“Günay Bank” niyə bağlandı və bunun ardı gələ bilərmi – TƏHLİL

   “Günay Bank” niyə bağlandı və bunun ardı gələ bilərmi –    TƏHLİL
  25 May 2023    Oxunub:3034
Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin 16 may 2023-cü il tarixli qərarı ilə “Günay Bank” ASC-nin lisenziyasının 17 may 2023-cü il tarixdən ləğv edilməsi və bankın müflisləşmə yolu ilə bağlanması haqda məhkəməyə müraciət olunmasının səbəbləri kifayət qədər geniş açıqlanıb. AMB-in məlumatında qeyd olunur ki, “Günay Bank” ASC-nin məcmu kapitalının miqdarı banklar üçün müəyyən edilmiş minimal miqdardan, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olması, habelə cari fəaliyyəti etibarlı və prudensial qaydada həyata keçirilmədiyinə görə “Banklar haqqında” Qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinə əsasən lisenziyası dayandırılıb.
Bəs həqiqət necədir?!
Sualı birbaşa cavablandırmadan öncə vurğulayım ki, əslində hər şey sektorun vəziyyətindən irəli gəlir. Ötən ayın əvvəlində yazdığım şərhdə də qeyd etmişdim ki, ölkənin bank sektorunda vəziyyət əvvəlkitək sabit və anormal olaraq qalır. Sektorun durumu və fəaliyyəti iqtisadiyyatda artım tələblərinə cavab vermir, amma 2015-ci ildəki devalvasiyalardan sonrakı vəziyyətdə də deyil. Başqa sözlə, bank sektorunun üzərində hazırda “qara buludlar” sıxlaşmasa da, ortada daimi “xof” mövcuddur. Bu “xof” da ondan ibarətdir ki, guya banklar çökə, bütövlükdə sistem iflasa uğraya bilər və s.

Cari ilin fevralında iki mühüm göstəricinin - əhalinin banklarda yerləşdirdiyi əmanətlərin həcminin azalması və problemli kreditlərin, yəni geri qaytarılmalı olan, ancaq vaxtında qaytarılmayan borc vəsaitlərinin məbləğinin artması bu cür fikirlərə zəmin yaratdı. Bununla belə, yaranan “xofun” əsas səbəbi heç də bunlardan ibarət deyil, kökdə başqa amillər dayanır.

İnkişaf etmiş ölkələrin bank sistemlərində yaranmış vəziyyət, xüsusən də dünya iqtisadiyyatının aparıcı ölkəsi olan ABŞ-da mart ayında iki bankın - “Silicon Valley Bank” ilə “Signature Bank”ın iflasa uğraması təşvişə səbəb oldu. Azərbaycanda belə halın mümkün olmadığını bir neçə dəfə yazmışam. O səbəbdən ki, bizdə bank sistemi ABŞ və digər inkişaf etmiş ölkələrdəki kimi deyil, banklar rəqabət şəraitində fəaliyyət göstərmirlər. Yəni, onların hər hansı birinin bağlanması vəziyyətindən asılı olmayaraq da baş verə bilər və fasilələrlə baş verir də! “Günay Bank”la əlaqədar atılan addım da buna misaldır.

Bank özünü müflis elan etməkdənsə, lisenziyası alınır. Sual oluna bilər: bank sağlam idimi?! Xeyr! Onun ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0,5% təşkil edir. “Günay Bank” ASC-nin lisenziyasının ləğvi sektorda maliyyə dayanıqlığı və sabitliyi üçün heç bir təhdid yaratmır və yarada da bilməz. Yəni “Günay Bank” sistem əhəmiyyətli bank deyildi. Bunu rəqəmlər də göstərir. Bankda bu il aprel ayının 1-nə ümumi depozitlərin həcmi 108 milyon 566 min manat təşkil edib. Ötən ilin sonunda bu rəqəm 111 milyon 405 min manat olub. Bunun 38,5 milyon manatı sığortalı (kompensasiya olunan) əmanətlərdir. “Günay Bank” da ölkədə fəailiyyət göstərən 25 bankdan biri kimi Əmanətlərin Sığortalanması Fonduna üzv olduğundan, əhalinin həmin 38,5 milyon manatı qaytarılacaq.

Bankın lisenzaliyalaşdırılmasına dair AMB-in açıqladığı məlumatda “Banklar haqqında” Qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu və 61.1-ci maddələrinin əsas gətirilməsi də məntiqə uyğundur. Həmin maddələrdə bankın (və ya xarici bankın yerli filialının) lisenziyasının bu hallarda ləğv oluna bilinəcəyi yazılıb:
• Nizamnamə və ya məcmu kapitalının miqdarı maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi nizamnamə və ya məcmu kapitalın minimum miqdarından aşağı olduqda;
• Məcmu kapitalın adekvatlıq əmsalı 3 faizdən az olduqda;
• Cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyi təqdirdə.

Əslində isə hər şeyi real sektorun tələbi və bazar müəyyən etməlidir. Yuxarıda "bank özünü müflis elan etməkdənsə, lisenziyası alınır" ifadəsini boş yerə işlətmədim. Bizdə real vəziyyət odur ki, ölkədə fəaliyyət göstərən bankların maliyyə vəziyyətləri yaxşı olsa da kredit faizləri yüksəkdir, əmanətlər üzrə təklif olunan gəlirlilik səviyyəsi aşağı olmasa da, borc verilməsi risk sayılır, bütövlükdə bank sektoru iqtisadiyyatın normal inkişafı və artımı sarıdan müvafiq tələblər üçün çalışa bilmir. Bu, “Günay Bank”dan sonra yerdə qalan bütün banklara da aiddir.

Odur ki, ilk növbədə real sektorda risk amilləri azaldılmalıdır.
İkincisi, ölkədə bank fəaliyyəti də asanlaşdırılmalı və sərbəstləşdirilməlidir.
Bunun üçünsə mövcud hüquqi-normativ baza yenilənməli, bir sıra yeni qanunlar hazırlanıb qəbul edilməlidir.
Ümumiyyətlə, sektorun idarə mexanizmi və prinsipləri dəyişməlidir. Bank sektorunda inhisarçılığın meydana gəlməsi üçün heç bir şərait və zəmin olmamalıdır. Bütün növ maliyyə resursları və mənbələrinə çıxmaq asan olmalı, banklar üçün bu sahədə geniş seçim imkanları yaradılmalıdır.

Üçüncüsü isə, banklar arasında rəqabət şəraiti olmalı, xarici kapitalın sektora gəlişi asanlaşdırılmalıdır. Ümumiyyətlə, bank sektoruna xarici instrumentlərin gəlişi qorxu hissi yaratmamalı, müsbət hal kimi qəbul olunaraq inkişaf etdirilməlidir.

AMB "Günay Bank"ın vəziyyətini elə qiymətləndirilib ki, görünür, sağlamlaşdırma mümkün sayılmayıb. Ona görə də lisenziyası ləğv edilib. Ancaq bu, ardıcıl xarakter daşımamalı, banklar tərəfindən kreditləşdirmə sahəsində risklilik səviyyəsi aradan qaldırılmalıdır. Əks təqdirdə, sistemdə nəzarət və idarəetmə təmərküzləməyə aparacaq.


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün



Teqlər:







Xəbər lenti