Rusiya sülhməramlıları Qarabağı tərk edəcəkmi? – Moskvadan baxış

   Rusiya sülhməramlıları Qarabağı tərk edəcəkmi? –    Moskvadan baxış
  06 Fevral 2023    Oxunub:1677
Mixail Neyjmakov
Rusiyali politoloq, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitik layihələrinin direktoru
Xüsusi olaraq AzVision.az üçün

Ermənistanın baş naziri Nikol Paşinyan sonuncu mətbuat konfranslarının birində qeyd edib ki, əgər Rusiya sülhməramlı kontingentin fəaliyyəti ilə bağlı “öhdəliklərini yerinə yetirmək iqtidarında deyilsə”, variantlarından biri kimi Qarabağa yeni beynəlxalq sülhməramlı missiya göndərilməsi xahişilə BMT Təhlükəsizlik Şurasına müraciət etməlidir.
Ancaq xatırlamaq lazımdır ki, BMT-nin sülhməramlı əməliyyatlarının prinsiplərindən biri münaqişənin əsas tərəflərinin razılığıdır. BMT-nin Qarabağdakı bütün tərəfləri qane edəcək bu cür hipotetik missiyasının tərkibini müəyyən etməksə çətindir. Bildiyimiz kimi, BMT-nin bu cür əməliyyatlar üçün hərbi və sülhməramlı kontingentini təmin edən dövlətlərin arasında əhalisinin əksəriyyəti müsəlman olan bir sıra ölkələr liderdir (məsələn, Banqladeş, Pakistan, İndoneziya). Qarabağda belə bir tərkibdə kontingentin olması çətin ki, erməni tərəfi qane etsin. Eyni zamanda, məsələn, Hindistan hərbçilərindən ibarət kontingentin yerləşdirilməsi Azərbaycanı, çətin ki, razı salsın.

Mediada mütəmadi olaraq regionda Amerika sülhməramlılarının peyda olması ehtimalı ilə bağlı şayiələr və proqnozlar gözə dəyir. Amma qeyd edək ki, misal üçün, 2020-ci il oktyabrın 31-də ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Robert O'Brayen sülhməramlıların Qarabağa Skandinaviya ölkələrindən gətirilməsi imkanından danışıb. Bu, bir daha sübut edir ki, Vaşinqtonun belə bir məsuliyyəti öz ordusunun üzərinə qoymaq istəməzdi.

Ona görə də, əgər Qarabağda sülhməramlı kontingent qalarsa, onun Rusiyaya aid olması ehtimalı hələ ki yüksəkdir. RSK-nın müvəqqəti məsuliyyət zonasında qalma müddətinin uzadılmasının mümkünlüyü məsələsi çox güman ki, Moskva, Bakı və İrəvan arasında danışıqların mühüm mövzularından biri olacaq. 2024-cü ilin sonu - 2025-ci ilin əvvəlində xüsusilə fəal şəkildə müzakirə ediləcək. Bu müddət ərzində Bakı RSK-nın fəaliyyəti ilə bağlı daha soyuqqanlı bəyanatlar verə bilər ki, bu da ictimaiyyətə açıqlanmayan danışıqlar prosesi fonunda olacaq.

Qarabağda sülhməramlıların mövcudluğunun məhdudlaşdırılması perspektivi, əlbəttə, Bakının erməni tərəfi ilə dialoqda (o cümlədən digər mövzularda, məsələn, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə danışıqlar çərçivəsində) mövqelərini əhəmiyyətli dərəcədə gücləndirər. Digər tərəfdən, sülhməramlı kontingentin işi məhdudlaşdırılarsa, Azərbaycanın hüquq-mühafizə orqanları ilə erməni icmasından olan mülki şəxslər arasında baş verə biləcək hər hansı insidentlərdən həm Bakının xarici siyasət opponentləri, həm də məsələn, ABŞ nümayəndələri öz maraqları naminə Azərbaycana təzyiq göstərmək üçün bəhanə kimi istifadə edə bilərlər.

Eyni zamanda, Moskva və İrəvanın digər məsələlərdə güzəştə getməsi müqabilində Bakının 2025-ci ildən sonra RSK-nın Qarabağda mövcudluğunun uzadılmasına razılıq verməsi istisna edilmir. Bu halda RSK-nın fəaliyyətinin nüansları ilə bağlı razılaşmaların dəyişdirilməsi mümkündür. Məsələn, 2025-ci ildən sonra sülhməramlı kontingentin növbəti müddətə qalma dövrünün qısaldılması razılaşdırıla bilər (mümkündür ki, beş ildən iki və ya hətta bir ilə qədər). Laçın dəhlizi ilə nəqliyyatın hərəkətinə nəzarət qaydalarının bəzi nüansları dəyişə bilər.

Rusiya sülhməramlı kontingentinin Qarabağda qalma müddətinin uzadılmasına Cənubi Qafqazda maraqları olan qeyri-region dövlətləri (o cümlədən Rusiyanın özü və Türkiyə) arasında güc balansı da təsir göstərəcək.



Teqlər:





Xəbər lenti