İran küləyə tüpürür – Seymur Məmmədovun şərhi

// Tehranın Ermənistanla layihələri dalana dirənirlər

 İran küləyə tüpürür –   Seymur Məmmədovun şərhi
  01 Aprel 2023    Oxunub:3074
Belə bir ifadə var: "küləyə tüpürmək". Mənası çox sadədir, yəni öz ziyanına nəsə etmək. Cənub qonşumuz İran son iki ildə məhz bunu edir, yəni küləyə tüpürərək, Azərbaycanla münasibətləri durmadan pozur.
İranın qısqanclığı, hətta düşmənçiliyi İkinci Qarabağ müharibəsindən sonra başlayıb və bu gün də vüsət almaqda davam edir. Bakı uzun müddətdir situasiyanı tənzimləməyə və hər şeyi yoluna qoymamağa çalışsa da, Tehranın aqressivliyi getdikcə artan addımları və bəyanatları seçim imkanı qoymur. Səfirliyə hücumdan sonra səbr kasası tamamilə doldu və indi ikitərəfli münasibətlərdə ciddi böhran yaranıb.

Azərbaycanla aranı vurmaq istiqamətində inadla irəliləyən İran perspektivdə Ermənistanla əlaqələri inkişaf etdirərək, boşluğu doldurmağa çalışır. Məqsəd ilk növbədə Bakını qıcıqlandırmaqdır. İkincisi də, Ermənistan mollaların ağzına baxıb onların çaldığına oynamağa hazır olan yeganə qonşudur.


İran tərəf Ermənistan rəsmiləri ilə nümayişkaranə görüşlər keçirir, hansısa sənədlər imzalayır, Tehranın ciddi olduğunu göstərməyə çalışır. İrəvan da bacardığı qədər cavab reveransları edir. Məsələn, Ermənistan ATƏT-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktını pisləyən qətnamənin qəbuluna mane olmaqla qulluq göstərməyə hazır olduğunu göstərdi.

Ancaq bəzi beynəlxalq platformalardakı tək-tük mənasız “uğurlar” yalnız müvəqqəti məmnunluq gətirir. Bəs sərfəli, perspektivli əməkdaşlıq haqqında nə demək olar? İrana sabah iki qonşudan hansı ilə birlikdə yol getmək daha sərfəlidir?

Rusiya və İran mətbuatı Azərbaycan, Rusiya və İranın Şimal-Cənub dəhlizinin quru dəmir yolu marşrutunu tamamlamaq üçün lazım olan sonuncu hissəsinin tikintisinə dair hökumətlərarası sazişin hazırlaması barədə məlumat yayıblar. Sənədin bu ilin sonuna qədər imzalanacağı gözlənilir. "Axır ki" deməyin vaxtı gəldi. Dəhlizin uğursuz hissəsi olan Astara-Rəşt uzun illər İran günahı ucbatından yarımçıq qalıb, bu isə Rusiyanın şimalından Fars körfəzi və Hindistana qədər logistika üçün ən əlverişli marşrutdan istifadəni ləngidirdi.

İran nə qədər Azərbaycandan yan keçməyə çalışsa da, bunun qeyri-mümkün olduğu ortaya çıxdı. Bu illər ərzində Qara dənizə doğru mövcud olmayan dəhliz dəfələrlə gündəmə gətirilib və 90-cı illərin sonlarından İran-Ermənistan dəmir yolu layihəsi müzakirə olunur. Nə birinci, nə də ikinci layihə üzrə heç bir iş görülmür. Niyə? Çünki İranın buna ehtiyacı yoxdur və sərfəli deyil. Ermənistan dalana dirənib və Tehranda Azərbaycandan nə qədər xoşları gəlməsə də başa düşürlər ki, bu xəttə qoyulan milyardlar boş yerə gedəcək. Ona görə də, İran sərmayə qoymağa tələsmir, gözləyir ki, yoxsul Ermənistan təkbaşına maliyyə vəsaiti tapsın. Ancaq heç bir ümid yoxdur, çünki fayda yoxdur.

Artıq Azərbaycan ərazisindən keçən müasir bir yol var. İranda, deyəsən, çatışmayan halqanın tikintisi ilə ciddi məşğul olacaqlar. Çünki iranlılar Ukraynadakı müharibə səbəbindən dünyaya çıxışı olmayan Rusiyanın təzyiqlərinə boyun əymiş kimi görünürlər.

İranı Azərbaycanla enerji, infrastruktur layihələri, real iqtisadi maraqlar bağlayır. Onlar hər kəsə məlumdur və sadalamağa dəyməz. Amma İranla Ermənistan arasında da böyük layihələrin olduğunu az adam bilir. Di gəl ki, Tehranın Bakı ilə bağladığı müqavilələrdən fərqli olaraq onların heç biri həyata keçirilməyib. Bilirsiniz, niyə? Səbəb təkcə maliyyə çatışmazlığı yox, həm də bu layihələrin coğrafi baxımdan “dalana dirənməsidir”. Onlar İranda başlayıb, üçüncü ölkələrin bazarlarına çıxışı olmayan Ermənistanda bitirlər.

Meğri su elektrik stansiyası hələ 2018-ci ilin yanvarında işə başlamalı idi. Bu gün erməni ekspertlər artıq onun nə vaxtsa tikiləcəyinə şübhə edirlər. Bu istiqamətdə heç bir fəaliyyət yoxdur.

2019-cu ilin martında Yerevan və Tehran Meğri şəhəri yaxınlığında Araz çayı üzərində su elektrik stansiyasının tikintisi çərçivəsində investisiya şirkətinin seçiminə başlandığını elan etmişdilər. O zaman ümumi əsaslı xərclər 300 milyon dollar qiymətləndirilirdi. Lakin o vaxtdan bəri heç bir səs-səmir yoxdur.

Amma erməni ekspertlər İran və Azərbaycan tərəfindən həyata keçirilən “Xudafərin” SES və “Qız Qalası” Su Elektrik Stansiyaları layihələrinin sürətləndirilməsini xüsusi qeyd edirlər. Ötən əsrin 80-ci illərdə işlənib-hazırlanmış və Ermənistanın təcavüzü nəticəsində dayandırılmış layihələrin 2024-cü ildə başa çatdırılması da planlaşdırılır.

İran-Ermənistan-Gürcüstan-Rusiya enerji dəhlizində də işlər dayandırılıb. Layihə ilə bağlı müzakirələr 2015-ci ildə başlayıb. 2016-cı ildə dörd ölkə Şimal-Cənub enerji dəhlizinin tikintisi ilə bağlı yol xəritəsi imzalayıb. Layihə 2019-cu ilə qədər tamamlanmalı idi. Artıq 2023-cü ildir...

İran-Ermənistan elektrik ötürücü xəttinin çəkilişində də ciddi problemlər var. Layihənin podratçısı olan İranın “Sunir” şirkətinin kredit almaqla bağlı problemləri var. Səbəb Qərbin sanksiyalarıdır. Kredsiz keçinmək mümkün deyil, çünki İranın tərəfdaşının ödəmə qabiliyyəti yoxdur və ümumiyyətlə heç nəyə qadir deyil.

İran ada deyil, digər dövlətlərlə əlaqə saxlamağa məcburdur. Odur ki, əsas ehtiyaclarını təmin etmək və iqtisadi cəhətdən ayaq üstə durmaq zərurətini dərk etməyə bilməz. Azərbaycanla kommunikasiya layihələri olmasa, o, uğur qazanmayacaq. Ermənistan ona heç bir şəkildə kömək edə bilməyəcək. Ermənistanın daxili bazarının məhdudluğu, investisiya potensialının olmaması və çox zəif texnoloji baza xarici dünyaya “erməni pəncərəsi”ni iqtisadi baxımdan İran üçün perspektivsiz edir. Bakı ilə əlaqələrin pozulması isə İranın maraqlarına mütləq zərbə vuracaq. Ona görə də, şimal qonşusu qarşısında əzələlərini oynatmamalıdır.

Seymur Məmmədov
AzVision.az -ın rus versiyasının redaktoru


Teqlər: İran   Ermənisan  





Xəbər lenti