Qarabağ “bülbülləri”: Rusiya politoloqlarını xorla cəh-cəh vurmağa vadar edən nədir – Video

      Qarabağ “bülbülləri”:    Rusiya politoloqlarını xorla cəh-cəh vurmağa vadar edən nədir –    Video
  25 May 2023    Oxunub:3902
Azərbaycan xalqının belə bir gözəl, amma bir az biədəb məsəli var: “Qızın anası qalıb qıraqda, xalasının ürəyi getdi”. Hazırda sanki bu məsəldəki qız – Qarabağda yaşayan separatçılardı, ana - Ermənistan, xala isə Rusiya. Paşinyanın Azərbaycanın ərazisini 86,6 min kvadrat kilometr sahədə tanımaq haqqında bəyanatından sonra Ermənistan qalıb qıraqda, Rusiya politoloqları saçlarından üç tel ayırıb basıblar sinələrinə, düşüblər ortaya.
Bülbüllər müxtəlif olur. Var xarı bülbül, var xar olmuş bülbül; var Qarabağ bülbülləri, var Qarabağ “bülbülləri". İkincilərin civiltisi aləmi başına götürməsinə səbəb heç də yazın gəlməsi deyil. Pazın gəlməsidir – Qarabağ məsələsinin yekun nöqtəsinin qoyulmasını onlar belə qəbul edirlər.

Rusiya politoloqları ermənidən artıq Vazgen olub, özlərinə əl qatıblar ki, “qoymayın, Qarabağ əldən gedir”. Belqoroda Ukrayna əsgərlərinin girməsindən heç bu qədər narahatlıq keçirmirlər. Elə bir absurd vəziyyət yaranıb ki, hazırda istənilən erməni Rusiya politoloqlarından ermənilik etməyi öyrənə bilər. Sanki Rusiyada politologiya fakültəsini qurtaran adam əlini ürəyinin üstünə qoyub, ermənidən artıq erməni olacağına HAYpokrat andı içir. Qaradan artıq rəng olmaya bilər, amma ermənidən artıq erməni var – bu, Rusiya politoloqlarıdır.

Bu politoloji xora özünüz fikir verin, hər şey aydın olacaq.

Məsələn, Stanislav Tarasov deyir: “Ermənistan cəmiyyəti bu addımı - yəni Qarabağı Azərbaycanın ərazisi kimi tanımağı,- qəbul etməyə hazır deyil. Ölkədə narazılıq kəskin artacaq”.

Yuri Barançikdən sitat: “Əgər Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyarsa, “Artsax” xalqı Rusiyaya birləşmək üçün referendum keçirə bilər”.

Vadim Truxaçev: “Ermənistan cəmiyyəti güman ki, Paşinyanın ideyasını qəbul edəcək, amma Stepanakertdə buna son dərəcə mənfi yanaşırlar”.

Denis Denisov: “Təhlükəsizliyin parametrləri necə olacaq? - soruşur -Axı onlar çox müxtəlif, o cümlədən, Azərbaycan üçün qəbuledilməz də ola bilər. Bu aspekt çox vacibdir”.

Boris Dolqov: “Paşinyanın bəyanatı erməni xalqı tərəfindən tənqidi qarşılanacaq və Qarabağ probleminin həllinə gətirib çıxarmayacaq. Daha sanballı qərar Qarabağda referendumun təşkili ola bilərdi”.

Aleksey Makarkin: “Azərbaycan özünü güclünün mövqeyindən aparır. Amma mən bununla hər şeyin həll olunduğunu deyə bilmərəm”.


Rusiyanın bütün politoloqlarının və rəsmi şəxslərinin ümumiləşdirilib- yuvarlaqlaşdırılmış mövqeyini isə teleaparıcı Vladimir Solovyov bu ritorikası ilə ifadə edib: “Bəs Erməni xalqı razıdırmı? Bəs Qarabağdan soruşublarmı? Bəs Qarabağ ermənilərinin təhlüksəizliyini kim təmin edəcək?”

Bülbülovun bu narahatlığına ancaq şeirlə cavab vermək olar:
“Ey bülbül‐ü şeyda, yenə əfqanamı gəldin?
Dərdə düşənin dərdinə dərmanamı gəldin?”


Ruslar öz dərdlərinin nə olduğunu gizlətməyə heç çalışmırlar da. Açıq soruşurlar ki, Qarabağ məsələsi tam həllini tapsa, bizim orada nə işimiz qalır? Nədən yapışıb bölgədə mövcudluğumuzu davam etdirəcəyik?
Bu da hamısı deyil. Qarabağ mövzusu qapansa, Ermənistanın əvvəlcə Avrasiya İqtisadi Birliyindən, sonra KTMT-dən çıxması sadəcə vaxt məsələsidir. Bəzi rusiyalı politoloqlar hətta 102-ci hərbi bazanın ömür sarayından artıq gündə bir kərpicin düşməyə başladığını da deyirlər. Açıq yazırlar ki, Paşinyan Ermənistanı Rusiyadan qoparıb, Qərbə tərəf sürüşdürmək üçün hakimiyyətə gətirilmişdi, missiyasını da yerinə yetirir. Məsələn, politoloq Andrey Perla deyir: “Ermənistanın hazırkı rəhbərliyi Qərbi seçir. Qərb isə qətiyyən Ermənistana kömək etmək fikrində deyil. O, sadəcə, Rusiyanı rəncidə etmək üçün Paşinyanı sınmağa məcbur edir. Məqsədi Rusiyanın Güney Qafqazakı təsirini azaltmaqdır. Paşinyan da Avropanın yedəyində gedərək, ölkəsinin maraqlarını satır. Əgər Ermənistanın hökuməti istəməsə, Rusiya bu ölkəni xilas edə bilməz”.

Hazırda bu cür rəylər onlarla, hətta yüzlərlədir. Və anlamaq çətin deyil ki, onları siyasi şərhçilərin qulağına Kremldən pıçıldayırlar. Məsələn, digər politoloq Nikolay Silayev soruşur: “Qarabağ ermənilərinə təhlükəsizlik zəmanətindən danışırlar. Bu zəmanəti kim verəcək? Konkretlik yoxdur. Hazırda Rusiyadan başqa heç kim bölgədə təhlükəsizliyin lazım olan səviyyəsini təmin edə bilməz”.

Əslində isə Rusiyanı maraqlandıran təhlükəsizlik deyil. Nə olduğunu politoloq Qleb Kuznetsov açıq deyir - sitat: “İndiki vəziyyətdə Ermənistan çoxvektorlu siyasət yürütməli və Avropa Birliyinin qucağına qaçmamalıdır. Lakin yerli elita ölkənin maraqlarını deyil, öz rifahını düşünür”.
Bundan açıq nəsə demək mümkündürmü? Yəqin ki, yox.

Bütün bunlar Azərbaycan və Ermənistan rəhbərlərinin Moskvada baş tutacaq görüşü ərəfəsində baş verir. Hal-qəziyyə bu ikən, həmin görüşdən nəsə gözləmək mümkündürmü?

Bu zaman çox incə bir nüans ortaya çıxır. Qərb özünün regiondakı marağını problemi həll etmək, Rusiya isə həll etməməklə həyata keçirmək yolunu seçib. Ümumi geosiyasi trend isə problemin həlli istiqamətinə yönəlib. Ona görə də, Rusiya trenddən kənarda qalmaqla özünü uduzmağa məhkum edir. Bəlkə yanaşmasını dəyişsə, yəni o da maraqlarını problemin həlli yolu ilə təmin edən bir formul tapsa, prosesdən qazancla çıxa bilər. Əks halda əlindən gələn ən yaxşı halda xırda təxribatlarla qatarı yubatmağa çalışmaq olacaq.

Vüsal Məmmədov
AzVision.az



Teqlər:





Xəbər lenti