İstanbulun əsl fatehi - Ağ Şəmsəddin haqda
Uzaq Rum diyarından Ankaraya doğru yorulmadan bir sufi gedirdi. Doğma vətəni Göynükdən ayrılalı bir neçə gün keçmişdi, lakin ali elm və mənəviyyatın ortaq nöqtəsində gizlənən İlahi sirri tapmaq üçün gənc alim bu yolu getməyə məcbur idi. Türk diyarı Göynükdəki mədrəsədəki müəllim də ona sənə buralar artıq çox dar, elmin doldu - daşdı buraları da keçdi dedi və ona dövrün böyük alimi, övliyası Hacı Bayram Vəlini nişan verdi. O Hacı Bayram Vəli ki, Osmanlı Sultanı II Muradın ona iki dəfə etdiyi vəzirlik təklifindən imtina etmiş, könül səltənətində olan taxtını saray cəh-cəlalı ilə əvəzləməmişdi. Gənc də ona İlahi səyahət yolunda bələdçilik edəcək bu pir sahibinə doğru tələsirdi. Amma tələsən tək o deyildi ki... Hələ Hacı Bayram Vəli dərgahındakı müridlərin bir neçəsi şeyxlərinin qəfildən qışqıraraq bədahətən “Şəmsəddin!” çağırmasını eşitmişdilər. İki şəxs arasında poçt xidmətini həyata keçirən bu ultrasəslər həm onu səsləmiş, həm də bunu. Müridlər dərgahda dərsdən sonra Şəmsəddinin kim olduğunu Hacı Bayramdan soruşmuşlar. Elə biz də onun cavabı ilə qəhrəmanımızı sizə daha yaxından tanıdaq: “O gələcək, çox yaxında gələcək. Onun boğazına zəncir keçirdik. Ondan yaxa qurtara bilməz. Harada olsa gələcək. O, dövrün yeni doğan ulduzu olacaq. Həm cana şəfa, həm könüllərə məlhəm qoyacaq birisi olacaq. Onun ruhu, könlü çox ağdır. O, Ağ Şəmsəddin olacaq! Osmanlının yüksəlişi, İstanbulun fəthi onun adı ilə bağlanacaq!”
Hacı Bayram Vəlinin bu cavabından sonra müridlər çox təəccüblənirlər. Biz də Hacı Bayramın könül lüğəti ilə ağ Şəmsəddini tanıtmasının üzərinə onun haqqında daha bir neçə məlumatlar verək:
Ağ Şəmsəddin XIV əsrin sonunda 1389-cu ildə dövrünün tanınan elm xadimlərindən olan Məhəmməd Şəmsəddin Həmzənin ailəsində dünyaya gəlib. Onun nəsil kökü azərbaycanlı böyük sufi ustadı İşraqilik nəzəriyyəsinin banisi Şihabəddin Yəhya Sührəverdiyə gedib çıxır. Bu gün də istər türk, istər ərəb-fars, istərsə də Avropa tədqiqatçıları Şəmsəddinin Azərbaycandan olmasını inkar etmir. Şamda müdərrislik edən atası sonradan bu missiyasını davam etdirməkdən yana Anadoluya gəlir. O zaman yeddi yaşı olmasına baxmayaraq Ağ Şəmsəddin Quranı əzbər öyrənir. Gələcəkdə o həm Sultan Fateh Məhmədin birinci və əsas müəllimi, baş məsləhətçisi, həm də böyük övliya və həkim kimi tanınır. Onun böyük tibb alimi kimi yetişməsindən az sonra ətraflı danışacağıq. Hələlik onu deyək ki, bütün dünyada tibb elmində iki böyük nəzəriyyənin banisi kimi xatırlanmaqdadır.
İndi isə yenidən yorulmadan uzaq Anadoludan Ankaraya öz şeyxinə doğru tələsən gənc Ağ Şəmsəddinə qayıdaq. Dilimizi azacıq da olsa ozan dili kimi yüyrük edib deyək ki, Ankaraya çatan Şəmsəddin bazar meydanında zabitəli, nurani bir qocanın köməkçiləri ilə bərabər xalqdan vergi yığdığını görür. Bu adamın Hacı Bayram Vəli olduğunu öyrənəndən sonra hiddətlənir. Gəldiyi ağır yol üçün çox üzülür. Amma artıq gec idi. Etirazını bildirərək Hələbdə məskən salan daha bir sufi şeyxi Zehnalabidin Hafinin yanına gedəcəyini deyir. O, nə biləydi ki, Hacı Bayram Vəli xalqın öz xahişi ilə onlardan cüzi vergi alaraq müridləri vasitəsilə kasıblara paylayır. Hacı Bayram onu yolundan saxlamır. Bilir ki, onları mənəvi eşq zənciri bir-birlərinə bağlayırsa daha heç kim bu bağı qopara bilməz. Geri qayıdan Şəmsəddin yolda gecələdiyi komada qəribə bir yuxu görür. Görür ki, bir zəncir onu boğub nəfəsini daraldır. Uzaqda isə zənciri əlində tutan Hacı Bayram görünür. Bu yuxu gələcək pir üçün bir mesaj idi. Odur ki, ləngimədən geri qayıdır və Şəmsəddindən Ağ Şəmsəddinə gediləcək bir yolun təməlini qoyur.
Böyük təbib, Mikrob nəzəriyyəsinin kəşfi
Şəmsəddin az keçməmiş Hacı Bayram Vəlinin ən nüfuzlu müridi olur. Onun başqa tələbələrdən fərqləndirən bir cəhəti də tibb və əczaçılığa az-çox vaqif olması idi. Bunu əvvəlcə atasından, daha sonra isə Göynükdəki mədrəsə ustasından mənimsəmiş, atasının Şamdan gətirdiyi tibb kitablarını əzbərləmişdi. Elə bir gün də Hacı Bayram Vəli ilə söhbətləşərkən bir kişi çox qaçmaqdan təntimiş halda içəri girir. Hacı Bayram kömək elə, obadakı uşaqlar bir-bir qırılır deyə, ağlayır və yeganə kömək ala biləcəyi sufidən də bunu xahiş edir. Məlum olur ki, Ankaranın çox kənar bir yerində oba başçısı olan bu kişi digər obanın başçısı ilə düşmən kəsildiyindən ondan həmişə pislik görüb. Axırda həmin adam bu obanın istifadə etdiyi su quyusunu murdarlayaraq, yəni, ora ölmüş siçan atmaqla ölümcül mikrobu yayıb. Obaya Hacı Bayramla gələn Şəmsəddin uşaqları yoluxduqdan sonra məsələnin ağır olduğunu anlayır. əczaçılıq qabiliyyətini işə salaraq müxtəlif dərman bitkiləri toplayıb məlhəmlər hazırlayır. Onun əsas işi nəticəni törədən fəsadları, səbəbləri aradan qaldırmaq idi. Şəmsəddin xəstəliyin kökündə duran mikrobun zərərsizləşdirilməsi nəticəsində əsil sağlamlığın formalaşması qənaətinə gəlir. Beləcə o topladığı dərmanı da birbaşa nəticə olan xəstəliyin yox, səbəb olan mikrobun dəfinə yönəldir. Cəmi bircə həftədən sonra bütün kiçik uşaqlar şiddətli qızdırmadan və halsızlıqdan xilas olur. Bu hadisə Şəmsəddində tibbə olan marağı daha da artırır. Təbii ki, o da böyük mənəvi ustadı İbn Sina kimi təsəvvüflə, hikmətlə tibbin ortaq sintezinə meyl edir. Sonradan yazacağı “Kitabül – Tibb”, “Şərhi əhvali Hacı Bayram Vəli” əsərlərində də bu məsələlərdən bəhs edir. Beləliklə, o, axtarışlarını davam etdirərək mikrob nəzəriyyəsinin əsasını qoyur. “Kitabül Tibb”də bunun açıq - aşkar izahını verir. O dövrün Avropası isə mikrob nəzəriyyəsi ilə yalnız XIX əsrdə tanış olur. Lui Paster nisbətən etdiyi cüzi əlavələrlə ondan 400 il əvvəl bunu kəşf edən Ağ Şəmsəddindən yüngül desək oğurluq etmiş olur. Amma “Kitabül Tibb”də ərz olunan mikrob və onu zərərsizləşdirməyin yolları bu gün də öz aktuallığını qoruyub saxlayır.
İstanbul fatehi Ağ Şəmsəddin
Bir gün Hacı Bayram Vəliyə sultandan namə gəlir. Naməni oxuyan şeyx müridlərinə bildirir ki, Sultan II Murad onu paytaxt Ədirnəyə dəvət edir. Bu onun özünə də çox təəccüblü gəlir. Elə saray elçisinə qoşularaq paytaxta gələn Hacı Bayram sultan tərəfindən böyük hörmətlə qarşılanır. Sultan Murad onu bir həftə buraxmır, dayanmadan məsləhətlərini dinləyir. Axırda iş o yerə çatır ki, sultan ona vəzirliyi təklif edir. Ömrünün ahıl yaşına çatan övliya təbii ki, bu təklifi xəfif bir gülümsəmə ilə qarşılayır. Cavab verir ki, könül sultanlığını bu yaşda dünya taxtına dəyişəcək halı yoxdur. Amma sənə elə bir gövhər verəcəyəm ki, gələcəkdə par-par parlayacaq, indi bizdən uzaqda qalan Konistantinopolu (İstanbulu E.N) da ələ keçirəcək deyir. Sözlərdən sultan təəccüblənir və cavab verir ki, onun bu yaxınlarda bir övladı olacaq. Bütün ruhumla oğlan olacağını və nəhəng İstanbulu fəth edəcəyinə inanıram. Bayram Vəli təmkinini pozmadan : - İstanbulun fəthini nə sən görəcəksən, nə də mən. Onu sənin gövhərin olan sultan oğlunla mənim gövhərim Ağ Şəmsəddin fəth edəcək. Belə də olur. Gənc Şəmsəddin Osmanlının ən güclü sultanlarından olan Fateh Məhmədin müəllimi olur. Vaqif olduğu elmləri ona da öyrədir, gənc Məhməti əsil idarəçi və fateh kimi yetişdirir. Fateh Sultan Mehmet İstanbulun fəthinə məhz Ağ Şəmsəddinin məsləhətləri sayəsində nail ola bilir. Gəmilərin altlarının piylənməsi sayəsində onların böyük məsafədən dənizə sarı asanlıqla dartılması ideyasını ona Ağ Şəmsəddin verir. O, “bu ilin Cəmaziyələvvəl ayının 20-də səhər filan tərəfdən qalaya hücum edin. O gün şəhər fəth ediləcək və İstanbuldan əzan səsləri ucalacaq”-konkret tarixini göstərərək sultan qoşununu və donanmasını təhlükədən xilas edir və qalib gəlməsinə müəssər olur.
Onun məsləhətinə qulaq asan Fateh dərhal qoşuna hazırlıq əmri verir və Ağ Şəmsəddinin dediyi gün İstanbula hücuma başlayır. İstanbul səhər saat 8-də fəth edilir. Fateh Sultan Mehmet şəhərə həmin gün günorta saatlarında ağ atın belində Topqapı istiqamətindən daxil olub Ayasofyaya doğru irəliləyir. İstanbulun fəthinin mənəvi atası hesab edilən Ağ Şəmsəddin də Fatehin yanında olur. Bizanslılar Ağ Şəmsəddini Sultan Mehmet hesab edərək ona gül dəstələri verirlər. O isə gənc Fatehi göstərərək: “Sultan budur, gülləri ona verin”,- deyirdi. Fatehsə: “Sultan mənəm, ancaq İstanbulun fəthinin mənəvi atası odur”-deyə Ağ Şəmsəddini göstərirdi…
Rəvayətə görə, İstanbulun fəthindən sonra, Fateh Sultan Mehmet ağ Şəmsəddini ziyarətə getmiş, müəllimindən onu yenidən tələbəliyə, dərvişliyə qəbul etməyini xahiş edib. Ağ Şəmsəddinsə təklifi rədd edərək belə cavab verib: "Sultanım, sən bizim daddığımız ləzzəti dadacaq olsan, səltənəti buraxarsan. Dövlət işlərini tam edə bilməzsən...”. deyir.
Ağ Şəmsəddinin vəsiyyətlərindən
“Hər hansı işə “Bismillah”la başla. Təmiz ol, daim yaxşılıq et. Tənbəl olma, pislərə qoşulma, yaxşılığa yamanlıq etmə, sənə verilən nemətə az da olsa, çox da olsa şükür et, naşükür olma, naşükürlük insanı cəhənnəmə sürüklər. Heç kimə əsəbiləşmə, heç kimə pis söz demə. İstəyirsən ki, ömrün uzun olsun, onda insanların paxıllığını çəkmə. Paxıllıq insanı qurd kimi içindən yeyər və onu vaxtından əvvəl qocaldar. Çox yatma, bu səni işdən, halal zəhmətdən qoyar və kasıb edər. Daim Allahı zikr et, zira sənin qurtuluşun Allah və onun Qurani Kərimi ilədir. Vəli o insandır ki, insanlardan gələn zülmlərə, sıxıntılara səbirlə tab gətirər, onlardan şikayət etməz və ona pislik edənlərə kin saxlamaz. Bir adamla düşmən olmaq istəməz. Vəli torpaq kimidir, torpağa çox pis şeylər atılar, ancaq onda ancaq gözəl şeylər bitər. Hər İkİ dünya səbır edənlərindir.
Hər bir insanın Allaha nə qədər sıx bağlı olması onun üzərinə gələn bəlalara, dərdlərə nə qədər dözümlü olması ilə üzə çıxar. İnsan nə qədər Allahdan gələn bəlalara səbir etsə, o qədər də bu imtahandan üzüağ çıxar. Haqqın rəhmini, mərhəmətini, lütfünü qazanar. Səbir edən insan cənnəti sağ ikən qazanar. Çünki bütün peyğəmbərlər və övliyalar bu fani həyatda daim sınağa çəkiliblər və yalnız səbirlə Haqqın dərgahına qovuşublar, insanlara örnək olublar. Səbir insanın başındakı tacıdır. Səbirsiz insan bu tacı itirərək dumanda azan quşlara bənzər”.
Nihat Nazim