Fransanın patoloji anti-müsəlman mərəzi

   Fransanın patoloji anti-müsəlman mərəzi
  24 Oktyabr 2022    Oxunub:2072
İfrat ermənipərəst mövqe sərgiləyən Fransanın parlamentinə Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə çağıran qətnamə layihə təqdim olunub. 4 partiyanı təmsil edən 6 senatorun ciddi-cəhdlə hazırladığı bu “sənəd”də Azərbaycanı “kütləvi şəkildə hüquqların pozulması və hərbi cinayətlər”də ittiham olunur. Bu əsasda Bakıya qarşı iqtisadi sanksiyaların tətbiq olunmasını və Ermənistanın müadfiə qabiliyyətinin gücləndirilməsini nəzərdə tutan Qətnamə layihəsinin noyabrın 15-də Fransa Senatında səsverməyə çıxarılacağı gözlənilir. Tarixən müstəmləkə siyasəti yeridən və müxtəlif xalqlara, ilk növbədə isə müsəlmanlara qarşı saysız-hesabsız soyqırımlar törədən Fransanın “kütləvi şəkildə hüquqların pozulması və hərbi cinayətlər” barədə iddiaları ən azı təəccüb doğurur.

Səlib yürüşlərinin varisləri

2011-ci ilin martında kollektiv Qərb Liviyada legitim hakimiyyəti devirmək üçün hərtərəfli dəstək verdiyi silahlı müxalifətin tərəfində açıq-aşkar çıxış edərək, Liviyaya hava zərbələri endirdi. BMT Təhlükəsizlik Şurasının Liviya üzərində uçuşsuz zona yaradılması barədə qərarını kobud şəkildə pozan bu cinayətdə birinci skripka rolunu məhz Fransa oynayırdı. Rəsmi Parisin bu canfəşanlığına böyük məmnuniyyətlə razılaşan müttəfiqləri Fransanın tarixən pataloji anti-müsəlman mərəzindən çox yaxşı xəbərdar idilər.
Yeri gəlmişkən, Fransanın lovğalığı çox tezliklə öləzidiyindən Paris bütün müttəfiqlərini Liviyaya hava zərbələri endirməyə səslədi. Onlar da əlüstü Liviyanın altını üstünə çevirməyə başladılar. Müttəfqilərin əsasən mülki obyektlərə endirdikləri hava zərbələrinin yalnız ilk günündə əksəri qadınlar və uşaqlar olmaqla 48 insan həlak oldu, 150 nəfər isə yaralandı.




Dinc sakinlərə qarşı bu cinayətlərin törədilməsi heç də təsadüfi deyildi. Belə ki, Fransanın o vaxtkı Xarici İşlər naziri Alen Jüppe açıq şəkildə Qərb dünyasını Liviyaya qarşı “səlib yürüşü”nə çağırırdı. Alen Jüppenin simasında müasir Fransa siyasətçilərinin “səlib yürüşləri”nə sevgisi də təsadüf olmayıb, fransızlara əsrlər boyu anti-islam “mədəniyyət”inin aşılanmasının məntiqi nəticəsidir. Papa II Urbanın müsəlmanlara qarşı ilk “səlib yürüşü”nə çağırışını 1095-ci il noyabrın sonlarında məhz Fransanın Klermon şəhərində etməsi və Fransanın “səlib yürüşləri”ndə göstərdiyi canfəşanlıq müsəlmanlara qarşı pataloji nifrətin ən bariz nümunəsidir. Nədənsə ümumbəşəri mədəniyyətin və dəyərlərin beşiyi və daşıyıcısı sayılan Fransa bu nifrəti nəsillərdən-nəsillərə ötürərək, qoruyub-saxlamağa çalışıb. Özü də islam dünyasına və müsəlmanlara qarşı bu nifrətin alovlandırılmasında fransalı ədiblər və ictimai xadimlər xüsusilə fərqlənməyə çalışıblar.

Əlcəzairdə törədilən cinayətlərin şahidliyi

Fransızların 1830-cu ildə hərbi müdaxiləsinə qədər Əlcəzair güclü dövlət olaraq, Aralıq dənizi hövzəsinin böyük hissəsinə nəzarət edirdi. Həmin il marşal Burmonun rəhbərliyi altında Əlcəzairə nəhəng hərbi ekspedisiyanın daxil olmasından əvvəl ölkənin əhalisinə müraciətdə deyilirdi:
“Biz fransızlar və sizin dostlarınız hazırda ölkənin paytaxtı olan Əlcəzairə gedirik. Biz niyyətlərimizin xoş olduğuna and içirik. Əgər siz bişə qoşularaq, bizim təhlükəsizliyimizi təmin etməyə qadir olduğunuzu sübuta yetirsəniz, hakimiyyət əvvəlkitək sizin əlinizdə qalacaq və ölkənizin müstəqilliyini qoruyub saxlaycaqsınız”. Lakin Əlcəzairə daxil olan kimi fransızların bu ölkənin ərazisində törətdikləri cinayətlərlə müqayisədə hətta hitlerçilərin Şərqi Avropa etdikləri adi əyləncəyə bənzəyir.
Məsələn, mükafat almaq üçün müstəmləkəçi farnsız ordusunun əsgər və zabitləri yerli əhalinin qulaqlarını və əl-ayaqlarını kəsmək üçün öz aralarında yarışa girirdilər. Bu faktlar hamısı sənədləşdirilirdi. Fransa xüsusi xidmət orqanlarının təmsilçilərinin Parisə ünvanladıqları məruzələrdə
- Bizim tərəfdən məscidlər tamamilə dağıdılıb. Hörmətlə yanaşacağımızı vəd etdiyimiz əhalinin əmlakı heç bir təzminat ödənilmədən əlindən alınaraq, qarət olunub. Əhali arasında hörməti və dəstəyi olan şəxsləri mühakimə etmişik, çünki öz cəsarətləri ilə onlar təhlükə yaradırdılar, - bildirilirdi.

Yerli əhalinin daha çox qırılması və onun milli identikliyini məhv etmək üçün fransalı zabitlər bütün üsullara əl atırdılar. “Ərəblərlə mübarizə” apardıqlarını sübuta yetirmək üçün fransızlar Parisə göndərdikləri məruzələrə fotoşəkillər də əlavə edirdilər.



Kişilər məhv edilir, qadınlar və uşaqlar isə gəmilərə doldurularaq Polineziya adalarına göndərilirdilər.

Fransızların və şəxsən özünün Əlcəzairdə dinc əhaliyə qarşı törətdiyi cinayətlər barədə Skikda şəhəri rayonunda yerləşən hərbi hissələrin rəhbəri mayor Montanyak çox böyük fəxarətlə yerli-yataqlı danışıb.

“Ərəblərin başını kəsirdik. Əmin idik ki, ərəblər 15 yaşına çatdıqdan sonra öldürülməlidirlər. Başqa sözlə desək, it kimi bizim ayaqlarımızda sürünməyə razılaşmayanların hamısı məhv edilməlidir. Qadınların bəzilərini girov kimi saxlayırdıq, digərlərini isə heyvana dəyişir və yaxud da qoyun sürüsü kimi hərraclarda satırdıq. Bu bizim ərəblərlə mübarizə metodumuzdur. Döyüşlərin birindən sonra biz öldürülmüş 1300 qadın və uşaq cəsədi saydıq. Yaralılar yox idi, çünki biz onları saxlamırdıq”, onları da öldürürdük - mayor Montanyak törətdikləri cinayətlərdən söz açır.





Əlcəzairin dinc əhalisinə tutduqları divanlardan böyük həvəslə söz açan mayor Montanyak tək deyil, belələrinin sayı yüzlərlədir. Məhz belə qeyri-insani davranışlar nəticəsində Fransa müstəmləkəçi ordusu 1830-1962-ci illərdə Əlcəzairdə milyonlarla dinc insanı qətlə yetirib.
Maraqlıdır ki, Əlcəzair müsəlmanlarını “bar-bar” adlandıran məşhur fransız yazıçısı Viktor Hüqo əsərlərinin birində hətta bu cinayətləri açıq şəkildə dəstəkləyirdi: “Bar-barlarla güc dilində danışmaq lazımdır”. Məgər, bu ifadə Əlcəzairdə misli görünməmiş cinayətlər törədən Fransa müstəmləkəçi ordusunun müsəlmanlara qarşı patoloji nifrət ruhunda tərbiyə olunduğunun sübutu deyilmi?

Digər məşhur fransız yazıçısı Simona de Bovuar isə hətta ötən əsrin 50-60-cı illərində - dünya müstəmləkəçilik sisteminin sürətlə dağılması prosesi getdiyi bir dövrdə belə, Fransanın Əlcəzairdə açıq-aşkar soqyırım törətdiyini bildirib.
- 1954-cü ildən başlayaraq, biz fransızlar soyqırım cinayətinin ortağı olduq. Sülhün bərqərar edilməsi bəhanəsi ilə biz hərbi reydlər zamanı Əlcəzairin milyondan artıq əhalisini öldürdük. Biz bütöv kəndləri əhalisi ilə bir yerdə yandırdıq, anaların bətnindən doğulmamış uşaqları çıxararaq əhalini doğradıq, ölümcül işgəncə verdik. Bütöv-bütöv qəbilələr soyuqdan və aclıqdan əziyyət çəkirdilər, konsentrasiya düşərgələrində epidemiyalardan ölürdülər. Bu düşərgələrdə yarım milyona qədər əlcəzairli həlak oldu, - Simona de Bovuar Fransanı ittiham edirdi.

Maraqlıdır ki, 1987-ci ilin iyununda fransalı vəkil və hüquq müdafiəçisi Jak Ferqas İkinci Dünya müharibəsi zamanı Fransanın Lion şəhərində gestaponun rəisi olmuş 73 yaşlı cinayətkar Klaus Barbyeni müdafiə edərkən, fransız ədalət məhkəməsinin təmsilçilərinə rəsmi Fransanın özünün Əlcəzairdə törətdiyi cinayətləri xatırladıb. O, bu əməllərin Fransanın tarixində silinməz qara ləkə olduğunu vurğulayıb.

Daha da böyüyən və qaralan zil-qara ləkə

Fransanın tarixindəki qara ləkənin silinməsinə ümid bəsləyənləri çox böyük məyusluq gözləyir. Belə ki, hətta XXI əsrdə Afrika ölkələrində dəfələrlə hərbi cinayətlər törədən fransalı hərbçilərin heç də hamısı layiq olduğu cəzanı almayıb. Rəsmi Paris isə belə cinayətlərin gələcəkdə törədilməsinin qarşısını almaq üçün lazımi tədbirləri görmək barədə heç düşünmür də.

Çünki öz müstəmləkələrini formal olaraq ötən əsrin 60-cı illərindən azad edən Fransa, bəzi Afrika ölkələrində öz ciddi təsirini saxlayıb. Əksər ekspertlərə görə, keçmiş müstəmləkələrin özünə qarşı loyallığını saxlamağa məcbur etmək üçün Fransa xüsusi siyasi və sosial-iqtisadi şərtlər formalaşdırır. Bu müstəvidə habelə hərbi iştirakdan istifadə olunur. Onilliklər boyu Afrikada yerləşən Fransa hərbçiləri bu qitədəki beynəlxalq hərbi təşkilatların tərkibinə daxil olmaqla yanaşı, hərbi qruplaşmalara və cihadçılara qarşı həm də öz hərbi əməliyyatlarını keçirirlər. Lakin onların bu missiyasının “alicənab”lığı barədə bəyanatlarına baxmayaraq, Afrikada vəziyyət heç də yaxşıya doğru dəyişmir. Məsələn, 2014-2021-ci illərdə Malidə, Çadda, Burkino-Fasoda, Mavritaniya və Nigerdə keçirilən “Barxan” əməliyyatı problemlərin həllindən çox insanların daha böyük problemlərlə üzləşməsi ilə nəticələnib. Minlərlə dinc insan öz ev-eşiklərindən didərgin düşərək, hərbi qruplaşmaların əlindən qaçmağa və qaçqınlar üçün düşərgələrdəki dəhşətli şəraitdə yaşamağa məcbur qalıblar.

Əksər ekspertlər Fransanın Afrikada hərbi iştirakının nəinki faydasız olduğunu, hətta dinc əhaliyə ciddi şəkildə ziyan vurduğunu bildirirlər. Həm müstəmləkəçilik imperiyaları dövründə, həm də XX-XXI əsrlərdə fransalı hərbçilərin törətdikləri cinayətlər bu həqiqəti birmənlı şəkildə təsdiqləyir.

2005-ci ildə 3 fransalı hərbçi amansız şəkildə Kot-Divuarın bir vətəndaşını öldürüblər. Rəsmi məlumata görə, guya qarətçilər dəstəsinin üzvü olan bu şəxs avtomobildə aparılarkən başına polietilen paket keçirilməsi nəticəsində boğulub. Hadisə ilə bağlı yalnız 2012-ci ildə keçirilən məhkəmədə öz günahlarını inkar etməyən hərbçilər hərbi komandanlığın göstərişləri əsasında addım atdıqlarını bildiriblər. Bu isə o, deməkdir ki, fransalı hərbçilərin yerli əhaliyə qarşı qəddarlığına hərbi komandanlıq səviyyəsində xeyir-dua verilir.
2021-ci ilin yanvarında Fransa aviasiyasının Malinin Bunti şəhərinə endirdiyi hava zərbələri 19 dinc sakini qətlə yetirildi. Kənd sakinlərinin toy yığıncağına endirilən bu zərbəni rəsmi Paris cihadçılara qarşı əməliyyat kimi qələmə verdi. 2021-ci ilin aprelində isə Mali hökuməti Fransanı Qossi şəhərindəki hərbi bazada kütləvi məzarlığı gizlətmək cəhdində günahlandırdı. Fransa hərbi kontingentinin bu bazanı tərk etdikdən Mali hərbçilərinin aşkarladığı kütləvi məzarlığa görə rəsmi Paris öz üzərinə məsuliyyət götürməkdən boyun qaçırır.



Bir sıra beynəlxalq təşkilatlar isə fransalı hərbçilərin habelə həddi-büluğa çatmamış vətəndaşlara qarşı seksual zorakılıq tətbiq etdiklləri barədə məlumatların olduğunu açıqlayıblar. Mərkəzi Afrika respublikasında və Burkina-Fasoda keçirilən “Sanqaris” əməliyyatı zamanı fransalı hərbçilərin yemək və yaxud da təhdid qarşılığında 15 yaşına qədər həddi-büluğa çatmamış uşaqları seksual hərəkətlərə məcbur etdikləri bildirilir.

Maraqlıdır ki, törətdiyi cinayətlər və soyqırımlarla öz tarixini, bu gününü və gələcəyini qara ləkə ilə möhürləmiş Fransanın indiki rəhbərliyi böhtan və şər kampaniyaları sayəsində digər ölkələri də qaralamağa çalışır. Digərlərinə də uydurma “həqiqət”lərlə qara yaxaraq ləkələnmişlərin uzun sırasında itmək qara ləkəni yumaqdan çox-çox asandır axı.

Sahil İsgəndərov, politoloq

AzVision.az


Teqlər: Fransa   soyqırım  





Xəbər lenti