. Bu, kimlərinsə gözünə xırda element kimi görünə bilər, amma belə deyil. Aidiyyatı qurumlar bir-birilə səmərəli əməkdaşlıq etmirlər. Çünki hərəsinin öz iddiaları var və bir-birlərini səhv eləməkdə günahlandırırlar. Belə problemlər inkişafa mane olur və sıxlıq yaranır. Dövlət üçün çalışmaq lazımdır, şəxsi maraqlar üçün yox. Bakıda sıxlığın qarşısının alınmasının yeganə yolu ictimai nəqliyyatı inkişaf etdirməkdir. Avtobasların sayını artırmaq, metro şəbəkəsini genişləndirmək lazımdır”,- ekspert əlavə edib.

Aytən Zəhra
AzVision.az




Teqlər:





Xəbər lenti