Ukrayna-Rusiya münaqişəsi beynəlxalq məhkəmələrdə - TƏHLİL

Ukrayna-Rusiya münaqişəsi beynəlxalq məhkəmələrdə - TƏHLİL
  04 İyun 2014    Oxunub:2601
2013-cü ilin sonu və 2014-cü ilin ilk ayları ərzində dünyanın diqqəti Ukraynadakı hadisələrə yönəlmişdir. Ölkə vətəndaşları artıq keçmiş prezident Viktor Yanukoviçin siyasətinə etiraz edərək küçələrə axışdı və Ukrayna müəyyən müddət ərzində döyüş meydanını xatırlatdı. Küçə döyüşləri və toqquşmalar zamanı yüzlərlə insanın dünyasını dəyişməsi və ya xəsarət alması barədə məlumatlar var. Bu günə qədər bu ölümlərdə kimin günahkar olmasını aşkar etmək mümkün olmayıb, amma belə görünür ki, bu yöndə artıq ilk addımlar atılıb.

Bu gün Ukrayna Avropa İnsan Haqları məhkəməsində Rusiyaya qarşı iddia qaldırıb. Rəsmi Kiyevin iddiasına görə, Rusiya Krımı ilhaqına görə Ukrayna qarşısında cavab verməlidir.

Kiyev Moskvadan həm də təxminən 1 trilyon 80 milyard qriveni ( təxminən 90 milyard dollar) tələb edir. Məsələ ilə bağlı araşdırmalar başlayan Ukrayna Baş Prokurorluğunun esablamalara görə, Krımın itirilməsi nəticəsində Ukraynaya 1 trilyon 80 milyard qriven ziyan dəyib. Ukrayna Rusiyanın 2.2 milyard kub metrlik Ukrayna qazını oğurladığını da iddia edir.

Xatırladaq ki, bu yaxınlarda Ukrayna höküməti 21 noyabr 2013-22 fevral 2014 tarixlərində törədilən cinayətlərin beynəlxalq səviyyədə araşdırılması üçün Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət etmişdi. Bu qərarın əsas məqsədi Maydanın dinc nümayişçilərinə vaxtı ilə qarşı çıxan sabiq prezident Viktor Yanukoviçin beynəlxalq cinayət məsuliyyətinə cəlb edilməsi olub.

Qeyd etmək lazımdır ki, Ukrayna Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil, lakin Məhkəmənin nizamnaməsinə əsasən, hər bir ölkə fövqəladə və istisna hallarda cinayətlərin araşdırılması üçün Məhkəməni istintaqa dəvət etmək hüququna malikdir.

Ölkənin məhz bu hüququndan istifadə edərək, Ukraynanın Baş Naziri Arseniy Yatsenuk və Ali Radanın sədri Aleksandr Turçinov BCM-ə müraciət etmişdilər.

Lakin Ukrayna Konstitusiyanın 124-cü maddəsi Beynəlxalq Cinayət Məhkəməsinin Ukraynadakı hadisələri araşdırmağa və günahkar şəxsləri cəzalandırmağa hüquqi baxımdan imkan vermir. Ukrayna Konstitusiyasının 124-cü bəndinə əsasən, yalnız milli məhkəmələr ölkə ərazisində hüquqi səlahiyyətlərinə malikdir və bu səlahiyyət başqa bir quruma ötürülə bilməz.

Ancaq qeyd etmək lazımdır ki, Roma Statutuna əsasən BCM, insanlığa qarşı cinayətlər yalnız “genişmiqyaslı və sistematik hal” aldıqda onları araşdırır.

Ukraynadakı yaranmış vəziyyətə baxdıqda, göz önünə başqa bir oxşar nümunə gəlir. Belə ki, 2008-ci ildə Roma Statutunu qəbul edən Gürcüstan dövləti Məhkəməyə müraciət edərək 2008-ci ildə Cənubi Osetiya və Abxaziyadakı müharibə zamanı mülki əhalinin hücumlara məruz qalması faktlarını araşdırmağa xahiş etmişdi.

6 il keçməsinə baxmayaraq Gürcüstanın müraciəti hələ də araşdırılır və praktiki cəhətdən hansısa bir əhəmiyyətli nəticənin əldə olunması barədə fikir söyləmək olmaz. Gürcüstanın ittihamlarına cavab olaraq, Rusiya öz vətəndaşlarının müdafiə etdiyini bildirdi və qeyd etdi ki, bütün cinayətlərdə yeganə məsuliyyət daşıyan tərəf Gürcüstan hökümətidir.

Ukraynanın eyni ilə Gürcüstanın aqibətini yaşayacağına ehtimal kifayət qədər böyükdür. Çox güman ki, Rusiya bu dəfə də ona qarşı irəli sürülən ittihamlara analoji cavab verəcək; Ukraynada yaşayan Rusiya vətəndaşlarını müdafiə etdiyini bildirəcək. Əslində Rusiya bu məqamı dəfələrlə qabardıb, belə ki, Rusiya rəhbərliyi açıq-aşkar öz vətəndaşlarına qarşı təhlükə yaranarsa biganə qalmayacağı ilə hədələyib.

Məhkəmə tərəfindən aparılacaq mümkün araşdırma zamanı Rusiyanın məsuliyyətə cəlb olunması ehtimalına gəlincə, bunun üçün Ukrayna, ilk növbədə, məhkəməyə təqdim etdiyi iddianın zaman sərhədlərini (21 noyabr 2013-cü il – 22 fevral 2014-cü il) dəyişdirməlidir. Əgər Ukrayna Ali Radanın müraciətində göstərilən zaman kəsiyinin müddəti uzadılaraq Krımın işğal edilməsini də əhatə etsə, o halda Rusiyalı vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi (misal üçün Rusiya hərbçiləri yerli əhaliyə qarşı atəş açması) nəzəri cəhətdən mümkün olacaq.

Yanukoviçin cəzalandırılmasına gəlincə, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç və əvvəlki hökümətin yüksək vəzifəli məmurları hal-hazırda Rusiyada sığınacaq tapıb. Belə ki, Məhkəmə Rusiyada yaşayan Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçi cinayət məsuliyyətinə cəlb etsə, Məhkəmənin üzvü olmayan Rusiya onu ekstradisiya etməkdən imtina edə və Ukraynanın indiki hökuməti özü cinayətlərdə ittiham oluna bilər.

Beynəlxalq Cinayət Məhkəməsi istintaqa başlaya bilər, lakin bu o demək deyil ki, noyabr 2013-fevral 2014 aylarında Ukrayna xalqına qarşı cinayət törədən şəxslər tezliklə öz cinayətlərinə görə cavab verəcəklər.

Yəni, Krımda baş vermiş və hal-hazırda Şərqi Ukraynada davam edən hadisələrin istintaqı BCM-in yurisdiksiyasına düşməyəcək.

Lakin Ukraynada hadisələrin məlum gedişatına nəzərən, Krımın işğalı zamanı Rusiya tərəfindən işğal hüququnun nə dərəcədə pozulmasını müəyyən etmək çox çətindir. Onu da nəzərə almaq lazımdır ki, Krım əhalisinin əksəriyyətini təşkil edən etnik ruslar Rusiyanın bu qərarını sevinc hissi ilə qarşıladılar. Digər tərəfdən, Rusiya Krım ərazisinə öz əhalisini köçürüb və bu hərbi qanunun ciddi pozulması deməkdir - o halda Rusiya hökuməti beynəlxalq cinayət məsuliyyətinə cəlb oluna bilərdi. Lakin əhalinin köçürülməsi birbaşa Rusiya ərazilərindən aparılmayıb, və bu o deməkdir ki, BCM Krım hadisələrini araşdırdığı halda da belə, Rusiyanı hər hansı konkret cinayətlərdə ittiham edə bilməzdi.

Bu gün isə qeyd etdiyimiz kimi Avropa İnsan Haqları Məhkəməsinə müraciət edən Ukrayna BCM-ə müraciətindən fərqli olaraq Krım məsələsini ortaya qoyub.

Ukraynanın baş naziri Arseniy Yatsenyuk sözlərinə görə bu hələ son deyil, ölkəsi Rusiyaya qarşı əlavə iddialarla çıxış etməyi planlaşdırır. Yatsenyukun sözlərinə görə, “ Ukrayna ərazilərini qeyri-qanuni olaraq zəbt etdiyinə və taladığına görə Rusiyanın dövlət orqanlarını o cümlədən rəhbərliyini məhkəməyə veriləcək.

Rusiya tərəfi isə Ukraynanın iddialarını “doğru ünvana” yönəltmədiyini bildirir. Qeyd olunur ki, Avropa İnsan Haqları Məhkəməsi insan haqlarının pozulması hallarını araşdırır, beynəlxalq mübahisələri yox. Bununla yanaşı Rusiya Kiyevdən ölkənin cənub-şərqində hərbi əməliyyatları dayandırmağa çağırır.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Krım yarımadasının birləşdirilməsi ilə bağlı keçirilən referendum qanuna əsaslanıb və beynəlxalq normalara, o cümlədən BMT-nin qətnamələrinə uyğun olaraq həyata keçirilib. Rusiyanın Avropa İttifaqı yanında rəsmi nümayəndəsi Vladimir Çijov isə Kiyevin Krımla bağlı Məhkəməyə müraciətini “perspektivsiz” adlandırıb: “Hələ ki, müharibə gedir, bu baxımdan münaqişəli məsələlərin həllinin hüquqi mexanizmləri barədə ciddi-ciddi söhbətlərə girişməyin yeri yoxdur”.
.
Qeyd edək ki, İnsan Haqlarının Müdafiəsi üzrə Avropa Konvensiyası, Avropa İnsan Haqları Məhkəməsinə öz maddələrinin müəyyən hallarda tətbiqinə, eləcə də iştirakçı ölkələrin vətəndaşlarının fərdi iddialarına və iştirakçı ölkələrinin biri-birinə qarşı iddialarına baxmaq hüququ verir.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti