Əzabı nemətə çevirən adam

Əzabı nemətə çevirən adam
  03 İyun 2014    Oxunub:1469
Fatimə Kərimli

“Kafka olmaq şəhərdə, adamların çox olduğu yerdə çılpaq soyunub dayanmağa bənzəyir. Hamının diqqəti və bəzilərinin acıyan, bəzilərinin isə heç nə anlamayan boş baxışları sənin üzərindədir...”
Həmişə Frans Kafka haqqında düşünəndə bu cümlələri deyirəm.

Hər şeydən təsirlənəcək qədər həssas, işdən adi bir icazəni ala bilməyəcək qədər qorxaq olan bu zəif insan “Çevrilmə”ni yazacaq qədər güclü idi. Çünki bircə “Çevrilmə”ni yazıb çap etmək bəs edir ki, çılpaqlıq “utancı”nı anlayasan, insanların acıyan baxışları qarşısında dinməz-söyləməz dayanasan.

Kafka bütün əsərlərini yalnızlığının şəhadətnaməsi, son dərəcə şəxsi qeydlər adlandırırdı. Bunu Yanouxla söhbətlərində deyirdi. Bir sözlə, o, hamının qarşısında çılpaq dayanıb, ədəbiyyatın arxasında gizlənmişdi.

Dünyada iki cür insan var; zəif, güclü. Sən ya hər çətinliklə mübarizə aparırsan, ya da hər şeydən qorxub kənarda dayanırsan. Bəs dünyada neçə nəfər adam eyni vaxtda iki insan olmağı, içinə iki insanı da sığdırmağı bacarır? Neçə insan eyni vaxtda həm özünü bütün çılpaqlığı ilə ədəbiyyata çevirəcək qədər güclü, həm də bütün qorxularına boyun əyib ömrünü zəhərə çevirməyi bacaracaq qədər zəifdir?

Ölümündən sonra dirilən bu insan oxucusuna yerölçən K-nın çarəsizliyini, bezginliyini bütün varlığında hiss etdirməyi necə bacarırdı? Qreqorun böcək kimi yaşadıqlarını, kürəyində çürüyən almanın ağırlığını, ağrısını hiss etdirməyə necə nail olurdu? Ancaq və ancaq əzab. Kafkanı tanıyandan sonra anlayırsan ki, dünyada insana verilən ən böyük nemətdir əzab.

O, yazıçılar, musiqiçilər, şairlər, rəssamlar, yəni yaradıcı insanlar üçün ilham pərisi, adi adamlar üçün isə sadəcə həyat dərsidir. Adamı dolu insan edən, öyrədən, böyüdən, güclü edən tək duyğu əzabdı.

Xoşbəxtlikdən yazılan və xoşbəxt sonluqla bitən heç bir əsər adamın ürəyində dərin iz buraxmır. Xoşbəxt sonluq bizim zehnimizi və hisslərimizi kütləşdirir.

Kafka da hər şeyini ona xoşbəxt olmağa imkan verməyən atasına borclu idi. Onun həyatı ilə ilk dəfə tanış olanda atasına lənət oxumuşdum. Düşünmüşdüm ki, insan başqa bir insanı niyə bu qədər incitsin ki? Niyə bu qədər pislik etsin? Sonra anladım ki,onu Frans kimi anası, Frans Kafka kimi atası doğmuşdu. Herman Kafka Fransın az qala bütün əsərlərində qırmızı xətt kimi keçir. Herman hər yerdədir, yerölçən K-nı heç cür qəbul etməyən kənd əhalisində, Qreqoru lazımsız hesab edib alma atəşinə tutan atada, Yozef K-nı bilmədiyi günahda ittiham edib, həbs edənlərdə, “Hökm”dəki ata obrazında, bütün bu mənfilərin hamısında O var. Çünki, heç bir itki, heç bir ayrılıq, heç bir qarşılıqsız sevgi uşaqlıqda qazanılan yara qədər ağır ola bilməz. Heç nə onun qədər insan həyatına, xarakterinə, ətrafdakılarla davranışaına təsir edə bilməz. Bir səbəb insanın bütün itkilərinin, səhvlərinin, tənhalığının, heç kimə uyğunlaşa bilməməyinin, hətta sevməyi bacarmamağının səbəbi olur. Kafkaya da həmin səbəb öləndən sonra uğur qazandırmışdı.

Hər yazıçı bir oxucunun içindəki səs, deyə bilmədiyi sözlər, biruzə verə bilmədiyi hisslərdir. Kafka da yarımçıqların, danışanda dili topuq vuranların yazıçısıdır, onların səsidir. Normal həyat, normal insanlar hamısı gözəl, işıqlı, isti, rahat otağa bənzəyir. Kafka o otağa ancaq pəncərədən baxa bilir. İçəri girməyə nə icazəsi var, nə də cəsarəti.

Hamı elə bilir ki, o, qəliz yazır, onu başa düşmək lazımdır. Kafka isə sanki oxucudan onu başa düşməyi yox, hiss etməyi tələb edir. Dostoyevskinin “Cinayət və cəza”sını oxuyanda qatilə çevrildiyin kimi “Çevrilmə”ni də oxuyanda böcəyə çevrilməyi bacarmalısan, o almanın kürəyində necə çürüdüyünü duymalısan. Hiss etməsən necə anlayacaqsan? Necə başa düşəcəksən ki, müəllif özü də ömür boyu həşərat kimi yaşayıb? Özünü heç vaxt insan kimi hiss etməyib.

Bir sual yaranır. Bunlar lazım idi? Kafkanın dünya şöhrətli, bacarıqlı, azlığın yazıçısı olmağı vacib idi, yoxsa normal, isti ailə mühitində böyüyüb adi insan kimi yaşamağı?

Bu sualın cavabı elə ətrafımızda gördüyümüz insanlar qədər fərqli və çoxdu. Hamı bir cavabdır çünki.


Teqlər:  





Xəbər lenti