İranlı “ekspert”lərin Zənəgəzur dəhlizində Türkiyə xofu

   İranlı “ekspert”lərin  Zənəgəzur dəhlizində Türkiyə xofu
  20 İyun 2023    Oxunub:3526
İkinci Qarabağ müharibəsində Ermənistanın təslimçilik aktını rəsmiləşdirən 10 noyabr 2020-ci il üçtərəfli Bəyannaməsinin əsas müddəalarından biri Zəngəzur dəhlizinin açılmasıdır. Lakin İrəvanın bu məsələdə sərgilədiyi destruktiv mövqe yalnız Azərbaycanın yox, bir çox ölkələrin iqtisadi maraqlarına cavab verən bu yolun açılmasını əngəlləyir.
Qarabağ problemi məhz kənar qüvvələr tərəfindən konkret məqsədlərə çatmaq naminə uydurularaq ortaya atıldığı kimi, indi də bəzi ölkələrin və siyasi dairələrin Ermənistana bu və ya digər şəkildə dəstəyi Zəngəzur dəhlizinin açılması prosesini əngəlləyir. Təəssüflər olsun ki, İran hökuməti məhz həmin destruktiv qüvvələr sırasında yer almağa üstünlük verir.
Bu baxımdan, Azərbaycana son səfərindən qayıdan Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın jurnalistlərə müsahibəsində Zəngəzur dəhlizinin açılması məsələsində problemin Ermənistandan yox, İrandan qaynaqlandığını söyləməsi heç də təsdüf deyildi.

- İki ölkə (İran və Azərbaycan - red.) əhalisinin əksəriyyəti müsəlmandır. Tehranın mövqeyi Bakını və Ankaranı məyus edir. Halbuki vəziyyət onlarda (İranda) da təəssüf yaratmalıdır. Ümid edirəm ki, bu problem (bir vaqona görə daşınma rüsumu) tezliklə həll olunacaq. Bölgədə kommunikasiya məsələlərinə müsbət yanaşma ilə Türkiyə-Azərbaycan-İran vahid dəmir yolu və avtomobil yolları şəbəkəsini formalaşdırmaq, hətta ola bilsin, Pekin-London marşrutunu açmaq mümkün olacaq” , - Türkiyə prezidenti vurğulayıb.

Sağlam məntiqlə düşünmək olardı ki, Türkiyə prezidentinin bu ibrətamiz sözlərini İranda konstruktiv mövqeyə çağırış kimi düzgün qiymətləndirəcəklər. Amma bəzi iranlı “ekspert”lərin Rəcəb Tayyib Ərdoğanın bəyanatına reaksiyası qonşu İranda daha çox təcavüzkar Ermənistanın və erməniçilik ideoloqlarının maraqlarının dəstəkləndiyindən xəbər verir.

İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayinin iddiasına görə, Ermənistanla ixtilafları olan Türkiyə İrəvanı Zəngəzur dəhlizi üzərində suverenlik hüququndan məhrum etmək üçün Azərbaycanı təxribata yönləndirir. Bu isə müharibəni uzadır, beləliklə də, Türkiyə Qafqazda sülhün yaranmasına və nəqliyyat yollarının açılmasına mane olur. Türkiyə Azərbaycanı təxribata sövq etməkdən əl götürən kimi problemlər həll olunacaq.



Ardıcıl şəkildə anti-Türkiyə ruhlu bəyanatları ilə seçilən Pakayinin belə yanaşma sərgiləməsi təəccüblü deyil. Azərbaycanın İkinci Qarabağ müharibəsindəki Qələbəsi şərəfinə Bakıda keçirilən hərbi paradda İrəvan, Göycə və Zəngəzurun tarixi Azərbaycan torpaqları olması barədə prezident İlham Əliyevin bəyanatı, habelə Rəcəb Tayyib Ərdoğanın Araz çayının vaxtilə ikiyə bölünməsi haqda söylədiyi şeir Tehranda əsl isterika yaratdı. Həmin vaxt Möhsün Pakayin Azərbaycana Türkiyə prezidenti ilə ehtiyatlı davranmağı məsləhət (!!!) gördü.

İkincisi, məhz Azərbaycanın Dəmir yumruğu, habelə Türkiyənin mənəvi-siyasi dəstəyi sayəsində Cənubi Qafqazdakı ən mürəkkəb etnik münaqişə öz həllini tapdı. Otuz ildən artıq təcavüzkar Ermənistanı hər vəchlə dəstəkləyən İranın “diplomat”ının indi Türkiyəni münaqişəni (?) uzatmaqda günahlandırması ən azı elmentar diplomatik etikadan çox-çox uzaqdır. Əslində Pakayin bu bəyanatı ilə qərbdəki “münaqişə həllini tapmayıb” deyən bəzi dairələrin dəyirmanına su tökür. Halbuki, İranın strateji müttəfiqi olan və Ermənistanı tarixən öz yedəyində gəzdirən Rusiyanın prezidenti Vladimir Putin də Qarabağ adlı münaqişənin tarixin arxivinə verildiyini dəfələrlə bəyan edib. Deməli, iranlı “diplomat” onun da yanaşmasını rədd edir.

Üçüncüsü, Zəngəzur dəhlizi üzərində İrəvanın suverenlik hüququndan məhrum etməyə (həmin dəhlizə nəzarət baxımından) gəldikdə, bu heç də Türkiyənin yox, məhz Ermənistanın əsl sahibi Rusiyanın tələbidir. Sağlam məntiq də bu dəhlizin İrəvanın nəzarəti altında olmamasını diqtə edir. Çünki, Ermənistanın xarici sərhədləri Rusiya DTX-nın Sərhəd qoşunları tərəfindən qorunur. Zəngəzur dəhlizi isə məhz xarici sərhədlər boyu uzanır. Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq həmin ərazidən keçən dəmir yolunda ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərdən sonra bu yolu İrəvanın nəzarətinə verməyin özü ikiqat cinayət olardı. Yeri gəlmişkən, həmin dövrdə bu yol hələ SSRİ sərhəd qoşunlarının nəzarətində idi. Digər tərəfdən, simmetrik yanaşma da, Ermənistanı bu hüquqdan məhrum edir. Belə ki, əgər Qarabağ bölgəsində yaşayan ermənilərin Ermənistanla təhlükəsiz təmasları nöqteyi-nəzərindən Azərbaycan həmin bölgədə müvəqqəti olaraq rusiyalı sülhməramlıəların yerləşməsinə razılıq veribsə, Şərqi Zəngəzurla Naxçıvanı birləşdirəcək dəhlzidə də təhlükəsizliyə nəzarəti Ermənistanın yox, başqa ölkənin hərbi kontingenti həyata keçirməlidir. Möhsün Pakayinin dediklərindən isə belə anlaşılır ki, o, İrana qarşı sərt sanksiyalar tətbiq edən Qərbə yarınmaqla Zəngəzur dəhlizinin açılmasında və onun üzərində nəzarətdə hamıdan çox maraqlı olan Rusiyanın əleyhinə oynayır. Moskvanın ünvanına irad səsləndirməyə çəkindiyindən Türkiyənin bostanına daş atmağa çalışır.

Pakayinin həmfikri, ənənəvi qaydada anti-Azərbaycan mövqedən çıxış edən iranlı “politoloq” Ehsan Mövahediyan daha da irəli gedərək, Türkiyə və Azərbaycanın sərbəst hərəkətlərini İranın Qafqazla bağlı strategiyasının olmaması və teokratik rejimin qətiyyətsizliyi ilə əsaslandırıb. Zəngəzur dəhlizinin açılmasında əsas məqsədin Çinlə Avropanın birləşdirilməsinin olduğunu deyən Movahediyan, bunun üçün artıq Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyət göstərdiyini vurğulayır.



Böyük mənada isə, Zəngəzur dəhliznin açılmasında “politoloq” Türkiyənin konkret olaraq aşağıdakı məqsədləri güddüyünü bildirir:

1) Türk dövlərləri arasında qırılmaz dəhliz yaratmaq, “sionistləri” və ekstremistləri İranın, Rusiyanın və Çinin sərhədlərinə çıxarmaq;
2) İranı beynəlxalq nəqliyyat layihələrində iştirakdan məhrum etmək;
3) İranı iqtisadi cəhətdən zəiflətmək;
4) Dünyada İranın təcridini gücləndirmək.


Əvvəla, onu qeyd edək ki, iranlı “poltoloq”un İranın Qafqazla bağlı strategiyasının olmadığı barədə dediyi ağ yalandır və bu onun özünə də çox yaxşı bəllidir. İranın Qafqazla bağlı strategiyası əslində var, amma təəssüf ki, bunun təməlində regionda qarşıdurma yaratmaqla bulanıq suda balıq tutmaq sevdasına dayanır. Əks halda Tehran İkinci Qarabağ müharibəsinin nəticələri əsasında Azərbaycan, Türkiyə və Rusiyanın Cənubi Qafqazda formalaşdırdıqları yeni geosiyasi konfiqurasiya çərçivəsində təklif olunan “3+3” əməkdaşlıq platformasına qoşulardı. Tarixən təcavüzkar xarici siyasət yürüdən Ermənistanla bərabər İran da əməldə bu platformanı dəstəkləmir. Bu müstəvidə Tehran regionda yeni geosiyasi konfiqurasiyanın formalaşmdırmağa dəvət almadığına görə “inciyib”. Amma bunun günahını İran hakimiyyəti özündə axtarmalıdır. Məhz rəsmi Tehranın İkinci Qarabağ müharibəsi zamanı və postmünaqişə dövründə dəfələrlə “regionda mövcud sərhədlərin dəyişdirilməsi yolverilməzdir” bəyanatını verməsi avtomatik şəkildə İranı Cənubi Qafqazda nəhayət ki, sabitliyi bərqərar etməyi yəqinləşdirən Azərbaycana, Türkiyəyə və Rusiyaya qarşı qoydu. Beləliklə də, bu üçlük təcvüzkar Ermənistanı açqı-aşkar dəstəkləməklə özünü nüfuzdan salmış İranın bölgədə yeni goesiyasi konfiqurasiyanın arxitektorları dairəsinə daxil olmaq cəhdlərini rədd etdi. Bu isə İranın bölgə ilə bağlı strategiyasının iflası deməkdir.

Tehrandakı teokratik rejimin qətiyyətsizliyi də məhz Azərbaycan, Türkiyə və Rusiyanın formalaşdırdığı reallığa qarşı açıq şəkildə çıxmaq qorxusundan irəli gəlir. Bu mənada Azərbaycanın və Türkiyənin həm ayrı-ayrılıqda, həm də birlikdə malik olduqları hərbi-strateji güc İran hökumətinin ehtiyatlı davranmasını şərtləndirən əsas amildir. Moskvanın hazırda Azərbaycan-Türkiyə tandemi ilə əməkdaşlığa verdiyi xüsusi əhəmiyyət Tehranın qətiyyətsizliyini gücləndirən daha bir vacib məqamdır. Bu baxımdan, indiki çətin vəziyyətdə Rusiya məhz Zəngəzur dəhlizi vasitəsilə Türkiyə ərazisindən keçməklə, demək olar ki, bütün istiqamətlərə çıxış alır. Bakı-Tbilisi-Qars dəmir yolunun Avropa ilə Çini onsuz da birlşədirdiyi iddiasına əsaslanaraq Zəngəzur dəhlizinə ehtiyac duyulmadığını söyləmək isə yalnız xəstə təfəkkürün məhsul ola bilər. Çünki, son illərdə yaşanan mürəkkəb proseslər əslində indiyədək alternativ və parallel marşrutların çəkilməsi məsələsində astagəlliyin dünya iqtisadiyyatına necə baha başa oturduğunu sübuta yetirdi. Yeri gəlmişkən, vaxtilə Bakı-Tbilisi-Qars yolunun açılmasını müxtəlif yollarla əngəlləməyə çalışan, bu layihəyə skeptik və laqeyd yanaşan ölkələr indi ondan istifadə üçün az qala növbəyə dayanıblar. Tam əminliklə söyləmək olar ki, çox tezliklə İranın da indi əngəlləməyə çalışdığı Zəngəzur dəhlizinə yanaşması beləcə dəyişəcək. Həm də dünya iqtisadiyyatının inkişafı templəri yeni nəqliyyat-logistika layihələrini reallaşdırılması tələbini aktuallaşdırır.

Zəngəzur dəhlizi vasitəsi ilə türk dövlətləri arasında davamlı əlaqəni yaratmaq iddiasına gəldikdə, Azərbaycan və Türkiyə bunu heç vaxt gizlətməyiblər. Amma Tehranın xofuna rəğmən, qarşılıqlı mənfəət əsasında bu layihəyə qeyri-türk dövlətlərinin də qoşulmasını təbliğ və təşviq edirlər. 40 milyon aəzrbaycanlının yaşadığı İranın belə bir logistik zəncirdə yer almasını türk dövlətləri birmənalı şəkildə alqışlayardılar. Bu kontekstdə müsəlman İranının 3 türk dövləti ilə həmsərhəd olması xüsusi əhəmiyyət kəsb edir və yaxın gələcəkdə Tehranın bu layihələrə qoşulacağı ehtimalı çox böyükdür.

“Sionistləri” və ekstremistləri” İran, Rusiya və Çin sərhədlərinə çıxarmaq cəhdləri barədə deyilənlər isə, ümumiyyətlə, heç bir sağlam məntiqə sığmır. Əvvəla, ona görə ki, məhz İranın ekstremist qruplaşmaları maliyyələşdirməsi və silahlandırması hamıya bəlli bir reallaqıdır. Digər tərəfdən, Rusiya hazırda Çinlə müştərək layihələrin, o cümlədən də “Bir qurşaq, bir yol” meqaprojesinin reallaşmasında bəlkə də hamıdan artıq maraqlıdır. Gələcəkdə məhz “Bir qurşaq, bir yol” və Orta Dəhliz kimi superlayihələrin ən vacib komponentlərindən biri olacaq Zəngəzur dəhlizinin əhəmiyyətini Moskva da, Pekin də çox gözəl anlayırlar. Buna görə də “sionistləri” Rusiya və Çin sərhədlərinə yaxınlaşdırmaq “strategiyası”ndan danışanda ilk irad Ankaraya yox, məhz Zəngəzur dəhlizini dəstəkləyən Moskva ilə Pekinə tutulmalıdır. Belə çıxır ki, “iranlı” politoloq Ehsan Mövahediyan Rusiyanın və Çinin qayğısını onların özündən çox çəkir? Yəni, o, Roma Papasından daha böyük katolik olmaq iddiasındadır? Ən nəhayət, əgər “sionistlər” məsələsi onu bu qədər narahat edirsə, nədən Çinin vasitəsilə Pekində artıq iki dəfə keçirilmiş İsrail-İran danışıqlarını yada salmır iranlı “politoloq”?


İranın beynəlxalq beynəlxalq nəqliyyat layihələrində iştirakını əngəlləmək, onu iqtisadi cəhətdən zəiflətmək və dünyada təcridini gücləndirmək iddialarının əsas ünvanı məhz Tehrandır. Çünki Ermənistan kimi İran da apardığı destruktiv siyasətlə özünü belə layihələrdən təcrid edib. Türkiyəyə qarşı bu cür ağlasığmaz ittihamlar irəli sürməkdən əvvəl isə, Mövahediyan və onun kimiləri ilk növbədə İrana qarşı tətbiq olunan sanksiyaları Ankaranın birmənalı şəkildə necə rədd etdiyinə diqqət yetirsələr yaxşıdır.
Məhz onda Zəngəzur dəhlizi ilə bağlı Türkiyə xofu sağlam məntiqlə əvəzlənə bilər.

Sahil İsgəndərov, politoloq
AzVision.az


Teqlər: Zəngəzur   İran  





Xəbər lenti