Yanan Quran deyil, körpülərdir - Qazaxıstandan baxış

   Yanan Quran deyil, körpülərdir -    Qazaxıstandan baxış
  06 Fevral 2023    Oxunub:2341
Saken Mukan
Alma-Ata İTBU SC-nin Media Kommunikasiyası və Tarixi kafedrasının professoru
Xüsusi olaraq AzVision.az üçün

Son bir ildə Türkiyə ilə İsveç arasında münasibətlər bir-birinə qarşı illər ərzində yığılan iddialar ucbatından dəyişib. İsveç və Finlandiya Rusiyanın Ukraynaya təcavüzündən sonra NATO-ya üzv olmaq üçün rəsmi müraciət ediblər. Türkiyə isə onlara “hə” deməyə tələsmir. Rəsmi Ankaranın fikrincə, İsveç və Finlandiya kürd separatçılarını himayə edirlər.
Vəziyyət o həddə çatdı ki, İsveçin ultrasağ siyasi qüvvələri Türkiyənin Stokholmdakı səfirliyinin yaxınlığında müsəlmanların müqəddəs kitabı Qurani-Kərimi yandırdılar. Bu isə təkcə rəsmi Ankaranın deyil, digər dövlətlərdə yaşayan müsəlmanların da çaşqınlığına səbəb oldu.

Avropada Quranın nümayişkaranə şəkildə yandırılması və ya Məhəmməd peyğəmbərin karikaturalarının çəkilməsi faktı ilk dəfə baş vermir. Son 10 ildə Paris və Kopenhagendə zəncirvari reaksiya doğuran oxşar əməllərin baş verdiyini, bu hadisələrin müsəlmanların üstünlük təşkil etdiyi Yaxın Şərq və Cənub-Şərq ölkələrinin əksəriyyətində həmin dövlətlərin səfirliklərinə hücumlara səbəb olduğunu xatırlayaq.

Təxribat faktı “söz azadlığı” və “ifadə azadlığı”nın demokratik cəmiyyətin əsas dəyərləri olması əsas gətirilərək, yetərincə araşdırılmır, ancaq nədənsə bu zaman Avropada yaşayan müsəlmanların dini duyğuları, hüquq və azadlıqlarına hörmət olunmaması nəzərə alınmır. Odur ki, bu insident İsveçin imici və NATO-ya daxil olma prosesi baxımından onun özünə daha çox zərər vurdu.

Türkiyə səfirliyinin qarşısında Quranın yandırılmasının nümayişi açıq şəkildə göstərir ki, İsveçin demokratik ultra-sağ qüvvələri siyasi qərarları bütün müsəlmanların dini hissləri ilə oynamaqla qarışdırır, bunun ölkələri üçün hansı nəticələr doğura biləcəyini dərk etmirlər.

Türkiyə artıq keçmişdə olduğu kimi, öz müsəlman kökü və Osmanlı əcdadlarından törəyən əhalisi ilə Avropa ailəsinə daxil olmağa çalışmır. Müasir Türkiyə bugünkü Avropanın yeni geosiyasi çağırışlar və reallıqlarla üzləşdiyi zamanda avropalı tərəfdaşlarından NATO-nun fəaliyyəti və Avropa təhlükəsizlik sisteminin bütün arxitekturası ilə bağlı yüksək tonla adekvat hörmət tələb edir. Deməli, Türkiyə İsveçdə gizlənən destruktiv qüvvələri tələb etməklə öz milli təhlükəsizliyini gücləndirmək istəyir və bunda onun öz milli maraqları var.

İsveç hakimiyyəti kürd separatçılarını rəsmi Ankaraya ekstradisiya edə bilməz, çünki onlar Türkiyə ərazisində cinayət törətməyiblər. Aydındır ki, bundan sonra İsveçin NATO-ya daxil olması prosesi uzun müddət ləngiyəcək və ölkənin vəziyyətdən çıxmasının çətin olacağı göz qabağındadır. Artıq müsəlman ölkələrinin sərt reaksiyası özünü göstərib ki, geosiyasi turbulentliyin mövcud reallıqlarını nəzərə alsaq, bu əsla rəsmi Stokholmun xeyrinə deyil. İnsidentdən sonra rəsmi Ankara İsveçin NATO-ya daxil olmasını artıq ultimativ şəkildə, əlavə şərtlər tələb edərək gecikdirəcək və bununla Türkiyənin NATO strukturlarında mövqeyini, həlledici çəkisini artıracaq.

Hazırladı: Murad Nəcəfov
AzVision.az



Teqlər:   İsveç   Türkiyə   Quran  





Xəbər lenti